"Tənhalaşan müdriklik cəmiyyətin krizidir." - ART müsahibə

Müsahibimiz əməkdar incəsənət xadimi, yazıçı, rejissor Orxan Fikrətoğludur

Orxan Fikrətoğlu ilə söhbət mənim üçün tamam ayrı zövqdür; düşüncəmdəki klassik ədəbi şablonları, ənənələri dəyişən bir insanlayam...
10 il üçüncü şəxsin dilindən yazılmış klassik romanlar oxuyan biri olaraq günlərin bir günü su sızan qayıqdakı müəllifin dilindən bu sözlərlə qarşılaşıram: "Batacam, batıram, batıram... Bat..."
Əgər o batdısa, bəs bu mətni kim yazıb? Bu sual məni əlimdən tutub 7 üfüq irəli apardı. Üzərində kiril əlifbası ilə "Səhər" yazılmış o kitabı unuda bilmirəm. O "Səhər"in üfüqləri çox geniş idi...
Yəqin ki, məni müəllifə doğru dartan da elə bu səbəblərdir. Orxan Fikrətoğlu ilə birgə işlədiyim bir il ərzində sanki danışan bir kitabla birgə idim. Onu o qədər oxumuşam ki, bu gün üz-üzə oturduqda sanki özümlə söhbət edirəm. Ona verəcəyim hər bir sualın öz tarixçəsi var.

- Orxan müəllim, təxminən 10 il əvvəl Fikrət Sadıqın yubileyi keçirilirdi. Tədbirdə çıxış edərkən dediniz ki, mən qələmi əlimə alanda ilk olaraq gözümün önünə Fikrət Sadıq gəlir. Öncə onun bu mətnə nə deyəcəyi, reaksiyası məni düşündürür. Bütün yazılarında, fəaliyyətində yeni nəfəs, cəsarət gördüyüm Orxan Fikrətoğlunun bu fikri mənə xeyli maraqlı gəlmişdi. Və bu gün də həm məişət, həm də ədəbi müstəvidə ata-oğul münasibətindən söz düşəndə mənim üçün Fikrət Sadıq və Orxan Fikrətoğlu münasibəti bir yeni model kimi görünür.
- Mən inanmıram atam dünyasını dəyişib. Çünki onun səsi evimizdə hər gün səslənir. Şeir oxuyarkən səsini yazmışam. Hər gün ona qulaq asıram. Şəkilləri evdədi, özü bizimlədi. İndi səni gözləyərkən telefonu açdım, qızımın ona yazdığı şeir qarşıma çıxdı. "Sən mənə sevməyi öyrətdin, baba".
Özü də bu yazını telefonumda elə yerdə gizlədib ki, aça bilməyim. Təsadüfən qarşıma çıxdı. Fikrət Sadıq o qədər incə, kövrək - sözün yaxşı mənasında, o qədər aciz adam idi ki, onu hamı sevirdi. Necə ola bilər ki, onu evdə sevməsinlər, mən sevməyim. Mən anadan olandan aramızda ata-oğul münasibəti olmayıb. Sanki mən onun atası olmuşam. 9-cu sinifdən işləmişəm, evin maddi yükünü çiynimə götürmüşəm. Həmişə çalışmışam ki, atam şeir yazsın. İstəyirdim atam maddiyyat qazanmaq barədə düşünməsin. Çünki bu dünyanı bilmirdi. İndi məni yaxşı tanıdğın üçün soruşa bilərsən ki, "guya sən bilirsən, bu dünyanı?" Təbii ki, mən də ağıllı yaşamağı, bic yaşamağı bilmirəm. Ancaq düşünürəm ki, fiziki və ruhani olaraq bu yalan dünyada yaşamağa ondan daha çox hazıram. Bu yöndən yanaşanda, yenə deyirəm, gözümü açandan mən ata olmuşam.
Uşaq idim, bir dəfə taksi sürücüsü olan Bakı "qədeş"inı saxladıq. Atam elə bilirdi hamı onun jestlərini bağışlayar, başa düşər. Küsəyən tərsliyi var idi. Taksinin qapısını açıb sürücüylə nəsə danışdı, əsəbiləşib qapını çırpdı. Sürücü düşdü ki, atamla vuruşa. 6 yaşım var idi, cumdum sürücünün üstünə. Kişiyə təpik, şillə, qapaz vururam. O da mənə gülür. Anam bakılıdır, ləhcəm də Bakı ləhcəsidi. Bakı söyüşləri də söyürəm. Atam da, sürücü də çaşıb qaldılar ki, bu uşaqda belə nifrət hardandır? Atamı qoruduğum üçün evə də çox rahat qayıtdım. Beləcə 6 yaşımdan atamı qorumağa başlamışam.
(O danışdıqca ağlıma birgə getdiyimiz Goranboy-Gəncə yolu düşür. Orxan Fikrətoğlu şərqli ata obrazından danışır. Şərqdə ataya itaətin Allaha itaət kimi birmənalı, şərhsiz olduğunu vurğulayır).
- Orxan müəllim, alman psixoloqu Erix From "Sevmək sənəti" kitabında İslamda Allahın insanlara olan sevgisinin ata sevgisi, xristianlıqda isə ana sevgisi kimi olduğunu düşünür. O qeyd edir ki, İslamda Allah insanlara deyir: "Məni sev, hörmət et, mən də səni sevim. Ancaq mənə qarşı hörmətsizlik etsən, səni cəzalandıracam. Nə qədər ki, məni sevirsən, o qədər də sevimli bəndəm olacaqsan". Xristianlıqda isə Allah deyir: "Məni sev, amma günah etsən də, sonda bağışlayacağam." Sizdən bir dəfə Şərqdə Allah və ata obrazlarının yaxınlığı barədə eşitmişdim.
- Atamla iki qardaş kimi olduğumuzdan mənim üçün Şərqdə ata kompleksindən danışmaq çətindir. Amma özümün bu barədə qənaətim var və bu konsepsiya Nitsşeni oxuyandan sonra yaranıb.
Şərqli üçün Allah avtoritardı. Amma Nitsşe yazırdı ki, Allah ölüb. Qərbdə Allah ölüb, Şərqdə Allah sağdı. Şərqdə Allahın təcəllası atadır. Şərqdə ata kultu yaşayır və həmişə idarəedən, məsləhət verəndir. Şərqdə bu kultu devirən sevilmir. Şah İsmayıl timsalında belə! (“Şah İsmayıl” dastanını nəzərdə tutur). Təəssüf ki, bizdə fəlsəfə gəlişməyib. Müstəqillik illərində ümumiyyətlə belə bir elmin olub-olmadığını bilmirəm. Fəlsəfə sahəsində ciddi ad formalaşmayıb deyə mən o adamla bu barədə danışa bilmirəm. Şərqdə ata obrazı açılmalıdır. Çox mühüm məsələdir.
Şərqdə Allah sağdır və sağ olduğu üçün avtoritardır. O cümlədən ata da avtoritardır. Şərq belə yaşayır. Qərb Allahı ödürdüyü üçün atanı da öldürüb. Ona görə ata, ailə institutu Qərbdə yoxdu. Onlar fərddir, individualdır. Bu individuallıq iqtisadiyyatın yeni modellərini formalaşdırdı. Ailə institutunda xaus yaratdı, eynicinsli cütlüklər yaratdı. Şərqdə isə ata-oğul münasibəti klassik anlamda qavranılır, yaşanılır. Bu reallığı Şərq həll etməyib, Azərbaycan heç həll etməyib. Çünki Azərbaycan mentallığında nəyisə həll etmək mexanizmi hələki, işə düşməyib. Allah nədir? Niyə şairlərimizin şeirlərinə yiyə çıxırıq, amma talelərinə yiyə çıxmırıq? Niyə Əhməd Cavad həbsxanada çürüyəndə ziyalısından tutmuş sıravisinə qədər bir azərbaycanlı da olsun onun arxasında dura bilmədi? Nəsimi soyulanda biz o susan kütlənin içində idik. Biz Nəsimini nə asırdıq, nə də qoruyurduq. Susurduq.
Sualdan çox yayınmadan onu deyim ki, Şərqdə ata Allahın təcəllası olduğundan ataya qarşı çıxmaq Allaha qarşı çıxmaq olur. Bu, artıq başqa müstəvidir.
- Amma Sofoklun "Şah Edip"indən başlamış bu günə qədər əksər yazıçılar, Qərb düşüncəli ziyalılar oğulun atanın üzərində qələbəsini yeniliyin köhnəlik, klişelər üzərində qələbəsi kimi qiymətləndirir.
- Məncə, Qərbdə Edip kompleksindən daha çox Elektra kompleksi diridir. Mən Qərbin qadınını kişisindən fəal görmüşəm. Qərbin qadını saraylar qurub, Janna Dark timsalında az qala peyğəmbərlik səviyyəsində inqilablar edib.
Mifolojiyə toxundun, düşünürəm Qərb insanının təfəkküründə bu müstəvidə ata-oğul münasibətinin fonunda Zevsin atasının uşaqlarını yeməsi durur. Bu kompleks hakimdir. Şərqli ata heç vaxt öz uşağını yeməz. Əksinə, sevər. Amma qərbli ata qəddardır. Qərb mədəniyyəti bildiyiniz kimi Şumer-Akkad mədəniyyətindən gəlmədir, hansı ki, bugünkü yunan əsatirləri kimi tanıdığımız miflər yunanlardan qabaq da olub.
Zevsin mağarası hazırda Türkiyədə yerləşir. Təsəvvür edin ki, Zevsin atası doğulan uşaqlarını yeyirdi ki, onun hakimiyyətini qazanmasın. Bu gerçəklik mövcüd olduğundan münaqişə də var.
Amma düşünürəm ki, Qərbdə ata-oğul münasibətləri uydurmadır. Şərq çox ənənəçidir və hamı bir nəsildəndir - ata da, oğul da, nəvə də, nəticə də... Hamısı dünyanın fanilyini bilir, bu 5 günlük dünyanın içində onlara anladılanlar düzgündür. Yeri gəlmişkən, bu fikri çox sevirəm:
"Mənim içimdəki peyğəmbər ağlımdır. Məndən kənardakı ağlımsa peyğəmbərdir".
Bu bir İslam filosofunun gəldiyi qənaətdir. Mən belə yaşamışam. Mənim üçün mövcud qanunlar var, onun içində atamın, Allahın varlıqları və dedikləri var. Mənim inqilablarım, qəbul etmədiklərim bunlardan kənar olanlardır. Özünəvurğun, xəstə insanların yaratdıqları mühitlər, ədaləti öz marağında dəyişib özünə xidmət etdirən insanların yaratdıqları mühitlər,  ədəbiyyatı öz qarabasması kimi təqdim edənlərin yaratdığı mühitlər, sosialist realizmini bu gün içində qoruyan, sosialist klassiki qalıb və bizim düşündüyümüz yeni ədəbiyyatı gündəmə gətirməyənlərin mühitləri mənim üçün olduqca yaddır və mən 30 ildir o mühitləri dağıtmağa çalışmışam. Hərçənd ki, tək olduğumdan bunu bacarmamışam. Həmişə bu pis ənənə tanışlıqlar, minillərin formalaşdırdığı nadan bir ədəbi reallıq bu yeniliyi boğmağa çalışıb.
Bu öz yerində, qərblinin təfəkkürünə qayıtsaq, dediyim kimi orada Elektra kompleksi daha çox hakimdir. Şərq qadını çadradan çıxsa da, çadra altındadır. Özündən çox razı qadınlar var cəmiyyətdə, hansı ki, onların da arxasında bir idarəedən kişi əli var.
- Orxan müəllim, bir yapon filmi var, "Narayama əfsanəsi". Şohey İmamuranın filmidir, səhv etmirsəmsə, 1983-cü ildə Tarkovski və digər nüfuzlu rejissorların filmini geridə qoyaraq Kann festivalının qalibi olub. Film Yaponiyanın kəndində mövcud olmuş qədim bir adət haqqındadır. Hansı ki, bu adətə görə artıq yaşları ötmüş, əli iş tutmayan qocalar Narayama dağına gedər və burada ölümlərini gözləyərlərmiş.
Digər bir nümunə isə Çingiz Aytmatovun "Dəniz kənarı ilə qaçan alabaş" əsəridir. Çingiz Aytmatovun qayıqdakı bütün yaşlıları qurban verərək kiçik Kiriski sağ saxlaması köhnəliyin yeniliyə könüllü qurban getməsinə nümunə saymaq olar. Sözünüzə qüvvət, şərqli ata bütün bu yönləri ilə fərqlidir.

- Şərqdə oğul atanın davamıdır. Yaxşı oğul yaxşı atanın, pis oğul pis atanın davamıdır. Burda inqilablar olmur. Çingiz Aytmatovu xatırladın, yapon təfəkkürlü insanların bioloji qatda təbiətdə yaxın olmalarından irəli gələn məqamı qabartdın. Çünki fillər də, şirlər də qocalanda tənha ölürlər. Bu, daha çox biloji təfəkkürdür, nəinki intellektual təfəkkür.
Mən yeri gəlmişkən bir məqama da toxunmaq istəyirəm. Qocalıq cəmiyyətin utancıdır. Bir cəmiyyətin qocası həqiqətən tənhalaşırsa, o cəmiyyət normal deyil. Bu günkü test və sosial şəbəkə əxlaqı belə bir rəqabət mühiti formalaşdırıb ki, burada 40 yaşı ötən insanlar gərəksiz görünə bilir. Əslində yeni, sürətli təfəkkür modeli öz kontekstində köhnəsindən heç nə ilə fərqlənmir. Sadəcə bir az sürətlidir, bəsitdir, daha şaxəlidir, amma kvintessensiyası, ideyası yoxdur. Biz zamandan fərqliyik. Mən Orxan Fikrətoğlu, sən və bizim kimi insanlar elə təfəkkürdə doğulur ki, artıq müqayisə içimizdədir. Mən gedişatın bu yerə gəlib çıxacağını uzun illər əvvəldən bilirdim.  Və 60-70 yaşımda da biləcəm ki, 10 il sonra nə olacaq və 10 il qabaq nə idi. Bu müqayisələri etmək qabiliyyətindəyəm. Bu texnoloji baxımdan daha inkişaf etmiş gəncliyin bir cəhətini çox bəyənirəm: özünə lazım olanı, öz inkişafına gərəkli olanı tapıb, seçib yaxınlarına məhəl qoymadan - bəlkə də bu dəyərlərin bəsit olmasını anlamadan bu dəyərlərə inanmasıdır. Bəzən görürəm ki, bir gənc səhv düşünür, yazdığı da səhvdir - dünyanın qəbul etdiyi bir ədəbi kanon var - o bunu bilmir və mənim deməyimi də qəbul etmir, çünki rəqabət mühiti buna imkan vermir. Deyir, sən özünü ağıllı bilməlisən. Karnegini və başqa xəstələrin kitablarını oxuyub, bu qənaətə gəlirlər.
Amma bu eyni zamanda gətirib çıxarır yaşlısına, müdrikinə qiymət verməməyə. Tənhalaşan müdriklik cəmiyyətin krizidir. Bu gün ədəbiyyatda kriz var? Məncə var. Biz tutaq ki, Mövlud Süleymanlının "Şeytan" əsəri boyda heç nə yaza bimirik. Avropalı olmaq üçün Şərqi unudub ortada qalan bir toplumuq. Kinodan danışmağa heç dəyməz. Məncə, Həsən Seyidbəylidən sonra Azərbaycanda kino yoxdur. Yaranmadı. Olur da, belə də olur. Elə ölkələr var ki, kino yarada bilmir. Biz də yarada bilmədik. Teatr da həmçinin. Teatr bu gün deməkdir. Hansı teatr truppasında bu gün var. Real olaraq; məsələn, aptekdən dərman alan bir xəstə olsun o tamaşada. Ola bilsin, bir balaca publisistik janr yadda qala. Müdrikinə hörmət etməyənin axırı belə olur.
(Zamanın fərqinə varmaqdan danışarkən Orxan Fikrətoğlunun Göygöldə bir qayaya baxaraq, "Görün biz, insanlar nə qədər zəif varlıqlarıq ki, bu qısa ömrümüzlə gündə bir iddiaya düşürük. Halbuki o qara daş qədər qalıcı deyilik bu dünyada", deməsi düşür).
- Orxan müəllim, səhv eləmirəmsə "Müjdə" povestinizdə belə bir ifadə var; "Elə yaşa ki, həyatın özünə ləzzət eləsin". Düşünürəm ki, yaşamın fəsləfəsi bu "qədeş" tərzində deyilmiş ifadədə gizlənib. Sivilizasiyanın yarandığı zamandan gəlinmiş bir qənaət var; insan bu dünyadan heç nə apara bilmir. Nəyə görə bunu hamı bildiyi halda insanlar rahat həyatlarını yaşamır? Bu dünyaya bunca bağlılıq var və bu günü-gündən daha artır?
- Natamamlıqdan. İnsan natamamdır. Dünyanı anlayıb, onun yalan olduğunu bilib, yenə də səhv dəyərlərlə yaşamaq yalnız natamamlığın göstəricisidir. Təsəvvür edin ki, bu varlıq nə qədər natamamdır ki, bu fani yerdə özü üçün saraylar tikdirir, 5-3 il ömrü qalsa da, 50 ilinə yetəcək maddiyyat toplayır. Son zamanlar bu natamamlıq daha qabarıq görünür. Çünki Yunisi, Nəsimisi, ideoloqları yoxdur bugünkü insanın. Ciddi idealist insanlar gözə dəymir. Gözünüzü yumub təsəvvür edin: bu gün televiziyalardan bizə bəsit sosial gerçəkliklər axıdılır. Rastlaşdığın insanlar yalnız şikayət edir, problemlərdən danışır. Sən nədən ilhamlanasan ki, əbədi dəyərlərə arxalana biləsən. Çox çətindir bu natamamlıqla yaşamaq.
- Qədim hindu əfsanəsi var, bir gün insan heyvanların yanına gəlib acizliyindən şikayət edir. Bunu görən pələng insana cəsarətindən, qartal iti baxışından, ilan torpağın sirlərindən, tısbağa səbrindən verir. İnsan bu məziyyətləri alıb uzaqlaşarkən heyvanlardan biri deyir ki, insan artıq çox keyfiyyətlər qazandı. O, ideal varlıq olacaq. Bayquş isə cavab verir: "İnsanda elə bir şey var ki, heç vaxt onu rahat qoymayacaq, narahat edəcək, dünyanın nemətlərindən doymayacaq; bu onun iddiaları, nəfsidir. Təbiət dil açıb "artıq sənə verəcəyim heç nə qalmadı" deyənə qədər nəfsinin əlində qurban olacaq".
- Mən nəfsinə qalib gələ bilən çox az adam görmüşəm. Pritçalarla danışdın, bir sufi pritçası deyim: Bir gün padşah yolla keçərkən görür yolun kənarında sufi əyləşib. Padşah ötüb keçərkən sufi ayağa qalxmır. Bu padşahı qəzəbləndirir. Deyir, "ayağa niyə qalxmırsan?". Sufi cavab verir ki, "mən qullarımı görəndə ayağa qalxmıram". Padşah deyir, "o nə deməkdir?" Sufi cavab verir: "Mən nəfsin ağasıyam, sənsə nəfsin qulusan. Demək sən qulumun qulusan".
Nəfsin qulu olmaq, buna görə şəxsiyyəti itirmək Adəmdən üzü bu yana dəfələrlə pislənib. Amma insan bu reallıqların sərgiləndiyi sarayda, yəni dünyada milyard dəfə təkrarlanmış, "iki vur iki" qədər aydın həqiqətdən yararlana bilmir. Yer üzündə insan qədər zəif ikinci məxluq yoxdur. İnsan bir ağac qədər də güclü deyil. Anlamsız bir şeydir: insanı Yaradan deyir ki, bu şeyləri eləmə. Ancaq o eləyir. Allah da buna dözür. Yəqin elə bu dünya Allahın səbridir.
- Həyatında çox ciddi müsbət dəyişiklik edən, aydınlanan insanların dönüş nöqtəsinə baxdıqda orada bir sarsıntı görmək olur. Bəzən sarsıntılar insan həyatını dəyişir. Çox ciddi bir istiqamətə yön verir. Sarsıntıların məhsulu olan böyük əsərlər var.
- İnsanın bir dərketmə məqamı var. Məsələn, Buddizmə görə həqiqət insana birdən-birə aşkar olur. Sənin ağlına gəlmədiyi bir vaxtda... Bu agaholmadan sonra ağıllı insan nəticə çıxarır, digəri isə əvvəlki axarıyla davam edir. Dediyiniz sarsıntı məqamı olduqca ciddi məqamdır. Məsələn, sarsıntı Dostoyevskini yaratdı. Kobo Abeni yaratdı. Sarsıntı inqilabi dəyişikliklər edə bilir insanda. İnsan durulur, arılır. Sarsıntı ağıllı adamı duruluğa, zəif adamı çarəsizliyə gətirib çıxarır. Sarsıntını yaşamaq insanın intellekt səviyyəsindən asıllıdır. Yəqin ki, sarsıntını da Allah hər adama vermir.
Mən çalışıram heç vaxt sarsılmayım. Hər şeyə hazır olmuşam. Proqmatik düşünmüşəm; itkilərim olacaq, çətinliklərim olacaq. Çünki elə insanların içindəyik ki, onlar hələ də formalaşmaqdadırlar. Formalaşmaqda olan insanların arasında ciddi dəyərlərlə yaşamaq çox çətindir. Mən bu məsələ barədə çox yazmışam. "Əmim" hekayəsi var, çox hündür obrazdır, göydən yerə hava gətirir. "Qar" hekayəsi... Mən bu hekayələrdəki adamlardanam. Çoxunun anlamadığı, çoxunun dərk etməyə çəkindiyi biri olmuşam.
Sarsıntı mühümdür və hər kəsə sarsıntı arzulayıram.
- Xarici müəlliflərin müxtəlif kitabları "bestseller", "ilin ən çox satılan kitabı" və s. adlar altında ölkəmizə gəlir və əksər oxucular onları üzərindəki bu yazılara görə oxuyur. Sizin roman, povest, hekayələrinizin orijinal olduğu halda, bu gün layiqli sayda oxucusunu tapmamasının izahını verə bilmirəm.
- İnan, zövqsüz oxucunun kitablarımı oxumasını belə arzulamıram. Mənə təsir edən zövqlü insanların mətnlərimi oxuyub reaksiya verməməsidir. "Tək", "Ölü mətn", "Alternativ kino" kitablarımı kimə vermişəmsə, çox yüksək qiymətləndirib. Türkiyədə yazılıb kitablarım haqda. Azərbaycanda  da müəyyən şərhlər var.
İndi deyəcəklərimin giley, təvazökarlıqdan uzaq fikirlər kimi anlaşmasını istəməzdim. Məni narahat edən reallıq budur ki, niyə mədəniyyət, ədəbiyyat qurumları, məsələn, "Tək" romanını müzakirə müstəvisinə qaldırmır, şərh etmir. Böyük səslənməsin, halbuki bu roman orta məktəb və universitetlərdə tədris oluna bilər. Mənim onlarla gənc vətəndaşım Suriyada yalan ideologiyaya qurban gedir. Sonunu belə bilmirik. Bunun qarşısını ala biləcək detallardandır bu kitab. Axı qurumlar bu məsələdə maraqlı olmalıdır. Azərbaycanda dini komitə var, onlar bu işi görə bilərlər, bunu təbliğ edə bilərlər, axı bu təbliğat müəllifdən çox onların işinə yarayar. Heç mənim adım çəkilməsin, versinlər o Suriyaya gedən uşaqlara, onlar oxusun. Rusiyada bu proses dövlət səviyyəsində proqram üzrə həyata keçirilir. Biz çox şeyi ruslardan götürürük, pis, yaxşı... Heç olmasa, bunu da götürək də. Əksər kitabları, dərslikləri rus dilindən çevirirlər, bu nümunəni də götürsünlər də. Gürcüstanda bu nümunə var.
Təsəvvür edin ki, mən yazıçı, bir kənarda oturub heç kəsin sifarişi, maddi dəstəyi olmadan bunu istehsal etmişəm. Kitablar özümdədi. İndi bəlkə də düşünəcəklər ki, bunu satışa görə deyirəm. İnanın, pula görə demirəm, heç satışdan gələn pul da mənə lazım deyil. Mən istəyirəm ki, millətim bunu oxusun. İnanın, bizim vətəndaşımızın gedib oralara düşməsi məndən öncə, təbii ki, ölkəmizin problemidir. Ona görə də belə kitabların təbliğatı mütləq aparılmalıdır.
"Ölü mətn" Azərbaycan ədəbiyyatında yeganə mətndir ki "1937-ci il" məsələsi qoyulur, şərh edilir, qənaətə gəlinir, repressiyanın səbəbləri açıqlanır. Bu mövzu "Ölü mətn"dən öncə müasir mexanizmdə işlənməyib. Ona görə cəmiyyətin belə mətnlərdən yan keçməsi düzgün deyil. Çox qəribədir ki, oxuyanlar da lazımi yerlərdə reaksiya vermir. Çünki heç bir dəstədən deyiləm. Bir atamdır, bir özüməm.
Nə sağçı, nə solçu, nə ortaçı, nə də qıraqçı olmamışıq. Biz özümüz olmuşuq. Kağızla vuruşmuşuq.
Məni burdan qovsan, gedib başqa yerdə yazacam. Çünki işim budur. Kinoda yazacam, kitabda yazacam. Artıq bu yazıların təbliğat zamanıdır. Ona görə də biz ART studiya açmaq üzrəyik. Dünyəvi təfəkkürlü, işıqlı, istedadlı insanları ətrafımıza toplamaq istəyirik. Və tamam ayrı kino və ədəbiyyatla dünyaya çıxmaq niyyətindəyik.
- Orxan müəllim, ötən gün - iki gün öncə Türkiyədən döndünüz. Səhv etmirəmsə, ssenari müəllifləri üçün seminar təşkil olunmuşdu.
- Martın 8-dən 15-dək Türkiyədə türk sinema yazarları seminarı keçirildi. Çox ciddi prodüserlər və kino adamları iştirak edirdi orda. Azərbaycandan mən dəvətli idim.
Mən kitablarımı da ora aparmışdım. Qoy düşünməsinlər ki, Azərbaycan kinosu bu gün onların gördüklərindən ibarətdir. Əslində, Azərbaycanda çox ciddi kino düşünərləri var.
Çox təəssüf ki, bu gün Orxan Fikrətoğlu kimi deyirəm ki, Azərbaycan kinosu yaranmadı. Həsən Seyidbəylidən sonra biz yolumuzu tamam dəyişdik. Həsən Seyidbəyli heç olmasa kinomuzun mozaikasını yaradırdı. Filmlərdə bir Bakı var idi, üzümüz sezilirdi. İndiki filmlərdə isə bilinmir ki, qəhrəmanlar haralıdır, bunlar nə danışır, nə dərdi var? Bizim seriallarda türk, ingilis həyatı çəkilir. Hər gün kimsə birini öldürür, atışma, vuruşma... Bunlar harada baş verir, realda niyə görmürük bu hadisələri? Yaxud son vaxtlar kinoteatrları zəbt etmiş komediyalar olsun... Söyüş, təhqir... Dramaturgiya yox... Rejissor işi sıfır... Aktyor oyunu yox... Heç nə yoxdur. Zövq korlanıb, hamı bilet alıb belə şeylərə baxır. Sabah ciddi bir Avropa kino analitiki gəlib son vaxtlar baxılan filmləri analiz etsə, dəhşətə gələr. Deyər bu tamaşaçılar hansı dəyərlərlə böyüyüb, bunlara kim dərs keçib. Və bu cəmiyyətdə biz də yaşayırıq. Sabah vəziyyətə cavabdeh adamlardan sayılacağıq. Deyəcəklər ki, siz bunlara heç nə deməmisiz? Mən bilmirəm bunlar kimlərdir? Bu insanların kinodan ümumiyyətlə məlumatları varmı?
Bu filmlər uşaqların, yeniyetmələrin, gənclərin zövqünü korlayır. Təəssüf ki, bu məsələdə cəmiyyət uduzmaqdadır.
Türkiyə səfərinə qayıdaq; Antaliyada yerləşən "Şimal sənət" teatrında "İtki" povestim tamaşaya qoyulacaq. "Yetik" adlı tamaşanı rejissor Osman Utkuatış səhnələşdirir. Tamaşanın premyerası aprelin sonu, mayın əvvəllərində Antaliyada keçiriləcək. Tamaşanın Stokholm festivalına təqdim olunması, daha sonra Bakıda da nümayişi gözlənilir.
Söhbətləşdi:
Sərdar Amin


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!