Sevinc ELSEVƏR
Azərbaycan səssiz kinosunun diqqətəlayiq filmlərindən biri də "İsmət" ("Adətin məhvi") filmidir. 1934-cü ildə rejissor M.Mikayılovun çəkdiyi film qadın mövzusundadır və patriarxal ənənələrə qarşı açıq-açığına müharibə sərgiləyən filmdir.
Filmin əvvəllərində ötən əsrin 30-cu illərinin köhnə Bakısı gözlərimiz önündə sərgilənir, biz o Bakını hətta dəhşətlə izləyirik. Qadınların əksəriyyəti qara çadrada və dörd divar arasında ömür sürür. Onlar mentalitetin əsirləridirlər. İsmətin ərə gedəcəyi adam əvvəlki arvadının razılığı olmasa da, yenidən evlənməyə hazırlaşır. O, arvadını sonsuz olmaqda, ona övlad verə bilməməkdə ittiham edir. İsmətin yoxsul atası Yunis isə qızını gözünü yumaraq pul, şirinlik qarşısında ərə verməyə hazırdır. İsməti qadın hamamında görüb bəyənirlər, başına gələnlərin fərqində deyil, sanki heç nə anlamır. O, adət-ənənələrə boyun əyir, bir kişinin ikinci arvadı olmağa razılıq verir. Hətta xoşbəxtliyə ümidli görünür. Biz onu toy səhnəsində razı və gülərüz görürük.
Ancaq toy faciəyə çevrilir. Təhqir olunmuş birinci qadın şənliyin qızğın yerində özünü odlayır. İsmət bu xəbəri dəhşətlə qarşılayır. Lakin artıq əlindən gələn bir iş yoxdur. Qadının özünü yandırmasına nəinki adamların ürəyi yanır, ona qəzəblənirlər. İsmətin cehizləri gələndə qayınanası həmin qadından tələb edir ki, ayağa qalxıb sandığın bir ucundan da o tutsun. Qadın etiraz edəndə qayınana "əl çalır". Qadının etirazını qayınana heç cür anlamır, heç əri də anlamır. Tez-tez titrlərdə bu sözləri oxuyuruq: "Sən ki müsəlmansan, bu da müsəlmanların adətidir".
Özünü yandıran qadın tezliklə unudulur. Bundan sonra İsmətin qara günləri başlayır. Onu da sonsuzluqda ittiham edirlər. Ətrafındakı kişilər İsmətin ərinə məsləhət verirlər: bar verməyən ağacı kəsəcəksən, yerində başqa ağac əkəcəksən.
İsmət xəstəxanaya düşür, orda həkimdən öyrənir ki, əslində o, ana ola bilər. Bu xəbəri sevinclə qarşılayan İsmət evə qayıdanda artıq ev əhlinin növbəti toy üçün hazırlıq gördüyünü görür. Ancaq İsmət özünü yandıraraq etiraz edən qadından fərqli olaraq, daha sərt münasibət sərgiləyir. O, hamının içində ərinə deyir ki, əslində, ana ola bilməməsinin səbəbkarı odur. "Həkim dedi ki, mən ana ola bilərəm"... Tək bu cümlə İsmətin əri üçün ən təhqiredici cümlədir, o bu sözləri eşidəndə İsmətə cumur, ancaq İsmət qaçıb aradan çıxır.
Xəstəxanada tanış olduğu, dostlaşdığı fabrik işçisi qadının sayəsində fabrikdə işləməyə başlayır və orda sığınacaq tapır. Ancaq onun həyatı daim təhdid altındadır. O, gah qoca atası, gah əri, gah da şəhər sakinləri tərəfindən hücumlara məruz qalır. Hər dəfə də fabrikdəki kollektiv ona qahmar çıxır, əməkçi kişilər, qadınlar onu qoruyur.
İsmət səylə çalışır, əməksevər və cəsurdur. Qorxmadan təyyarəyə minir, ilk dəfə pilotlarla birlikdə mavi səmaya qalxır. Səmada külək onun çarşabını başından alıb qaçır. Külək burda yeni zamanın özünü simvolizə edir. İsmət istəsə də, istəməsə də, çəkinsə də, çəkinməsə də çarşabdan xilas olmalıdır. Onu qaranlığa, dustaqlığa gömən bütün adət-ənənələrlə vuruşmalıdır. Bəli, İsmət qəfildən, gözlənilmədən özünü bu mübarizənin içində tapır, bu savaşa sürüklənir. Çarşabı da gözlənilmədən atır. Təyyarədən enəndə boynunu bükür, əvvəlcə çarşabsız görünməkdən çəkinir, ancaq fabrikdə çalışan qadınlardan biri öz yaylığını ona verir. Kənardan İsmətə ürək-dirək verirlər. İsməti bir də çarşabda görmürük.
İsmətin təyyarəyə minməsi, çarşabsız gəzməsi ətrafdakıları da, atasını, ərini də ona qarşı qızışdırır. Hər yerdə İsmətin ərini ələ salır, söz atırlar. İş o yerə çatır ki, anası da oğlunu töhmət edir, onu öz kişilik borcunu yerinə yetirməməkdə suçlandırır, ailənin adına yaxılmış "qara ləkə"ni təmizləməsinə çağırır. Hətta onu dilemma qarşısında qoyur: "Yoxsa evdən gedəcəksən!".
İsmətin ətrafındakı qadınlar, qayınanası köləliyin, patriarxal dəyərlərin keşikçiləridirlər. Öz xeyirlərini bilməyən, kor, cahil qadınlar hər addımda İsmətə ləkə yaxmağa, zərbə vurmağa çalışırlar. İsmət isə həm kişilərlə, həm qadınlarla, bir sözlə, cahil cəmiyyətlə döyüşməlidir. Bu qadınlar İsmətin uğurlarını, ləkə, pozğunluq kimi qavrayırlar. Qayınanası İsmətin şəkli çap olunmuş jurnalı görəndə göz yaşları içində boğulur. Onun üçün bu, faciədir. Əri də arvadının addımlarına görə utanır. Ancaq Yunis kişi gizlindən qızının şəkli vurulmuş jurnalı qatlayıb pencəyinin cibinə qoyur. Həm fabrikdəkilərin öyüd-nəsihəti, təsirilə, həm də atalıq duyğularıyla Yunis kişi İsməti ürəyinin dərinliklərində nəinki bağışlayır, onun uğurlarına sevinir də. Ancaq Yunis kişi açıq-açığına hisslərini dilə gətirəcək, yaxud göstərəcək cəsarətdə deyil.
Qayınanasının, ərinin qurduğu tələdə Yunis kişi də iştirak edir. İsmətə atasının ölümcül xəstə olduğunu deyirlər, qızını görmək istədiyini çatdırırlar. İsmətin ürəyi əlbəttə ki, dözmür, o, atasını görməyə gəlir. Onu əli bıçaqlı əri gözləyir. Qətl planında İsmətin atası, qayınanasıyla yanaşı, yad adamlar da iştirak edir. Ancaq son anda Yunis kişi peşman olur, atalıq hissləri qalib gəlir, o, qızının imdadına çatır.
Səriyyədən fərqli olaraq, İsmət sağ qalır. "İsmət" filmi Zaqafqaziyanın, Cənubi Avropanın və Cənub-Qərbi Asiyanın ilk qadın pilotu, azərbaycanlı Leyla Ələsgər qızı Məmmədbəyovaya həsr olunmuşdu. Lakin adı çəkilməsə də, filmdə 1933-cü ildə başından hicabını açdığı üçün atası və qardaşı tərəfindən öldürülən fabrikaçı Səriyyə Xəlifovanın həyatı və taleyi də öz əksini tapıb. Leyla Məmmədbəyova 16 sentyabr 1909-cu ildə Bakıda doğulub. İlk təhsilini Bakı aeroklubunda almış, 1930-cu ildən işləməyə başlamışdır. İlk uçuşunu 1931-ci ildə həyata keçirən Leyla xanım daha sonra təhsilini Moskvada davam etdirir. O, 1933-cü il martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşütlə atlanaraq Sovet İttifaqının Nina Kamnevadan sonra ikinci qadın paraşütçüsü olur. 1934-cü ildə Leyla Məmmədbəyova Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutur. 1941-ci ilədək o, aviasiya mayoru olur. Müharibə illərində yüzlərlə desantçı və 4 min paraşütçü yetişdirib ön cəbhəyə yollayır. Özünü isə öhdəsində azyaşlı uşaqlar olduğu üçün müharibəyə aparmırlar. 1995-ci ildə Leyla xanıma həsr olunan sənədli film də çəkilib.
Leyla öz dövrünün canlı əfsanəsi idi. Çadranı başlarından çıxarmağa cəsarət etməyən qadınlar ona tamaşa eləməyə gəlirdilər.
1933-cü ilin yanvarında Bakıda Əli Bayramov adına Qadın Klubunun tikiş fabrikinin işçisi Səriyyə Xəlifova atası və qardaşı tərəfindən qətlə yetirilir. Onun dəfn mərasimi qadınların patriarxal-mövhumatçı dəyərlərə qarşı etiraz nümayişinə çevrilmişdi. Fabriklərdə, zavodlarda, kolxozlarda işləyən qadınlar Səriyyənin ölümünə qarşı öz hiddətlərini bildirir, öz hüquqları uğrunda mübarizəyə can atırdılar.
Nəinki Leyla Məmmədbəyova və Səriyyə Xəlifovanın obrazlarını özündə birləşdirən, bütün Şərq qadınlarının ümumiləşdirilmiş obrazı olan İsmətin adı da təsadüfən seçilməmişdir. Film boyu İsməti ismətsizlikdə və namussuzluqda suçlayırdılar. Ancaq tamaşaçı onu vicdan, namus timsalında görür. Filmin ssenarisini Mikayıl Mikayılovla birgə Qriqori Braginski yazmışdı. Baş rollarda J.Mixelson, İ.Daşdəmirov, X.Əmirzadə, Əzizə Məmmədova, Möhsün Sənani kimi aktyorlar oynayırdı. Əslində, bütün zamanların ən yaxşı filmlərindən biri sayılan "İsmət" filmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!