Yaddaş kitabının kədərli təbəssümü - Esse - Sadıq ELCANLI

Yaddaş xalqın mənəvi coğrafiyası, keçib gəldiyi tarix yollarının canlı saxlancı, əbədi xəzinəsi, etnogenetik gücün ana vətənidir; o coğrafiya unudulanda, o xəzinənin qapıları bağlananda, o Vətənin çayları susanda, ağacları quruyanda, yəni xalq yaddaşını yadırğayanda, öz kökündən qopub özgələşəndə, özgə qapılarında dilənəndə ümummilli fəlakət başlayır; bu, yaddaşını itirən manqurtun öz anasına tuşladığı oxun atılması faciəsi, manqurtizm fəlakətidir. Təxminən 30 il əvvəl yazdığım, "Azərbaycan" və "Aydınlıq" qəzetlərində çap etdirdiyim "Antimillətdən millətə, özgədən özə qayıdış" adlı silsilə məqalələrimdən bir cümlə və iki sual yadıma düşür:

"Milli-tarixi köklərə söykənməyən, mənsub olduğu xalqın etnogenetik mənəvi enerjisi, qılınc və qələm gücü, məğlubedilməz mədəniyyət qala-qalxanı ilə silahlanmayan insan manqurtluğun astanasındadır; gizli imperiya niyyətləri belə insanların qəlbində - kosmopolit biganəlik "parniklərində" asanlıqla cücərir, kök atır, yetişib bar-bəhər verir; belə insanlardan, sosial məxluqlardan yaranır yad məmləkətlər, yaxın-uzaq imperiyalar qapılarında sülənən qulluq qulları; 250 ildir ki, yad qapılarında sülənən bu sosial sürü-səfillər Azərbaycana xəyanət edir! Çıxış yolu nədədir? Nə etməli?".

Doğrusu, 30 il əvvəl yazılan cümlələrin və sualların bu gün də aktual olması əzab verir, duyğuları göynədir. Ciddi ədəbiyyatın kütləvi şəkildə oxunmadığı, milli mədəniyyətin az qala çıxdaş edildiyi, melodram, ağlar serialların, kosmopolit, güləyən şouların efirləri zəbt etdiyi, ürəklərdə ibliscəsinə meydan suladığı vaxtda o suallar daha inadla qapıları döyür, nigaran bir ümidlə cavab axtarır, çıxış yolu soraqlayır. Və mən bu ağrı, nigarançılıq dolu cümləni yaza-yaza TRT-nin (Türkiyə) təxminən üç yüz illik tarix səhnəsinə üz tutan üç çağdaş serialını xatırlayıram: "Oyanış: Böyük Səlcuqlu", "Diriliş Ərtoğrul" və "Quruluş Osman". İndi heç kimə sirr deyil və çoxları təsdiq, etiraf edir ki, bu üç serial müasir Türkiyədə, bütövlükdə türk dünyasında zamanın sözünü deyir, möhtəşəm əsrlərin oyanış, diriliş, quruluş milli modellərini bu günə nəql, transformasiya edir. Ümumtürk etnokulturoloji mənzərəsinə üz tutan, "Kitabi-Dədə Qorqud" eposunun ruhuna, etnolinqvistikasına köklənən, dünəndən daha çox bu günün və sabahın yollarına işıq salan, az qala min illik səlib yürüşlərinə, maskalanmış islamafob cəbhəsinə qarşı möhtəşəm dirəniş nümunəsi göstərən, dünyada haqqın, ədalətin təntənəsinə çağıran bu seriallar, deyərdim ki, çağdaş Türkiyə televiziyasının ən böyük uğurudur. Dövlətin qayğısı, maddi və mənəvi dəstəyi ilə çəkilən bu seriallarda türkün tarixi gücü görünür, O gücün yeni bir özünütəsdiq dalğası qabarır, o tarixi gücün, o yeni dalğanın bu günə və sabaha çağırışları əsas strateji hədəf kimi diqqəti cəlb edir; əsas hədəf ümumtürk ruhunun bu gün daha çox lazım olan, ehtiyac duyulan səfərbərliyidir, birliyidir, bütövlüyüdür, oyanışı, dirilişi, quruluşudur. Və çağdaş dünyamızda bu əsas hədəfə Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Özbəkistanın, Türkmənistanın, Qırğızıstanın, Quzey Kırpıs Türk Cümhuriyyətinin, hələ müstəqilliyinə qovuşmayan Tatarıstan, Başqırdıstan, Uyğurustan kimi neçə-neçə türk toplumlarının taleyüklü ehtiyacı var. Əlbəttə, mən həmin teleseriallar haqqında ciddi analitik-kulturoloji söz demək, onları çağdaş teleestetika baxımından bütöv təhlil etmək, qiymətləndirmək iddiasından uzağam; bu, ilk növbədə, nüfuzlu türk və dünya sənətşünaslığının, tarixçi, dilçi, mədəniyyətşünas və filosoflarının işidir; inanıram ki, ümumtürk teleməkanında yeni üfüqlər açan, təzə söz deyən bu möhtəşəm ekran əsərləri, telesənət hadisələri haqqında layiqli söz deyiləcək, tədqiqat işləri görüləcək, fundamental əsərlər yazılacaq...

"Oyanış: Böyük Səlcuqlu" serialındakı möhtəşəm obrazlar qalereyası heyrət doğurur: Sultan Məlikşah, Nizamülmülk, Həsən Səbbah, Ömər Xəyyam, Əbu Hamid Qəzzali, Səncər, Tapar, Markus, Məlik Təkiş, Zübeydə xatun, digər seriallardakı Süleyman şah, Ərtoğrul, Dəli Dəmir, İbn Ərəbi, Bamsı, Osman, Noyan, Turqut... Mükəmməl obrazları, bitkin, bütöv xarakterləri, keçmişə vicdanlı, məsuliyyətli, realist, həm də yaradıcı münasibətləri ilə secilən bu ekran əsərləri (eləcə də bir qədər əvvəl təqdim olunan "Möhtəşəm yüz il") türk telemədəniyyəti tarixində yeni bir başlanğıc, təzə bir səhifə, uğurlu bir zirvədir, dövlət və sənət vəhdətinin, birliyinin doğma övladı, tarixi qələbəsidir. Bu, dünya miqyaslı böyük, mərdanə keçmişi ilə qürur duyan bir xalqın bu günü və sabahı uğrunda möhtəşəm mübarizə mədəniyyəti, şərəfli özünütəsdiq missiyasıdır.

"Oyanış", "Diriliş", "Quruluş" teleseriallarının gördüyü böyük işi, yaddaşoyadıcı missiyanı yada salmaqla müasir Azərbaycan teleməkanında da milli yaddaşa qayıdışın əsas strateji hədəf olduğunu vurğulamaq istəyirəm; xüsusilə, azadlığına yeni qovuşan xalqların, toplumların həlledici uğurlar qazanmasında öz tarixi gücü, yaddaş enerjisi ilə yenidən qovuşma, tam ruhi səfərbərlik əsas amildir, taleyüklü faktordur. Təəssüf ki, müasir Azərbaycan teleseriallarında daha çox bunun əksinə şahid oluruq; dövlətin kiçik modeli olan Azərbaycan ailəsi mənfi tiplər, eybəcər obrazlar yığnağı, fırıldaq və xəyanət bataqlığı, şit gülüş, karikatur hırıltı, bir sözlə, milli mənəviyyatsızlıq məskəni kimi təqdim olunur. Belə üzdəniraq, antimilli seriallar, xüsusilə, cavanlarda etnogenetik yaddaşı zədələyir, öz xalqı, milləti ilə bağlı pessimizm kölgəsi, məyusluq sindromu yaradır, xristianlığa, buddizmə, hətta krişnalığa meyli körükləyir, səmum küləkləri kimi milli ruh tarlasında hər şeyi məhv edir, bütün pöhrələri qurudur, manqurt müqəvvaya döndərir. 

Bu başabəla seriallar maskalı səlib yürüşlərindən, təmizlənməyən gizli mina sahələrindən, dağıdıcı düşmən tələlərindən daha təhlükəlidir; onlar gündə içilən suya, yeyilən xörəyə damcı-damcı qatılan gizli zəhər kimidir; belə zəhər öldürmür, günbəgün, aybaay, ilbəil qana, sümüyə yeriyir, milli ruhun özünəxas strukturunu zədələyir, dağıdır, özəl immun qabiliyyətini zəiflədir, dayaqlarını şil-şikəst edir; eynən səhrada əsirin başına keçirilən dəri-sələ kimi onu gizli-gizli sıxır, ruhunu yadırğadır və yeni-yeni manqurt sürüləri yaradır. Yuxarıda xatırlatdığım silsilə məqalələrimdən başqa cümlələrin də səsini eşidirəm: "Köləlik Vətənin işğalından yox, vətəndaş qəlblərinin işğalından başlanır...

...Manqurt ürəklərin səfil səhralarında, duyğu və düşüncələri, arzu və ümidləri imperiyalar xeyrinə işğal olunan qulluq qullarının itkin vicdanında öz ilə özgənin, doğma ilə yadın, millət ilə antimillətin vətəndaş müharibəsi başlanmalıdır. Söhbət zaman-zaman qəlbimizə, beynimizə yeridilən antimillət zəhərlərinə, xalqa xəyanətin manqurtizm modelinə, köləlik sisteminə qarşı qəlbimizdə və beynimizdə aparacağımız vətəndaş müharibəsindən gedir. Söhbət gizli imperiya niyyətləri ilə qəlbimizdə və beynimizdə məskunlaşan yadlığa qarşı duyğu, düşüncə döyüşlərindən, milli varlığımızda sıxışdırılan özümüz uğrunda mübarizədən gedir; bu, antimillətlə millət uğrunda müqəddəs müharibə, əbədi döyüş olmalıdır - tam və qəti qələbəyədək!".

Deyə bilərlər ki, rəngləri bu qədər tündləşdirməyə ehtiyac yoxdur. Lakin Azərbaycan ailəsini təqdim edən serialda bircə nəfər də işıqlı obraz, milli ruh, milli mentalitet daşıyıcısı yoxdursa, hər şey reklam bazarına, alverçilik əxlaqına hesablanırsa, bütün obrazların qəlbində, ruhunda özgəlik, yadlıq küləkləri əsirsə, milli dəyərlər hər addımda diz çökürsə, təslim olursa... bütün bunlara başqa nə ad vermək olar?!. Və Jurnalistlər evinin həyətində qarşılaşdığım köhnə dostum, qocaman mətbuat işçisinin gözüyaşlı məğlub nigarançılığını xatırlayıram: Nəvələrimi boz serialların qara bataqlığından xilas edə bilmirəm...

Qəfil bir külək əsir, dil yaddaşının möcüzəli közərtisi heyrət heykəlinə dönür; böyük rus yazıçısı İvan Turgenevin ulu babası - Qızıl Orda xanı Qurgen Mirzənin xristianlığı qəbul etməsindən sonrakı nəsilbənəsil ruh üşüntülərini düşünürəm; Dərbənd şeyxülislamının türk oğlu, xristianlığı və Aleksandr adını qəbul edən, "rus şərqşünaslığının banisi" adlandırılan (akademik Bartold) dahi Mirzə Kazımbəyi düşünürəm; türk mənşəli 300 məşhur rus familiyasını monoqrafik tədqiqata cəlb edib mərdanə bir kitab yazan N.Baskakovun vicdanını düşünürəm; Derjavindən Hertsenə, Bunindən Anna Axmatovaya, Dostoyevskidən Tolstoya, Kuprindən M.Qorkiyə, hətta Kutuzovdan Suvorova... qədər qar-qırovlu ruh çöllərini, əsrlər boyu böyüyüb rus nəhənglərinə çevrilən Qızıl orda uşaqlarının taleyindən keçən yaralı yaddaş yollarını düşünürəm; Dəşti-Qıpçağın - Qıpçaq çölünün qanlı xatirələrini, yovşan ətrinin deyilməz-bilinməz göynərtilərini düşünürəm; Qafqaz Albaniyasının tragik süqutundan sonra acgöz goreşənlər kimi möhtəşəm milli mədəniyyətimizə daraşan ruh işğalçısı yadelliləri, gəlmə yadları düşünürəm...

Köhnə, kövrək dostumun incik səsinə uzaq, yaralı yollardan təngnəfəs qayıdıb gəlirəm:

- Fikrin hardadır? Deyirəm, bu boz seriallar uşaqları məhv edir, gizli bataqlıq girdabları kimi çəkib aparır, heç nə edə bilmirik...

- Onları TRT-nin yayımladığı seriallara yönəlt - "Oyanış", "Diriliş", "Quruluş" seriallarına.

- Onda da başlayacaqlar Osmanlı türkcəsində danışmağa...

- Həmin seriallar çağdaş Türkiyə ədəbi dilindən daha çox ümumtürk ədəbi dilində, ümumoğuz dil mühitində çəkilib; "Kitabi-Dədə Qorqud" dastanlarının dili ilə analoji bağlantıları, qeyri-adi etnolinqvistik ruh cazibəsi heyrət doğurur; təqdirəlayiq haldır ki, "Diriliş Ərtoğrul" serialını bizim AZTV də həftəboyu yayımlayır...

Deyəsən, qocaman, nigaran dostumu inandıra bilmişdim və bu duyğu ruhumda yaz günəşi kimi gülümsəyirdi...

Yazının bir qədər əvvəl bataqlıq kimi ruhumu udan qarayaxa vahiməsindən can qurtarmışdım. Və əlahəzrət sözə sevgiyə, qəlbimdəkiləri demək ümidi ilə yeni abzas başlayıram...

Ədəbiyyatımızın ən kədərli əsərləri olan "Anamın kitabı"nda Ana yenilməzliyinin, "Ölülər"də Kefli İskəndər həqiqətlərinin qələbəsi... vardı; bu iki qaranlıq kədər dənizindəki iki işıq adası ümumi ruhun cəbhəboyu qələbəsini təmin və təsdiq edirdi. Serialların qara girdablarında işıq adaları kimi xilas yolları da yaradın, cənablar! Yox, əgər əlahəzrət sponsorlar bunu istəmirsə, biz belə işıq, ümid adalarına pul verə bilmərik deyib dirənirlərsə, onda əl saxlayın, milli ruh matəmgahlarına son verin!..

Azərbaycan xalqı Qarabağ uğrunda apardığı 44 günlük Vətən müharibəsində dünyanın əksər xalqlarından ruhən daha güclü, daha sağlam, daha səfərbər olduğunu təsdiq etdi. Azərbaycan bir daha sübut etdi ki, o, tarix boyu yaratdığı nəhəng imperiyaların, qüdrətli dövlətlərin layiqli varisidir, böyük sələflərin böyük xələfidir. Bir əlində sazla eposlar, dastanlar yaradıb, bir əlində sözlə Orxon-Yenisey mətnləri, "Oğuznamələr" yazıb, tarix boyu misilsiz qılınc və qələm zirvələri fəth edib Azərbaycan. Dünyanın maskalı qara qüvvələrinin, xain gözlü güclərinin bütün təhdidlərinə, qışqır-bağırına baxmayaraq Qarabağının otuz illik işğalına son qoyub, son əsrlərin ən böyük xilaskarlığına imza atıb, möhtəşəm zəfəriylə yeni bir qələbə dastanı yazıb Azərbaycan!

Bu yerdə qürurla, cəsarətlə yazıram ki, bir qədər əvvəl xatırlatdığım türk seriallarının oyanış, diriliş, quruluş modellərini çağdaş dövrümüzün gerçək reallığına çevirir Azərbaycan! Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi "Şuşa, sən azadsan! Şuşa, biz qayıtmışıq! Şuşa, biz səni dirçəldəcəyik!" cümlələrinin qılınc və qələm qüdrətini, epik möhtəşəmliyini yaşayır, Azərbaycan!

Müasir milli mətbuatımız, KİV-imiz, ədəbiyyat və mədəniyyətimiz bu tarixi qələbəyə, böyük zəfərə, bu xilaskar möhtəşəmliyə layiqincə cavab verə bilirmi? Təəssüf ki...

Və Azərbaycan teleməkanı yenidən boz, bayağı, səviyyəsiz seriallarını, xalqı kütləyə döndərməyə hesablanan şit, şablon şoularını davam etdirir. Şuşa, Qarabağ haqqında ciddi silsilə verilişlər, sanballı sənədli filmlər yenə gecikir, televiziyalar yenə yubanır, kosmetik bərbəzəklə baş girləyir, vaxt öldürür. Bu gün yeni təfəkkür tərzi, müasir teleestetikayla silahlanan konseptual təfəkkür verilişləri, həqiqi sənədli telefilmlər, Qarabağ, Şuşa haqqında fundamental sənədli seriallar zamanıdır. Xalq xilaskar Oyanışın, Dirilişin, Quruluşun strateji hədəflərinə güzgü tutan çağdaş teleməhsul intizarındadır...

Bu sözləri yaza-yaza on illər boyu AZTV-də yaratdığım çoxsaylı silsilə verilişləri, kütləvilik, yaddaşsızlıq, manqurtizm xəstəliyinə qarşı apardığımız davamılı mübarizə yollarını düşünürəm. "Azərbaycan dili" (aparıcılar akademik Tofiq Hacıyev, akademik Nizami Cəfərov, professor Nizaməddin Şəmsizadə), "Vətəndaş" (aparıcı professor Vaqif Arzumanlı), "Gülüstan" (aparıcı yazıçı, şair, publisist Əjdər Ol), "Sözün sehri" (aparıcı akademik Kamal Abdulla), "Qala" (aparıcı Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı), "Yaddaş" (aparıcı tarixçi-filosof Yunus Oğuz), "Molla Nəsrəddin", "Vətən", "Oğuznamə", "Sənət cərəyanları", "Araz", "Şam işığında", "Yurd yeri", "Palitra", "Gözəllik", "Qobustan", "Ədəbi üfüqlər"... O verilişlərdən bircəsini yada salım:

1500 il əvvəlin Orxon-Yenisey çöllərində əbədiyyət nəğmələri kimi oxunan, daşların sinəsinə oyulan, bəngüdaşların qəlbində qıfıllı qapıya, poetik ovqat xəzinəsinə dönən, müqəddəslik məqamı və məkanına yüksələn qeyri-adi telemətnlərdən, əbədi ruh və qan qaynarı pritçalardan yol başlayan "Poeziya" telekarvanı xronoloji ardıcıllıqla Oğuz qrupu Türk xalqlarının şeir dünyasını, bədii şüur hərəkətini izlədi; misilsiz milli-mənəvi xəzinənin bütün hücrələri, hətta gizli qırxıncı qapıları da açıldı; bu veriliş poeziya libasına bürünən, "Bu quş dilidir, bunu Süleyman bilir ancaq" dedikləri şeir şəkillərində kodlaşaraq əbədiləşən etnogenetik yaddaş enerjisinin, tarixi xilaskar gücün müasir ürəklərə, beyinlərə nəqlinə, transformasiyasına can atırdı; hər halda strateji hədəfimiz, ideya-bədii, estetik-fəlsəfi istəyimiz, inam və ümidimiz bu idi...

Beləliklə, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın aparıcısı olduğu "Poeziya" verilişinin beş ildə hərəsi 45 dəqiqə həcmində 350-dən artıq sayı təqdim olundu; əsasən Oğuz qrupuna daxil olan Türk xalqlarının poeziyasını bütünlüklə təqdim edən möhtəşəm telesalnamə yarandı. Bu, televiziyanın mənsub olduğu xalq qarşısında şərəfli xidmət nümunəsi, həyata keçirilən uğurlu mədəniyyət missiyası idi.

Mətbuat səhifələrində "Poeziya" verilişini "Azərbaycan, bütövlükdə Türk teleməkanında analoqu olmayan unikal telelayihə", "Milli ruhun güzgüsü" adlandıranlar da, "Mübarizə aparan və qalib gələn canlı teledərslik", "ziyalılıq məktəbi" kimi qiymətləndirənlər də oldu. İrandan gələn bir şair qonaq "Bu veriliş efirdən köçürülərək kaset halında Təbriz, Ərdəbil, Tehran bazarlarında əlaltdan satılır" dedi. İraqdan gələn və "Poeziya"nın qonağı olan başqa bir şair "Biz hər həftə yığışıb bu verilişə xeyli sənət adamı bir yerdə baxırıq və sonra onu böyük bir eşqlə müzakirə edirik" dedi. Beləcə, Quzey Kıprısda, Bolqarıstanda, Makedoniyada, Qaqauz yurdunda, Türkmənistanda, Türkiyədə, Orta Asiyada, doğma Türküstan ellərində, uzaq Uyğurustanda, yaxın Borçalıda, Dəmir qapı Dərbənddə... bir sözlə, türkün olduğu və yaşadığı hər yerdə "Poeziya" verilişini gözlədilər, izlədilər, Azərbaycan Televiziyasında reallaşan bu bənzərsiz telelayihənin ruhi səfərbərlik, milli-mənəvi çağırış yollarına qoşuldular, o mübarək yollarda özgədən özə doğru getdilər. Bu, kütlədə xalq, xalqda millət oyadan, etnogenetik yaddaş xəzinəsinin qırxıncı qapılarını açan, böyük, yuxulu tarixi güc sərdabələrində dirilik çıraqları yandıran, o çıraqların işığında ruhumuzun, qəlbimizin ana kitabını vərəqləyən, çox halda aşkar bildiklərimizin gizlinlərinə güzgü tutan, işıq salan bir veriliş idi. Və mən "Ədəbiyyat qəzeti"nin iki sayında çap etdirdiyim, "Poeziya" verilişinin uğurlarına həsr etdiyim məqaləni belə adlandırmışdım: "Poeziya: Aşkarlığın gizlinləri"...

Bu gün Azərbaycan teleməkanı milli yaddaş enerjisinin, böyük tarixi, etnogenetik gücün aşkar gizlinlərinə güzgü tutmalı, kütləni xalq, xalqı millət edən əsl həqiqətləri ekrana gətirməli, məhz Oyanışın, Dirilişin, Quruluşun xilaskar qan-gen yaddaşını oyatmalı, səfərbər etməlidir. Bu, müasir müstəqillik dövrünün çağırışı, zamanın tələbidir.

P.S. Yazını bitirmişdim. "Mədəniyyət" kanalında yeni bir verilişin çağırış səslərini eşitdim. Akademik, millət vəkili Rafael Hüseynovun "Qobustan" jurnalının baş redaktoru, ustad yazıçı-publisist Vaqif Əlixanlı ilə etdiyi söhbət ruhumu təzələdi, kölgəli yamaclarda gün işığının bolluğuna düşdüm. Rafael Hüseynov Vətənin damarlarında dolaşan dadlı doğmalıqdan danışırdı. Vaqif Əlixanlı doğma Yerfi kəndinin başı üstündə ucalan əzəmətli qayanı Vətən müharibəsinin dillərə dastan topçusunun atəşdən sonrakı məğrur, qalib duruşuna bənzədirdi. "Vətənim" verilişi postmüharibə dövrünün təzə mədəniyyət maraqlarını dilə gətirir, tamaşaçını Vətənlə qan qardaşlığına, əsl vətəndaşlığa səsləyirdi...

Rafael Hüseynov Qala divarları qarşısında əyilib bir ovuc torpaq götürür, o bir ovuc torpaqla illərin, əsrlərin qan qardaşı, dostu, sirdaşı kimi danışırdı; təxminən, min il əvvəl türkologiyanın ulu babası Mahmud Kaşğarinin "Divani-lüğat-it-türk" əsərində verdiyi xəritədəki Ərzi-Azərbaycanın o bir ovuc torpaqdakı qan-gen yaddaşını oyatmağa, diriltməyə, tamaşaçı ruhunda yeni bir oyanışa, dirilişə, quruluşa can atırdı. Və mənim yadıma unudulmaz müəllimim, böyük dostum, akademik Tofiq Hacıyevin Mahmud Kaşğarinin qara, qan niyyətli ögey anası haqqında dediyi bir cümlə düşürdü. Baş xatun ögey oğlunu, əsl varisi öldürmək istəyirdi; bunu bilən şahzadə Mahmud saraydan - ölümdən qaçıb uzun-uzun illər boyu türk ellərində dolaşdı, nəticədə türkün ən böyük yaddaş kitabını - "Divani-lüğat-it-türk"ü yaratdı. Tofiq müəllim kədərli bir təbəssümlə deyirdi ki, gənc Mahmudu saraydan didərgin salan və Türkün böyük talekitabının yazılmasına səbəb olan həmin ögey anaya heykəl qoymaq lazımdır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!