Filmlərdə şair obrazları: Moşu Göyəzənli, Lütfü, Paterson - Filmdən həyata - Sevinc ELSEVƏR

Sevinc ELSEVƏR

Şeir yazmaq bir fərqlilikdirmi? Şeir yazan adamlar, qızlar, oğlanlar başqalarından fərqli və seçilən adamlardımı? Onlar nə cür münasibət gözləyirlər? Seçilmək onların xoşuna gəlirmi? Onların haqqında danışılanda, adları hallananda özlərini necə hiss edirlər? Məşhur olmaq niyə xoşlarına gəlir? Şeir yazan insanlar nə üçün şeir yazmağa başlamışdılar? Şeir yazmaq onları xoşbəxt etdiyinə görəmi? Yoxsa məşhurluq iddiaları olduğu üçün? Və s, və i...

Bir baxdıq ki, ortaya xeyli sual çıxdı. Bütün bu suallara müxtəlif filmlərdə rejissorlar, ssenaristlər cavab axtarmağa çalışıblar. Ümumiyyətlə, sənət üçün sənətkar özü də çox maraqlıdır. Hər kəsi, bütün insanları, bütün peşə sahiblərini tədqiqat mövzusuna çevirib bitirəndən sonra sıra sənətçilərə, şairlərə, rejissorlara da çatır. Məsələn, "Səkkiz yarım" filmində rejissor Federiko Fellini yaratdığı rejissor obrazının vasitəsilə həm də öz iç aləminə, öz həyatına baxır.

Adını çəkəcəyim filmlərdəki şair obrazları müxtəlifdirlər, heç bir-birinə bənzəmirlər. Ədəbiyyat tarixinə düşmüş, tarixin parçasına dönmüş şairlərin həyat və yaradıcılığına həsr olunan filmlərdən danışmayacağıq, yox. O filmlər bizim üçün maraqlı deyil hazırda.

Sadə şair həyatını, yaşantılarını, arzularını, xəyallarını, çabalarını əks etdirən filmlərdən söz açacağıq.

Kiminsə şeir yazdığını biləndə biz dərhal Moşu Göyəzənlini xatırlayırıq. "Bəxt üzüyü" (rejissor Ramiz Əzizbəyli, 1991) filminin məşhur qəhrəmanı Moşu Göyəzənlini.

Moşu kənddən şəhərə gələn, sosializmə inanan, dəyərlərini təbliğ edən Sovet şairidir. Moşunun şeirə yanaşması qəribədir. O, sanki şeir yazmır, hər gün zavoda, fabrikə işləməyə gedir. Şeir yazmaq Moşu üçün ailəni saxlaya bilmək üçün gördüyü işdir. Moşunun əlindən başqa heç bir iş  də gəlmir. Elə buna görə də həyat yoldaşı Söylü Moşunun qələmini "çörək ağacı" adlandırır. Moşu üçün qələmi çörək ağacıdır, qələmin başqa bir anlamı yoxdur. Onun qəbul etdiyi bir şair obrazı var, şairin sığdığı çərçivələr var, Moşu o çərçivədən kənara çıxmamağa çalışır,"şairə bu yaraşır, o yaraşmır" kimi fikirlərlə hərəkət edir. Film boyu biz onu pijamada görürük, ütülü-qalstuklu şair obrazı ilə zidd bir görkəmdə.

Filmin əvvəlindən sonuna qədər xoşbəxtlik sözünün qafiyəsini axtaran Moşu bu qafiyəni tapa bilmir. Filmin yaradıcıları xoşbəxtliyin nisbi anlayış olduğuna, hətta heç mövcud olmadığına işarə edirlər. Moşu xoşbəxtliyi yaradıcılıqda tapmalıdır, ancaq o, xoşbəxtliyi daha çox məişətdə, şöhrətdə, "özünə gün ağlamaqda" axtarır. Təpədən-dırnağa kəndli olan Moşu Göyəzənli çoxuşaqlı atadır, həyat yoldaşı ilə davranışlarında savadsız, dünyagörüşsüz kəndlilər kimi davranır. Ancaq xaricdən gəlmiş qadınların qarşısında guya mədəniləşir, Aşıq Ələsgərdən qoşma deməyə başlayır.

Moşu pafosludur, bütün hərəkətləri, danışıqları xarici görünüşə hesablanıb, əslində qətiyyən səmimi deyil. Filmin başlanğıcındakı bir səhnə Moşunun səmimiyyətdən uzaq adam olduğunu dərhal göstərir. Ağacları sulamaq üçün Tanrıverdi dayı Moşudan kömək istəyir. Şeir yazdığı üçün özünü xüsusi sayan Moşu isə özünü işə vermək istəmir, Tanrıverdi dayını sözlərlə yola verməyə çalışır, bəhanələr gətirir. Sağlamlığını müharibədə itirən Tanrıverdi dayı ağacları təkbaşına sulamağa cəhd edir, ancaq quyunun başında yıxılır. Moşunun təbiəti tanıdığımız, bildiyimiz şair təbiəti ilə ziddiyət təşkil edir, komik vəziyyət də burda üzə çıxır. Moşunun timsalında biz şeirə, ədəbiyyata şöhrət, pul qazanmaq məqsədiylə yanaşan "dırnaqarası" şairlərin gülünc obrazı ilə rastlaşırıq.

Gülya ilə söhbətində "Bakıdakı heykəllərin hamısı çoşkalardır dana" -deyən Moşu özünün də heykəlinin qoyulacağına ürəkdən inanır. Öz yaradıcığılına zərrə qədər şübhəsi olmayan Moşu Göyəzənlinin gələcək barədə narahatçılığı yoxdur.

Keçən il TRT efirində yayımlanan "Tutunamayanlar " (rejissorlar Murat Zaloğlu, Osman Nail Doğan, 2020) serialının baş qəhrəmanlarından olan şair Lütfü obrazı həm Türkiyədə, həm Azərbaycanda böyük maraq gördü. Təəssüf ki, pandemiyanın ucbatından serial yarımçıq qaldı, daimi tamaşaçılar buna görə çox kədərləndi. Serialın nümunəvi tamaşaçılarından biri də mən idim. Absurd komediya janrında çəkilən serialda marağımı ən çox çəkən obraz şair Lütfünün obrazı idi. O obrazla Bakıda tanıdığım bir çox şair dostlarımızın arasında bir yaxınlıq, bir uyğunluq vardı.

Anasının kənddən göndərdiyi sovqatla, pulla yaşayan, bir qarnı ac, bir qarnı tox həyat sürən, çap elətdirdiyi yeganə kitabının satılacağı günü həsrətlə gözləyən Lütfü şeiri, poeziyanı səmimi qəlbdən sevir. Moşudan fərqli olaraq, Lütfü qələminə "çörək ağacı" kimi baxmır. Ancaq kitabının satılmağı, şeirlərinin oxunub sevilməyi arzusundadır. Dolanışığını həm də yazı-pozudan çıxarmaq istəyi də var. Sevdiyi işlə məşğul olub həyatını da təmin etmək istəyir. İlham mələyi ilə tanışlıqdan sonra qanadlı pəri onu şeir yazmaqdan çəkindirməyə çalışır, hətta komik səhnələrin birində "ədəbiyyat qarın doyurmur, olsa-olsa çay içirir" deyir, Lütfü bu sözlərin heç birinə fikir vermədən yazmağa davam edir. Hətta zamanda səyahət eləməyi bacaran ilham pərisi onu illər əvvələ aparıb, Edqar Po ilə görüşdürür, qarnını doyuzdurmaq üçün zibilliyi axtaran Edqar Ponun düşdüyü acınacaqlı vəziyyəti göstərir, özünə pul qazandıran bir iş tap deyir. Lütfü "sən necə ilham pərisisən" çığırıb ilham pərisinə acıqlanır.

"Bəxt üzüyü" filmində biz Moşunun bir qafiyəsini, bir misrasını da dilindən eşitmirik, xoşbəxtliyə axtardığı qafiyəni də tapa bilmir. Ancaq Lütfü tez-tez gözəl, könül oxşayan şeirlər oxuyur tamaşaçıya. Təəssüf ki, onun kitabını oxumağa heç ən yaxın dostlarının vaxtı, həvəsi yoxdur. Şeir yazmaqdan başqa əlindən heç bir iş gəlməyən, anasının kənddən göndərdiyi sovqatları vicdan ağrısıyla, utanaraq yeyib-içən Lütfüdən fərqli olaraq, "Paterson" (rejissor Cim Carmuş, 2016) filminin qəhrəmanı Paterson (Adam Driver) işi-gücü, öz axarında olan həyatı olan bir adamdır. Yaşadığı şəhərlə eyni adı daşıyan Paterson avtobus sürücüsüdür, sevdiyi, dəyər verdiyi həyat yoldaşı ilə bərabər yaşayır. Əkiz uşaqlarının olması arzusundadırlar, sevimli bir itləri var. Paterson sübh tezdən yuxudan durub hər səhər eyni səhər yeməyini yeyir, işə yollanır, bütün günü sükan arxasında bütün şəhəri gəzib dolanır, axşam evə qayıdanda poçt qutusunu yoxlayır, (hər kəsdən fərqli olaraq, Paterson mobil telefon işlətmir, kompüteri yoxdur) sonra hər gecə iti götürüb gəzməyə çıxır, bara gedir. Sevdiyi qadın Laura isə bütün günü evdə başını qatan işlərlə məşğul olur, darıxmasın deyə evi boyayır, şirniyyat bişirir. Kiçik biznes qurmaq, şirniyyat satmaq arsusundadır.

Paterson sadə, ancaq həyati şeirlərini dəftərinə yazır, ancaq hərdən şeirlər barədə sevdiyi qadına danışır. Onun şeirlərini çap etdirmək, məşhur olmaq, hamı tərəfindən şair Paterson kimi tanınmaq arzusu yoxdur. Bunun üçün heç bir səy göstərmir. Hətta təsadüfən bir yapon şair ondan şair olub-olmadığını soruşur, "mən şair deyiləm, avtobus sürücüsüyəm" deyə cavab verir. O, şeir yazmağı sevdiyi üçün şeir yazır. Hətta Laura tez-tez ona şeirləri çapa göndərmək lazım olduğunu xatırladır, onu həvəsləndirməyə çalışır. Patersonun belə bir istəyi olmasa da, Lauranı razı salmaq üçün şeirlərini çap etdirəcəyini deyir. Lakin şeirləri çap etdirmək Patersona nəsib olmur. Patersonun dəftəri Lauranın itinin pəncəsinə keçir, Marvin bütün səhifələri çeynəyib tökür. Bu hadisədə Lauraya Patersondan daha pis təsir edir. "Kaş ki son şeirlərini mənə oxumuş olsaydın, onda onları xatırlaya bilərdim" deyir. Paterson cavabında: "Önəmi yoxdur. Sadəcə kəlmələr. Suya yazılmış sözlər " - deyir.

Filmin sonunda Paterson həmişə oturduğu parkda yeni bir şeirini düşünməyə başlayır. Təmənnasız, xüsusi bir məqsəd güdmədən.

Filmdəki hadisələr bir həftə ərzində baş verir. Bazar ertəsi, Çərşənbə axşamı, Çərşənbə, Cümə, Cümə axşamı, Şənbə, Bazar... Və növbəti bazar ertəsi Paterson səhər yuxudan ayılır, saatını qoluna taxır, qaldığı yerdən həyatına davam edir. O, yenə avtobus sürəcək və sevimli şeirlərini yazaraq xoşbəxt olacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!