Sevinc ELSEVƏR
Təxminən 11-12 yaşlarındayam. Böyük əmimin evində digər əmilərimin qızları, bibim qızlarıyla toplaşmışıq. İçlərində yaşca ən kiçik olanı mənəm. Yeyib-içdik, dedik-güldük, sonra film izləmək üçün ekranın qarşısına yığışdıq. O vaxtlar axşamlar televiziyada növbəti günün proqramını elan edirdilər. Böyük əmimin film həvəskarı qızı efirə gedəcək filmin adını, başlanacağı vaxtı yadında saxlamışdı. Film başladı, təxminən on dəqiqədən sonra artıq hamı bir-birinin qulağına əyilib nəsə pıçıldamaqdaydı. Bir az da keçəndən sonra yenidən otaqda ağız deyəni qulaq eşitmirdi.
Həvəslə film izləməyi təklif edən qız da darıxdı və qəfildən ağıllı bir sual verdi:
- Sizcə, film niyə bu qədər cansıxıcıdır?
Bir-birimizin üzünə baxdıq. Hamı filmin, doğrudan da, cansıxıcı olduğunu təsdiqlədi. Ancaq səbəbini kimsə açıqlaya bilmədi. Hamıdan təcrübəli, yaşca böyük olan qız öz sualına cavab verdi:
- Çünki film on dəqiqədən artıqdır gedir, ancaq filmdə bircə qadın da yoxdur! Qadınsız da film olar?!
Bunu deyənlər qadınlar özləri idi. Çox yəqin ki, kişilər də belə düşünər, bu filmdən tez sıxılardılar. İndi həmin filmin adını xatırlamıram, ancaq müharibədən, döyüşdən bəhs etdiyi yadımdadır.
Qadınların olmadığı bir dünya necə maraqsızdırsa, filmlər də, kitablar da o cür maraqsızdır. Hətta inqilablar da!
Sovet İttifaqı qurulandan sonra çəkilən ilk filmlərin əksəriyyəti inqilaba həsr olunurdu. Həyatın hər sahəsində gedən inqilabda, ictimai həyatdakı dəyişikliklərdə qadınların da rolu vurğulanır, bəzi filmlərdə isə önə çəkilirdi.
Azərbaycan kinosunun ilk uğurlarından sayılan "Bismillah" (1925) filminin qəhrəmanı Zeynəb (K.Vyaznova) ilk inqilabçı qadın obrazlardandır. A.M.Şərifzadənin rejissorluğu ilə çəkilən filmdə yalançı mollaların avam kütlələrə etdiyi zülmlər öz əksini tapır. Gecədən səhərə qədər eyş-işrətlə məşğul olub, şərab içən molla kəndin qız-gəlininin namusuna da sataşır. Ona sidq-ürəkdən inanan savadsız kəndlilərin inamından sui-istifadə edərək varlanır. Yazıq, avam Qulu uşağı olsun deyə, arvadını mollanın yanına gətirir ki, dua yazsın, arvadı uşağa qalsın. Molla isə xəlvətə salıb Qulunun arvadıyla yatağa girir.
Zeynəbin bəkarətini pozur. Zeynəbi varlı bəyə ərə verirlər, ancaq ərə getmək Zeynəb üçün ölüm deməkdir. Dərdini heç kimə açıb danışa bilməyən qızcığaz toy günü ərinin evindən qaçır, ancaq ölümdən canını son anda qurtara bilir. Tutulub əmək-islah düşərgəsinə göndərilən, səhərdən-axşama qədər torpaqda əlləşən Zeynəb nənədən-babadan qaçan qoğal kimi bu zülmdən də qaçıb canını qurtarır, şəhərə gəlir. Burda o, təsadüfən neft mədənində işləyən digər qardaşıyla görüşür. Qardaşı inqilabi dəstələrin içindədir, Zeynəb də onlara qoşulur və inqilabçıların sırasında irəliləyir.
Qulu mollaya inamını itirəndən sonra ümidsizcə şəhərə gəlir. Qardaşının yaşadığı evdə bacısı Zeynəbi görür. Əvvəlcə bacısının üstünə hücum edib hesab sorur, ancaq Zeynəbin başına gələnləri öyrənəndən, Zeynəbə inanandan sonra sustalır.
Qulunun gözləri tamamən açılır, bundan əvvəl də molla qardaşını, onun həmfikirlərini satmışdı, illərdən sonra tapdığı oğlunun ölümünə səbəb olmuşdu. (Hərçənd ki, uşaq elə mollanın uşağı idi). Aşura günü uşağın alnını xəncərlə çərtən, uşağın ölümünə səbəb olan molla Qulunun ittihamlarına cavab olaraq deyirdi: "Uşağı Allah vermişdi, Allah da aldı".
Namusu ləkələnən Zeynəb susmağa məcbur idi. Çünki hamının mollaya övliya kimi yanaşdığı vaxt kimsə ona inanmayacaqdı. Ancaq inqilabdan sonra Zeynəb mollanın məhkəməsində iştirak edir, bütün həqiqəti mollanın üzünə çırpır, onun həbs olunmasına çalışır, nəhayət, özünün və həmkəndlilərinin qisasını ondan alaraq qələbə çalır.
Zeynəb inqilaba təsadüfən qoşulur, küçədə getdiyi yerdə lappadan inqilabi dəstənin arasına düşür, məqsədli şəkildə, ardıcıl mübarizə aparmır. Daha əvvəl isə mübarizənin mənasızlığını anlayıb susmaqla, mollanın öz çirkin əməllərinin arxasında gizlənməyinə göz yumur. Şərait yetişməsəydi, Zeynəb də inqilabi proseslərə qoşulmayacaq, passiv seyrçidən aktiv iştirakçıya çevrilməyəcəkdi. Filmdə möhtəşəm aktyor ansamblı iştirak edirdi: Mirzəağa Əliyev fırıldaqçı mollanın obrazını koloritli və inandırıcı oynamışdı. Bundan başqa, M.Kirmanşahlı, M.Mərdanov, M.Sənani, qadınlardan T.Vişnevskaya öz rollarının öhdəsindən uğurla gəlmişdilər.
Sosializm inqilabına həsr olunmuş filmlərdə adətən Müsavat, Cümhuriyyət hökuməti pislənir. "Bismillah" filmində müsavat polisləri tərəfindən tutulub əmək-islah düşərgəsinə göndərilən Zeynəbin çəkdiyi məşəqqətlər göstərilir. Tarixi, siyasi baxımdan inqilabi filmlər əhəmiyyətini hər nə qədər itirsə də, insanların məişətində, düşüncələrində aparılan inqilabın nümayişi baxımından əhəmiyyətini qoruyub saxlayır. Axı inqilab həyatın bütün istiqamətlərində aparılırdı: təhsildə, qadınların həyatında, insanların məişətində.
Qadınların inqilabına həsr olunmuş iki film xüsusilə dəyərlidir. Bunlar görkəmli dramaturq, kinossenarist Cəfər Cabbarlının öz əsərləri əsasında ssenarisini yazmış olduğu "Sevil" (1929, ssenari müəllifləri C.Cabbarlı, Q.Braginski, A.Beknazarov, rejissor A.Beknazarov) və "Almaz" (1936, ssenari müəllifləri C.Cabbarlı, rejissor A.Quliyev) filmləri idi.
"Sevil" və "Almaz" filmlərində nəinki qadınlar inqilabi proseslərə kənardan seyrçidir, birbaşa onun iştirakçılarıdırlar. Onlar özlərinin, ətrafdakılarının həyatına təsir edir, öz talelərinin sahibinə çevrilirlər. "Sevil" filmi simvolik kadrlarla başlayır. Biz onu dəmir barmaqlıqlı pəncərənin arxasında, sanki qəfəsin içində görürük. Sevil (aktrisa İzzət Orucova) qüssəlidir, get-gedə ona diqqəti, sayqısı azalan əri Balaşın yolunu kədərlə gözləyir. Balaş dövlət idarəsində məsul vəzifədə çalışır, zamanla, sosializm quruculuğuyla ayaqlaşmağa çalışır. Ancaq bunlar hamısı görüntüdür. O, evdəki əşyaların hamısını yeniləyir, hətta evə par-par yanan təzə piano alıb qoyur. Ancaq sonra məlum olur ki, pianonun qapağını kilidləyib açarı da özündə saxlayır. Nə bacısının, nə Sevilin ona toxunmağa ixtiyarı yoxdur. Oturub -durduğu avara dostları və Edel adlı yüngül həyat sürən qadını evinə dəvət edəndə atasına zorla öz paltarlarını geyindirir. Qoca kişi bu paltarların içində olduqca qəribə görünür, güclə hərəkət edir.
Sevil film boyu aciz göstərilir, evinə yad qadın gətirib əri onu evdən qovur, valideynləri də təəssüf ki, Sevili evlərinə buraxmırlar. Faktiki olaraq acınacaqlı şəkildə küçədə qalan, uşağını itirən Sevili mübarizəsi xilas edir. Balaşın bacısı Gülüş olduqca mübariz obrazdır, elə Sevilin gözlərini də o açır. Gözünün qabağında bir qadının axmaq yerinə qoyulmasına dözmür, Balaşa qarşı çıxır. Onun üzündə daima istehza və qəzəb var. Bu obrazın üzü film boyu dəyişmir, bu mimika ilə o, dövrün özünə istehza və qəzəb bildirir. Gülüşün üzündəki gülüş qəzəbli gülüşdür. İnsanlar, kişilər zorla maarifə, təhsilə cəlb olunublar, onlar üzü açıq qadın görəndə hayıl-mayıl olurlar, ancaq öz evlərindəki qadınları daim qara çarşab içində, qaranlıqlarda, barmaqlıqlar arxasında görmək istəyirlər. Onları bu vəziyyətdə saxlamaqla qalmır, daim alçaldır, əzir, təhqir edirlər. Bir səhnədə Balaş Gülüşdən yazıb oxumaq öyrənən Sevilin əlindən dəftər-qələmi alıb tullayır, ona paltosunu və şotkanı uzadır.
Balaşın beyni bütün müasirliklərə açıqdır, o, bircə öz evindəki qadının azad olmasını, müasir həyatla ayaqlaşmasını qəbul eləyə bilmir.
Film boyu dəfələrlə Sevilin çarşabı çiynindən sürüşüb düşür, hər dəfə Balaş çarşabı əzizləyərək, Sevilin çiyninə qaldırır. Bacısı evdən çıxıb məktəbə yollananda onun üstünə çımxırır ki, çarşabını geyinsin. Qız çarşabı geyinib evdən çıxsa da, küçədə onu çiynindən çıxararaq büküb qatdalayır.
Filmin sonlarına doğru Sevil öz həyatının sahibinə çevrilir, işləyir-oxuyur, axırda dövlət məmuru olur. Onun yuvasına soxulan, ailəsini dağıdıb, övladına həsrət qoyan qadın məzlum görünmək üçün başına yaylıq atıb Sevilin qəbuluna minnətə gəlir. Balaş bu gerçəkliklə üzləşəndə məhv olur, onun peşmançılığı birə min artır, lakin artıq gecdir.
"Sevil" filmi yüksək məziyyətləriylə, həm ssenari, həm rejissor işi ilə seçilir, kino tariximizdə həm də buna görə əhəmiyyətli yerlərdən birini tutur.
Azərbaycan kinosunun sonuncu səssiz filmi kimi də tarixə düşən "Almaz" filmində kəndə müəllim işləməyə yollanan gənc qızın (İzzət Orucova) kənd sakinləriylə, sinif düşməni adlandırılan varlı adamlarla yaşadığı qarşıdurmalar göstərilir. Kənd camaatı əvvəlcə Almazı xoş, gülərüz qarşılasa da, Hacının təbliğiylə birdən-birə ona düşmən kəsilirlər. Almaz kənddə artel açıb xalça toxuyan qadınları başına toplamaq, onların güzəranını yaxşılaşdırmaq istəyir. Ancaq qadınların ucuz əməyindən istifadə edib, onlara qəpik-quruş verən Hacıya bu sərf eləmir. Filmdə ekzotik səhnələr var. Almazın uşaqları müayinə etdirməkçün çağırdığı kişi həkim qız uşaqlarını müayinə edəndə, açar deşiyindən güdüb görən kənd qadınları bunu dəhşətlə qarşılayırlar, "o, qızlarımızın namusunu ləkələyir" deyərək, məktəbə hücum edib, qızların əllərindən tutub aparırlar.
Hamıdan gizli uşaq dünyaya gətirən Yaxşını qardaşının zülmündən qorumaq üçün fədakarlıqla "uşaq mənimdir" deyən Almazdan kənddəki ən yaxın dostları da üz döndərir. Gənc fəallardan biri hətta Almazı zorlamaq istəyir, hesab edir ki, atasız uşaq dünyaya gətirən Almaz onunla da yatmalıdır.
Sevil özü üçün mübarizə aparmağa başlamışdısa, Almazın mübarizəsi başqalarından ötrü idi. Hətta onu ölümlə hədələmələri belə onu yolundan döndərə bilmir. Almazın mübarizəsi düşüncələrdə inqilab oyatmaqdan ibarətdir, məqsədi insanları maarifləndirmək, qadınların həyatını yüngülləşdirmək, hüquqlarını təmin etmək, qız uşaqlarına təhsil vermək idi.
"Bismillah"ın Zeynəbi, "Gilan qızı"nın Səkinəsi, (inqilabi cəhətdən bir qədər passiv obraz olsa da), Sevil, Almaz obrazları öz hüquqları uğrunda mübarizə aparan Şərq qadınlarının ümumiləşdirilmiş obrazları idilər. Onlar öz həyatları, azadlıqları uğrunda savaşırdılar. Sevillə Almaz Azərbaycan kinosunda ilk feminist qadınlar idilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!