Böyük insanın ölümü - Böyük insanlığın ad günü - Barat VÜSAL

...Böyük insanlıq Ad gününü keçirməyə hazırlaşırdı.

...Böyük İnsanın ürəyini sancı götürmüşdü.

Neçənci sancıydı bu?!

Birinci, ikinci, üçüncü... beşinci... on beşinci?

Bəlkə 40-cı, 50-ci, 60-cı?

Bəlkə 61-ci?!

Böyük insan bir anlığa diqqətini topladı, yastığına dirsəklənmək istədi və öz-özünə pıçıldadı: "Niyə məhz 60-cı yox, 61-ci sancı?!".

Yadına gəldi ki, ömrünün 60-cı baharındadı.

Qəfildən başında ildırım çaxdı:

- Dayan!.. Dayan! - dedi öz-özünə. Mən gərək ki, düz 30 il bundan qabaq 1933-cü ildə zindanda yazmışdım: "Ürəyim doludur. Ürəyim partlamağa qalıb".

Nazim hiss etdi ki, bu nəhs fikirlərdən uzaqlaşmasa daha da üzüləcək. Yadına uşaqlıq illərini salmağa çalışdı.

...Dayısı Mehmed Əli Çanaqqalada həlak olmuş qəhrəmanlardan biriydi. Nazim onun xatirəsinə 13 yaşında ağlaya-ağlaya belə bir şeir yazmışdı:

 

Nəsiminin Məşriqini

            mənə o idi göstərən.

Türklüyün sənətini

            mənə o idi öyrədən.

 

Nazimin adını daşıdığı babası Nazim paşa ipə-sapa yatmaz, qorxu bilməz bir vali olmuşdu.

O vaxtlar Türkiyədə belə bir qayda varmış:

Əcnəbilərin işinə müsəlman məhkəmələrinin baxmaq hüququ yoxmuş.

Tomson adlı ingilis yükdaşıyan bir uşağı öldürəndə yəqin, fikirləşib ki, Nazim paşanın vali olduğu şəhərin məhkəməsi də ona güldən ağır söz deyə bilməyəcək.

Bu məsələ Sultana bildirilməliydi, uzaqbaşı cani ölkədən qovulacaqdı. Lakin vali Nazim paşa Sultan öz fikrini deyənə kimi özbaşına bir qərar çıxarmışdı.

Tomsonu dar ağacından asdırmışdı...

Əlbəttə, bu, heç kimin edə bilməyəcəyi cəsarətli bir hərəkətdi.

Məhz tarix də sübut etdi ki, belə igid bir babanın Nazim Hikmət kimi qüdrətli şair nəvəsi ola bilərdi!

Nazimin anası Cəlilə xanımın rəssam olması da onun yaradıcılığında öz təsirini qoymuşdu.

Şairin hər şeirində gözoxşayan boyalar, rənglər burdan irəli gəlmirmi?!

Cəlilə həm gözəl rəssam, həm də gözəl xanımmış.

Nazimdən uşaqlıqda soruşanda ki, kim olacaqsan?

- Poçtalyon olmaq istəyirəm, - demişdi.

Bu balaca "poçtalyon"un heç vaxt ağlına gəlməzdi ki, böyüyəndə dustaq olacaq, "Vətən xaini" çağırılacaq, üst-üstə 28 il 4 ay iş alacaq. Onun 18 ilini yatacaq. Elə həmin zindanlardan üzünü çocuqlara (həmyaşıdı olan "poçtalyonlara") tutub yazacaq:

 

Gözəl günlər görəcəyik,

            çocuklar,

günəşli günlər görəcəyik

 

- deyə nikbin ruhlu şeirlər yazmaqda davam edəcək və etiraf edəcəkdi:

- Bu şeirləri yazdığım vaxtlar ən fəlakətli günlərimin içindəydim. (Bu yerdə yada

Müşfiqimiz gəlib düşür, "Bu yaz bir başqa yazdı". Yaza-yaza tutulduğu 37-ci illə birgə...). Görünür, bütün şairlər uşaq qəlbli olurlar. Bütün ömürləri boyu "poçtalyon olacam" dedikləri yaşda olurlar.

...Nazim Hikmət 13 ildi ki, Bursa həbsxanasında fasiləsiz dusdaqlıq günlərini yaşayırdı.

Və yenə də həmin eşqlə, həmin gözəl günlər ümidilə yazırdı:

 

Mən məni bir daha ələ keçirsəm,

Abu-həyat içirsəm - demirəm,

qapılar açılsa bir daha,

Mən bu xanəyə bir daha girsəm,

yaşardım yenə belə qorxu,

dəhşət içində,

Yenə belə bir eşq ilə sərsəm,

Mən məni bir daha ələ keçirsəm...

 

İşə bax, zindandan çıxıb getdiyi halda yenidən zindana qayıtmaqdan qorxmurdu. Təki deyirdi nəyi itirsəm də bircə "mən məni ələ keçirim!".

Bu eşq, bu amal onun "Nə olmalı" şeirində də öz parlaq əksini tapıb. Bütövlükdə bu şeir Nazimin həyatı və sənət proqramı, məramı hesab oluna bilər...

 

Dənizin üstündə bulud,

Üzündə gümüşü gəmi,

İçində sarı yarpaq,

Dibində mavi yosun.

Sahildə bir çılpaq adam.

Durub düşünür:

Buludmu olum,

gəmimi yoxsa?

Balıqmı olum, yosunmu yoxsa?!

Hə o, nə o, nə o, nə o,

Dəniz olmalı oğlum,

Buluduyla,

gəmisiylə,

balığıyla,

yosunuyla!

 

Nazim Hikmət məhz özü belə bir dəniz olmuşdu.

N.Hikmət bütün şeirlərini yazanda elə bil, üzünü dənizə tutub yazıb, məmləkətə tutub yazıb. Oğlu Məmədə (balaca poçtalyona) tutub yazıb. O balaca poçtalyonsa məmləkəti gəzə-gəzə, dənizləri üzə-üzə hamıya çatdırmaq istəyib bu şeirləri, bir türk kişisinin məktublarını, vəsiyyətlərini. Bu məktubların içində "Məmədə son məktub" şeiri xüsusi yer tutur.

 

...Bir yandan cəlladlar girdi araya,

Bir yandan oyun oynadı

            mənimlə

                        bu məlun ürək.

 

Qismət olacaqmı

            Məmədim, oğlum,

Səni bir də görmək?

 

...Toxuma, torpağa, dənizə inan,

            insana hamısından əvvəl.

Buludu, maşını, kitabı sev,

            İnsanı hamıdan əvvəl!

 

...Nazim Hikmətin dəniz olmağa, dənizdən yazmağa, uşaqları dəniz olmağa, dənizə inanmağa çağırmağa haqqı vardı. "Dünyanı bir günlüyə uşaqlara verək" deməyə də daha çox ərki çatırdı. Danışırdılar ki, ağlayan bir uşağın əlini Nazim öz əlinə alan kimi o, xırp səsini kəsib.

Çünki fitrətən uşaq təbiətli idi.

Hər şeyə inanırdı uşaq sadəlövhlüyü ilə.

Elə inqilaba da!

O, 1954-cü ildə yazdığı "Bəzi xatirələr" şeirində ilk dəfə Moskvaya necə gəldiyini yaxşı xatırlayırdı...

Sən demə, onda şairin cəmi-cümlətanı 19 yaşı varmış. Qatar Kiyev vağzalına daxil olanda 3 saat gecikibmiş. Qəribədir ki, Nazim ilk dəfə kepkalı bir kişinin divarlara vurulmuş şəklinə də burda rast gəlmişdi.

Və o, şəhərin yeni sahibinin (Leninin) özünə yox, şəklinə, kepkasına salam vermişdi. Özü də öz papağını başından çıxartdığı halda...

Kim bilir, bəlkə də tarixin qəribə ironiyasıydı. Yəni inqilab edənin özünə yox, şəklinə baxıb salam verməklə inqilaba inanan daha bir böyük İnsanın gələcək faciəsinin başlanğıcıydı?!

Moskvada ilk salamı Leninin şəklinə, kepkasına verməyi Nazimə sonralar çox baha başa gəldi.

Aradan illər keçdi. Nazim insanları sevə-sevə, "İnsanlarım! Ah, mənim insanlarım!" deyə-deyə zindandan zindana düşdü. "Bir çanaq balı vardı" Nazim Hikmətin. Onu həşəratdan qoruyurdu.

1956-cı ildə atrıq Nazim dünyanın ən tanınmış şairiydi. Lakin o, bu dəfə 54 yaşındaydı. Praqadaydı.

Gecə yarısı doktor Faustun evinin qabağında dayanmışdı.

 

"Qapını çaldım,

Doktor evdə yox.

Məlum.

İki yüz il qədər bundan qabaq

            tavandakı dəlikdən.

Yenə belə bir gecə

Çəkib apardı onu şeytan".

 

...Bu şeiri yaza-yaza Nazim qapını yenidən çalacaqdı. Mefistofeldən nə qızıl, nə ağıl, nə də gənclik istəməyəcəkdi. "Məni İstanbula aparın, bir saatlıq" deyəcəkdi. Ancaq qapının zəngini ha çalacaqdı, tavandakı dəliyə ha baxacaqdı, qapını açan olmayacaqdı.

 

Və görəsən, biləcəkdimi ki, bu qapını onun üzünə 19 yaşında kepkalı adamın şəklinə salam verəndə bağlamışdılar?!

***

...Nazim Hikmət aşiqdi.

Füzuli dövrünün aşiqlərindəndi.

Yazırdı ki, elə bir aşiqəm, elə bir aşiqəm ki, ancaq Füzuli kimi bir şairin ürəyi belə bir eşqlə çırpına bilmişdir.

Sevdiyinə öz şıltaqlıqlarını deməkdən ehtiyat etmirdi:

"Bağışla məni, sevgilim! - deyirdi, bu qədər haqsız, bu qədər vəhşi və bu qədər dəli olduğumu xatırlaya bilmirəm. Sənə dair yazmaq istəyirəm. Yazdıqca sevgimi, iztirablarımı, dəliliklərimi söylədikcə fərəhlənirəm, sakitləşirəm".

Baxın, Nazim Hikmət bəlkə də heç kimin etiraf edə bilmədiyi məqamları da etiraf edir. Ona görə də belə güclüdür, yenilməzdir, ölməzdir!

Lakin cismani cəhətdən yanaşdıqda heç kim ölümsüz deyil.

...Bir sabah yatağından qalxır, otağından çıxıb qapıya doğru irəliləyir, səhər qəzetlərini almaq üçün əlini poçt qutusuna uzatdığı vaxt orada ölür. (Balaca poçtalyonun gözündən iraq! - B.V).

Həkimlərin sonradan söylədiklərinə görə, yerə yıxılmazdan əvvəl ölmüşdü. Əli səhər qəzetlərinə uzanmış halda öldu. (Radi Fiş).

...1963-cü il idi.

Nazim ürəyinin sancısını səngitmək üçün dərin düşüncələr və xatirələr aləmindən ayrılıb daha bir ürək dərmanı atdı.

Səhərə vardı hələ.

Hələ bir şeir yazmaq olardı.

Və yazdı:

 

Sənətlərin ən qorxulusu

şairlikdir,

Sirlərin sirrini

Öyrənmək üçün

Ürəyini yeyəcəksən, yedirəcəksən.

...Bütün işləri onun başına

gətirdilər.

O, ölərkən mən yanında idim.

bir şeir oxu, dedi mənə,

böyüklüyünə dair insanlığın!

 

...Böyük İnsanlıq Ad gününü keçirməyə hazırlaşırdı.

...Böyük İnsanın ürəyi dözmədi, sancıdan doğram-doğram oldu, partladı.

Böyük İnsanlıq yenidən özünün Ad gününü gözləməyə başladı.

Hardasa uzaqlarda, lap uzaqlarda balaca bir qaraltı gözə dəyirdi. Yönü Böyük İnsanlığa doğruydu.

Balaca poçtalyondu, deyəsən?!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!