"Süngüylə sərhədi cızır oğullar" - Şövkət Zərin Horovlunun poeziyasında Qarabağ mövzusu - Zemfira MƏHƏRRƏMLİ

 

Tanınmış şair-publisist, nasir Şövkət Zərin Horovlunun zəngin yaradıcılığı Azərbaycan oxucusuna yaxşı tanışdır. İstedadlı qələm sahibi uzun illər azğın düşmənin tapdağında qalan Cəbrayıl rayonunun Horovlu kəndində dünyaya gəlib. İxtisasca filoloq olan, Rəsul Rza, Mahmud Kaşğari və Mikayıl Müşfiq mükafatlarının laureatı Şövkət Zərin çoxsaylı şeir və poemaların, roman və povestlərin, habelə uşaqlar üçün yazdığı şeir toplularının müəllifidir. Ötən illər ərzində şairin "Çinar həsrəti", "Mən Araz qızıyam", "Sözün işığı", "Heykəlləşən qatar", "Ürəyim dan yeridir", "Dünya, səndən nigaranam", "Oxu əllərimi" poetik topluları işıq üzü görüb. Yazıçının "Arazdan gələn səslər", "Əbədiyyətə qədər", "Harda axtarım səni", "Köynək" və sair nəsr əsərləri Qarabağ savaşı mövzusuna, Azərbaycanın bütövlüyü probleminə həsr olunub.

Bugünlərdə 80 yaşı tamam olan, əvvəlkitək şövqlə yazıb-yaradan Şövkət xanım çağdaş ədəbiyyatımızda Qarabağ mövzusunda ən çox əsər ərsəyə gətirən qadın yazarlarımızdandır. Şairin "Oxu əllərimi" adlı şeirlər toplusuna ön söz yazan tənqidçi, publisist, araşdırmaçı-alim Azər Turanın fikrincə, "Şövkət Zərin köçkünlük - yurdsuzluq ağrısını göz yaşlarına, ürəyinin sentimental çırpıntılarına çiləyib şeirlər yazır. Qarabağ ağrısına onun qədər estetik biçim verən, bu ağrını incə poetik libasa bürüyən qadın şairlərimiz azdır". Tanınmış ədəbi-tənqidçi Əsəd Cahangir isə qeyd edir ki, "Şövkət Horovlu üç müharibənin ağrısını, əzabını yaşayıb: uşaqlıq illəri İkinci Cahan savaşının çətinlikləri içində keçib; cavanlıq illərində tale onu Əfqanıstan müharibəsinə tuş gətirib; kamillik yaşlarında isə Qarabağ olayları başlayıb".

İstər şeir və poemalarında, istərsə də roman və povestlərində bu müqəddəs mövzu qırmızı xətlə keçir. Erməni vandalizmi, vəhşiliyi, sərhəd bölgələrimizdə dinc əhalinin başına gətirilən müsibətlər müəllifin əvvəldə adını çəkdiyimiz bədii əsərlərində yanğılı, göynərtili bir dillə nəql olunur. Bu yazıda Şövkət Zərinin poeziya yaradıcılığında da mühüm yer tutan Qarabağ mövzusundan bəhs edəcəyik.

Otuz ilədək çəkən Qarabağ xiffəti digər söz adamları kimi, Şövkət xanımın da qəlbini göyüm-göyüm göynədir, onu qələmə sarılmağa sövq edirdi.

Araz qırağında böyüyən, uşaqlığının ən gözəl çağlarını bu füsunkar məkanda, təbiətin qoynunda keçirən şair unudulmaz yurd-yerlərinin itkisinə, vaxtilə ərənlərin at oynatdığı doğma mahalının düşmən tapdağında qalmasına dözə bilmirdi.

Arazın üstündən bir ağı qalxır,

Dərdli ürəyimi yandırıb-yaxır.

Orda nə od yanır, nə tüstü qalxır,

Sönən ocaqlarım yadıma düşüb,

 

- söyləyir şair.

Şövkət Zərin əzəli-əbədi torpaqlarımızın bölünməsindən, işğala məruz qalmasından dolayı ağrılarını "Həsrət körpüsü", "Qafqaz əyilməz", "Araza xitab" və digər şeirlərində yaşayır, gələcək nəsilləri düşmənlərimizi yaxşı tanımağa çağırır:

 

Hələ çoxdur arxamızdan zərbə vuran,

Hələ çoxdur tor toxuyan, tələ quran...

Hayların da ovulmayıb burunları,

Heç qurtarmır torpaq üstə oyunları.

 

"Ağlar bayatılar" silsiləsindən olan şeirləri xalqımızın uzun illərdən bəri başına gətirilən fəlakətlərin nəzm dili ilə təzahürüdür. Şair bu bəlaların nədənini bəzən sadəlövhlüyümüzdə, tarixdən dərs ala bilməməyimizdə görür. "Birlik dedik, hər birimiz aralıyıq, parçalanıb Odlar yurdu, yaralıyıq", "Vətən birsə, sərhədləri bütöv gərək" deyən müəllif birliyə, həmrəyliyə inamla, dönə-dönə çağırış edirdi.

Aylar dolandı, illər ötdü, səbr kasamızın daşan zamanı yetişdi. Artıq bıçaq sümüyə dayanmışdı. Azğın erməni qəsbkarlarının ardı-arası kəsilməyən təxribatlarından boğaza yığılan, çıxış yolunu torpaqlarımızın düşmən tapdağından biryolluq azad edilməsində görən Milli Ordumuz öz yenilməz Sərkərdəsinin - Ali Baş Komandanının qətiyyətli  əmrindən sonra Vətən müharibəsinə başladı.

Cəmi 44 gün çəkən, igid əsgər və zabitlərimizin canı-qanı bahasına, yurd yerlərimizin işğaldan qurtulmasına aparan bu savaş möhtəşəm Qələbəmizlə başa çatdı. Azərbaycan əsgəri hərb salnaməmizin ən şərəfli səhifələrini yazdı. Düşmənin bağrını sökdü, başına mərmilər yağdırdı, öldürdü, öldü, Vətən naminə şəhadətə yüksəldi. Amma xalqımıza intizarında olduğumuz Böyük Zəfər gününü yaşatdı.

Şövkət Zərinin də daha çox hüznlü, kövrək poeziyasına indi nikbin ovqat, coşqun ruh gəlmişdi. O, Vətən müharibəsinin ilk günündə anasına gözaydınlığı verirdi:

 

Açılıbdır o kor düyün,

Haqqın çatır indi öyün.

"Düşmən çəpəri" - dediyin,

Oğulların gəlir, ana!

Qarı düşməni mat qoyub,

Yurdlarına od qoyub.

Bir müsəlləh əsgər olub,

Oğulların gəlir, ana!

 

Yurd sevdalı şair "Oğullar" şeirini isə qədim mədəniyyət beşiyimiz Şuşanı əsirlikdən azad edən igidlərimizə həsr edib. Fəxr-fəxarət, qürur hissi ilə yazılmış bu şeirin hər misrasında qəhrəman döyüşçülərimizin, "sərhəd dirəyi", "canlı sipər" olan yenilməz oğulların bir şeirə sığmayan "dastan hünərini", rəşadətini öyüb, vəsf edib. Ümidlərimizi göyərdən, düşmənin çirkin niyyətini pozan, Vətən naminə hər an şəhidliyə hazır olan oğullarımız Şövkət Zərinin Zəfər şeirlərinin əsas qəhrəmanlarıdır:

 

İstəyirəm dünya yığışıb gəlsin,

Zəfər sevincinə şərik olsunlar.

İstəyirəm dünya eşitsin, bilsin,

Tariximə tarix yazır oğullar.

 

Göründüyü kimi, Şövkət Zərinin şeirlərinin əsas poetik ünvanı Vətəndir. "Qarabağ Azərbaycandır" şeiri ilə vətəndaş-şair nəhəng Qələbəmizə haqq etdiyimizi, bu misilsiz Zəfərlə dünya hərb tarixinə düşdüyümüzü, haqq işimizi bəşəriyyətə bəyan etdiyimizi bir daha təsdiqləyir:

 

Zabit oğlum qorxu bilməz,

Əsgər balam geri dönməz.

Qalxan bayraq bir də enməz.

Haqq işimiz qana-qandır -

Qarabağ Azərbaycandır!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!