Kinomuzda qadınlar - Sevinc ELSEVƏR

Birinci yazı

Sevinc ELSEVƏR

 

İlk dəfə 1897-ci ildə Lümyer qardaşlarının kinoapatı Azərbaycana gəlib çıxmış, 1898-ci ilin 8 yanvarında isə milyonçu H.Z.Tağıyevin evində, "Bakinskoye Obşestvennoye Sobraniye"nin zalında ehtiyacı olan "Şagirdlərə Yardım Cəmiyyəti"nin xeyrinə keçirilən gecədə "Canlandırılmış fotoşəkillər" nümayiş etdirilmişdir. Bu canlı fotolar - kiçik filmlər bunlar idi: "Bibiheybətdə neft mədənində yanğın" (1898-ci il iyul ayının 27-də Bibiheybətdə neft mədənində yanğın baş vermişdi. O vaxtlar bu yanğınlar adi hal idi. Ancaq həmin gün fransız A.M.Mişon tərəfindən lentə alınmış bu kiçik sənədli film Parisdəki kino muzeyində qorunub saxlanır), "Əlahəzrət Buxara Əmirinin yola salınması", "Qafqaz rəqsi" və "İlişdi" filmləri. Bunların arasında cəmi bir oyun filmi vardı. "İlişdi" adlı həmin kinosüjetlə demək olar ki, ilk Azərbaycan bədii kinosunun əsası qoyulmuşdur.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan beş il əvvəl belçikalı sahibkarlar - Pirone qardaşları Bakıda özlərinin kirayə kontorunu açırlar, kino çəkilişləriylə məşğul olurlar. Onlar "Filma" səhmdar cəmiyyətini təsis edirlər, 1915-ci ildə isə cəmiyyət bədii film istehsalına başlayır. Peterburqdan rejissor B.Svetlov və operator Q.Lemberq Bakıya dəvət olunur.

Bakıda onlar bir neçə filmə quruluş verirlər: "Arvad", "Arvadlar ərlərini mənsəbə necə çatdırırlar", "Ayaqyalın məhəbbət" və s.

İlk tammetrajlı bədii filmimiz kimi tarixə düşən film B.Svetlovun çəkdiyi "Neft və Milyonlar səltənətində" (1916) əsəridir. Sovet kinoşünasları ona görə Azərbaycan kinosunun başlanğıc tarixini bu filmdən götürürdülər. Bu filmdə Lütfəli bəy obrazını görkəmli aktyorumuz Hüseyn Ərəblinski oynamışdı. İ.Musabəyovun eyniadlı əsəri əsasında çəkilən film Bakının neft milyonçularının həyatından bəhs edirdi. Filmin baş qəhrəmanı Cəlil (V.A.Lenin) kasıb bir fəhlə balasından neft milyonçusu səviyyəsinə qədər yüksəlir. Təsadüf nəticəsində yoxsul bir adamdan varlı bir sahibkara çevrilən Cəlil pozğun Lütfəliylə dostluq edir. Lütfəli qəddar və xaraktersiz bir neft sahibkarıdır. Axırda o, Cəlilin arvadı, ləyaqətli Şəfiqəyə (K.Piontkovskaya) tamah salır. Ancaq Şəfiqə Cəlil kimi öz mənliyini itirmir, şərəfini qoruyur, onun dünya malında gözü də yoxdur. O öz ləyaqətiylə Cəlil kimi zəif, xaraktersiz kişilərə dərs keçir. Filmdə qadın obrazlarını əcnəbi aktrisalar oynamışdı. K.Piontkovskayadan başqa, filmdə Regina Lazareva, Y.S.Orlitskaya kimi aktrisalar da rol alırdı.

1980-ci ildə İ.Musabəyovun əsəri ikinci dəfə ekranlaşdırıldı. M.Mirmövsumovun ssenarisi əsasında rejissor Fikrət Əliyev əsərə ikinci ekran həyatı bəxş etdi. Şəfiqə rolunun bu dəfəki ifaçısı sevimli aktrisamız Həmidə Ömərova idi.

Neft Bakısının ötən əsrin əvvəllərindəki həyatını, Bakı milyonçularının məişətini, neft mədənlərində bir qarın çörək üçün ağır şəraitdə çalışan fəhlələrin ağır güzəranının fonunda biz qadınlarımızın da həyatını, məişətini, çəkdikləri əziyyətləri ekranda görürük. Kasıb və yoxsul Cəlil sevdiyi, bəyəndiyi, sayqı duyaraq evləndiyi Şəfiqəni varlandıqca bəyənmir. Artıq onun gözündə Şəfiqə savadsız, dünyagörüşsüz, təhsilsiz bir qadın kimi görünür, heç cür əcnəbi qadınlarla müqayisəyə belə gəlmir. Halbuki Şəfiqələrin savad ala bilməməsində, daim evə qapadılıb gözlərinin açılmamasında elə Cəlillər günahkardır. Varlandıqca Şəfiqəni unudan, yad qadınların qucağında xumarlanan Cəlil evindən xəbərsizdir. Şərəfsiz və pozğun dostu Lütfəli Cəlilin arvadının gözəlliyinə göz dikmişdir, Şəfiqə isə var gücüylə ona qarşı gəlir, ləyaqətini qorumağa çalışır. Cəlil Şəfiqənin yanında olduqca miskin görünür. Cəlilin var-dövləti artdıqca Şəfiqə nəinki öz sadəliyini itirmir, əvvəlkindən də rəhmli, mehriban, yoxsullara qarşı mərhəmətli Şəfiqə olaraq qalır.

1916-cı ildə Boris Svetlovla Q.Lemberq Üzeyir Hacıbəyovun məşhur "Arşın mal alan"ını ekranlaşdırdılar. Rollarda Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Hənəfi Terequlovla yanaşı, aktrisalar Aleksandra Olenskaya və Yeva Olenskaya da oynayırdılar.

Bilirsiniz ki, adətə və mental qadağalara görə o dövrdə qadın aktrisalar səhnəyə çıxmırdılar, qadın rollarını da kişi aktyorlar ifa edirdilər. 1916-cı ildə çəkilən "Arşın mal alan" filmində də qadın rollarının bəzilərini kişilər oynadılar. Məsələn, Gülçöhrə və Cahan xala rollarına Əhməd Ağdamski və Yunis Nərimanov çəkilmişdi. Film ilk dəfə 1917-ci ilin 3 yanvarında "Forum" kinoteatrında nümayiş etdirildiyi vaxt salonda musiqiçilər operettadan musiqi parçalarını, Cabbar Qaryağdıoğlu və digər xanəndələr ariyaları ifa edirdilər.

Doğrudur, film ilk baxışda Üzeyir Hacıbəyovun xoşuna gəlməsə də, hətta bəstəkarın tələbiylə ekranlardan bir müddət qaldırılsa da, "Arşın mal alan" operettasının ekranlara gəlməsi qadın mövzusunun ekrana gətirilməsi demək idi.  Bu əsərdə yerli adət-ənənələr yumor vasitəsilə tənqid olunur, gənclərin bu adətlər ucbatından necə çətinliklər yaşadığı açıq göstərilir. Gənc tacir Əsgər arzu edir ki, ailə quracağı qızı öz gözləriylə görsün, tanısın, sevsin. İlk baxışda bundan təbii nə arzu ola bilər ki? Ancaq ötən əsrin əvvəllərində Bakıda bu, mümkünsüz bir iş idi. Buna görə də Əsgər dostunun məsləhətiylə qapı-qapı düşüb arşın mal satmağa başlayır. Gülçöhrə ilə tanış olmaq imkanı qazanır, lakin bu dəfə də qızın atası Soltan bəy onu kasıb hesab elədiyi üçün qızını ona vermək istəmir.

Gülçöhrə obrazını kişi aktyor yaratsa da, obraz bir Azərbaycan qadınının, gənc qızının obrazıydı və o dövr üçün olduqca əhəmiyyətli idi. Gülçöhrə xırda qız canıyla sevgisinin müdafiəsinə qalxır. Qadın hüquqlarının hər addımda pozulduğu, qadınların az qala insan yerinə qoyulmadığı, onların yerinə bütün qərarların başqaları tərəfindən verildiyi bir vaxtda Gülçöhrə Soltan bəyin qarşısında sevgisini müdafiə edir. Əsər janrından, kim bilir, Üzeyir bəyin arzularından irəli gələrək xoşbəxt sonluqla qurtarır. Axırda Əsgərin lüt, kasıb arşın malçı olmadığı, varlı tacir olduğu üzə çıxır, Soltan bəy də məmnuniyyətlə qızını Əsgərə ərə verir. Həm Soltan bəyin dediyi olur, həm Gülçöhrənin. Həmin dövrdə süjetin xoşbəxt sonluqla bitməsi ayrı cür mümkün də deyildi. Əsgər həmin Əsgər idi, ancaq Soltan bəy onun kasıb yox, varlı bəy olduğunu bilən kimi qızını ona verməyə göydə razı olur. Ancaq Gülçöhrə üçün Əsgər elə Əsgərdir, varlı da olsa, kasıb da olsa. Üzeyir Hacıbəyov kasıb namizədi ər kimi qəbul edən bəy qızının obrazını Azərbaycan qadınına sevgiylə yaratmışdı. Gülçöhrə üçün Əsgərin maddi vəziyyəti, ictimai yeri, mənafeyi maraqlı da deyildi. Əsgərin var-dövlətində gözü olmadan, gələcək həyatının çətin, ya asan olacağının qeydinə qalmadan, o, sadəcə sevirdi.

"Arşın mal alan" 1917-ci ildə də Belyakov tərəfindən çəkilməyə başlamışdı, ancaq Belyakovun filmi yarımçıq qalmışdı.

"Arşın mal alan" əsəri daha sonra 1945-ci ildə Rza Təhmasiblə Nikolay Leşşenko tərəfindən ekranlaşdırılacaqdı. Artıq bu dövrdə qadın rollarının ifaçıları həm teatrlarda, həm kinoda qadınlar özləri idi. Bakı kinostudiyasında istehsal olunan filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli (Leyla Cavanşir), Münəvvər Kələntərli, Fatma Mehrəliyeva, Rəhilə Mustafayeva, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev və başqaları ifa edirdilər.

1945-ci ildə əsər ekranlara çıxanda artıq filmdə tənqid olunan köhnə ənənələrin bir çoxu aradan qaldırılmışdı, gənclər - oğlanlar, qız balalar sərbəst gəzir, oxuyur, işləyir, bir-birlərilə tanış olur, sevib-sevilir, evlənirdilər. Ancaq təəssüf ki, bütün zamanlarda olduğu kimi, o zamanlarda da köhnə və zərərli ənənələrin tərənnümçüləri, müdafiəçiləri hələ də qalmaqdaydı, Gülçöhrələr də, Əsgərlər də tapılırdı.

Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli qərarıyla Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!