Mən o filmə ürəyimi qoymuşdum... - "Dördüncü divar" layihəsinin qonağı İlqar Nəcəfdir

O, ilk dəfə kamerasını çiyninə alıb film çəkmək qərarına gələndə ən yaralı insanların toplaşdığı məkana üz tutdu. Çadır şəhərciyinə... Tarı sinəsinə sıxıb ağlamaqdan özünü güclə saxlayan oğlanın, uşaqlığını, gəlinciklərini həyatın amansız caynaqlarına qurban verib anası yaşda qadınlarla un almaq növbəsinə dayanan qızın, darağı çıxmış əlləri ilə komasının divarına palçıq yaxan qarının gözləri ilə boylandı kino dünyasına. Bu boylanma həm də onun öz qaçqın taleyindən irəli gəlirdi. Həmin talenin davamında kinodan müvəqqəti uzaqlıq, daha sonra gözlənilən gəliş və uğurlar da vardı. Bu gün “Nar bağı” filmi həmin uğurun ən bariz nümunəsi idi.

- "Kölgəsiz komalar", "Buta", "Teatral həyat" və nəhayət, "Nar bağı" filmi... Kinoda sözünüzü deyə bildinizmi? Və yaxud da deyə bilirsinizmi?

- "Nar bağı" filminə qədər ən çox ürəklə yanaşdığım ekran işim "Teatral həyat" olub. Söz demək bir az ciddi mövzudur. Amma sizə deyim ki, "Nar bağı" filmi ilə öz yolumu tapmağa çalışdım. Həm də daha cəsarətli oldum.

- İlk qısametrajlı filminiz isə "Kölgəsiz komalar" olmuşdu. Bu film qaçqınların həyatından, məişətindən bəhs edir. Öz taleyinizin bu filmin ilk film olması ilə bir bağlılığı vardı?

- Mən başqa sənət növlərindən yox, məhz kinonu nəzərdə tutub deyə bilərəm ki, burada maddi imkanlar məhdud olanda insan bir az asan tərəfə can atır. Bu baxımdan "Kölgəsiz komalar" sənədli filmi mənim özümün imkanlarım çərçivəsində lentə alınmış filmdir. Mövzuya gəldikdə isə haqlısınız. Özüm də qaçqınlıq həyatı yaşadığım üçün gedib onlarla birgə yaşamaq, onların iztirablarını, emosiyalarını paylaşmaq istəyirdim. Başqa mövzular da vardı. Onları da seçə bilərdim. Amma mən özüm qaçqınlıq mövzusuna tərəf üz tutdum. İndi qırx iki yaşımda o filmə baxanda təbii ki, müəyyən nöqsanlar tuturam. Amma gənc yaşda xeyli məhdudiyyətlər, sıxıntılar içərisində çəkilən film üçün bəlkə də o qüsurlar normal idi.

- Bəs hal-hazırda Qarabağ müharibəsi və Azərbaycan kinosu barədə nə düşünürsünüz?

- Bilirsinizmi, mənə belə gəlir ki, müharibə mövzusu bir az intim mövzudur. Hamı bu mövzuda çəkir deyə mən də çəkim fikri ilə sənətə yanaşsaq, bu təbii alınmayacaq. Bu cür mövzulara bir az individual və həssas yanaşmaq lazımdır. İnsan özü istəməlidir, həmin mövzu onun öz içindən gəlməli, yetişməli və onu narahat etməlidi ki, bu mövzuda ürəklə işləyə bilsin. Yoxsa sifarişçi istəyi ilə Qarabağ mövzusunda film çəkmək lazım olsa, burada sənət baxımından yaxşı film alınıb-alınmayacağı bir az sual altındadır.

Təbii ki, bir insan kimi müharibə, insanların itirdikləri, yaşadığı ağrı-acılar məni narahat edir. Amma rejissor kimi bu fikir hələ mənim daxilimdə oturuşmayıb, yetişməyib ki, oturub bu gün nəsə bu haqda ssenari yazım.

- Belə fikir də var ki, müharibə mövzusunun istər ədəbiyyatda, istərsə də kinoda yaxşı islənməsi üçün üzərindən otuz, qırx il zaman keçməlidir...

- Mən bu fikirlə tam razıyam. Çünki özüm də müharibə gedən zaman, müharibədən az sonra və uzun illər ötəndən sonra çəkilən filmlərin arasındakı böyük fərqi hiss etmişəm. Müharibənin ortasında çəkilən filmdə emosional yanaşma olduğundan ordan sənət nümunəsi gözləmirəm. Çünki ən azından emosiyalar imkan vermir ki, nəsə edəsən. Müharibənin üzərindən az vaxt ötəndən sonra çəkilən filmdə də ola bilsin nəsə etmək olar. Hərçənd ki, buna da bir az şübhəm var. Ancaq bəlli bir zamandan sonra illərin arxasından soyuq başla, müşahidələrlə, ədəbi, tarixi araşdırmalarla yaxşı sənət əsəri ortaya qoymaq olar.  

- İlqar bəy, teatra münasibətiniz necədir?

- 1997-ci ildə biz universiteti bitirəndə əslində biz diplom işi üçün film çəkməliydik. Həmin dövrdə isə bu çox çətin idi. Kamera yox, pul yox, universitet də heç bir dəstək vermirdi. Bu baxımdan belə qərara alındı ki, biz də teatr rejissorları kimi diplom işi üçün tamaşa təhvil verək. Çox maraqlıdır ki, o zaman mən seçimimi Çexovun hekayələrindən etdim. Demək ki, şüuraltında həmişə Çexov nəsri, yaradıcılığı ön planda olub. Tamaşanı təhvil verəndə qəbulda Eldar Quliyev də, Cəmil Quliyev də iştirak edirdilər. Sizə deyim ki, həmin tamaşa çox uğurlu alındı. Hətta Cəmil Quliyev qeyd etmişdi ki, universitet tarixində bir neçə yaxşı tələbə işindən biri də məhz mənim tamaşamdır.

O zaman məndə teatra müəyyən bir həvəs yarandı. Ancaq sonralar teatrdan, ümumiyyətlə, sənətdən uzaq düşdük. Dolanışıq ardınca getdik. Teatra qarşı da tədricən soyuqluq yarandı. Geri qayıdanda isə artıq kinoya qayıtdım.  Yəni demək istədiyim odur ki, teatr mənə mənən o qədər də uzaq deyil. Bəlkə də kino ilə bağlı imkansızlıq, məhdudiyyət olsaydı, teatra gedərdim. Bir məsələni de deyim. Mənim teatr rejissorlarına böyük hörmətim var. Həm də teatr tamaşası hazırlamaq da o qədər asan və sadə iş deyil. Bunun da öz qaydaları, incəlikləri var. Amma şükürlər olsun, kino üçün maddi imkanlarım olduğuna görə teatr məndə bir az ikinci plandadır. Yəni teatr yaradıcılığı haqqında düşüncələr heç yoxdur deyə bilmərəm... Bir də görərsiniz ki, İlqar Nəcəf on ildir film çəkmir, amma teatrda tamaşa hazırlayır.

- Bayaq Çexovdan söhbət açdınız. Ümumiyyətlə, ədəbiyyata, rus ədəbiyyatına, Çexov yaradıcılığına münasibətiniz maraqlıdır.

- Universitetdə oxuyanda bizə Qərb ədəbiyyatından İbabə adlı müəllimə dərs deyirdi. Mənim ədəbiyyata olan bağlılığımı bəlkə də orta məktəb müəllimlərimdən çox İbabə xanım yaratdı. Biz hər il yay tətilinə gedəndə o, bizə kitab siyahısı tərtib edirdi ki, həmin kitabları oxuyaq. Özü də qəddarcasına xeyli kitab adı yazırdı ki, ən azından fiziki cəhətdən çətin olurdu.

Amma bütün kitabları tapıb oxuyurdum. Rus ədəbiyyatına gəldikdə isə, onu deyə bilərəm ki, rus ədəbiyyatına yaxından bələdəm. Rus ədəbiyyatında mən sözün əsl mənasında Bunindən, Dostoyevskidən, Çexovdan, bir də Tolstoydan zövq almışam. Uşaqlığımı, kənd həyatımı, yeniyetməlik illərimi rus nəsrində tapmışam. Sanki mənim yaşadıqlarımı, gördüklərimi birisi mənə çox gözəl formada danışıb, nəql edib. Çexovun özəlliyi isə ondadır ki, kiçik adamların faciəsini çox gözəl formada təsvir edir. Hər yazıçı bunu bacarmır. Bu baxımdan ola bilər ki, bundan sonra hələ bir neçə filmimdə yenə də Çexov yaradıcılığına müraciət edim.

- Tez-tez xarici ölkələrdə olursunuz. Sizinlə müsahibənin vaxtını təyin edəndə də Hollandiyada festivalda idiniz. Elə götürək Hollandiyanı. Ordan Azərbaycan sizə necə görsənir?

- Hollandiyadan Azərbaycana baxış bir az radikal baxışdır. Mən öz ölkəmə, millətimə qarşı o qədər qəddar ola bilmərəm (gülür).

Amma sirr deyil ki, elə bir dövr oldu ki, mədəniyyətimizdə, ədəbiyyatımızda müəyyən deqradasiya getdi. İnsanlar sənətdən, teatrdan, kitabdan uzaqlaşdılar. Bunun səbəblərini mən demək istəmirəm. İndi də həmin proses davam edir. Amma şükür Allaha ki, elə kəskin formada deyil.  Ölkədən uzaqlaşanda, kənara çıxanda bütün bu mənfilikləri, aşınmanı daha aydın şəkildə görürsən. Adam istər-istəməz fikirləşir ki, axı otuz-qırx il bundan əvvəl bu ölkədə ciddi musiqiçilər, rejissorlar, yazıçılar olub. Bəs indi nə baş verir? Təbii ki, səbəblər o qədər gizlin, yeddi qapı arxasında deyil.

Hollandiya ilə Azərbaycanı müqayisə etmək istəmirəm. Yaxşı tərəfləri də var, pis tərəfləri də. Son festivalda Hollandiyada mənim filmimi dörd dəfə göstərdilər. Mən nümayişin dördündən ikisində məcburən iştirak etdim. Adətən iştirak etmirəm. Amma filmin sonunda tamaşaçı ilə sual-cavab olacağından iştirak etməli oldum.

"Buta" filmi çəkiləndən ta bu günə kimi bir çox ölkələrdə, festivallarda olmuşam. Kinoya çox həssas, ciddi yanaşan tamaşaçılarla rastlaşmışam. Adətən təkcə mənim filmim yox ümumiyyətlə, başqa filmin titrləri görsənən kimi tamaşaçılar zalı tərk ediblər. Amma Hollandiyada filmin titrinin sonuncu nöqtəsi görünənədək bir nəfər qalxıb salonu tərk etmədi. Əvvəl elə bildim bu təsadüfdür. İkinci nümayişdə də bunu görəndə sadəcə olaraq onların tamaşaçı mədəniyyətinə valeh oldum. Yəni, həmin salonda ərazi baxımından bizdən bir dəfə kiçik olan Hollandiyanın modelini gördüm. İndi gəlin qayıdaq bizim ölkəyə və tamaşaçılarımıza...

Nizami kinoteatrında tamaşaçılar müəllif filmlərinə gəlmirlər. Bu azmış kimi, hələ nümayişləri səhər seanslarına da salırlar. Axşam seanslarında isə gedib əyləşib həmin mühitdə Azərbaycan reallığını və tamaşaçısını açıq-aydın görəcəksiniz. Fərq budur.

Amma mən qəti şəkildə ümidsiz deyiləm. Əminəm ki, Azərbaycan teatrının, kinosunun itirdiyi tamaşaçılar yenə geri qayıdacaq. Ən azından bir genetika var. Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov da bu xalqın içərisindən çıxıb. Ona görə də ümidsiz deyiləm.

- "Nar bağı" uğurlu ekran işi oldu. Sizin üçün də xeyli əhəmiyyət kəsb edir. Sizcə, "Nar bağı"nın uğuru nədə oldu?

- Hər hansısa filmin çəkilişi bitəndən sonra filan kadrı belə çəkərdim, burda mizanı belə qurardım kimi fikirlərin yaranması normaldır. Bu baxımdan indi "Buta" filminə baxanda orada özünü tapa bilməyən, xaotik əhvalda olan rejissor işi ilə rastlaşıram. Baxmayaraq ki, mən o filmə ürəyimi qoymuşdum. Və gələn reaksiyalar da yaxşı oldu. Amma "Nar bağı"nda artıq hansı janrda çəkəcəyimi, fikirlərimi tamaşaçıya necə ötürəcəyimi, yəni belə deyək, də öz yolumu tapdım. Burda təbii ki, yaradıcı tandemdən də çox şey asılı idi. İlk olaraq film-ssenari özüm tək işlədim. Sonra Asif Rüstəmov qoşuldu. Ondan sonra isə hollandiyalı Roelof Jan Minneboonun da ssenariyə əlavələri oldu. Roelofun Qərbdən baxışı bizim üçün çox vacib idi. Yəni bu tandem çox uğurlu alındı. Və mən onu da özüm üçün müəyyənləşdirdim ki, ssenari bir adamın işi deyil. Dörd adam çox ola bilər. Amma elə ssenari bir adamla, üç adam arasında həll oluna biləcək məsələdir. İkinci tandem operatorla rejissor idi. Ayxan Salar çox yaradıcı adamdır. Onunla biz ssenariyə baxarkən Ayxan filmə texniki tərəflə yanaşı, həm də yaradıcı yanaşırdı. O, mənim nə demək istədiyimi, tamaşaçıya nə çatdırmaq istədiyimi hiss etdi. Bu baxımdan ikinci tandem də uğurlu idi. Növbəti üçüncü tandem isə aktyorlarla bağlı oldu.

Ad çəkmək istəmirəm. Amma ssenarini yazarkən bir aktyoru Qabil obrazına uyğun gələcəyini düşünüb yazmışdım. Lakin proses elə davam etdi ki, mən həmin aktyoru yox, başqa aktyoru filmə çəkməli oldum. Əslində elə fikrimdəki aktyor idi. Sadəcə, bir az dəyişmiş formada. Sonra kastinq aktyorların seçimi oldu. Ən son seçim uşaq rolunda oldu. Mən son ana qədər götür-qoy etdim ki, bu uşaq idimi mənim istədiyim...

- O, idi?

- Məncə, yox. Seçimdə üç yüz, dörd yüz uşaq iştirak etdi. Həsən sadəcə o uşaqların içərisində ən uyğun gələni oldu. Sizə bir söz deyim ki, uşaq çəkimi rejissor üçün sözün əsl mənasında zülmdür.

Amma yenə də deyirəm, bu filmdə əsl tandem vardı. Aktyor heyətinin uğurlu seçimi bizim filmi daha da cəsarətli çəkməyimizə kömək etdi.

- Müsahibələrinizin birində çox az film izlədiyinizi qeyd edirsiniz. İndi söhbət əsnasında da məlum olur ki, ədəbiyyata bağlılığınız daha güclüdür...

- Özümü ədəbiyyatsız təsəvvür edə bilmirəm. Hətta ədəbiyyatsız yaşaya bilmərəm. Çox güman ki, bir neçə ildən sonra başqa rejissorlardan fərqli olaraq düz yolda olduğuma daha da əmin olacam.  Yəni öz üzərimdə işləməyi, daha yaxşı ssenarilər yazmağı kinolarla deyil, ədəbiyyatla, mütaliə ilə əldə edirəm. Bir kitabı bitirən kimi dərhal o birinə keçirəm. Arada fasilə olmasına belə imkan vermirəm. Məncə, mənim yolum düz yoldur. Və yenə də öz fikrimi deyirəm ki, çox filmə baxmaq düzgün deyil. Baxanlar göz qarşısındadır (gülür).

- İndi hansı müəllifin əsərini oxuyursunuz?

- Orxan Pamukun bütün romanlarını oxumuşam. Son olaraq indi "Qar" romanını oxuyuram. Bu gecə İstanbula gedəcəm. İmkan olsa, gedib "Məsumiyyət muzeyinə" də baş çəkəcəm. Hər halda romandan sonra o muzeyi görmək daha maraqlı olar. Bununla da mən Orxan Pamuku çözmüş oluram. Pamuk böyük yazıçıdır.

- Ən çox hansı əsərini sevirsiniz?

- "Mənim adım qırmızıdır" romanı mənim üçün birinci sıradadır. O, romanı oxuduğum zaman çox emosional, həssas olmuşdum.

- Çoxdan oxumusunuz?

- Hardasa bir il olar.

- Yeri gəlmişkən, "Nar bağı" filmindəki qadında "Mənim adım qırmızı" romanının Şəkurəsindən nələrsə var...

- Bəli. Ola bilər. Hərçənd ki, Qaranın Qabilə heç bir bənzərliyi yoxdur. Amma qadın barəsində müşahidəniz tamamilə doğrudur.

- Rejissor İlqar Nəcəf üçün aktyor kimdir?

- Ola bilər ki, bir film çəkərsən həmin filmdə sənin aktyorların təbiət olsun. Daş, qaya, ot və s. Digər tərəfdən isə düşünürsən ki, əgər aktyor varsa, nəyə lazımdır daş, qaya, çəmən? Onların da öz yeri var. Deməli aktyorlara həmişə ehtiyac var. Ən azından insan kimi...

Bir ara qocaman rejissorların hamısı deyirdi ki, aktyor yoxdur. Kimi çəkək? Qurban İsmayılovu, İlahə Həsənovanı, Səmimi Fərhadı və adını çəkmədiyim onlarla aktyoru çəkə bilərlər. Əlbəttə, istedadsız aktyorlar da var. Amma aktyora yanaşmadan da çox şey asılıdır. Akyorla gərək qardaş olasan. Onunla qarşı-qarşıya dayananda o emosiyaları, hissləri, səmimiyyəti alıb-verməyi, ötürməyi bacarmaq lazımdır.

Bəzən elə olur ki, elə cilalanmamış aktyora, lap elə adi adamların içərisindən seçilmiş adamlara ehtiyac olur. Onlarla iş prosesi uzun çəksə də, ortaya rejissorun istədiyi ifa çıxır.

Aktyor var ki, istedadı və imkanları böyükdür. Onun üçün də sağda və solda qırmızı xətlər müəyyənləşdirməlisən. Amma həmin qırmızı xəttin içərisində aktyora öz istedadını istifadə etmək üçün də  şərait yaradırsan. Baxırsan ki, aktyor səni qane edir. Amma elə aktyor da var ki, onunla hər detal üzərində işləməli olursan. Bu da müəyyən vaxt istəyir. Əsəbi gərginlik yaradır. Amma bu da olmalıdır. Çünki sənə o cür tipaj lazımdır.

Yəni aktyorlarla işləməkdə mənim üçün heç bir problem olmadı. "Nar bağı" filmində də mənim kiçik komandam vardı. Hansı ki, Əli İsa Cabbarov, Asif Rüstəmov, Ayxan Salar yanımdaydılar. Mən aktyorlarla işləyəndə Asif  monitordan baxırdı. Asif aktyorlarla işləyəndə mən monitordan baxırdım.

Böyük yox, kiçik bir komandam vardı. Çünki böyük komanda həmişə rejissorun düşməninə çevrilir.

- Hal-hazırda yeni film hazırlıqları varmı?

- Təbii ki, var. Mövzunu demək istəmirəm. Ola bilsin ki, üçüncü tammetrajlı filmimi başqa ölkədə çəkim. Mənəvi hicrət etmək istəyirəm. Hələ ki, ilkin istəyim belədir. Sonrası necə olacaq bilmirəm. Ola bilər ki, burda da çəkim. Amma daha çox xarici ölkələrin birini seçmək istərdim. Həm xoşməramlı, həm də təcrübə baxımından nələr qazana biləcəyimi müəyyənləşdirmək istəyirəm.

Söhbətləşdi:
Samirə Əşrəf


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!