Rövşən İsax - 50
Bir çox alim incəsənəti, sanki bir yuxuya bənzədir. İstər kino, teatr olsun, istər ədəbiyyat, istər rəssamlıq... Bunların hər birində yuxu elementləri olmasa, quru və cansız alınar...
Bəs nədir sənətdəki bu yuxu? Əlbəttə ki, reallığın deformasiyası, korreksiyası, rənglənməsi və sair. Bir sözlə, incəsənət həm real həyatdı, həm də eyni zamanda reallıq deyil, tamam başqa müstəvidi... Eynən yuxu kimi...
Bu cür yanaşanda, tanınmış rejissor Rövşən İsaxın zəhmətinin bəhrəsi olan son serialının adı bəlkə də, onun yarıməsrlik həyatının bir kəlmədə ifadəsidi - Yuxu kimi...
Kino və teatr sahəsinə 90-cı illərin sonunda gələn nəsil üçün həyat, məncə, həqiqətən də qəribə bir yuxu kimi idi - yeniyetməlik arzuları, böyük xülyalar, ümidlər, sonrakı əzab-əziyyət, daxili gərginliklər, ölkədə incəsənətin çökməsi, ağır iqtisadi durum, sonra yavaş-yavaş dirçəliş, kiçik filmlər, reklam çarxları, daha sonra tammetrajlı ekran əsərləri, seriallar... və bütün bu müddət ərzində sakit rahat həyat tərzi yox, daimi qaçaqaç, ağır iş rejimi, gərginlik, narahatlıq, yorğunluq, bəzən dərin ümidsizlik, bəzən gərgin mübarizə, kimlərinsə kaprizlərinə dözmək, kimlərinsə nazıyla oynamaq, kimlərisə yola vermək və nəticədə dişlə-dırnaqla ərsəyə gələn sənət nümunələri...
Və nəhayət, budur, artıq yaş əlliyə çatıb, yüzün yarısına yetişmisən, öz sözünü demisən, istədiyinə nail olmusan və bu an qəfildən arxaya baxanda bütün əzab-əziyyətlər mübarizələr, kamera arxasında keçən gecə-gündüzlər, sevinclər-kədərlər insana, sanki bir yuxu kimi görünür... Yaşanan bir həyat kimi yox, məhz yuxu kimi...
Əlbəttə, bu nəslin heç də bütün nümayəndələri bu yolu tutmadılar, bir çoxları rahat, hamar sənət yolu arzusuyla sadəcə kənara çəkilib oturdular və bütün vaxtlarını yalnız narazılıq bildirməyə, deyinməyə, çayxanalarda vaxt sərf eləməklə keçirtdilər... İradələri çatmadı bu ağır şəraitdə işləməyə...
Lakin Rövşən İsax bu yolu tutmadı. Ən ağır, ən çətin vəziyyətdə olsa belə, yenə işləmək, çalışmaq və mübarizə aparmağa üstünlük verdi...
Onu ilk dəfə "Space" telekanalında yayımlanan "Virtuoz" proqramında görmüşdüm. Elə ilk buraxılışlarından bu veriliş o vaxta qədər teleməkanımızda hələ də yaşamını sürən standart "Sovet yumoru" ənənələrini dağıtdı, çox fərqli və müasir üslubda materiallar ortaya qoydu... O vaxtın gəncləri bu verilişi çox sevirdi və orda istifadə edilən replikalar dərhal gənclərin dilinə düşürdü...
"O, söyüş söyür, o, yenə də söyüş söyür", "Yaxşı eləyir, vurma, vurmasın" və bu tipli atmacalar həmişə dilimizdə dolaşırdı, yeri gəldikcə məzəli replika kimi istifadə olunurdu...
Rövşən İsaxla ilk böyük işimiz isə 2008-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin sifarişiylə "Aktrisa" romanımın ekranlaşdırılması prosesində baş tutdu. Burda bir məqamı da qeyd etmək istəyirəm ki, son onilliklərdə bizdə ssenaridən qorxan rejissorlar pleyadası meydana gəlib. Elə bil ki, güclü ssenari, tanınmış bir bədii əsər onları vahiməyə salır, təhtəlşüur səviyyəsində belə bir fikirləri yaranır ki, birdən zəif alınar, hamı deyər ki material yaxşı idi, amma çəkə bilmədilər... Ona görə ortabab bir ideyanı götürüb özləri ora-burasını düzəldirlər, eləcə də çəkirlər ki, hamı desin ki, material zəifdi, rejissor isə min bir əziyyətlə bunu kino halına sala bilib...
Amma Rövşən tanınmış əsərdən qorxan rejissorlardan deyildi... "Aktrisa" romanının 2005-ci ildə çap olunması və geniş yayılması onda narahatlıq yox, əksinə, bir məsuliyyət yaratdı. Axı bu əsəri oxuyan hər kəs öz "aktrisa"sını fərqli təsəvvür edirdi. Bundan sonra həmin obrazı canlandırıb kinoya gətirmək çox çətin idi... Ancaq Rövşən bu çətinliyi dəf elədi, bütün diqqətini, fikir və düşüncəsini bir nöqtəyə yönəldib istədiyinə nail oldu.
Təbii ki, "Aktrisa" bir nəsr əsəri idi və açıq etiraf edim ki, oxunuş üçün nə qədər maraqlı olsa da, kino üçün bir o qədər uyğunsuz idi, çünki kino sənəti çoxsaylı uzun dialoqları, sonsuz monoloqları sevmir. Kino görüntü istəyir. Amma "Aktrisa"nın da özəlliyi onda idi ki, o uzun mətnlər çıxarılsaydı, əsərin bütün mahiyyəti itəcəkdi...
Rövşən bunun da öhdəsinən gəldi. Əsəri sanki söküb təzədən yığmaqla, xeyli səhnələri ixtisar edib, əvəzində çoxsaylı əlavələr eləməklə, onu kino üçün yararlı hala gətirdi... və nəticəsi də göz qabağındadı.. Hələ bu vaxtacan elə bir tamaşaçı olmayıb ki o filmdə mətn çoxluğu ilə bağlı irad bildirsin..
Ümumiyyətlə, o filmlə iş prosesi zamanı Rövşənin əsl rejissor kimi çoxsaylı xüsusiyyətlərini kəşf etdim. Ən əsası da bu idi ki, onunla iş prosesi hamı üçün çox maraqlı idi. Filmdə əsas qəhrəmanların çoxu qətlə yetirilsə də, meydançada ağır atmosfer, neqativ enerji yox idi. Sanki hamı bir nöqtəyə köklənmişdi - yüksək keyfiyyətli film çəkmək...
Film uğurla qarşılansa da, heyif ki, uğursuz bir vaxtda ərsəyə gəldi... O mənada ki, 2010-cu ildə ölkədə hələ kinoteatrlar şəbəkəsi yox idi və film bir dəfə premyerada nümayiş etdiriləndən sonra... kinostudiyanın rəfinə qoyuldu...
Yalnız illər keçəndən sonra telekanallara yol açdı, internetə yerləşdirildi və bu günə qədər də, ölkə telekanallarında mütəmadi nümayiş olunan filmlərdən birinə çevrildi...
"Aktrisa"dan sonra bizim kino sahəsinin daha bir qəribə cəhəti mənimçün üzə çıxmış oldu. Adətən, bir rejissorun filmi uğurlu olardısa, ardıyca onun sənət yolları açılardı, irəli çəkərdilər, daha bir film verərdilər. Lakin bizdə tərsinə oldu... Acı da olsa qeyd etməliyəm ki, "Aktrisa"nın uğurundan sonra Rövşən İsaxı kino sahəsində, sanki offsayd vəziyyətinə saldılar... Sanki heç belə bir rejissor yoxdu, belə bir film çəkilməyib...
Səbəbləri uzundu, amma xırdalamaq istəmirəm. Lakin Rövşən yenə mübarizəyə fasilə vermədi, istiqaməti bir az dəyişib, ölkədə təzə yaranan teleserial sahəsinə üz tutdu... Tam yeni sahə, tam yeni bir iş prosesi... Yenə də hər şeyi sıfırdan başlamaq əziyyəti...
Etiraf edim ki, yarım ilə saat yarımlıq film çəkməyə öyrəşən bir sənət mühiti üçün həftəyə bir seriya çəkmək az qala möcüzə kimi görünürdü... Serialı nəinki çəkmək, heç ssenarisini düzgün yazmağı belə bilmirdik...
Ancaq Rövşən İsax kiçik bir hazırlıq müddətindən sonra qollarını çırmalayıb işə başladı və elə ilk serialı olan "Pərvanələrin rəqsi" tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı, çünki əvvəlki teleməhsullardan fərqli olaraq, burda öyrəşdiyimiz pafos, kitab cümlələri, boğazdan yuxarı aktyor oyunu yox idi... Hər şey sadə və səmimi idi...
Sonrakı illərdə Rövşən İsaxın zəhmətinin bəhrəsi olan "Sonuncu fəsil", "Vicdan haqqı" və nəhayət, "Yuxu kimi" serialları ərsəyə gəldi, tamaşaçıların rəğbətini qazandı, bundan əlavə, nə qədər maraqlı və koloritli aktyorları tamaşaçılarımıza tanıtdırdı... Onun hər serialında mütləq yeni bir sima, yeni bir obraz olmalıdı. Bəlkə də bu, Rövşən İsaxın bir sənət brendidi. Hər materialda fərqli və maraqlı bir "sima" kəşf etmək... qeyd edim ki, elə aktrisa filmində də bu gediş öz nəticəsini göstərdi, yazıçı Rüfət Hüseynzadənin rolunu oyanyan istedadlı aktyor İlham Hüseynov məhz bu filmdən sonra tamaşaçılar tərəfindən sevildi, özünə pərəstişkar kütləsi qazandı...
Rövşənin Yuxusu hələ bitməyib... Və düzünü etiraf edim ki, serial nə vaxtsa bitsə də, Rövşən İsaxın "Yuxu kimi" yaradıcılıq yolunun hələ uzun illər davam etməsini arzulayıram... Və bir detalı da mütləq qeyd etməliyəm. Bir çox sənətsevər hələ də Rövşənin kino sahəsinə qayıtmasını gözləyir. Bunu mənə də çox deyiblər, yəqin ki, özü də eşitməmiş deyil. Çünki Rövşən İsax çəkdiyi teleseriallarda da, məhz kino estetikasını qoruyub saxlaya bilmişdi və bu materiallara baxan istənilən sənətsevərin ürəyində belə sual yaranır - bu zəhmət, bu enerji, bu tapıntılar, bu bədii estetika, görəsən, nə vaxtsa yenidən hansısa bir bədii filmdə istifadə olunacaq, yoxsa bundan sonra yalnız serial müstəvisində öz çıxışını tapacaq?
Bu sualın cavabını, yəqin ki, hamıdan yaxşı Rövşən İsaxın özü bilir...
Bu il bizim "Aktrisa"mızın 10 yaşı tamam oldu... Rövşən İsaxın 50 illik yubileyi ilə üst-üstə düşdü... Mən hər ikisini təbrik edirəm... Rövşənə uzun və uğurlarla dolu yaradıcılıq yolu, "Aktrisa"mıza isə tamaşaçıların kino yaddaşına əbədi həkk olunmasını arzulayıram... Yaşa, var ol, əziz dost...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!