"Kölə"lərin peyğəmbəri: Robot insanlıq dərsi keçir - Cavid Qədir - Cavid QƏDİR

"Bir gün bir filmə baxdım..." silsiləsindən

Cavid QƏDİR

Birinci qanun: Robot insana zərər verə, ya da hərəkətsiz qalaraq insanın zərər çəkməsinə səbəb ola bilməz.

İkinci qanun: Robot insanların verdikləri əmrlərə tabe olmaq məcburiyyətindədir. Ancaq bu əmrlər birinci qanunla ziddiyyət təşkil etdiyi zaman vəziyyət dəyişir.

Üçüncü qanun: Robot birinci və ikinci qanunlara əks olmadığı müddətdə öz varlığını qorumalıdır.

"Qarğa", "Qaranlıq şəhər" kimi çox sevilən, böyük izləyici kütləsinə malik fantastik filmlərin rejissor kürsüsündə özünə yer etmiş Aleks Proyasın 2004-cü ildə bəyaz pərdəyə daşıdığı filmi məşhur rusəsilli ABŞ yazıçısı Ayzek Əzimovun "Mən robotam" romanı əsasında çəkilən eyniadlı ekran əsəri oldu. Baş qəhrəmanını 2004-cü ilədək özünü peşəkar aktyor olaraq kifayət qədər tanıtmış, sevdirmiş, "Pis oğlanlar", "Qara geyimli adamlar", "Əli" (boksçu Məhəmməd Əli - C.Q.) və başqa filmlərlə sübut etmiş Uil Smitin canlandırdığı filmdə hadisələr yaxın gələcəkdə cərəyan edir. Amma sözügedən yaxınlıq təkcə vaxt baxımından doğrulana bilər. İnsanlar artıq əvvəlki qədər "cılız" deyillər. Texnologiyada xeyli yol qət edən həmcinslərimiz süni zəka sahəsində inqilab edərək dünyanı daha gözəl yer halına gətirə biliblər. Bütün bunlarla yanaşı hər şey heç də mükəmməl deyil...

Film əlində silah yuxudan oyanan Uil Smitin görüntüsüylə başlayır. Smit görməyə alışdığımız tərzdədir: həyatdan bezmiş tənha canavar, əzik, çəkingən, xor görülən, az qala hamının başdanxarab hesab etdiyi zırrama... Bu, əslində aktyora qarşı antipatiya yaradır. Digər böyük aktyorlar kimi fərqli tiplər ortaya qoya bilmir. "Mən robotam" filminin baş qəhrəmanı - polis detektivi Del Spuner daha sonralar çəkiləcək "Mən əfsanəyəm" (2007), "Henkok" (2008), "Yeddi yaşam" (2008), "Kollateral gözəllik" (2016) kimi filmlərdəki qəhrəmanların qəlibləşmiş formasının təməl roludur desək, yanılmarıq. Amma bu, filmin gözəlliyinə, ötürdüyü mesaja çox da xələl gətirə bilmir.

"Mən robotam" filmində məlum olur ki, insanlar süni intellektin verdiyi avantajdan yararlanaraq işlərini asanlaşdırmaq üçün robotların yardımından istifadə edirlər. Hətta bir qədər də irəli gedərək onları sinif halına gətiriblər - kölə sinfi... Hər hansı insana istənilən növ şiddət, etiraz olmadan başqa insana şiddət və etiraz olmaması şərtilə bütün istəkləri qeyd-şərtsiz əməl edən kölə. Günümüzdə az qala bütün evlərdə ütü olduğu kimi, sözügedən dövrdə də az qala bütün evlərdə robot-xidmətçi var.

Amma bu nizama çox da bel bağlamayan, robotları insanlıq üçün təhlükə hesab edən bir nəfər var: Del Spuner - Uil Smit.

Spuner robot texnologiyasına, robotlara bel bağlamır, onları təhlükəli hesab edir. İlk imkanda robotlardan can qurtarmaq lazım olduğu fikrini dəstəkləyir. Cinayət törətdiyini düşündüyü robotu həbs etmək istərkən gülünc duruma düşməsi isə ona olan inamı daha da azaldır. İndi hamı ona gülür, zırrama olduğuna daha çox inanırlar. Patronu buna görə Spunerə şifahi töhmət elanı, xəbərdarlıq edir. Artıq qəhrəmanımız işini itirmə ehtimalı ilə üz-üzədir. Hadisələrin bu cür inkişafı fonunda dəhşətli xəbər gəlir - USR-in (United Stated Robotics) əsas ofisində intihar baş verib. Robot texnologiyasının atası hesab edilən Alfred Lenninq özünü pəncərədən ataraq intihar edib. İntihardan əvvəl baş qəhrəmanımıza ünvanlanan holoqrafik mesaj buraxıb. Spuner bütün rakurslardan intihar olduğu görünən ölüm hadisəsini araşdırmalı, "Hansel və Qretel"də olduğu kimi çörək qırıntılarını təqib etməlidir. Və əslində çörək qırıntılarını təqib etmək fikri də professor Lenninqin ideyasıdır.

Detektiv professoru bir robotun öldürməsi düşüncəsinə qapılıb, təhqiqatı bunun üzərində qurmaq fikrinə düşür. Hətta Lenninqin otağında şübhəli robotla qarşılaşır, onu yaxalayır. USR tərəfi, eləcə də polislər bir robotun əsla insana zərər verə bilməyəcəyini, bunun Üç robot qanununa zidd olduğunu iddia edirlər. Spunersə dediyindən dönmür. Detektiv hədəfə yaxınlaşdığını düşündükcə ona ard-arda sui-qəsdlər təşkil edilir. Amma hər dəfə qəhrəmanımız sağ qalmağı bacarır.

Film irəlilədikcə Spunerin niyə robotlardan xoşlanmadığı da üzə çıxır. Keçmişdə yaşananlar, alınan travmalar, kəsişən həyatlar...

Detektivimiz izinə düşdüyü robotu sonunda yaxalayır, USR şirkəti robotun qüsurlu olduğu nəticəsinə varır. Üç robot qanununa qarşı gələn "üsyançı" robotun məhv edilməsi qərarı alınır. Amma yenə nələrsə yerində və yolunda deyil...

Professorun intiharının, robotun üç əsas qanuna qarşı gəlməsinin arxasında şirkətin direktoru Lorens Robertsonun dayanmasını düşünən Spuner daha bir səhv yola düşür. Bütün bu baş verənlərlə paralel olaraq USR yeni nəsil robotlarını təqdim edir. İndiyədək insanlara xidmət edən N4 robotlarını əvəz edəcək N5-lər. Sələflərindən fərqli olaraq bu robotlar birbaşa USR şəbəkəsinə bağlı olacaq, bu da onlara nəzarəti asanlaşdıracaqdı.

İşlər bura çatanda vəziyyət dəyişir. Xeyli fərqli olsa da Spunerin dedikləri gerçəkləşir. Süni intellekt öz qaranlıq tərəfini göstərməyə başlayır. İllərdir qüsursuz olduğu düşünülən Üç robot qanununda "çat"lar yaranır. Qanunlar simulyasiya edilərək insanları qorumaq adına insanlara qarşı yönəldilir. Məlum olur ki, yeni nəsil robotları təqdimi belə, bu prosesin bir parçasıdır. İnsanlarla robotlar qarşı cəbhələr alırlar. Üsyan başlayır. Hollivud ssenarisi də öz növbəsində aktivasiya edilir: bütün bu qarmaşanın qarşısını bircə nəfər ala bilər - hamının zırrama, başdanxarab hesab etdiyi, bizim əsəbi və tənha qəhrəmanımız polis detektivi Del Spuner. Amma bu dəfə təkbaşına deyil, USR-i qüsurlu hesab etdiyi robot Sanni və robot psixoloqu Suzan Kelvin də ona dünyanı xilas etməkdə kömək edirlər.

Filmdə Hollivud industriyasının qoyduğu (nə əcəbsə) diqqətçəkən boşluq da var: təxminən 2 saat davam edən filmdə sevişmə bir qırağa, heç öpüşmə səhnəsi də yoxdur.

Filmin kulminasiya nöqtələrindən biri Sanninin istintaq prosesi zamanı Spunerə verdiyi sualdır:

- O hərəkət nə anlama gəlir?İçəri girəndə digər adamlara baxaraq niyə bir gözünü qırpdın?

- Bu bir etibar ifadəsidir. İnsani davranışdır, sən anlamazsan.

Amma filmin sonlarında Sanni Deli şaşırtmağı bacarır...

Filmin ən maraqlı nöqtələri, sözsüz ki, Sanninin çox sadə görünsə də cavab vermək o qədər də asan olmayan suallarıdır. Bu - Spunerin ifadəsilə desək - "tənəkə qutu" insanı düşünməyə, sorğulamağa, skeptizmə sövq edir. Bir qədər kobud desək dəmir yığınından başqa anlam daşımayan bu mexanizm - robot adamlara insanlıq dərsi verir. Həm də təkcə personajlara deyil. İstintaq zamanı gedən digər dialoqlar da bir qədər filmoqrafiyadan məlumatlı tamaşaçıya çox şey deyir.

Filmdə daha bir kilid nöqtə robotlara (əslində nizama) qarşı çıxan, eləcə də dünyanı xilas edən şəxsin qaradərili olmasıdır. Bunun günümüzdə bəlkə çox da diqqətçəkən tərəfləri yoxdur. Amma əsərin yazıldığı vaxtı - təxminən 70 il əvvəl - nəzərə alsaq, verilən mesaj açıqdır.

Film çəkilişləri əslində kapitalizmə xidmət olsa da filmin özü kapitalizmə qarşıdır. İnsanların qanuni şəkildə "kölə"ləşdirilməsi, elmi texniki tərəqqinin, texnologiyaların insanları sıradan çıxarmasına diqqət çəkməyə çalışır.

Mənə görə, filmdə ən təsirli səhnə sonuncu - sözsüz (lal) - kadrlardır. Robot qəbiristanlığındakı artıq "dəbdən düşmüş" robotların ümidlə üz tutduğu yuxarıda, hamısının təpəsində dayanan Sanni.

Bu kadra bir qədər fərqli yozum versək, mifoloji yanaşsaq (daha dərindən anlamaq üçün Daniel Kuinin "İsmayıl" romanını oxumaq xeyli kömək edə bilər), Tur dağındakı 40 günlük çilədən qayıdan əlində Tanrı kəlamı yazılmış daş kitabə tutan Musa gözümüzdə canlanır. Yolundan azmışların, "kölə"lərin ümid yeri olan peyğəmbər...

Yekun olaraq qeyd edim ki, filmə araşdıraraq, paralelləşdirmə, ümumiləşdirmə, eləcə də müqayisəli şəkildə baxsaq, "bir gün bir filmə baxdım..." deyə başlayan cümlə qura bilməmiz mümkün variantlar arasında ola bilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!