Günəş nə vaxt soyuq olur? - Sevinc ELSEVƏR

Sevinc ELSEVƏR

Ölkəmizdə müstəqil kino çəkilir. Bu, sevindiricidir. Zaman-zaman bu filmlər keyfiyyətcə də yaxşılaşır. Ən başlıcası, tamaşaçı marağına səbəb olur, baxılır, sevilir. Bu yaxınlarda həmin filmlərdən biri "YouTube" kanalında tamaşaçılara təqdim olundu. Filmin anonsu və treyleri də sosial şəbəkələrdə yayımlanmışdı. Film xeyli baxış toplayıb, ətrafında maraqlı müzakirələr gedib. Hər filmə qismət olmayan tamaşaçı sevgisini, böyük tamaşaçı auditoriyasını qazanıb az zamanda.

Filmlə təsadüfən tanış oldum. Tez-tez "YouTube"da ön səhifədə görünürdü, tövsiyə edilirdi. Bir gün də açıb izləməyi qərara aldım. Əvvəlcə elə bildim sənədli filmdir, ölkəmizin şimal rayonlarında yaşayan azsaylı xalqlardan birinin - ləzgilərin həyatından, məişətindən bəhs edir. Çünki ilk titrlərdə filmin yaradıcıları "filmdə ləzgi xalqının adət-ənənələrini göstərməyə çalışdıqlarını, ləzgi xalqına sevgilərini izhar etdiklərini" qeyd etmişdilər. Ancaq irəliləyən dəqiqələrdə anladım ki, izlədiyim bədii filmdir, dram janrındadır.

Filmin ssenari müəllifi Sədaqət Kərimova adlı ləzgi şairəsi və bəstəkarı, rejissoru Elşən Zeynallıdır. Onu da öyrəndim ki, film Sədaqət xanımın öz maddi vəsaiti hesabına çəkilib. Bunu öyrənəndə film haqqında müsbət fikirlərim daha da artdı. Çünki dövlət hesabına çəkilən, 1-2 milyon civarında pullar tökülüb ortaya çıxarılan bir çox yerli filmdən geri qalmırdı. Üstəlik, yersiz pafosdan uzaq, olduqca səmimi film təsiri bağışlayırdı.

İlk baxışdan belə görünür ki, flm məhəbbət mövzusundadır. Ancaq burda söhbət təkcə məhəbbətdən də getmir. Film həm ləzgi xalqının məişətindən, adət-ənənələrindən söz açır, həm də bəşəri bir problemə - müharibə mövzusuna toxunur. Üstəlik, bu filmin premyerası II Qarabağ müharibəsindən sonra baş tutub, bir xalq olaraq müharibədən təzəcə çıxmışıq, müharibənin açdığı yaraları sarımaqla məşğuluq. Bir çoxlarımızın həyatında müharibə sağalmayan izlər qoyub!

Filmdə hadisələr Qusarın Yarqun kəndində baş verir. Film başlayarkən, biz Yarqun kəndinin sakinlərinin nə qədər gözəl, gülüş, sevinc dolu həyatları olduğunu görürük. Qızlar gülüşür, oğlanlar sevinclə əməyə sarılıb. Gənclər həyat doludurlar, ümidlidirlər, xoşbəxtdirlər. Bu gənclərdən Yarqunatla Yarməndin arasında dərin bir sevgi var. Bu sevgidən bütün kənd, gənclərin ailələri xəbərdar olsalar da, gənclər gizli-gizli görüşmək məcburiyyətindədirlər. Çünki adət-ənənələr gənclərin açıq-açıq görüşməsinə icazə vermir. Filmdə ləzgi adət-ənənələri göstərilir, ancaq bu ənənələr bütün Qafqaz xalqlarına xas olan ənənələrdir. Təəssüf ki, çox vaxt elə bu ənənələr sayəsində gənclər bədbəxt olur.

Yarqunatın valideynləri, ən çox da anası onların izdivacına razı deyil. Ana qızının imkanlı adamın oğlu Osmana getməsini istəyir, buna çalışır. Yarqunat nə illah etsə də, etirazlarını bildirsə də, onu eşidən olmur. O, Yarməndə qoşulub qaçmaq istəyəndə qardaşı buna mane olur. Kənd yolunda atını çapıb gənclərə çatan Həmdulla Yarməndi döyür, bacısını onun əlindən alıb evə gətirir.

Bundan sonra Yarqunat Osmanın evinə gəlin köçməli olur. Toyu basan, hücum çəkib acıyla, iztirabla Yarqunatı tələb edən Yarməndin üstünə Osmanın adamları tökülüşür. Toy dava-şavaya çevrilir. Ancaq kəndlilərin bu kiçik davasını ən böyük dava kəsir. Kəndin poçtunda işləyən Sona toya gəlir, camaata o dəhşətli xəbəri verir: "Ay camaat! Hitler üstümüzə gəlir! Müharibə başlayır!". Hamının səsi kəsilir, nitqi batır.

Kəndin cavanları müharibəyə çağırılır, Yarmənd də onların arasındadır. Özünə saxta yollarla sənəd düzəldən, müharibədən canını qurtaran Osman anasına Yarməndin də müharibəyə çağırıldığını deyir. Bir həftədir xəncərlə özünü Osmandan qoruyan, kimsəni özünə yaxın buraxmayan, ac-susuz qalıb dilinə bir loxma çörək, bir qurtum su vurmayan Yarqunat bunu eşidəndə, adət-ənənələri unudub ərinin evindən çıxır, Yarməndlə görüşmək üçün qaçır. Ancaq artıq gec idi, Yarmənd yola düşmüşdü. Yarqunat ölümcül vəziyyətdə yerə yıxılır.

Yarqunat ata evinə gətirilir, təbii ki, valideynləri artıq onu Osmana verdiklərinə görə peşmandırlar. Həmdulla utandığından kəndi tərk edib gedir. Yarqunat bir müddətdən sonra Yarməndin anasının yanına köçür. Yarməndin bacısı Tavat ərə gedir, anası ölür. Yarqunat isə Yarməndin evinin çırağını yandırıb onu gözləməklə bütöv bir ömür keçirir. Tavatın oğullarından birini götürüb saxlayır.

Müəlliflərin qeyd etdiyinə görə, gerçək bir həyat hekayəsindən təsirləniblər. Doğrudan da, Qusarın Yarqun kəndində bu cür sevgililər olub, onların başından belə dəhşətli olaylar keçib. (Filmi təsirli edən də elə bizə danışılan əhvalatın gerçək həyatdan alınmasıdır). Ssenarinin bu yerinə qədər inandırıcı gəlsə də, filmin sonu müəllif tərəfindən uydurulmuş təsiri bağışladı, bir o qədər də inandırıcı gəlmədi.

Yarqunatın böyütdüyü, oxutduğu, professor etdiyi oğlan bir gün Türkiyəyə elmi konfransa gedir. Konfransdan sonra dincəlmək üçün İstanbulda kafelərdən birinə gedir. Orda ləzgi dilində mahnı oxuyan qızla rastlaşır. Bu mahnı Yarqunatın həmişə oxuduğu mahnıdır. Vaxtilə Yarmənd bu nəğməni tütəkdə çalırdı.

Məlum olur ki, Ləzgiyə adlı qız Yarməndin qızıdır. Yarmənd müharibə vaxtı almanlara əsir düşübmüş, o zamanlar da alman əsiri olan SSRİ vətəndaşları təqib olunduğundan, qorxub vətənə qayıtmayıbmış. Türkiyəyə gedib orda yenidən bir həyat qurubmuş. Yarqunatdan fərqli olaraq ailə həyatı qurub, iki övlad sahibi olan, hətta müəyyən mənada xoşbəxt də sayılan Yarmənd daha sədaqətsiz göstərilir.

Filmin yaradıcılarının "Sevgidə qadınlar daha sədaqətlidir" kimi mesajı varmıdır, deyə bilmərəm. (Filmin son səhnəsində yaşlı Yarmənd Yarqunata öləndə ata-anasının yanında dəfn olunmasını vəsiyyət elədiyini deyir. Yarqunat Yarməndin öləndən sonra da onunla yanaşı, gor qonşusu olmağı belə arzulamadığını görüb bütün qəlbiylə peşmançılıq keçirir: mən elə bilirdim sən ömrümə isti günəş kimi doğacaqsan, sən mənim soyuq günəşim oldun deyir. Elə bu peşmançılıq hissiylə də ürəyi partlayıb ölür). Ancaq bu film sevgidən də çox, müharibə haqqındadır, məncə. Müharibənin insanların taleyini qəfildən dəyişməsi, onları ayrı salması haqqındadır. Əgər müharibə başlamasaydı, Yarmənd müharibəyə yollanmasaydı, hadisələr necə olacaqdı? Yarmənd Yarqunatın mübarizəsindən xəbər tutacaqdı? Yaxud Yarqunat təkbaşına adət-ənənələrlə vuruşub qalib gələcəkdimi? Hər halda Yarqunat köhnə adətlərə qalib gəlir, axı. Sadəcə, onda Yarmənd artıq uzaqlarda olur, bundan xəbər tutmur.

Yaşlı Yarmənd 40 ildən sonra Qusara qonaq gəlir, kənddə, ata ocağında qocalıb əldən düşmüş, özündən dəfələrlə yaşlı, yorğun görünən Yarqunatla görüşür. Onda ona deyir ki, mən bilməzdim, sən adət-ənənələrə qalib gələ bilərsən. Elə bilirdim Osmanın arvadısan.

Müharibənin bir adı ölüm, digər adı ayrılıqdır! Ata nənəm danışırdı ki, sonuncu dəfə atasını uşaq olanda görüb. Atasını faşistlərlə müharibəyə aparıblar, dağ boyda kişi o gedən gedib. Sonra bir daha Murtuza Məmmədovdan heç bir xəbər-ətər çıxmayıb. Heç əl boyda qara kağızı da gəlməyib kişinin, yaxınlarının gözü yollardan yığışa! Nənəm ölüncə ağlayırdı ona. Deyirdi, kaş biləydik başına nə gəldi! Ən optimist düşüncəsi bu idi - bəlkə də əsir düşüb, sağ qalıb, Almaniyada yaşayıb. Bu filmin qəhrəmanı Yarmənd kimi doğma yurda, ocağa qayıtmağa qorxub.

Ancaq kim bilir, Murtuza kişinin başına nə gəlmişdi? Bəlkə döyüşlərdən birində öldürülmüş, cəsədi qurda-quşa yem olmuşdu? Bəlkə əsirlikdə öldürülmüş, bir xəndəkdə basdırılmışdı? Bəlkə də nənəmin ümidli xəyalındakı kimi sağ qalmışdı, uzun ömür yaşamışdı. Alman xanımı, ayrı uşaqları olmuşdu. Nənəm optimist xəyalının gerçək olmasını arzulayardı həmişə. Elə mən də!

Xalam oğlunun da sevgisiylə səsləşir Yarməndin sevgisi. Onun da sevdiyi qızı qardaşı vermək istəmirdi. Yəqin ki, gözü daha yüksəklərdə olduğundan. İllərcə sevgililər mübarizə apardılar. Qız o yandan, oğlan bu yandan. Hətta bir-birlərinə qoşulub qaçmağı planladılar. Dəhşətə bax ki, qaçmaq istədiklərində də qızın anası qəfildən vəfat etdi. Gah biz tərəfdən bir adam öldü, gah onlar tərəfdən. Adət-ənənəyə görə yas gözləməli oldular, bunun qırxı çıxsın, onun ili çıxsın deyə-deyə... Bir gün də qəfildən müharibəyə getdi Oqtay. Ancaq Yarmənddən fərqli olaraq, onun "qara kağızı" da gəldi, tabutu da.

Sevdiyi qızın da əlində Yarqunat kimi qəmli bir nəğmə qaldı. Ölənə qədər zümzümə edəcəyi, heç unutmayacağı qəmli bir nəğmə...

"Soyuq günəş" filminin maraqlı cəhətlərindən biri də filmin təsvir həllidir. Filmin rəngləri solğundur, insanların xatirələrindəki, hətta ən uzaq xatirələrindəki kimi solğun. Filmdə ötən əsrin 40-cı illərinin ab-havası hiss olunur: kənd evlərinin quruluşunda, məişətdə, evlərin interyerlərinin dekorasiyasında, adamların geyim-kecimində.

Filmi əvvəldən axıra qədər müşayiət edən, ləzgi dilində səslənməsinə baxmayaraq, hisslərimə təsir edən, ürəyimin diliylə başa düşdüyüm nəğmə də lap yerinə düşüb, qısa müddətdə də xeyli populyarlıq qazanıb. Səhv etmirəmsə, həmin nəğmənin bəstəkarı da filmin ssenari müəllifi Sədaqət Kərimovadır.

 

Yarın adı Yarqunat,

Yarın evi Yarqunda.

Yarımı yalqız qoyub

Hara gedim Yarqundan?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!