Qətlə yetirilməsindən iyirmi yeddi il sonra - 1992-ci ildə qaradərili ABŞ rejissoru, aktyoru Spayk Li tərəfindən ekranlaşdırılan "Malkolm X" filmi Amerikadakı irqçilik probleminə həsr edilmiş filmdir. İslamı qəbul edən Malkolmun qaradərililərin hüquqları uğrunda mücadiləsini əks etdirən film qeyd etdiyim mövzusuna görə örnək tarixi ekran əsərlərindən biridir.
Qaradərililərin hüquqları üçün əvvəlcə onları ağlardan ayırmaq ideyasını müdafiə edən Malkolm X haqqında film çəkmək fikri əvvəldən olmuşdu. Qətlə yetirilməsilə bağlı məlumatlarda müxtəlif problemlər olduğundan Malkolm haqqında 1971-ci ildə çəkilən sənədli film yarımçıq saxlanmışdı. 1968-ci ldə haqqında hazırlanan ssenari işində Makkarti dövrünün qurbanlarından biri Arnold Perl də iştirak etmişdir. Lakin bu iş uzanmış, həll olunmamışdı.
Uşaq ikən rahib atası qətlə yetirilən Malkolm (Denzel Vaşiqton) həyatının əvvəlindən irqi ayrı-seçkiliyə məruz qalır. Qaradərililərə təzyiq edən irqçi qruplara atası evləri yanarkən atəş açmır. Belə etməklə xristian inancına uyğun hərəkət etmiş olur. Məktəbdə müəllimi qaradərili biri üçün dülgər olmağın daha məsləhətli olduğunu deyir. Bu səbəbdən hüquqşünas olmaq arzusu həyata keçmir. Ordudan da kənar qalmaq üçün dəmiryol işilə məşğul olur. Toplumdakı vəziyyət Malkolmu saxtakarlıq eləməyə vadar edir. Malkolm öz hekayəsini analadarkən ABŞ cəmiyyətindəki qaradərililərlə bağlı o zamankı stereotipi aydın şəkildə izah edir. Saçının rəngini dəyişməklə özünü ağlara daha yaxın göstərmək istəyir. Qaradərililərə cəmiyyətin oğru, quldur kimi baxması daha sonra Malkolmun həyatına təsir edir. Rəngli geyimiylə öz qaradərili həmyerliləri tərəfindən də ələ salınan Malkolm həyatını narkotik maddələrin qəbulu və oğurluğa həsr edir. Həyatı boyu təhsil ala bilməyən Malkolm belə demişdi: Bir insanın düşünməyə ehtiyacı varsa, universitetdən sonra gedə biləcəyi ən yaxşı yer həbsxanadır". Həbsxana həqiqətən onun həyatında dönüş yaratmışdı. Malkolm oğurluğun nəticəsində məhbəsə düşür. Həbs olunan zaman ilk dəfə yanına gələn keşişə etirazını bildirir. Bu, təkcə ona qarşı yox, İsa peyğəmbərə qarşı da yönəlmiş etiraz olur. Malkolm bu etirazla həm atasının rahib kimi fəaliyyətinə etiraz etmiş olur, həm də gələcəkdə öz yolunu islamla bağlayacağıyla bağlı mesajını ətrafındakılara təqdim edir.
Həbsxanada Breyn (Albert Hall) ona yol göstərir. Ağdərililərin xatirinə öz saçını yandıraraq onlara xoş gələn Malkolma qarşı əsəbləşir. Özünün kimliyini xatırlatmaqla Malkolmu oyandırmaq istəyir. Breyn həbsxananın əslində onun beynində olduğunu qeyd edir. İslam milləti cəmiyyətinin sədri Elajya Məhəmmədin (Al Friman) islam dəvətini Malkolma çatdırır. Brayn həbsxanadakı qaradərililərin qarşısında ağların etdiyi tarixi cinayətlərlə bağlı məlumatlar verir. Hər bir qaranın üzlərinin ifadəsi fonunda qaradərililərin faciələrindən bəhs edir. Brayn Malkolmdan ağdərili qadınlardan, spirtli içkilərdən, donuz ətindən, narkotikdən uzaq durmağı tələb edir. Brayn ağların tərtib etdiyi lüğətlərdə qaranın neqativ bir rəng kimi qeyd edilməsini xüsusi olaraq Malkolma anladır.
Namaz qılmağı öyrənərkən Braynın "sonuncu dəfə nə vaxt əyilmisən" sualına "oğurluq edərkən" cavabını verməsi Malkolmun həyatındakı ciddi dəyişiklik olacağından xəbər verir. O, mənən Allah hüzuruna çıxmağa hazırlanır. Müqəddəsləşdirilən Elajya Məhəmməd Malkolma bir ruh kimi görünür.
İslamla tanışlıqdan sonra İsa peyğəmbərə Qərb dünyasındakı yanlış təsəvvürləri də anlayan Malkolm həbsxanada dini öyrədən keşişə qarşı çıxır. İsa peyğəmbərin ağdərili yox, qarayanız olması fikrini irəli sürür. Onun ağ rəngdə olmasının yalnız Qərb rəssamlarının təxəyyülündən irəli gəldiyini bəyan edir. O, öz fikrini "İncil"dəki surələrlə təsbit edə bilir. Bu etiraz təkcə tarixi yanlışlıqlara qarşı deyil, Qərbdəki işğalçı irqçi təsəvvürlərə qarşı da üsyanı ifadə edir.
Elajya Məhəmməd bir söhbət əsnasında Malkolma, "sənin içindəki şeytani hasar qalxdı" deyərək ona həm yüksək qiymət verir həm də öz müridi kimi qəbul edir.
Həbsxanadan sonra İslam milləti təşkilatı çərçivəsində islami dəyərləri də rəhbər tutaraq Malkolm X qaradərililərin hüququ uğrunda mücadiləyə başlayır. Onunla eyni dəyərləri bölüşən qadınla ailə həyatı qurur. Konfranslar zamanı insanların beynindəki məhbəsləri qaldırmaq fikrini təbliğ edir.
Qaradərili fəal Conson həbs olunarkən Malkolm onu həbsdən azad etdirir. Polislər "vəkil deyilsiz" desə də, o, öz məqsədinə nail olur. Sanki Malkolmun uşaqlıq arzusu çin olur. O, bir insan hüquqları fəalı kimi irqçi topluma qalib gəlməyə başlayır.
Elajya Məhəmməd Malkolma özünün vaizi kimi təşkilatda vəzifə verir. Elajya Məhəmməd Malkolmu islamı anlatdığı zaman onun təkcə din yox, ABŞ-dakı qaradərililərin dərdinə dərman olaraq görür. Tarixə məlum Bilal Həbəşi olayının mövcudluğu bu fikrə əsaslı təsir göstərmişdir desək, yanılmarıq. İlk azan verən Bilal Həbəşi həm də islamın irq, rəng ayrılığı fikrini rədd edən görüşünün təmsilçisi olmuşdur.
Həyatını qaraların hüquqlarının müdafiəsinə həsr Malkolm ətrafında baş verənlərə etinasız olur. Həyat yoldaşı ilə heç vaxt mübahisə etməyən Malkolmun problemi yaranır. Aljir Məhəmmədlə bağlı təcavüz qalmaqalı onun həyat yoldaşını narahat edir. Qəzetdə yazılan xəbərlərə isə Malkolm inanmaq istəmir. Əslində, həmin hadisə real şəkildə baş vermişdir. Lakin bu iddialar öz təsdiqini tapmamışdır. Həyat yoldaşı bu mübarizənin sonunda Malkolmun yalnız buraxılacağı qorxusuyla yaşayır. "İslam milləti" təşkilatının rəhbəri isə Malkolmu artıq nüfuzu artmış təhlükəli şəxs kimi görür. Təşkilat üzvlərindən biri vaizliyə yüksəlsə də, ona tapşırılan vəzifə Malkolmun avtomobilini partlatmaq olur. Lakin o, tapşırıığı yerinə yetirmir, bu barədə Malkolma xəbər verir.
Artıq təşkilatla yollarını ayıran Malkolm Həcc ziyarətinə gedir. O, ziyarət zamanı artıq ağlarla qaraların ayrılması fikrindən daşınır. Məkkədə ağdərililərlə də bir qabdan yemək yediyini deyərək islam qardaşlığı fikrini gücləndirmiş olur. Şeytanın daşlanması mərasiminin fonunda Malkolmun "Amerika zəncisi irqçi düşmənçiliyində günahlandırıla bilməz, o, dörd yüz illk zülmə, soyqırıma təpki göstərir" deməsi irqçiliyin bir iblisanə fikir olduğunu əks etdirir.
Malkolm Amerikaya geri dönsə də, ona qarşı təhdidlər davam edir. Ailəsi ilə belə telefon danışıqları izlənilən mücahid ciddi həyati təhlükə ilə üz-üzə qalır. Lakin Malkolm öz mübarizəsindən dönmür. O, artıq irqçiliyə qarşı başqa təşkilatlarla da birgə mübarizə aparacağını bəyan edir. Malkolm artıq bu bəşəri düşüncənin daha geniş ortamda yayılmasına tərəfdar olur. Atasıyla eyni taleyi yaşayan Malkolmun da evi yandırılır. Lakin bunu artıq ağdərili irqçilər yox, "İslam milləti" təşkilatının üzvləri həyata keçirir.
Sonuncu keçirdiyi konfrans ərəfəsində küçədə qaradərili bir qadının "İsa səni qoruyacaq" sözünə bir qədər etinasız qulaq asır. Malkolm İsa peyğəmbər barədə, sanki həyatı boyu düşündüklərinə bir yekun vurmuş olur. 1965-ci ilin 21 fevral tarixində konfrans zamanı qaradərili mücahid qətlə yetirilir. Filmin sonluğunda Malkolm X-lə bağlı xronikal kadrların getməsi filmə sənədlilik effekti əlavə edir. Məktəbdəki qaradərili uşaqların onun ölümündən sonra hər birinin "Mən Malkolm X -səm" deməsi bəşəri ideyaların yaşamasını əks etdirir.
Aktyor Denzel Vaşiqton baş rola görə Oskara namizəd göstərilsə də o, Al Paçinoya uduzmuşdu. Film 1992-ci ilin ən yaxşı filmi olaraq siyahıya düşmüşdü. "Malkolm X" filmi 2010-cu ildə Konqres kitabxanası tərəfindən "mədəni, tarixi, estetik" cəhətdən əhəmiyyətli ekran işi kimi ABŞ-ın Milli Film Reyestrinə daxil edilmişdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!