Ukraynada Qarabağ mövzusuna həsr edilmiş antologiya nəşr edilib

 

Ukraynada "Dmitro Buraqo" Nəşriyyat Evində Qarabağ mövzusuna həsr edilmiş roman, povest və hekayələrin toplandığı "Bayraqdar" antologiyası nəşr edilib. ("Bayraqdar" Xalq yazıçısı Elçinin məlum mövzuya həsr olunmuş povestinin adıdır).

 Antologiyada Elçinin, Məmməd Orucun, Azər Abdullanın, Elçin Hüseynbəylinin, Günel Anarqızının, Vaqif Sultanlının, Kamran Nəzirlinin, Samirə Əşrəfin və Mirmehdi Ağaoğlunun əsərləri toplanıb. Antologiyaya ölkəmizin Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Xalq yazıçısı Elmira Axundova geniş və məzmunlu "Ön söz" yazıb. Nəşrə Azərbaycan Respublikasının Xarkovdakı fəxri konsulu Əfqan Salmanov dəstək göstərib. Antologiyanın tərtibçilərindən biri Səlim Babullaoğludur.

Azərbaycan Respbulikasının Prezidenti İlham Əliyevin qələbə müjdəli sözləri ilə başlayan “Ön söz” yazısını Xalq yazıçısı, ölkəmizin Ukraynadakı Fövqəladə və Səlahiyyətli Səfiri Elmira Axundova bu sözlərlə bitirir: “... Qarşımızda Qarabağ savaşından bəhs edən əsərlərin toplandığı kitab var. Daha doğrusu, müharibənin yandırdığı talelərdən, bu savaşda hər şeyini, doğma torpağını, doğma ocağını, yaxınlarını itirən insanlardan bəhs edən kitab. Amma bu adamlar əsas şeyləri qoruyub saxlamışdılar- insan ləyaqətini. Doğma torpağa olan qarşısıalınmaz sevgilərini. Bu sevgi isə Vətən müharibəsinin 2020-ci ildəki 44 günü sübut elədi ki, möcüzələr yaratmağa qadirdi. Hesab edirəm ki, bu mütaliə heç də asan olmayacaq. Amma asan olmasa belə, olduqca vacib, öyrədici olacaq...” İlk növbədə, səfir Elmira Axundovaya bu vacib təşəbbüsə və gözəl layihəyə görə təşəkkür edən, antologiyanın tərtibçilərindən biri, Bədii Tərcümə Mərkəzinin sədri Səlim Babullaoğlu hesab edir ki, Azərbaycan-Ukrayna ədəbi əlaqələrinin son illərdəki intensiv əməkdaşlığına ciddi töhfə olan bu nəşr sonuncu olmayacaq, Qarabağ mövzusunda ədəbiyyat müstəvisində Ukraynada daha başqa işlər görüləcək...

 

Allahverdi Şahbazov

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!