Sevinc ELSEVƏR
Türk serialları nəinki Azərbaycanda, bir çox xarici ölkələrdə baxılır, sevilir. Mən də bir neçə serial izləmişəm. Onların arasında məni ekrana bağlaya bilənləri də olub, bağlaya bilməyənləri də.
Bütün serialların mövzusu əsasən sevgidir. Böyük insan kütlələrini hansı mövzuyla uzun müddət ekrana bağlamaq olar ki? Əlbəttə, eşq mövzusuyla! Əzəli-əbədi, bitib-tükənməz bir mövzuyla!
Serial izləyiciləri baş qəhrəmanlar arasında sorunlar yarananda, cütlük ayrılıq, küsülülük yaşayanda qıcıq olurlar. Onlar istəyirlər ki, ekranda ölümsüz sevgini izləsinlər. Hansı ki, özləri də həmişə arzusunda olublar, ancaq ölümsüz sevgiyə əlləri çatmayıb.
"Leyli və Məcnun", "Xosrov və Şirin", "Romeo və Cülyetta" əsərlərindən tanıdıqları, arzusunda olduqları o bitib-tükənməz, əbədi yaşayacaq eşq hər kəsə nəsib olmadığından, ssenaristlər səmimiyyətlə, insanlara doğruları anlatmağa məcburdurlar.
Bu gün türk seriallarının çoxunun baş qəhrəmanları axıra qədər bir-birinə sadiq olmur. Ya qadının, ya kişinin həyatına mütləq başqa biri girir, boşanırlar, ayrılırlar və s. Düzdür, ssenarilərdəki bu situasiyalar tamaşaçıların çoxunu qıcıqlandırır. Onlar bu ssenariləri ailə dəyərlərinə, köhnə ənənələrə zidd hesab edir, küfür, həqarət dolu şərhlər yağdırırlar. Ancaq "həyatı olduğu kimi" göstərməyə can atan ssenaristlər "Leyli - Məcnun" eşqindən fərqli bir sevgi nümayiş etdirirlər. TRT1 kanalında yayımlanmış, xeyli populyarlıq və reytinq qazanmış "Leyla ile Mecnun" serialında Şərqin heyranlıqla dinlədiyimiz, oxuduğumuz məşhur əfsanəsini absurd komediyaya çevirmişdilər. İnsanlar əsrlərlə ağladıqları əhvalata indi gülürdülər.
"Sevgi nədir?" - bu sualın cavabını əsrlərdir axtarır insanlıq, ədəbiyyat, incəsənət. Bu suala hərənin öz cavabı var. Frederik Beiqbederin öz eyniadlı əsəri əsasında çəkdiyi "Məhəbbətin ömrü üç ildir" (2011) filmində bu suala baxaq görək necə cavab verilir...
Ədəbiyyat tənqidçisi olan Mark Marronye arvadı tərəfindən tərk edilir, bundan sonra o qənaətə gəlir ki, məhəbbət cəmi üç il yaşayır. Film onların keçmiş xoş günlərinin təsviri ilə başlayır. Get-gedə aralarının necə soyuduğunu, artıq bir-birinə nə qədər maraqsız olduqlarını və ayrılıq qərarı verdiklərini tezləşdirilmiş təsvirlərdə görürük. Qadın onu tərk edəndən sonra bu kədərlə Mark eşqdən bəhs edən bir kitab yazır və kitabında sevginin keçici, müvəqqəti bir hiss olduğunu anlatmağa başlayır. Ancaq kuzeninin arvadı Alis ilə rastlaşandan, onu tanıyandan sonra Markın dincliyi qaçır, o, eşqə düşür. Alis həm gözəldir, həm də əlçatmaz. Həmişə özüylə Markın arasına sərhədlər qoyur. Mark var gücü ilə çalışıb, Alisin ağlını başından almağı bacarır, ancaq Alis təsadüfən Markın "məhəbbətin ən çox üç il sürdüyü" iddiasında olduğu kitabıyla qarşılaşır. Ondan sonra Mark Alisin könlünü təzədən qazanmaq üçün dəridən-qabıqdan çıxır. Romantik komediya janrında çəkilən film üzlərə təbəssüm bəxş etməklə yanaşı, ciddi suala da cavab axtarır. Filmin sonlarına doğru tamaşaçı yaxşı bir mesaj almış olur: "Əgər doğru adamı tapa bilmisinizsə, həqiqətən arzusunda olduğunuz və sizi anlamağı bacaran adamla bir yerdəsinizsə, məhəbbət bir ömür də sürə bilər".
Türk kinosunun tarixə düşmüş filmlərindən sayılan "Səlvi boylum, al yazmalım" (1977; rejissor Atif Yılmaz) filmində də "sevgi nədir?" sualının qeyri-ənənəvi, fərqli cavabı var. Qırğız yazıçısı Çingiz Aytmatovun romanı əsasında çəkilən bu filmdə baş rolları türk kinosunun məşhur və yaraşıqlı oyunçuları - Kadir İnanırla Türkan Şoray paylaşır. Bir-birlərinə dəli kimi vurulan İlyasla Asyanın evlilikləri ayrılıqla bitir. Dastan kimi başlayan eşq gözlənilmədən sona çatır. Həyatdakı ən böyük tutqusu sürdüyü yük maşını olan İlyas yük maşını əlindən alınandan sonra qəfildən içkiyə qurşanır. Evə gəlişini dördgözlə gözləyən qadınının yanına hər axşam içkili gəlir, sevgili oğlu Səmədə belə gözünün ucuyla baxmaz olur. Asya səbrlə hər şeyin düzələcəyini gözlərkən, bütün bunlar azmış kimi, İlyas xəyanət də edir, Asya ərini başqa bir qadının evində öz gözləriylə görəndən sonra uşağı da götürüb evi tərk edir. Asyaya ailəsini itirmiş, tək-tənha yaşayan, xeyirxahlıq timsalı Cəmşid arxa çıxır, onu evinə gətirir, hər cür kömək göstərir. Asya İlyasın yolunu illərlə gözləsə də, hər gün yol kənarına çıxıb onun yük maşınını görəcəyini ümid eləsə də, İlyas gəlib çıxmaq bilmir. Bu müddətdə həm Asyanın, həm balaca Səmədin könlünü qazana bilən Cəmşidə uşaq artıq "ata" deməyə başlayır. Cəmşidi özünə ata seçən Səmədi xoşbəxt eləmək üçün Asya Cəmşidlə evlənməyə, ailə olmağa razılıq verir. Bir gün İlyas Asyanı tapmaq ümidilə kəndə qayıdır, təsadüfən Cəmşidin evinin yaxınlığında qəza törədir. Cəmşid İlyası evinə gətirir, Asya ilə köməkləşib yarasını sarıyır.
İlyas geri qayıtdığı gündən Asyanın dincliyi qaçır. O, sevgisi ilə ərinin arasında qalır, günlərlə tərəddüd edir, nə edəcəyini bilmir. Cəmşid İlyasın kim olduğunu elə həmin axşam başa düşür, Asyaya seçimini eləməsi üçün heç bir zor göstərmir, onu tamamən azad buraxır.
Ancaq Asya bütün tərəddüdlərinə qalib gələrək, hələ də sinəsində yanmaqda olan eşqini, arzularını basdıraraq Cəmşidlə qalmağı seçir. Asya ürəyində sevginin tərifini axtarır: "Sevgi omuydu? Sevgi nəydi? Coşqun axan dərə, son bahar yeliylə ürpərən yarpaqlar, şüşəyə dəyib dağılan yağış damlaları, bir ürək çırpıntısı. Axırda coşqun dərə durular, yarpaqlar quruyub tökülər, yağış kəsər, günəş çıxardı. Sevgi nəydi? Sevgi sahib çıxan dost, isti insan əli, insan əməyiydi. Sevgi xeyirxahlıqdır, sevgi əməkdir".
Sovet yazıçısı Çingiz Aytmatov əməyin insan həyatının hər sahəsində necə böyük əhəmiyyətə malik olduğunu incə-incə izah edir.
1980-ci ildə Bayram Bayramovun ssenarisi əsasında çəkilən "Onun bəlalı sevgisi" (rejissor Ziyafət Abbasov) filmindəki qadınla kişi arasındakı münasibətlər də fərqlidir. Diplom işi üçün "İstehsalı idarəetmə psixologiyası" mövzusunu seçən tələbə Bəhruz (Mikayıl Kərimov) müdafiəyə yaxşı hazırlaşmaq üçün tikiş fabrikində direktor katibi vəzifəsinə düzəlir. Fabrikin direktoru gənc, gözəl Şövkətlə (Nataliya Tağıyeva) tanışlığı başlayan gündən Bəhruzla onun arasında işgüzar münaqişə də başlayır. Film boyu biz bu ikisinin çəkişmələrini, mübahisələrini izləyirik. Ancaq, eyni zamanda onların arasında təmiz, gözəl duyğular da əmələ gəlib, Bəhruz Şövkətə vurulub. Şövkətin əvvəlcə tərəddüdləri olsa da, sonradan o da duyğularını sərbəst buraxır, onların qarşısını ala bilmir.
İşdə, sosial həyatda üst-üstə düşməyən fikirləri, mübahisələri, cütlüyün sevgi münasibətlərinə pis yandan təsir eləyə bilmir. Bəhruz səbri, səmimiyyəti, doğruluğu sayəsində Şövkətin gözünü açmağa nail olur, Şövkət də fabrikin işinin düzgün qurulmadığını, işdə yol verdiyi səhvləri başa düşür.
Bərabər olduğunuz adamla bəzi fikirləriniz üst-üstə düşməyə bilər. Hər hansı mövzuda fərqli düşünə, ayrı-ayrı fikirlərdə ola bilərsiniz. Əgər öz həqiqətinizə bütün qəlbinizlə inanırsınızsa, səbr edin, ədalət bərqərar olacaqdır.
"Onun bəlalı sevgisi" filmi insanda ədalət duyğusunun nə qədər vacib olduğunu önə çəkir. Əgər tərəflərdən birində ədalət hissi qətiyyən yoxdursa, o münasibət məhv olmağa məhkumdur. Aranızda nə mübahisələr baş verir versin, ikinizdə də ədalət duyğusu olduğu müddətdə siz bütün mübahisələrin, münaqişələrin öhdəsindən müvəffəqiyyətlə gələcəksiniz. Ədalət özü sizi barışdıracaq. Yetər ki, onu görən gözləriniz olsun!
"Onun bəlalı sevgisi" filmi bizə bu mesajı verir: Həyatınıza dost, sirdaş, sevgili kimi aldığınız istənilən insanda ən başlıcası ədalət hissini sorğulayın. Ədalət hissi olmayan insandan isə uzaq durun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!