ŞƏRQ VƏ DRAM: II məqalə - Aynurə İbadullahqızı

 

 

Janrın mentallığı

 

Şərq mentallığı mərasim teatrını, Qərb demokratiyası isə dramatik teatrı yaratmışdır. Mərasim teatrı daha çox poeziyadır, nəinki dram.

Janr yalnız poetik deyil, həm də mental forma məsələsidir, hər janrın özünün təbiəti var, poeziya daha çox totalitar, nəsr avtoritar, dram isə demokratikdir. Təsadüfi deyildir ki, dram demokratik Qərbdə meydana çıxmış, totalitar Şərq isə minillər boyunca bu janrdan xəbərsiz qalmış, totalitarizimin intişar etdiyi yerlərin və zamanların ən gəlişmiş janrı poeziya olmuşdur. O da təsadüfi deyildir ki, nəsr totalitarizmdən avtoritarizmə keçid zamanında, dram isə demokratikləşmə meyillərinin cəmiyyətə gəldiyi zamanlarda yaranmışdır.

Totalitarizmdə mütləq hakimiyyət heç kimə səs-söz hüququ vermədiyi kimi, poeziya da təksəsli janrdır, müəllif məni hakimi-mütləqdir. Avtoritarizmdə başqalarına səs-söz hüququ güzəştə gedilsə də, idarəetmə diktatora məxsusdur, nəsrdə də müəllif obrazlara yer versə də, hadisələrin gedişini idarə edir.  Demokratizmdə hər hansı diktatura yox olduğu, səs-söz hüquq xalqa məxsus olduğu kimi, dram da müəllifin "öldüyü", səhnənin personajlara məxsus olduğu janrdır. Poeziyanın diktə etdiyi, nəsrin idarə etdiyi insanlar dramda artıq özləri səhnədə diktə edir, səhnənini idarə edirlər. 

Dram həmişə ən çətin janr hesab olunub. Kiminsə diktəsini dinləmək xeyli asan, dialoqa girmək isə xeyli müşkül işdir, xüsusən də moizə-monoloqa alışmış Şərq insanı üçün. Ədəbiyyatımızda bu müşkülü asan edən Mirzə Fətəli Axundzadə, Mirzə Cəlil, Cəfər Cabbarlı kimi sənətkarlar XIX əsrin sonu, XX əsrin əvvəllərində yetişdi və onlar Azərbaycan dramaturgiyasının ən gözəl nümunələrini yaratdılar. Bu dövr ədəbi prosesinin ən görünən əsərləri Axundovun komediyaları, ən məşhur personajları Mirzə Cəlilin ölüləri, Kefli İsgəndəri, ən dolğun bədii siqləti Aydının faciəsi, ən yaddaqalan hadisəsi Oqtayın Firəngizi öldürməsi oldu. Sonrakı dönəmdə dram ədəbiyyatın bu qədər yaddaqalan fiqurlarını, məzmununu yarada bilmədi. Bu tendensiya yalnız bizim ədəbiyyatda deyil, rus ədəbiyyatında da baş verdi. Təsadüfi deyil ki, rus dramaturgiyasının dünya ədəbiyyatına bəxş etdiyi A. P.Çexov, A.N.Ostrovski kimi imzalar XIX əsrdə yetişdi, bu uğuru rus ədəbiyyatı sonrakı dönəmlərdə təkrarlaya bilmədi. XIX əsr Rusiya tarixində çar mütləqiyyətinə qarşı mübarizənin gücləndiyi, sosial, siyasi, ictimai təsisatların mübahisə və müzakirələrə gəldiyi dövr idi. XX əsrin ilk onilliklərində çar mütləqiyyətinə qarşı mübarizə uğurla nəticələnsə də, demokratiya uğrunda mübarizə uğursuzluğa düçar oldu, belə ki, sovet hökumətinin qurulması ilə cəmiyyət özünün mübahisə-müzakirə imkanlarını tükətdi, o, yenə gözünü saray qapılarına dikib taleyinə oxunacaq hökmü gözləyən topluma çevrildi. Bu toplum nə mühitinə qarşı duran Kefli İsgəndəri, nə üsyankar Aydını yetişdirə bilər, nə də ananın oğulları kimi müxtəlif mövqelərdən müzakirə müstəvisinə çıxa bilərdi, o, olsa-olsa, teatrımıza repertuar zənginliyi gətirən İlyas Əfəndiyev dramaturgiyasını yaratmağa qadir idi.

Sovet dönəmində cəmiyyəti minillər boyu öz əsarətində saxlayan dini ehkamlar yıxılsa da, onun yerində siyasi ehkamlar qurulmuş, kommunist ideologiyasının müqəddəsliyi, Marks, Engels, Lenin üçlüyünün peyğəmbərliyi elan olunmuşdu və bu ideologiyaya inanmayanlara, bu üçlüyə səcdə etməyənlərə müzakirəsiz, məhkəməsiz xain damğası vurulurdu. Odur ki, belə bir ictimai-siyasi ortamda Cəfər Cabbarlının öz idealları uğrunda çarpışan aydınları, oqtayları öz yerini kommunist ideologiyasının təbliğatçılarına: sevillərə, almazlara, elxanlara verdi. Sovet teatrının ən uğurlu əsəri "Vaqif" (Səməd Vurğun) dramatikliyi yox, şeiriyyəti ilə şöhrət tapdı, sovet dramaturgiyamızın ən yaxşı pyesi hesab olunan "Boy çiçəyi, yaxud sən həmişə mənimləsən" (İlyas Əfəndiyev) isə dramatik səhnənin yox, yaxşı bir teletamaşanın uğuruna çevrildi.

Bu dönəmdə böyük dram yaranmasa da, o dövrün böyük teatr hadisələrindən, böyük rejissor, aktyor imzalarından, tamaşaçı marağından söz etmək mümkündür. Dram bizim üçün yeni olsa da, tamaşa qurmaq səriştəmiz, yaxud tamaşa seyr etmək marağımız çox qədimə gedib çıxır. Şərqdə küçə tamaşaları, məhərrəmlik şəbihləri, dərviş söhbətləri (monotamaşa) həmişə özünə böyük tamaşaçı kütləsi toplamışdır. Nələr göstərildiyini, nələrin söyləndiyini sorğulamayan, yaxud sorğulamağı sevməyən bu kütlə üçün əslində, o nələrin o qədər də fərqi yoxdur, əsas odur ki, gördükləri gözlərini, eşitdikləri ruhunu oxşasın. Zehnini yoracaq yox, zövqünü oxşayacaq bir tamaşa bularsa, o, küçə, meydan, teatr demədən hər yerdə tamaşaçı ola, ən səmimi şəkildə göz yaşı tökə, yaxud da ürəkdən qəhqəhə çəkib gülə bilər. Yetər ki, baxdığı hər şey tamaşalı olsun. Həyatının hər təsisatında, məişətinin hər təfərrüatında tamaşa qurmağa alışmış Şərq səhnədə də həqiqi bir tamaşa görmək istəyir, zövqünü oxşayacaq, ruhunu dinləndirəcək bir tamaşa. Ona görə həyat ruhun hallarıdır, o cümlədən sənət də, hətta dramatik teatr da. "Yuğ" Teatrının yaradıcısı Vaqif İbrahimoğlu deyirdi: "Məncə, teatrın "xammalı" nə söz, nə ideya, nə də ki, psixofiziki əməldir. Kökü ritual-mərasimlərdə olan teatrın materialı, ifadə və təsvir vasitəsi ruhsal ovqat və ya haldır". (Məryəm Əlizadə. İnsan amili və yaxud sənətçilərlə ehtiyatlı olun // Qobustan, 1999, N1, s.67-70, 69 s.) Ruhunu, ovqatını göylərə kökləyən, səadəti, ədaləti orda bulacağına ümid edən Şərq insanı Yerdə səadət və ədalət axtarışına çıxan dramatik personaj ola bilmir, daha doğrusu, olmaq istəmir. Baxmayaraq ki, həyatının sosial, ictimai, məişət düzəni ona daha çox bu şansı verir. Bu şans onu münaqişələr müstəvisinə götürür, amma mübahisə-müzakirələr müstəvisinə yox. Ata-babadan gördüyü, yuxarıların dediyi, taleyinin qismət etdiyi, inancının buyurduğu kimi yaşamağı tərcih edən Şərq insanı mübahisə-müzakirələrdə zehini zorlamaqdansa, ağılalmaz qəhrəmanlıqlar, misilsiz alicənablıqlar, sonsuz fədakarlıqlar, ölməz məhəbbət hekayələrində ruhunu təskin etməyi tərcih edir.  

Ömrü Göylərin iradəsi ilə Yerin ibadəti arasında bir zaman kimi dərk edən şərqli fani dünyanın sorunları ilə uğraşmaqdansa, özünü əbədi dünyanın səadətini qazanmağa həsr edərkən ritual səhnənin, özünü taleyinin, ömrünün sahibi hesab edən qərbli isə müvəqqəti ömrü əbədi nemət kimi yaşamaq uğrunda uğraşırkən dramatik səhnənin qəhrəmanı olmaq energetikasını qazanır.

 

Niyə dram yox, məhz poeziya?

 

XIX əsrdə Şərqdə başlayan oyanış demokratiyanın inkişafına inam yaratdığı kimi, ədəbiyyata da dramın gəlişi böyük dramaturgiyanın yaranacağına ümid verirdi. Şərqin demokratiya uğrunda çabaları müvəffəqiyyətli bir sonluq tapmadığı kimi, digər janrlarda əldə etdiyi uğurları da dramda təkrarlaya bilmədi. Poeziya yenə də Şərqin özünü ən yaxşı ifadə yeri olaraq qalmaqda davam etdi. Ona görə də istər-istəməz qarşımıza bu sual çıxır: niyə dram yox, məhz poeziya?

Diktədən demokratiyaya, didaktikadan dramatikliyə keçid müəyyən siyasi, ictimai, ədəbi təsisatların qurulması ilə baş verəcək proses deyil, mental düşüncə yönünün dəyişməsi, yaxud özünü yeniləməsi ilə baş verib tamamlanacaq hadisədir.

Şərq müdrik, poeziya isə didaktikdir. Müdrik nəsihətlərin, ibrətamiz hekayələrin ifadəsi poeziyanın, inkarı isə dramın mövzusudur.

Şərq özünüifadədə bəlağət və bər-bəzəyə üstünlük veridyi kimi, poeziyada da məna-məzmun özünün ən bəzəkli formasını, ən bəlağətli şəklini alır, dəbdəbəli poetik fiqurlara malik poeziyadan fərqli olaraq dram ünsiyyətin ən çılpaq, ən sadə şəklini seçir.

Səcdə, sitayiş əhval-ruhiyyəsinə köklənən Şərq moizəyə heyranlıqla qulaq asır, monoloqu itaətkarlıqla dinləyir. Poeziyada da moizənin ruhu, monoloqun dili var. Dramsa moizə-monoloqun deyil, tartışmanın, dialoqun janrıdır.

Şərq həmişə tapınmaq üçün səcdəgah, qarşısında əyilmək üçün büt axtarmış, səhnə bütlərin yıxıldığı, poeziya isə onların qurulduğu yerdir.

Şərq ilahiləşdirməyi sevir. Təsadüfi deyildir ki, bütün dinlər Şərqdə meydana çıxmış, bütpərəstliyin ən intişar yeri Şərq olmuşdur. Nəsrin müxtəlif yönlərdən təsviri oxucunun müstəqil münasibətinə, dramın müxtəlif rakurslardan yanaşması müzakirələrə yol açırsa, şeirin monoton müstəvisində qəhrəman ilahiləşir. Qədim yunan dramaturgiyası allahları belə tartışmaya çağırdığı halda, klassik Şərq poeziyası insanları allahlaşdırırdı. Qədim yunan dramaturgiyasının qəhrəmanı üsyankar Prometey, klassik Şərq poeziyasının qəhrəmanı isə ilahiləşdirilmiş gözəldir.

Şərq insanı xəyalpərəstdir, Yer üzünün acı gerçəkliklərini Göylərin şirin xəyalları ilə kompensasiya edir. Poeziya ona öz xəyallarını ifadə etməyə, bu xəyallarını poetik sözün gücü ilə yaşamağa imkan verir. Dramsa şirin xəyallardan uzaq, sərt gerçəkliklər janrıdır.

Şərq insanı daha çox şəxsi sevinci, kədəri ilə yaşayır, ictimai həyatın sorunları onu az düşündürür. Poeziya da daha çox insanın şəxsinə, dramsa topluma yönəlik janrdır.

Şərq insanı ya sevir, ya da nifrət edir, onun münasibəti müzakirə müstəvisinə gəlmir, poeziya da nəyi isə müzakirə etmir, o, sevdiklərini ilahiləşdirir, nifrət etdiklərini isə eybəcərləşdirir. Poeziya mühakimənin, dram isə müzakirənin dilində danışır.

Şərq fərdin analiz, seçim etmək, öz münasibətini formalaşdırıb ifadə etmək imkanlarını məhdudlaşdırır. Elə buna görə ən mütləq hakimiyyətlər, ən radikal dini təlimlər, ən ağır sosial düzənlər, ən keçilməz tabular Şərqdə yaranmışdır. Poeziya da oxucusuna analiz etmək, öz münasibətini formalaşdırmaq şansı vermir, o,  qəhrəmanını sevdirir, antiqəhrəmanına isə nifrət etdirir. Dramsa oxucuya hazır münasibət ötürmür, analiz etməyi onun öhdəsinə buraxır. Evripidin "Medeya" pyesində övladlarını ərinin xəyanətinə qurban verən Medeyanınmı, yoxsa öz xəyanəti ilə onu bu cinayətə sürükləyən əri Yazonunmu günahkar olması qəti qərarın deyil, müzakirənin mövzusudur və yaxud Cəfər Cabbarlının "Oqtay Eloğlu" tragediyasında günahsız Firəngizi öldürən Oqtay Eloğlunamı, yoxsa insanı sevdiyini yaşatmaq yox, öldürmək məcburiyyəti qarşısında qoyan mühitəmi hökm oxumaq müəllifin yox, tamaşaçıların ixtiyarındadır. 

Şərqdə həyat mütləq mənin diktəsi, şeirdə isə məzmun müəllif mənin dedikləri üzərində qurulur. Mütləq mən insanları öz düşüncə və istəklərinin tabeçiliyində, müəllif məni isə oxucunu öz hiss və düşüncəsinin təsirində saxlayır,  kimsəyə səs hüququ vermir, dramda isə bütün personajların səs hüququ var və heç bir janr dram qədər onlara öz sözünü deməyə, öz həqiqətləri uğrunda tartışmağa imkan vermir.

Şərq "olacağa çarə yoxdur" düşüncəsi ilə yaşar, dramsa "olum, yaxud ölüm" sualı üzərində düşünər. Onun "şükür et" fəlsəfəsinin bitdiyi yerdə şikayəti başlar. Poeziya şikayətin, dram isə üsyanın janrıdır. Poeziya acılarına, taleyinə göz yaşı tökənlərin, dram isə öz taleyini yaşamayanların, daha doğrusu, yaşamaq istəməyənlərin janrıdır. 

Şərq hər zaman mistikaya meyilli olmuş, öz düşüncələrində göylərə qalxmış, gerçəkləri maddi həyatda deyil, mənəvi-ruhsal aləmdə aramışdır. "Hər dəfə fikirləşmək üçün, səmaya qalxmaq, daxili yüksəliş keçirmək zərurəti geniş kütləni fikir tənbəlliyinə sürükləyir. Və fikir tənbəlliyi, Şərqin amilinə çevrilir". (Xəlilov S. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri. Bakı: Azər. Universiteti Nəşriyyatı, 2008, 114 s.16). Şərq ətaləti, dram isə hərəkəti sevir. Dram şeir kimi göylərə qalxmaz, həqiqəti Yerdə arar, mistika ilə özünü təskin etməz, gerçəklikdə özünü dərk etmək istər.

Şərq duyğusaldır, çılğındır, hiss və duyğular janrı poeziya onun üçün sıcaq, düşüncələr janrı dramsa soyuq məkandır.

Şərq Yer üzündə düzəni mərhəmətin ümidinə, Qərb isə ədalətin hökmünə buraxırkən onun mərhəmət çağırışları poeziyanın, qərblinin ədalət axtarışları isə dramın mövzusu olur.

Alman filosofu Hegelə görə, xalqlar bədii ədəbiyyatı o zaman yaradırlar ki, onlar özləri özlərini izah edə bilirlər. Məsələn, misirlilərin ona görə bədii ədəbiyyatı yoxdur ki, onlar özləri özlərini dərk etmirlər. Ona görə də onlarda incəsənət tikinti, heykəltəraşlıq şəklində yaranmışdır. Misirli insan dərk olunmur. ...Yunan isə deyir özünü dərk et. (F.Qeqelğ. Gstetika. IV t., Moskva, 1973). Özünü dərk edən yunan (qərbli) dramaturgiyanı, özünü dərk edə bilməyən misirli (şərqli) isə məşhur Misir piramidalarını yaratdı. Yunanlının yaratdığı dramaturgiya misirli üçün əlçatmaz, misirlinin yaratdığı tikinti isə yunan üçün dərkolunmaz olaraq qalır.

 

İllüstrasiya: Ülviyyə Həmzəyeva "Bu dünyanı nağıl bilək"


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!