Gör e, altmış illik savaşın döyüş meydanı, öz başımda getdiyindən xəbərim olmayıb. Bu mətnin başlığındakı "dönüklük" sözü də əslində, heç yerinə düşmür. Gənclik illərindən başlayaraq ömrünün altmış ilini sözə-yazıya həsr edən adamın yetmiş beşində gözlənilmədən dönük çıxaraq fırçayla boyaya tutulmasını, yaxud qurşanmasını kim normal hesab edə bilər? Bu məsələ barəsində, yəni sözlə qələminmi, yoxsa boyayla fırçanınmı haqlı olduğunu saatlar, aylar, illər düşünsəm də, bir nəticəyə gələ bilmədim. Üzdən baxanda altmış il gecə-gündüz ac-susuz, yuxusuz, həyatın şirin, dadlı təamlarını doyunca dadmadan, doğmalarla birgə sevinib şənlənmədən, sevgi oyunlarına tamarzı qalaraq təkliyə çəkilib ancaq SÖZƏ tutulmaq, cümlələrə bağlanmaq, yazdığın mətnlərə arxalanaraq onların ardınca sürünmək, onların quluna-köləsinə çevrilmək... Aylar, illər ötəndən sonra, müəyyən təcrübə qazanıb Sözlə dil tapdığın, onunla mərhəm ünsiyyət qura bildiyin, qazandığın təcrübəyə görə sayagəlməz fəndin, qılığın, bicliyinlə onu yavaş-yavaş özünə ram edə bildiyin bir vaxtda... altmış ilin sınağından çıxıb sənin sədaqətinə, etibarına inandığı bir vədədə, səninlə əhd-peyman bağlayıb həyatın boyu ondan qazanacağın şöhrətin hesabına öz sevgisiylə səni ucalara qaldıracağı dönəmdə, bağlı qapıları üzünə açacağı zamanda, sən Sözə xəyanət edib qələmi yerə qoydun, yaxud bilgisayarın qapağını qapayaraq, bir düjün arvad-uşağını başsız qoyub rusetə gedib orada bir gavur qızıyla, yaxud qadınıyla evlənən kişi kimi ömründə birinci kərə sənə yad, ögey olan fırçanı əlinə aldın. Axı sən, Sözün boyüklüyünü, ilkin olduğunu din kitablarından öyrənmişdin. İşlədiyin idarədə səndən üç pillə yuxarı vəzifədə işləyən adamla, o adamla ki, yalanı doğru-gerçək kimi güclü məntiqiylə inandırmağı bacarırdı. Düz bir həftə onunla qan-tər içində əqidəsindən dönməz mərd əsgər kimi "vuruşaraq" insan özünü ifadə etməkdə rəssamlıq-boyakarlıqla müqayisədə Sözün-yazıçılığın daha geniş imkanlı olduğunu, yaşca qədim, solub rəngini itirməmək, yaşarılıq-əbədilik baxımından Sözün daha üstün olmasını deyəndə, osa Qobustan qayalarındakı rəsmlərin daha qədimliyindən söz açdı. Bizim döyüş meydanımız lap şahmat taxtasına bənzəyirdi. Gətirdiyimiz hər bir dəlil şahmat fiqurlarına bənzəyirdi. Həftənin sonunda rəqibim mənim qarşıma son dərəcə güclü, azman, dünyanın tanıdığı bir fiqur, Leonardo da Vinçini çıxartdı. Bir anlıq mən özümü itirsəm də hardansa (?) ağlıma Ötrülmüş fikri birnəfəsə "nə olsun Leonardo sənətlər içində rəssamlığı birinci sayır... O öz sənətinin zirvəsindədi. Unutma ki, bütün dahilərin bilmədiyi, zəif-boş yeri də var. Elə dahi sayılan Eynşteyinin ana pişiklə bala pişiyə yuvasına girib-çıxması üçün ayrı-ayrı iki deşik hazırlaması məsəli. Balaca adamlar da onun naşılığına ehtiramla gülümsünür. "Hamının Axillesin dabandan zəif yeri kimi bir boşluğu var" hüdüləyib tökərək özümdən razı qaldım. Ancaq vəzifəcə məndən üçqat üstün rəqibim mənim dediklərimi sinirə bilmədi, əsəbini gizlətməyə çalışaraq "səninki naxallıqdı, cıtqozluqdu. Sən kimsən ki, o boyda Leonardonun əleyhinə çıxırsan..." - dedi. Mən səni güclü məntiqli bilirdim. Ancaq burda məntiqini yel apardı. Mənim qarşıma Leonardo fiqurunu itələyəndə, mən də həm sənin, həm də da Vinçinin qarşısına Nizami, Şekspir, Tolstoyu çıxartdım. Onun dediyi sonuncu iki söz bədənimə yox, ürəyimə dağ basdı. Naxal da özünsən, cıtqoz da, demək istədim. Ancaq mənə mane Oldular. Mane olan "GÜC" qorxu deyildi. Görəvcə məndən üç pillə qəlbi olsa da, höcətləşdiyimiz başqa vaxtlar mən də ona dayazsan, cıtqozsan, qrafomonsan, illər keçsə də, eşşəkdən düşüb "Volqa"ya (o dövrün dəbdə olan ən bahalı minik maşını) minsən də, qədeşlik köynəyinnən çıxammırsan, demişdim. Bu anlar onun dediklərini özünə qaytarsaydım, hesabımız bir-bir, yəni heç-heçə olacaqdı. Mən tez özündən çıxan kimi tanınsam da, o anlar mənə səbr Göndərib, "sən onu yenməlisən!" Bildirdilər...
Həmin gün evə dilxor qayıtdım. Qanıqara yatağa uzancaq rəqibimin "Şekspiri, Tolstoyu, yaxud Dostoyevskinin böyüklüyünü kim danır, axı onlar Leonardonun rəssamlıq haqqında dediyi yüksək fikir kimi söz, ədəbiyyat haqqında bir kəlmə deməyiblər..." sözlərini xatırlayanda universitetin jurnalist fakültəsinin ikinci kursundan qovulmuş, həmişə Hegeldən, Kant, Feyrbax, Şopenhauerdən danışan dostum yadıma düşdü. Dərk etmədiyim bir güc məni ayağa qaldırıb birbaşa divarda düzəltdiyim balaca kitab rəfinə yönəltdi. Dünyanın ünlü onlarca yazıçının kitablarından birini yox, aylarla, bəlkə illərlə açıb vərəqləmədiyim Hegelin estetika kitabını götürəndə "rusca Platonovu oxuyub başa düşmüşdün, qalmışdı Hegel..." fikir ağlımdan keçdi... Yatağıma uzanıb kitabı yarıyacan tələsik vərəqləyib başlıqları gözdən keçirdim. Ağlıma batan bir şeyə rast gəlmədiyimdən hövsələm daraldı, kitabın sonunda "İçindəkilər" bölməsini gözdən keçirəndə dramaturgiya sözünü gözüm alcaq içimdə alabəzək qığılcımlar oynaşdı. Həmin bölməni alayarımçıq gözdən keçirdim. Axtardığımı tapmışdım. Ruscanı rəqibim məndən yaxşı bildiyindən, nəyisə yanlış anlayacağımdan ehtiyat edib həmin bölməni dönə-dönə oxudum. Arxayın olmaq üçün səhərisi ruscanı məndən qat-qat gözəl bilən, həmişə fəlsəfədən danışan tanışımla görüşüb həmin mətni ona oxutdum. Qəti əmin oldum ki, bir həftə davam edən ölüm-dirim söz-fikir savaşında özünü ifadə etmək baxımından Söz, dramaturgiya, bir sözlə, ədəbiyyatın imkanı bütün sənətlərdən - rəssamlıq, musiqi, memarlıq, heykəltaraşlıqdan... bütün elmlərdən daha geniş olması fikrində böyük Georq Hegelin mənə qəhmər çıxdığına əmin oldum. O anlar Hegel mənə atam, dayım, əmim, qardaşım qədər doğma və əziz idi. Uçmağa bircə qanadım yox idi. Kitabın adını, nəşr tarixini, bölmənin səhifəsini kağıza yazıb cibimə qoydum. Kalaşnikovla yaraqlanıb, silahı yalnız bıçaq olan rəqibimin üstünə inamla getdim. Fikri, ideyanı ifadə etmək baxımından Sözün, yazının başqa sənət, başqa elmlərdən daha geniş, tutumlu olması barədə Homerin, Tolstoyun, Dədə Qorqudun dediyi sözlərə rast gəlsəydim, bəlkə də bu qədər sevinməyəcəkdim. Universitetdə rəqibim də, elə mənim özüm də fəlsəfə mühazirələrinə qulaq asıb ondan imtahan versək də, Hegelin kimliyi barəsində heç nə bilmirdik. Bir həftə davam edən fikir savaşında fəlsəfə, filosof barəsində də qırıldatmışdıq. Rəqibim "Nə filosof, filosof deyirsən! Azərbaycanda nə qədər, elmlər doktoru, professor, lap akademik filosof var?! Bunlar nə edib, elədikləri kimə lazımdı? Kim tanıyır onları? Lap elə dünyadakı filosofların hansı biri böyük rəssam, memar, riyaziyyatçı, ixtiraçı Leonardonun qarşısına çıxa bilər?" deyəndə mən özümü at belində, onusa eşşəklə yeriyən hiss elədim. Boynuma alıram, fəlsəfə haqqında biliyim, savadım heç də onunkundan artıq deyildi. Ancaq fəlsəfəylə məşğul olan tanışımdan eşitdiyimi öz fikrim kimi birnəfəsə ona sırıdım:
- Deyirsən fəlsəfə nədir. Necə deyim axı, bir var süd, qatıq, bir də var südün, qatığın qaymağı, yağı. Fəlsəfə də bütün gözəl sənətlərin, elmlərin sıxılmış qaymağı, yağıdı. Yadında qalsın, sən dediyin fəlsəfə üzrə doktor, professorlar filosof yox, araşdırıcı, tədqiqatçılardı. Fəlsəfədə sistem yaradan, öz konsepsiyası olanlar filosof adlanır. Hegel, Kant kimi. Filosof kimi Hegel dünyanın ən nəhəngidi... Məncə, sözlə, yazıyla bağlı onun da fikri olmalıdı...
- Mən faktdan danışıram, sənsə "mənə elə gəlir"lə deyirsən. Mənə fakt lazım!
Kitabda Hegelin Sözlə bağlı fikrini oxuduğum anlar ömrüm boyu ilk dəfə anladım ki, çinardakı yüz minlərlə yarpaqdan birinin qopub yellənə-yellənə, nazla düşməsi də, torpaq yolla gözün güclə ala bildiyi nöqtə boyda qara qarışqanın harasa təkbaşına tələsə-tələsə şütüməsi də bir nizam, bir uyarlıq içində İdarə olunur.
Yaşıl yoncadan köpmüş quzu qarnı kimi şişmiş açıq qəhvəyi, bahalı çanta əlində yanını basa-basa illər öncə qarşılaşdığım üçüncü kurs tələbə yoldaşlarımdan biri küçədə mənimlə üz-üzə gələndə, ağır çantasına işarəylə "alə, qolum qırıldı, dayan bınnarı boşaldım" deyib zibilqabına yaxınlaşdı. O zibilqabından seçib götürdüyümdən biri Hegelin estetikaya aid həmin kitabıydı ki, illərlə divarda düzəltdiyim rəfimdə uyusa da, əlimə alıb bircə vərəqini oxumamışdım.
Mən rəqibimi yenmişdim. Bilmədiyim nəsnələrdən biri də budur, bütün uduzanlara, istər şahmatda, istər başqa idman oyunlarında, istər sənətdə, siyasətdə, istərsə də fərd, yaxud ölkə, xalqlar arasındakı savaşda, lap öncədən nifrət elədiyim yenilənlərə, nədənsə, yazığım gəlir. Axı o, həyat, məişət məsələlərində insanlarla, lap elə rəisimizlə, istədiyi qadınla, özündən güclülərlə dil tapmaqda, qılığa girməkdə mən köntöy, yonulub cilalanmamışı axar çaya susuz aparıb, susuz gətirərdi. Şit yox, ustalıqla yarınmağı özəl bacarığıydı. Hələ güclü yaddaşını demirəm. Buna baxmayaraq, ona yenə də yazığım gəlirdi. Axı onun mənə uduzduğu ikinci kərəydi. O məni də, yazar dostlarımın yazılarını da ələ salıb bəyənmirdi. "Mən Füzulidən, Səməd Vurğundan, Puşkindən, Lermontovdan sonra sizləri niyə oxumalıyam?" deyirdi. "Yaxşı, baxarıq..." fikir ağlımdan keçdi. Mənim artıq Sözlə dil tapdığım, yazdığım öz şeirlərimi nisbətən bəyəndiyim çağlarıydı.
Ağappaq vərəqlərdə makinada səliqəylə yazılmış imzasız on şeiri oturduğum yerdə aralıdan ona göstərərək respublikada ən çox dəbdə olub sevilən gənc şairin adını çəkərək ucadan "Bilirsən nə şeirlərdi! Adamı dəli eləyir! Hələ heç yerdə çap olunmayıb" deyəndə:
- Ver aparım mən də oxuyum, - söylədi. "Burda oxu da, bu gün özünə qaytarmalıyam, - dedim.
- Yox e, mən tünnüydə, səs-küydə, bircə adam yanımda olanda fikrim dağılır, gərək sakitlik olsun, gərək oxuduğun şeydən ləzzət alasan. Elə sevdiyim musiqini də tək dinləmək istiyirəm. Bu gün olmasın, sabah olsun. Deyərsən, yadımnan çıxıb evdə qalıb. "Sənsən də, yaxşı. Ancaq sən canın, sabah mütləq qaytar gətir".
Səhərisi vərəqləri mənə uzadıb geri dönmək istəyəndə bəyəndinmi, soruşdum. O, həmin populyar şairin adını çəkərək, onu bəyənməmək olarmı. Yazanda da belə yazasan, yoxsa... O öz aləmində etikanı gözləyib qəlbimi qırmamaq üçün "sənin, yaxud sizin kimilərin" yerinə "yoxsa..." sözü demişdi. Mən artıq dəmdə-kayfdaydım. Bu anlarımı sadistcəsinə uzatmaq üçün qəddarcasına məzələnmək könlümdən keçdi. Diqqətlə oxudunmu, soruşdum. Əlbəttə, bir neçə dəfə, dedi. Sən həmişə demisən ki, sənəti məndən, mənim kimilərdən yaxşı bilirsən, onda de görüm, oxuduğun on şeirdən ən seçiləni, ən yaxşısının üçünün adını çəkə bilərsənmmi? Vərəqləri ona uzadaraq, istəyirsən götür, yenidən gözdən keçir, nə olar filankəs olanda... Füzuli deyəndə o boyda gözəl şeirlərinin içində birinci "Məni candan usandırdı...", Səməd Vurğunda "Azərbayçan", Nazim Hikmətdə "Ceviz ağacı", yaxud "Kərəm kimi", Puşkində, həmişə özün təkrarladığın "Ya pomnyu çudnoye mqnoveniye" misrasını oxucunun-kütlənin əksəri xatırlayır. Heç üçü gərək deyil, on şeirdən ən çox bəyəndiyin bircəciyin adını de...
O, qarşısındakı masanın siyirməsini çəkib nəsə axtara-axtara (tutulub əsəbləşdiyini hiss edirdim). Bilirsən nə var, gözəllik müsabiqəsində birini seçirlər. Mənsə seçilib müsabiqəyə gələnlərin hamısını birinci yerdə görürəm. Hərəsində bir gözəllik, bir cazibə, bir şirinlik görürəm. Filankəs də artıq ustad zirvəsindədi. Ona görə də şeirlərinin hamısı ürəyimə yatıb, gözəldi. Dəst-xəttindən dərhal bilirsən ki, onun şeiridi.
Uxaaay... Ürəyimnən tikan çıxdı... Əslində, onun gözəllik haqqındakı cavabı maraqlıydı. Nə qədər sevinsəm də, onun oxuduğu şeirlərdən bir-ikisinin adını məndən çəkinib deyə bilməməsi onun məğlubiyyətiydi. Filankəsin adından ona verdiyim şeirlər özümünküydü. Heç vaxt bəyənmədiyi mənim şeirlərim... Ona yazığım gəldiyindən başladığım oyunun mənasını açıb-ağartmadan, üstünü vurmadan biryolluq burdaca nöqtə qoydum...
Yuxarıda qeyd olunduğu kimi, bütün bunlar üzdən baxanda belə görünür.. Əslində, sən Sözə deyil, fırçaya-boyaya xəyanət edib ona dönük çıxmısan. Deyim də niyə, sənin on üçmü, on dördmü yaşın olanda, altıdamı, yoxsa yeddidə oxuyurdun. Coğrafiyadan dərs deyən Nəcəf müəllim uşaqların hərəsinə bir ölkə, bir okean, bir dəniz, bir adanın şəklini çəkməyi tapşırmışdı. Səninsə payına Afrika qitəsi düşmüşdü.
Həmin günüydü ki, rayon mərkəzindən gəlmiş üç elektrik ustası kəndimizə ilk dəfə işıq çəkirdi. Atam kolxoz sədri olduğundan birinci bizim məhəlləmizdən başlamışdılar. Baş usta ikiotaqlı evimizin qonaq otağında beş lampalı, beş bölməli rəngbərəng saya şüşə borucuqlardan olan çilçırağı quraşdırırdı. Mənə möcüzəli görünən o çilçırağı ustamı gətirmişdi, yoxsa qabaqcadan atammı almışdı, xatırlayammıram. Gecə saat 11-də usta cərəyanı şəbəkəyə qoşanda, günün günorta çağında da bir pəncərəli qonaq otağımızı belə işıqlı görməmişdim. Ata-anamın, bacılarımın üzündəki aşıb-daşan sevinc qarışıq nur-işıq selini sonralar nə universitetə qəbul olunanda, nə oranı bitirəndə, nə də öz toyumda gördüm. Vallah, Billah, illər ötəndən sonra Bakının möhtəşəm opera, filarmoniya binalarının, Riqanın "Dom Soborski" evinin orqan zalında o nəhəng çilçıraqların işıq həddi də mənim yaddaşımda olan qonaq evimizdəki işığın gücünü - şiddətini adlaya bilmədi. O məqamda bakirəliyini itirmiş qız kimi yanağı azca qaralmış, öləziməkdə olan neft lampamızın kədəri, yazıqlığı da gözümdən qaçmadı...
Çilçırağımızın gur işığında xətlərin hər santimetrini on beş, bəlkə də iyirmi yol çəkib pozaraq yenidən çəkdiyim, rəngli karandaşlarla boyayıb xəritədən üzünü köçürdüyüm Afrika qitəsinin şəklini çəkib xoruzun birinci banında bitirdim. Səhərisi coğrafiya dərsində Nəcəf müəllim yanımdan ötəndə (bəlkə sədr oğlu olduğuma görə məni birinci sırada oturtmuşdular) ayaq saxlayıb, sanki ikimizə aid olan bir sirri eşitməsinlər deyə, gur səsini qısaraq alçaqdan "özünmü çəkmisən?" soruşanda, sifətimin alışıb yandığını hiss elədim, başımı tərpətməklə cavab verdim. Bütün uşaqların çəkdiyi tapşırıqları gözdən keçirəndən sonra Nəcəf müəllim yenidən yanıma çatanda dayandı, başıma sığal çəkərək "Məhliqa dayqızımın (anamın) yedirtdiyi yağ-bal ananın südü kimi halalın olsun" deyəndə, həyətimizdə beş arı pətəyimiz olsa da, sinfimizdəki yoxsul uşaqlardan sıxılaraq, o imkansız uşaqların aylarla yağ-bala həsrət qaldıqlarından qulaqlarımacan od tutub yandığımı hiss elədim. Nəcəf müəllim yazı lövhəsinin yanında mənim Afrika "əsərimi" uşaqlara göstərərək:
- Baxın, belə çəkəllər, elə bil fotoqraf işidi. Sonra Nəcəf müəllim səkkizillik məktəbimizin dəhlizində divar qəzeti lövhəsinin başına yapışdırdığı mənim əsərim aylarla orada qaldı. Bir aydan sonra kitabdan baxıb karandaşla çəkdiyim, əziz, ulu rəhbər sandığımız Leninin portreti... sonra haradansa köçürdüyüm, başının arxasından uzun telləri at quyruğu kimi sallanan qız portreti...
Qonşu kənddə orta məktəbi bitirəndən sonra, ali məktəbdə oxumağa həvəsim olmadığından Kəndimizdən otuz kilometr aralı Qacaran qəsəbəsində erməni dilində birillik texniki peşə məktəbində (dülgərlik) oxudum. Orda dülgərliyə aid heç nə öyrədilmədi. Bir il də dülgər olaraq inşa edilən divarların özülünə tokülən sement-beton palçığı üçün enli, uzun taxtalardan qəlib (rusca apalovka) bağlamaqla günümü keçirdim. Afrika "əsərimdən" aldığım həzz, sevinc qədər olmasa da, dülgər olaraq ilk və son işim, özümüz üçün düzəltdiyim bircə kitab rəfiydi. Dörd sütunlu taxtadan, onların arasını od-alovda ütüb qızartdığım dağdağan şivlərindən hörüb düzəltdiyim üçqatlı kitab rəfimi ailə üzvlərimiz kimi, evimizə gələn qohumlar, doğmalar, tanışlar da bəh-bəhlə qarşılayırdı. Bir də dağdağan ağacından düzəltdiyim qəlyan... bir də az qala tük aparan ovxarlı iti baltama qarağaçdan düzəltdiyim əyrimçə "S"vari sapıydı, klassik "rus taporu"təkin, vəssalam. Məndəki rəssamlıq, heykəltaraşlıq işartıları biryolluq unuduldu. Nənəmin (anamın) ovcumdakı az qala fındıq boyda bərkiyib daşlaşmış qabarları görəndə "qatırçının, biçinçinin, çobanın uşaqları institutda oxuyur, mənim balam, Abdullanın oğlu (!) da heç olmasa fərli-başlı dülgər də yox, Qərçivanın 40-41 dərəcə cəhənnəmində palçıq ayaqlıyır" deyib çəkdiyi odlu ahının alovu elə bil bütün bədənimi, ruhumu qarsıtdı. Nənəmin təkidi, dayımın dəstəyilə İrəvan azərbaycanlı Kənd Təsərrüfatı Texnikumunun aqronom şöbəsinə qəbul olunub həvəssiz oxuyaraq iki il yarımdan sonra oranı bitirdim. "Sovet Ermənistanı" qəzetində məsul katib vəzifəsində işləyən dayımın (uzun illər ötəcək, tarix elmləri namizədi dayım İsrafil Məmmədov həmin qəzetin baş redaktoru və Ermənistan Təhsil Nazirliyində nazirin birinci müavini görəvini qazanacaqdı) mənim dünyagörüşümdə elədiyi çevrilişi xüsusu qeyd etməliyəm. Texnikumu bitirib kəndə qayıtdım. Aqronom işləməyə əsla həvəsim yoxuydu. İndi dabanımı qaldırıb pəncəm üstə uzaqlarda qalmış o illərə baxanda görürəm, ata-anama yaxşı oğul olmamışam. Yaşlaşıb gücdən düşmüş atam öz ərizəsiylə sədr vəzifəsindən çıxmış, məndən böyük iki bacım ailə qurub yanımızdan quş kimi uçub getsə də, evimizdə mənimlə birgə beş nəfər bala quş kimi ağzını açıb yemək gözləyirdi. Ədalətli, zəhmətkeş, təkəbbürdən uzaq, sadə xarakterli atam kənd yerində iyirmi beş il kolxoz sədri vəzifəsində işləsə də, vəzifədən çıxcaq ailəsini halallıqla dolandırmaq üçün kəndimizdən iki kilometr aralıda toyuq fermasında adicə fəhlə kimi işə düzəlmişdi. Bəzən onun yerinə işləməyə mən gedirdim. Bəxtiyar Vahabzadə poeziyasının vurğunu olduğum çağlarıydı. Hər gün evimizdən çıxıb yola düşcək, toyuq fermasınacan olan iki kilometr yarımlıq yolda səsimi başıma salıb ucadan Bəxtiyar Vahabzadədən əzbərlədiyim şeirləri deyirdim. Toxum münbit torpağa düşüb cücərdiyi kimi, universitetdə oxumaq fikri, ideyası başımda bitib günbəgün boy atmaqdaydı. Əlimdən kitab düşmədiyindən fermada mənim payıma düşən işlərin bəzisini yarıtmasam da, tərəfdaşımız Səlbi xala da, bəzən onu əvəzləyən pinti, bulaşıqlı toyuq fermasına deyil, sanki toya, el şənliyinə gəlirmış kimi bəmbəyaz qofta və yaşıl yubkada, daranmış xurmayı, gur telləri arxadan qurşağını örtmüş gənc, subay qızı Gülnaz da heç vaxt məni danlamırdı. Onların bu sayqısı, əlindən kitab düşməyən bir gəncəydimi, yoxsa həm keçmişdə, həm də sonralar atamın qazandığı hörmətinə-nüfuzuna görəydi, indi də mənə aydın deyil. Allah onlardan razı olsun.
Mən səhər naharından sonra bağçamızda tut ağacının altında yoncalığa sərilmiş kilimin üzərində gah arxasıüstə, gah üzüüstə uzanaraq qaranlıq düşənəcən, sonrasa evdə masanın arxasında gecə saat on iki, birəcən yorulmadan ehtirasla gah imtahana hazırlaşır, gah bədii kitablar oxuyur, arada "şeirlər" yazırdım. Ucadan oxuduğum şairlərin şeirlərini bağçamızda göy maş-lobya dərən, baş örtüyü ağ şamaxılı-kəlağayılı nənəm dinləyib bəh-bəh deyirdi.
Həmin il Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olundum. Kolxozun toyuq fermasından aldığı "əmək günü" ailəmizin dolanışığına bəs eləmədiyindən atam, hər ay mənə pul göndərmək üçün yenə də kəndimizdən aralıda geoloji partiyanın dağ döşündə yerləşən anbarında gözətçi işləməli olur. Bütün məsələlərdə haqqın, ədalətin tərəfində olan şöhrətpərəst anamsa ərinin nə toyuq fermasında adi işçi, nə də gözətçi işləməsini özünə sığışdıra bilirdi. İnsanlardan uzaq dağın döşündə silahsız, tək-tənha gecə növbəsində olan atamın gözünün qabağında cin-şəyatin göründüyünü, qarmaqarışıq, əcayib-qəraib səslər eşidərək eymənib qorxduğunu anam mənə deyəndə, bir oğul olaraq fərsiz, yaramaz, nankorluğumdan xəcalət çəksəm də, böyük şair olmaq, şöhrətlənmək azarına tutulduğumdan qanımıza, ruhumuza hopmuş mentallığımıza uymayan dikbaşlıqla "yaşınızın bu vaxtında bu qədər uşağı neynirdiz, öz günahınızdı, çəkin" deyib aramızda pərdə olduğundan atamı deyil, anamı suçlayırdım.
Universitetin Filologiya fakültəsinin birinci kursunu bitirib çantamda Rəsul Rzayla, Nazim Hikmətin şeir kitabları yerə-göyə sığmadan, qoltuğumda qarpız evimizə qayıtdım. Günlərin bir günorta çağında nənəm eyvanımızdakı qapısı açıq mətbəxdə mənə ballı qayğanaq bişirəndə "Nənə, eşidirsənmi məni" sualıma: - Qulağım səndədi, - dedi. Mən bir az da uçadan Nazim Hikmətin qabaqca "Kərəm kimi", ardınca "Çeviz ağacı" şeirini pafosla türkiyə ağzıyla oxuyub: - Necədi, nənə? - soruşdum. Nənəm gözünü tavadan çəkmədən, başını bulaya-bulaya: "Kopolu, yaman yazıb, kimindi?" deyəndə, savadı olmasa da yüksək hissiyatlı, duyğulu, gözəl musiqini, gözəl şeiri, ümumiyyətlə, gözəlliyi fəhmən duya bilən, bədahətən özündən dərin məzmunlu bayatılar qoşan nənəm bir il oncə mənim quraşdırdığım hissiz, duyğusuz, quru, didaktik "şeirləri" məni ruhlandırıb həvəsləndirmək üçün təriflədiyini anladım.
Başının üstündəki göydən çooox-çox uzaq göylərdə güclə eşidilən sönük göy gurultusuna bənzər o quru, didaktik "şeirlərdən" sonra Bakıdakı öncə Rəsul Rza, sonrasa Nazim Hikmət, sonrasa dünya poeziyasının havası bir tufan kimi... yeri, göyü lərzəyə gətirən Atilla, Çingiz xan qoşunutəkin mənim üstümdən, daha doğrusu, ruhumdan keçdi. Mən uzun illər alışdığım neft çırağımızın ətrafa saldığı zəif işığından sonra ilk dəfə beşlampalı elektrik çilçırağımızın altında böyük işıq selində rəngbərəng karandaşlarla "yaratdığım (!)" Avstraliya qitəsi boyda nəhəng sevincimlə, aşıb-daşan eşqlə düzəltdiyim kitab rəfim, yonub şüşə qırığı, narın dişli törpüylə cilaladığım qəlyanım, çömçəm ... söyüd, dağdağan, gərməşöy şivlərindən hördüyüm gilas, ərik, şəftəli, barama yığmaq üçün müxtəlif ölçülü səbətlərim, qarağacdan düzəltdiyim klassik rus "tapor"una oxşar əyrimçə balta sapım (sapın "S"vari əyriliyi baltanın kəsərliyini daha da artırır), hələ bunların hamısından öncə yaylağa qalxan yolun Ağılgüz deyilən yerində, əjdaha ağzı kimi açılaraq, adamın bədənini ürpəşdirib vahiməyə salan uçuruma sarı uzanmış, hələ bircə ad, bircə hərf yazılmamış dəc, sığallı, şumal budağında qorxudan bədənim əsə-əsə hamıdan, sevdiyim qızdan da gizli adlarımızın baş hərfini xəttat səliqə-səriştəsiylə bıçaqla oyduğumu... dağdağının gövdəsinə, başqa budaqlarına əyri-üyrü, dolaşıq, pinti yazılmış onlarca bütün adlardan, hərflərdən aralıda mənim yazdığımın daha gözəl görünməsi, illər ötsə də o əlçatmaz, qorxunc "mənim budağıma" kiminsə cürət edib adlaya bilməməsinin sevinci... Bakıda gecəqondu evimizin qonaq otağının bir divarındakı kubik daşın üzərində bir həftəyə iskənəylə oyduğum (həyat yoldaşımın etirazına, evin səliqə-sahmanını pozduğuma görə məni qınamasına məhəl qoymadan) şaha qalxmış dəlisov at barelyefin sevinci... xəbərim olmadan canımdakı bir-birinə qarışmış bu fərəh, bu uçuşum, sanki bir gecəboyu quşbaşı yağıb yeri-yurdu altına alıb şəklini, formasını dəyişmiş bəmbəyaz yumşaq qarın altında yad bir aləmdim. Ancaq bu soyuq, qalın, yumşaq qar örtüyü deyil, adamı dadlı-dadlı xumarlandırıb şirin-şirin məst edən ipisti söz, poeziya dalğası, ehtiraslı ədəbiyyat örtüyüydü. Buna, "rəssamlığıma" dönüklük demək olarsa, onda mən dönük, vəfasızın lap yekəsiymişəm.
Şeir dərnəyində ilk dəfə "Janval-Jana oxşar ağaclarımız" şeirimin bəyənilməsinin sevinci... Bir çap vərəqlik ilk şeir kitabımın nəşrinin sevinci. Sonra ikinci, üçüncü şeir kitablarımın nəşri. Radioda musiqi fonunda səslənən şeirlərimin sevinci. Ədəbiyyatşünasların haqqımda yazdıqlarının sevinci... Sonra ilk nəsr kitabımın sevinci. Dalbadal doğulmuş hekayə, povest, esse, romanlı kitablarım. Şeirlərimlə müqayisədə nəsrim (Bazarlıq, Solfecio dərsi, Quyruq, Qəmərlidən keçən qatar, Gül yağışı, Son döyüş) daha çox öygüləndi, özü də ədəbi camedə seçilib sayılan tənqidçi, ədəbiyyat biliciləri, ustad yazıçılar tərəfindən. Boğazının altına tumar, sığal çəkilən pişiyin, atın duyduğu xumarlığa, həzzə, ləzzətə bənzəyirdi eşitdiyim təriflər. Özümünsə ən çox bəyəndiyim "Mismar", "Söz havası" hekayələrim, "Su qohumluğu" essem haqqında bir xoş söz eşitməyəndə ərköyünləşməkdə olan könlümə-mənimə sulu qarlar yağırdı.
Uzun illərin təcrübəsindən sonra sözlərin dadını, tamını, qoxusunu, rəngini, bir-biriylə doğmalığını, mehriban qonşuluğunu, yaxud yadlığını, bir-birinə yovuşmadığını duyduğum vaxt, bənzətmə, təşbeh, söz birləşmələrinin, cümlələrin təhər-tövrünə, hal-xasiyyətinə yetərincə bələd olduğum çağda, bir sözlə, Sözə tutulduğum bir vədədə, yetmiş beşimdə, elə bil əzəmətli "Qız qalası", "Möminə Xatun" türbəsi, İtaliyanın "Pizan" qülləsi boyda bir fırça gözlənilmədən qarşımda oynamağa başladı. Cilvəli boyalar göy qurşağına dönüb içimə axdı, bir kəmənd kimi beliməmi dolandı, al-əlvan nazik simlərdən hörülmüş bir tor, xəbərim olmadan məni içinə aldı. Ancaq sonra soyuq başla baxanda bəlli olur, bu miraj, bu ilğım kimi görünən olay heç də gözlənilmədən, birdən olmayıb. Sən "Qobustan" gözəl sənətlər dərgisində işlədiyin iyirmi il ərzində miniatür məktəbinin yaradıcılarından Ustad Sultan Məhəmməd, onun oğlu Məhəmmədi, Mir Seyid Əli, Müzəffər Əli... sənətindəki incəlik, zəriflik, dünyaca ünlü Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Rasim Babayev, Mircavad Mircavadov və Tərlan Şıxəliyev, Çingiz Əziz, Kamal Əhməd, Nağdəli Əliyev, Elçin Muxtar, Fərhad Xəlilov emalatxanasındakı, yaxud sərgisindəki tabloların allı-güllü boyaları, rənglərin qoxusu... kitabların sığallı ipək vərəqlərində intibah və çağ sənətçilərin yaratdığı mükəmməl kompozisilər, Rembrantd rəsmlərindəki boyaların iç-içə qaynayıb qovuşması, müxtəlif rənglərin min ilin həsrətlisi kimi birləşib doğmalaşması, qan qohumuna çevrilməsi... impressionçu rəssamlardan Sezan, Klod Mone, Eduard Mane, Van Qoq rəsmlərindəki ilahi ecaz... monumentalçı Sikeyros, Orosko tablolarının, Qobustan qayalarının nəhəngliyi, o qayaların yanağında min illər öncə oyulmuş döyüş təsvirlərindən gələn qarışıq səslər, latış Salaspilis heykələrinin azmanlığı və o azmanlıq boyda xofu, ağrısı, əzab-əziyyəti yüzlərlə gül-çiçəkdən arının ayağına yapışmış gül tozu kimi sənin yaddaşına, ruhuna qatbaqat, qalaq-qalaq yığışırdı. Aylarla, illərlə sənin ruhunda bərq vuran al-əlvan boyalarla yaradılmış sehrli qadın gözəlliyi min kilometr uçaraq çiçəkdən çiçəyə, güllərdən gülə qonub topladığı bir qram təbərrik bala bənzər. Demiyəsən, sənin içindəki "Afrika sevincin" uzun zamanın dərin qatlarında öləziyib sönmək əvəzinə, o dərinlikdə "Qobustan" gözəl sənətlər dərgisindəki mühitdən günbəgün, aybaay zərrə-zərrə, qram-qram, misqal-misqal güc, enerji alaraq qaynayırmış. Sənin şairliyinin, nasirliyinin alt qatında yazarlığından da öncə öz-özündən güc alıb qaynayan rəssamlıq sevgisi varmış. Bu ehtiras Bakının parklarında, Abşeronun Mərdəkan, Bilgəh, Buzovna, Nardaran, Pirşağı və Şıx çimərliklərinin odlu Qızıl qumuna, Qara dənizin Göytəpə (Koktobel) çimərliyinin bədəni həm də dalayıb masaj edən balıqqulaqlı ətəyində, Baltik dənizinin qırağında sərin (güneydən gəlmiş qonağı üşüdən) bəyaz qumlarına uzanmış adamlara, (daha çox qadınlara) baxıb oğrun-oğrun (əslində, həm də onların diqqətini guya rəssam olaraq özünə cəlb etmək ürəyindən keçirdi) qara karandaşınla cib dəftərçəndə hər dəfə eskizlər edəndə büruzə verirdi. İçindəki bu enerjin gah bir dövlətin ayrı-ayrı ərazilərində baş tutsa da, sonradan yatırılmış mitinqlərə, gah da bir sayaq yerin dərin qatlarında darıxdığından anbaan gərilib bayıra can atan qızmış, gözü qan tutmuş öküzə, çöldəsə güclə duyulan iki-üç ballıq zəif zəlzələ təkanına bənzəyirdi.
Baltik dənizinin sərin suları dizinə çatanda üşüdüyündən, hətta titrədiyindən irəliləyib dərin sulara baş vurmadan "bilsəydim belə soyuqdu, gəlməzdim" peşmanlıqla qayıdıb sərin, bəyaz qumluğa uzansan da isinə bilmədin. Geyinib Riqaya qayıtmaq istəyəndə, qarşında dizüstə oturub sənə baxan saçı dibindən qırxılmış sarışın qadın başının, ümumiyyətlə, insan kəlləsinin yumurtavari olduğunu (başın yuxarısından çənəsinə sarı daraldığını) ilk dəfə kəşf edəndə sevindiyindən üşüməyini unutdun. Həmin gün çılpaq bədənlərə baxanda, sanki kağız üzərində çəkilmiş düz xətlərin haracan uzanıb harda bitdiyini, harda qövsvari əyildiyini, yaxud birdən sındığını "görə biləndə" çooox-çox sevindin...
...Tanınmış sənətşünas Ziyadxan Əliyevin yetmiş illik yubiley gecəsi Bakının Vəcihə Səmədova adına sərgi salonunda qeyd olunan gün, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov mənə söz verəndə iynə atsan yerə düşməyən qələbəliyin qarşısındakı çıxışımın bir hissəsini burdaca yad etmək, məncə, yersiz olmaz:
- Tanıyıb-tanımadığım, fərq etməz, mənə doğma olan bütün rəssamlar, tişə ustaları, sizləri, bu soyuq qış günü yaşam mühitimiz ağır, gərgin, yoxsul durumunda sizlərin və yaratdığınız əsərlərin işığına, hərarətinə, gözəlliyinə gələn bütün sənətsevərləri salamlayır, alqışlayıram! Çəkinmədən sizlərə bir etirafımı demək istərdim. Zaman-zaman dünya rəssamlığının yaratdığı şedevrlər bir yana qalsın, görüb tanımadığım adamın uzun saç-saqqalı, boya ləkəli sadə geyimi, çiynindən asılmış etüd çantası, yaxud təbiətin bir guşəsində molbert arxasında dayanıb tablosuna baxıb gözünü qıyması, irəli-geri addımlaması, əlindəki fırçası, o sehrli fırçayla tablosuna bircə kərə yaxı yaxması da, pələsəng geri çəkilib vurduğu həmin "mazoka" aralıdan baxması, palitrasındakı uşaq sevinciylə oynaşıb qışqıran al-əlvan boyaları, başındakı biretin ortasında antenə (yeniyetmə çağımda elə bilirdim rəssamlara ilham, istedad, yaratdıqları gözəllik o "antennən" ötürülür) bənzər çıxıntının göyə dirənməsi... yeniyetmə çağlarımda olduğu kimi indinin özündə də məni əfsunlayıb sehrlədiyindən, rəssamlığa və rəssamlara aşiq olduğumdan, bir də gördüm yetmiş beş yaşımda (!) onları yamsılamağa başlamışam...
Rəssamları yamsılamağımın artıq altıncı ilidir. Bu yaşımda bir oturuma iki-üç saatdan artıq kitab oxumağa, yaxud yazmağa gücüm və həvəsim yetmədiyi halda, kətanın qarşısında boyaların, onları açıb duruldan mayenin-razbavitelin kəskin iyini uda-uda, gündə bir nəfəsə altı-yeddi saat işləyə bilirəm. Tabloda məsafə-perspektiv, yaxınlıq-uzaqlıq deyilən fəndlərdən bir-ikisini yenicə öyrənsəm də, boyaları bir-birinə yedirtməyi, aralarındakı sərhədi adladaraq bir-biriylə barışdırıb doğmalaşdırmağı, bir-birinə qovuşdurmağı heç cürə baçarmıram ki bacarmıram. Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmiş, məndən otuz beş-qırx yaş kiçik Anar bəydən "nə qədər yalvarsam da boyalar sözümə baxmır, onların dilini mənə öyrədə bilərsənmi?" deyəndə o: - Azər müəllim... "onun sözünü kəsərək, axı mən sənə bəy deyirəm, bacarsan sən də mənə və söz demək istədiyin bütün kişilərə "bəy"lə müraciət elə, deyəndə müəmmalı gülümsündü. Fikrimə aydınlıq gətirmək üçün: "Bu sözü, bir yannan dilimizdə işlək hala salıb qulaqları alışdırmaq, onu doğmalaşdırmaq, bir yannan da qarşındakı adamı şərəfləndirmək, yüksəltmək üçün "mən məktəbli oğlana da, çəkmə silənə də, yol süpürən kişiyə də bəy deyirəm". Anar bəy başını tərpətməklə fikrimlə razılaşdığını bildirib gülümsünərək sözünə davam elədi: "Azər bəy, mən onların (rənglərin - A.A.) dilini öyrənmək üçün iyirmi il yol keçmişəm... Birdə ki, siz... birdən-birə rəssamlığın ən çətin portret janrına üz tutmusunuz, burda rəngləri vermək böyük təcrübə, səriştə istəyir..." deyəndə "iyirmi il gözləməyə səksən yaşlı adamın vaxtı hardandı... bəlkə də iyirmi ilə qazandığı bacarıq və təcrübəsini müftə-nisyə satmaq istəmir" fıkri ağlıma gəldi. "Uçağı, mersedesi bugünkü işlək vəziyyətə gətirən insanlıq min ildən çox zaman adlasa da, onları idarə etmək üçün indiki adama bir-iki, yaxud üç-dörd ay gərək olur" fikrimi deyərəmsə, üzlülük kimi qəbul edəcəyindən ehtiyatlanıb susdum.
Yazıçılığıma dönüklüyümü, dönüklük nədi, lap xəyanətimi təəssüflə düşünəndə, maddi baxımdan imkanlı olub mətbuatda işıq üzü görən yazılarımın birini də gözündən qaçırmayıb oxuyan, həmişə mənə geniş ürəklə qol-qanad verən bir dostumun dediyini "adamın öz qadını nə qədər müqəddəs, dünya gözəli olsa da, bir vaxt ötəndən sonra harama getməyin (başqa qadının yanına - A.A.) öz dadı, öz şirinliyi, ləzzəti var" xatırlayıram.
Oğlumun, diqqətini çəkən mövzuların linkini hərdən mənim emailimə göndərmək adəti var. Bu səfər göndərdiyi məşhur yazıçıların rəsm əsərləriydi: Yohan Volfqanq Höte, Viktor Hüqo, Marsel Prust, Herman Hesse, Zelda Ficerald, Henri Müller, Frans Kafka və dörd nəfər də tanımadığım amerikan yazıçısı... On bir yazıçının çəkdiyi rəsm əsərlərini həyəcan və diqqətlə dönə-dönə gözdən keçirirəm. Sevinc, həyəcan içində tələsik gəlib mətbəxin qapısından "Alpay, Nazim Hikmətin adı bu siyahıda niyə yoxdu? Onun yağlı boyayla çəkdiyi rəsm əsərləri bunların hamısınkından yaxşıdı. Yekə çıxmasın, mənimkilərsə hamısından, hətta Naziminkindən da yaxşıdı..." deyirəm. Alpay kompüterdən gözünü çəkmədən başını tərpədir. Onun biganəliyi (dediyinə görə, rəssamlıqdan başı çıxmır) azca da olsa məni kədərləndirir. "O görkəmli yazıçılar mənim kimi səfeh, yelbeyin deyildilər ki, doğma yazıçı vətənlərindən ayrılıb beş ilini (!) tanımadıqları enişli-yoxuşlu, dərə-təpəli çöllükdə, yol-yolağasını tanıyıb bilmədiyi cəngəllikdə azdırsınlar...".
Yaşımın ahıl, yetmiş beşində yazının nə olduğunu, cikinə-bikinə nisbətən bələd olduğum bir vaxtda gendən gözəl, cazibəli görünən sənətin bambaşqa, mənə yad ərazisinə girməyim, təkcə özümə deyil, müqəddəs ədəbiyyata xəyanət oldu. Sənə əvəzolunmaz dəyərli pay kimi Verilən roman mövzusunun möhtəşəmliyi gözünümü qorxutdu? Sən uzaqlardan gələn əcəl zənginin səsini eşitdiyinə, ömür payının sona yaxınlaşdığını duyduğunamı, yoxsa gücünün tükəndiyinə görəmi, sənə əziz olan o azman roman mövzusunun yol xəritəsini tələm-tələsik birinci sırada oğluna danışdın. "Bu, mənlik deyil" oğlum bilgisayarın ekranından gözünü çəkmədən tələsik deyəndə, o gözəl mövzunun səninlə birgə ömrün boyu qorxduğun o dar, qaranlıq məzara gömüləcəyindən dəhşətə gələrək, həmin axşam bilgisayarın facebookunda, geniş xəritəsilə birgə roman mövzusunu min manata satmaq istədiyini elan elədin. Sənə gülüb rişxəndlə "ədəbiyyatı ticarətə çevirməyimiz qalmışdı..." yazanlar oldu, müdafiə edib "rüşvətlə, fırıldaqla ki məşğul olmur, öz beyninin, ağlının halal məhsuludu..." deyənlər oldu. Mövzunu min manata satmaqda məqsədim "pul verən məcbur olub yazmalıdı" düşüncəmlə bağlıydı. Altı yüz, altı yüz əlli səhifəlik, bəlkə də min səhifəyə çatacaq o roman nəzərdə tutduğum səviyyədə olsaydı, onu satası olsaydım, son dəyərini milyondan aşağı qoymazdım. İstedadına, etibarına inandığım, özüm kimi onun da doğulub boya-başa çatdığı yurdunun işğal olunduğu yazar dostumla görüşəndə satmağı, pul söhbətini dilə gətirmədən, o romanı yazmaq üçün düzəltdiyim xəritənin bəzi detallarını ona danışdım. "Müəllim, maraqlı mövzudu..." deyəndə onun üzündə oynaşan nur, səmimiyyət içimi işıqlandırdı. Mən coşqunluqla öncə Servantesin "Don Kixot", Herman Melvilin "Bəyaz balina" romanlarını, Heminqueyin "Qoca və dəniz" hekayəsini, Daniel Yerginin iki cildlik Neft fəlsəfəsi kitabını diqqətlə oxumasını dedim. Mənnən də yaxşı bilirsən, hələlik dünyanı idarə edən neft maraqlarıdı, dedim. Ötən yüz ilin əvvəllərindən bu günəcən neftin məmləkətimizə gətirdiyi xoşbəxtlik və bəlalar... İkinci Dünya müharibəsində Azərbaycan neftinin rolu. Şaxtada donmayan neftin ilkin Azərbaycanda kəşfi. İkinci Dünya savaşında rusların qələbəsi donmayan neftin hesabınaydı, qədrimizi bilmədilər, haramları olsun...
German Melvilin "Bəyaz balina" (Belıy kit) romanının baş qəhrəmanı bərkdə-boşda sınanmış, istənilən çətin vəziyyətdən çıxa bilən diversant kimi çevik, iradəli, cəsarətli, inadcıl çolaq kapitan Ahab və ağlagəlməz dərəcədə özündən güclüylə vuruşan Don Kixot... yaxud bütün ömrü boyu Tanrının ona verdiyi ən nəhəng payı-balığı dartıb evinə gətirmək istəyəndə, bir sürü köpək balıqlarla vuruşan qoca balıqçı kimi sənin yarı mistik, yarı real qəhrəmanın bəzən təkbaşına, ruhdan düşmədən inadla vuruşur...
Başqa qələm dostumla görüşdüm. O, ədəbi camedə daha çox tanınırdı. Hər statusda olan insanlarla onun əlaqəsi genişdir. Həm də iqtidaryönlüdür. Araşdırma bacarığı yüksəkdi. Ancaq mistik yazıları qəbul etmir. Məni dinlədikcə neftlə bağlı bildiklərini əlavə edir "Maraqlı mövzudur. Ancaq..." deyib susur...
***
...Dincəlmədən hər həftənin yeddi gününün səkkiz saatını rəssamları yamsılamağa sərf elədiyimin artıq altıncı ilidir. "Hazır struktur və süjetiylə, bütün detalları, boyaları, bütün genişliyilə yalnız və yalnız sənə Bağışlanan, ölçüyəgəlməz dəyəri olan o payın, o mövzunun qədrini bilmədiyindən indi yana-yana qal. Sən həm də rəssam kimi tanınmaq iddiasındaydın, cəzandır, çək. Sevgiylə, səxavətlə pay kimi sənə Ötürülən Vətən ağrı-acısıyla yüklü o geniş, zəngin, dolğun, möhtəşəm mövzunun yarısını yox, heç bir faizini də qələm dostlarına çatdıra bilmədin. Onlardan inciməyə haqqın yox...".
- Bilsəydim innən belə beş il də yaşayacam?..
- Mənimlə ömür sövdələşməsi edirsən? Hamı kimi vaxtında sənə də ağıl və şans verdim. Ancaq sən yolunu azanlardansan...
- Azmağa qoymayaydın...
- Səni azad, müstəqil yaratdım...
- Bəlkə...
- Yox, artıq gec! Sən tükənmisən, artıq yenilmisən...
Avqust, 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!