Kinomuzda qadınlar - İkinci yazı - Sevinc ELSEVƏR

Sevinc ELSEVƏR

 

1920-ci ilin aprelində Azərbaycan XI Qızıl Ordu tərəfindən işğal edildi, milli hökumət süqut etdi. Və bu tarixdən etibarən nəinki Azərbaycan kinosunun, bütün ölkənin, xalqın taleyi dəyişdi, kinoda da yeni mərhələ başlandı. Kinematoqraf da başqa sənət sahələri kimi bolşevik ideologiyasının güclü silahına çevrildi.

Sənədli kinoda Azərbaycanda Sovet hökumətinin qurulması əks olunurdu, müxtəlif tədbirləri işıqlandıran kinoxronikalar çəkilirdi. Bədii kinoda yerli kadrlar əlbəttə ki, az idi. Rejissorların, operatorların, aktyorların böyük əksəriyyəti ruslar idi. Çox vaxt yaradıcı qruplar Azərbaycan adət-ənənələrini, mentalitetini bilmədiklərindən filmlərdə səhvlər edirdilər. Məsələn, "Bismillah" (1925) filmində kəndli mollanı "müqəddəs ata" adlandırır. Halbuki bizdə mollanı bu cür adlandırmayıblar.

Qeyri-adi süjet xəttinə malik 1923-cü ildə rejissor V.Ballyuzek tərəfindən çəkilən "Qız qalası" filmi üstündən az qala yüz il ötməsinə baxmayaraq, Azərbaycan tamaşaçısını təəccübləndirməkdədir. Ssenarisi N.Breslav tərəfindən yazılan "Qız qalası" filminin süjeti Bakıdakı qədim Qız qalası haqqında əfsanədən götürülüb. Filmdə insest münasibətlərdən - atanın öz qızına aşiq olub, onu əldə etmək istəyindən bəhs olunur. Baxmayaraq ki, film ekranlara çıxanda "Pravda", "Kinoqazet", "Kinonedelya" qəzetlərində tənqid olunmuşdu, qeyd edilmişdi ki, filmin mövzusu aktual deyil, rejissor işi isə pislənilmişdi, ancaq film tamaşaçıların xoşuna gəlmişdi. Çünki səssiz və sözsüz olmasına baxmayaraq, filmdəki hadisələrin ardıcıllığı anlaşılan və maraqlı idi.

Səssiz filmlərimizdə diqqəti çəkən əsas xüsusiyyətlərdən biri aktyor oyununun peşəkar səviyyədə olmasıdır. Aktyorlar son dərəcə inandırıcı oynayırlar. Hətta biz sonrakı illərdə bu səviyyədə aktyor oyununu görmürük. Bəlkə də aktyorların oyununu məntiqsiz, mənasız dialoqlar korlayır, pantomim oynayanda obrazlar daha canlı, daha inandırıcı olur. Əsas kişi rollarında yerli aktyorlardan İ.Hidayətzadə, R.Darablı, K.Ziya, A.Gəraybəyli, İ.Azərin oynayırdılar, əsas qadın rolunu isə rus kino və sirk aktrisası Sofiya Jozeffi yaratmışdı. Sofiya Jozeffi 1923-1934-cü illərdə Azərbaycanda və Gürcüstanda ona qədər filmdə çəkilmişdir. Bunlardan ən məşhurları "Qız qalası əfsanəsi" və "Savur məzar" filmləridir. Aktrisa "Qız qalası əfsanəsi" filmində iki obrazı canlandırır. Ana Cəvahiri və qız Gülnarı. Cəvahir Şirvan xanının qızıdır, sarayda məsud-xoşbəxt yaşadığı halda, qəfil öyrənir ki, Səməd xan onlara hücum edib, Şirvan xanının qoşunları məğlub olub, Cəvahirin qardaşı isə əsir düşüb. Qardaşının əsir düşməsi xəbərini alan Cəvahir bu xəbərə dözmür, atını minib Səməd xanla görüşməyə gedir. Xan qızının obrazına görə mümkün olduğundan cəsur verilən Cəvahir cəsarəti və gözəlliyi ilə Səməd xanı ovsunlayır. O, nəinki Cəvahirin qardaşını əsirlikdən azad edir, əsir götürdükləri başqa adamları da, heyvanları, qənimətləri də geri yollayır. Sonra da qıza elçi düşür.

Cəvahirin qardaşı döyüşdə cəsur, qorxmaz, güclü göstərilir. Hətta onun qorxmazlığı subtitrlərdə dəfələrlə vurğulanır. Ancaq əsir alınanda xeyli zəiflik göstərir, hətta ağlayıb göz yaşı tökür. Bacısı Cəvahirin təkbaşına onun arxasınca gəldiyini görəndə isə qəzəblənmək, təəccüblənmək, yaxud heyifsilənmək əvəzinə, uşaq kimi sevinir. Şirvan xanına - atasına Səməd xanın Cəvahirə elçi düşdüyü xəbərini isə xüsusi bir sevinclə verir, qızı ver, sülh olsun deyir. Xan oğlunun xarakteri ziddiyyətli göstərilib, qorxaqdır, yoxsa cəsurdu bilinmir.

Filmdə kütləvi qadın səhnələri tez-tez yer alır. Səməd xanın qoşunları kəndlərə hücum edir, qız-gəlinlərin üstünə cumurlar. Qadınların üzündəki, gözündəki qorxular iri planlarda ekranda göstərilir.

Səməd xanın sarayına köçən Cəvahirin əvvəlcə günləri xoş keçir. Baxmayaraq Səməd xan qəddardır, ancaq məntiqsiz və qəddar qərarlar verir, qabağına çıxanın başını kəsdirir, gözünü çıxartdırır, zindana atdırır. Ancaq xeyirxah qəlbli Cəvahiri bunlar maraqlandırmır. O, xanla eyş-işrətdədir, filmdə hətta erotik, öpüş səhnələri yer alıb. 1923-cü ilin Azərbaycan kinosu üçün bu səhnələr xeyli cəsarətlə çəkilib.

Cəvahir zülm qarşısında qətiyyət göstərmir, o, Səməd xanı qəddarlıqdan çəkindirməyə çalışmır da. Mümkündür ki, Sovet kinotənqidçiləri də bu səbəblərdən filmin mövzusunu aktual hesab etməsinlər.

Cəvahir doğuş zamanı ölür, Səməd xan yeni doğulan qızını görməyi belə arzulamır, onu bir kasıb qarıya övladlığa verir. Gülnar böyüyüb gənc qız olur, anası kimi gözəldir, onun qədər cəsarətli və çılğındır. Bir gün ova çıxan Səməd xan öz qızına rast gəlir, onun anasına bu qədər bənzəməsi xanı heyrətləndirir. Qızını, yanındakı çoban dostuyla birgə götürüb saraya gətirir.

Günlər keçdikcə xan qızının gözəlliyinin şöhrəti hər tərəfə yayılır. Qıza hər tərəfdən elçilər gəlir, xan isə bütün elçiləri əliboş yola salır. Çünki öz qızına qarşı qarşısıalınmaz ehtiras hiss edir, ona mərhum arvadı Cəvahiri xatırladan qızına axır ki, ürəyini açır. Hətta onu qucaqlayıb dodaqlarından öpməyə çalışır, Gülnar çox böyük çətinliklə yaxasını atasının əlindən qurtarır. Günlər keçir, Gülnar atasına qarşı dirəniş göstərir, yalvarır ki, onları biabır etməsin. Ancaq Səməd xan özüylə bacarmır. Axırda Gülnar şərt qoyur: onda dənizin içində bir qala tikdir, mən köçüm ora. O qalaya bizdən başqa heç kəsin ayağı dəyməsin.

Xan ustalara əmr edir, gecə-gündüz qalanın tikintisi üçün işlər gedir, nəhayət, bir gün Qız qalası hazır olur.

Gülnar dərd-ələm içində qalaya yollanır, çoban sevgilisi onu xilas etməyə hazırdır. O, hətta qalanın girişində Səməd xanı xəncərlə öldürür, yuxarı Gülnarın yanına tələsir. Ancaq Gülnar sevgilisinin ayaq səslərini tanıya bilmir, yaxınlaşanın xan olduğunu zənn edib özünü qaladan atır. Gülnar pak məhəbbət naminə ölməyi, rüsvayçılıqla yaşamaqdan üstün tutur.

Filmin çəkilişləri o dövr üçün xüsusi çətinlikli çəkilişlər idi. Dekorativ səhnə avadanlıqları zəif idi, hətta bir səhnədə edam olunan adamın müqəvva olduğu açıq-aydın bilinir, olduqca süni təsir bağışlayır, hətta gülünc alınır. Çəkilişlərində 1500 adamın iştirak etdiyi filmin xüsusən kütləvi səhnələrində sünilik və bayağılıq çoxdur.

Bəzi tənqidçilərin fikrincə, film C.Cabbarlının eyniadlı əsəri əsasında çəkilib. Ancaq Cabbarlı özü bu barədə heç bir yazısında məlumat verməyib, filmin titrlərində də Cabbarlının adı çəkilmir.

Bütün çatışmazlıqlarına baxmayaraq, "Qız qalası əfsanəsi" filmi Azərbaycan kino tarixində xüsusi yer tutur. Bu filmi kinomuzun inkişafında növbəti əhəmiyyətli addım saymaq olar.

Filmin əsas qadın obrazlarından olan Gülnar mübarizdir, Səməd xana qarşı dirəniş göstərir, ağlını işlətməyi də bacarır. O, Qız qalasının tikilməsini istəməklə vaxt udur, bu müddətdə xanın fikrindən daşınacağına, zamanla səhv yolda olduğunu başa düşəcəyinə ümid edir. Təəssüf ki, Gülnarın başqa tədbiri yoxdur, ağlına özgə çıxış yolu gəlmir. Sarayda bağbanlıq edən çoban sevgilisi də əvvəlcə qətiyyətsizlik göstərir, Gülnarın onunla görüşməsini qadağan edir, əngəlləyirlər, o, buna boyun əyib susur.

Gülnarın intiharı onun üsyanı, mübarizəsi, qətiyyəti kimi verilsə də, əslində o vaxtkı Sovet ideologiyası üçün bu, qaneedici deyildi. Daha sonra Azərbaycan kinosunda həm mənəvi, həm fiziki cəhətdən böyük qələbələr əldə edən qadın obrazlar yaranacaqdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!