Şərq və dram - I məqalə - Aynurə İbadullahqızı

 

Məlumdur ki, dram və dramatik teatr Qərbdə yaranmışdır. Tarixi daha qədimə gedən  Şərq teatrı mərasim teatrı olmuş, özünü dini, milli, məişət ritualları əsasında formalaşdırmışdır. Şərq uzun əsrlər dramatik teatrdan, eləcə də dram janrından uzaq qalmış, daha doğrusu, bu janrda özünüifadəyə ehtiyac duymamışdır. Bu gün Şərq dramda yüzillik  təcrübəyə malik olsa da, dram Qərbin janrı olaraq qalmaqdadır. Şərq  ara-sıra və bəlkə də, nadirən bu janrda yaxşı əsərlər yaratsa da, dram Şərqin janrı ola bilmir,  o, özünü daha yaxşı poeziyada və  nəsrdə ifadə edir.

Dram niyə Şərqin yanrı ola bilmir və yaxud niyə Şərq bu janrda yaxşı əsər yarada bilmir? 

Sözsüz ki, yaradıcılıq, ilk növbədə, istedad məsələsidir. Amma Şərq heç bir zaman istedaddan kasad olmamış, o, Xəyyam, Nizami, Hafiz, Füzuli kimi şairlər, "Min bir gecə nağılları", "Qabusnamə", "Kəlilə və Dimnə" kimi dünya şöhrətli əsərlər ortaya qoymuş, dünyanı  Robindranat Taqorun, Çingiz Aytmatovun, Orxan Pamukun romanları ilə maraqlandıra bilmişdir. Ancaq Şərq dramaturgiyasında dünya miqyaslı bir fakta da rast gəlmək mümkün deyildir. Dramaturgiyanın  inkişafı tarixində Şərqin adı yalnız misteriya və dini tamaşalardan keçir. (V.A. Lukov Mirovaə dramaturqiə. // Gnüiklopediə qumanitarnıx nauk, 2007 - №2, (229-331 s.) 229 s.).

Yaradıcılıq istedad məsələsi olsa da, ola bilməz ki, Tanrı Şərqi həmişə istedadın bir tərəfindən əta edib, o biri tərəfindən kəm yaratsın. Demək, məsələ heç də istedadda deyil, başqa nəsnələrdədir. Hegelə görə: "...Şərq dünyası, dramın gərəkli inkişafına  öncədən yol verməmşdir". (Qeqel F. (1958) Soçineniya. Tom 14, kniqa III, Moskva,  544 s. 371 s.).

Dram digər janrlardan daha az təxəyyül və daha çox təfəkkür məsələsidir. Poeziyada təxəyyülün ortaya qoyduğu gözəl bir ifadə, yaxud nəsrdə təxəyyülün məhsulu olan maraqlı bir macəra yaxşı bir əsərin yaranmasına material ola bilər. Ancaq yaxşı bir dramın yaranması üçün təxəyyülün uydurduqları deyil, təfəkkürün analiz etdikləri lazımdır. Dram həm də fərdin deyil, toplumun təfəkkürü məsələsidir. Bir fərdin təfəkkürü yaxşı bir şeir, yaxud yaxşı bir nəsr yarada bilər, ancaq yaxşı bir dram yarada bilməz. Məsələn, Nizaminin "Xəmsə"si, Ömər Xəyyamın rübailəri, Hafizin qəzəlləri, Füzulinin "Leyli və Məcnun"u, Keykavusun "Qabusnamə"si, hind ədəbiyyatından "Kəlilə və Dimnə",  ərəb ədəbiyyatından "Min bir gecə nağılları" kimi dünya ədəbiyyatı xəzinəsinə daxil olan əsərlər toplum təfəkkürünün boy atmadığı, hətta cahillik həddində olduğu bir ortamda yaranmışdır. Amma bu mühitdə dram yaranmamışdır. Çünki dram toplum təfəkkürünün inkişaf etdiyi,  yalnız personajlar arasında deyil, cəmiyyətdə dialoqun   olduğu şəraitdə yaranır. Təsadüfi deyil ki, bu janr yunan demokratiyası mühitində meydana çıxdı. Roma demokratiyasının tənəzzülündən sonra dünya dram sənətində də tənəzzül yaşandı. "Avropa dramaturgiyası tarixində poeziya və nəsrə məxsus olmayan özəllik - inkişafında yarım minlik fasilə vardır". (V.A.Lukov)  Dramın yenidən dirçəlişi təfəkkür tarixinin yeni erasında: İntibah dövründə baş verdi.

Göründüyü kimi, dramın inkişafı toplum təfəkkürünün inkişafı ilə həmahəngdir, böyük dram tartışma ortamı olan bir cəmiyyətdə yaranır. Qədim Yunanıstanda ona görə teatr-dram sənəti yaranmadı ki, yunan xalqının Esxil, Evripid, Sofokl kimi sənətkarları vardı, ona görə yarandı ki, yunan cəmiyyətinin dili dialoqun dili idi və bu cəmiyyətin mübahisə-müzakirəli mühiti onlara dram yaratmaq üçün material verdi. Odur ki, qədim yunan dramaturgiyası yalnız Esxil, Evripid, Sofoklun deyil, həm də qədim yunan demokratiyasının, Plavt, Terenzi, Seneka yaradıcılığı Roma demokratiyasının, Şekspir, Şiller, Molyer, İbsen dramaturgiyası isə inqilablar edib, respublika quruluşu, parlament idarəetməsi yaradan Qərb cəmiyyətinin yaratdıqları idi. 

Özünü ehramlar qarşısında sitayişə həsr edib, ehkamlar çərçivəsində düşünən,  şah saraylarındakı hakimiyyət çəkişmələrini seyrçi kimi izləyib, taleyinin hökmünü gah göylərdən, gah da saraylardan gözləyən müti və müdrik Şərqin özünü aşiqanə qəzəllərdə, ibrətamiz hekayələrdə ifadə etməsi təbii idi. Kralları xalq qarşısında edama aparan Qərb gördüklərini müzakirə etmək, şahları saray qapıları arxasında qətlə yetirən Şərq isə eşitdiklərini dinləmək və inanmaq vərdişinə yiyələnmişdi. Nə zaman ki, inanmaqdan imtina etdi,  Şərq insanı itaətdən üsyana, inamdan şübhəyə keçdi, ona yalnız moizə demək, yaxud monoloq söyləmək mümkün olmadı, qarşı tərəf onunla dialoqa girməyə məcbur oldu, onda Şərqdə də dram yarandı. Bunun baş verdiyi zaman kəsiyi XIX əsr idi.

Bu əsrdə Şərqdə demokratik gəlişmələrin ilk işartıları görünür, təfəkkürdə bir oyanış yaşanırdı: Hindistanda ənənəvi yaşayış tərzinin dağılması sürətlənmiş, milli-azadlıq hərəkatları başlamış, Yaponiya mütləq monarxiyadan konstitusiyalı monarxiya idarəetməsinə keçmiş, daha mühafizəkar olan islam Şərqində modernləşmə meyilləri özünü göstərməyə başlamış, Osmanlıda bu modernləşmə   milli, siyasi mövzulu çəkişmələrə qədər gedib çıxmışdı. Bu dönəmdə Osmanlı dövlətində XIX əsrdə Sənədi-iitifakın qəbulu, Tanzimat fərmanın, İslahat fərmanının verilməsi, 1876-cı yıl Ana yasası kimi demokratikləşməyə meyilli siyasi hadisələrin gəlişməsi artıq cəmiyyətin Orta əsrlər ətalətindən oyandığını,  düşüncədə bir oyanış yaşadığını göstərirdi.

Şərqdə monoloq yavaş-yavaş öz kəsərini itirir, dialoqa güzəştə getməyə məcbur olurdu. Cəmiyyətə dialoqun gəlişi ədəbiyyata da dramı gətirdi. 1850-ci ildə Mirzə Fətəli Axundzadənin "Hekayəti-Molla İbrahimxəlil kimyagər" pyesi ilə Azərbaycan, 1860-cı ildə İbrahim Şinasınin "Şairin evlənməsi" pyesi  ilə Osmanlı ədəbiyyatında dram yarandı. İran, Çin, Hindistan, Yaponiyada isə təxminən XIX əsrin sonları XX əsrin əvvəllərində bu janr yarandı.

Şeir bir subyektin hisslərinin, düşüncələrinin, nəsr bir cəmiyyətin yaşantılarının, dini-ritual teatr inamın, inancın janrı olduğu kimi, dram da üsyanın, itaətsizliyin janrıdır. Təsadüfi deyil ki, dramın ən klassik sualı olan "Olum, ya ölüm" Hamletin  "Silaha sarılıb üsyan etmək: Ya qələbə çalmaq, ya həlak olmaq?" düşüncəsindən doğmuşdu. Ümumiyyətlə, bu janrın ən klassik qəhrəmanları üsyankar düşüncədən yaranmışdır. Esxilin "Zəncirlənmiş Prometey" pyesinin qəhrəmanı Prometey baş Allah Zevsin tabularını pozmaya qədər cəsarət edən, Evripidin "Medeya" əsərinin qəhrəmanı Medeya öz mübarizəsində sevimli övladlarını qurbana qədər gedən, Sofoklun Antiqonası hökmdar Kreonun qadağasına baxmayaraq qardaşını dəfninə cürət edən, Şillerin "Qaçaqlar" tragediyasının qəhrəmanı Karl öz dəstəsi ilə bəşəri eybəcərliklərə müharibə elan edən üsyankar tiplər idi. O da təsadüfi deyil ki, İslam Şərqində ilk dram yaradıcısı olan Azərbaycan ədəbiyyatının nümayəndəsi Mirzə Fətəli Axundzadə mənsub olduğu islam cəmiyyətinin ən müqəddəs dəyərlərini: Allahı, Məhəmməd peyğəmbəri, "Quran"ı, ümumiyyətlə, islami görüşləri "Kəmalüddövlə məktubları" fəlsəfi traktatında mübahisəyə gətirəcək, Şərqin ədəbi səcdəgahı olan Füzulini şair hesab etməyəcək qədər üsyankar düşüncəyə malik idi. Yenə o da təsadüfi deyildir ki, son dövr Azərbaycan teatr sənətinin ən böyük hadisəsi XX əsrin sonlarında qədim Şərq teatr ənənələri üzərində qurulan "Yuğ" teatrı və ən ustad rejissoru isə bu teatrın yaradıcısı Vaqif İbrahimoğlu olmuşdur. Balaca binada yerləşməsinə, maddi-texniki bazasının qıtlığına baxmayaraq, "Yuğ" o uğuru ona görə qazana bildi ki, ruh və ovqatın üzərində qurulan bu teatr ruhumuza yaxın idi, ovqatımıza köklənə bilirdi. Dialoq və tartışmanın dili, üsyan və mübarizənin səsi olan dramatik  teatrın daha zəngin maddi-texniki bazaya, daha güclü teatr təsisatlarına baxmayaraq "Yuğ"a uduzmasının səbəblərindən biri də o idi ki, bu teatr bizim ruhumuz və ovqatımızdan uzaq, mentallığımıza yaddır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!