Günel EYVAZLI
Növbəti adi günlərdən birini yaşayırdı ailə. Üç qardaş qonaq otağında səhər yeməyini nuş edirdi. Mətbəxdən səs-səmir gəlmirdi. Uşaqlar otaqları gəzməyə başlayırlar. Ana digər otaqlarda da yox idi. Balacalar həyətə qaçır. Qonşular məsələdən hali olurlar. Ananın axtarışı heç bir nəticə vermir. Hər kəsdən soruşulur, hər köşədən axtarılır. Sonra çay kənarında kişilərin səs-küyü eşidilir. Onlar hay-küylə nəyisə tapdıqlarını söyləyirlər. Həyətin qadınları ora axışır. Üç qardaş da onların ardıyca gedir. Bədbəxt qadın sudan ölmüş vəziyyətdə çıxarılır.
"Həmin anda hamıya, ağlamayın, demək istəyirdim. Axı xəyal gücü ilə hər şey mümkündür. Mən istəsəm zamanı dayandıra bilərəm. Dünyadan gedən anamı yenidən həyata qaytara bilərəm". Rene Maqritt
Anası dünyadan gedəndə Renenin 13 yaşı var idi. Bu intihar hadisəsi gələcəyin rəssamı üçün tapmacaya çevrilmişdi. O, ömrünün sonuna qədər rəsm etdiyi bütün əsərlərdə bu tapmacanın cavabını aramaqla məşğul olacaqdı. İndi isə qardaşlarını ovundurmaq üçün əlindən gələni əsirgəmirdi. Gah janqlyorluq edirdi, gah əlindəki çubuqla nəyisə itirəcəyini söyləyirdi. Hansısa əşyaya baxaraq onu yerindən tərpədəcəyinə inanırdı. Hətta uçmağın mümkünlüyünü də dilinə alırdı.
"Mənim uça bilməməyimə səbəb yetərincə çalışmamağım oldu. Əgər mən cəhd etsəydim, bu məndə alınacaqdı". Rene Maqritt
Sonrakı zamanlarda onun etdiyi hərəkətlər hamıda qıcıq yaradırdı. Qardaşları ona səfeh deyirdilər və beləliklə, zamanla ondan uzaqlaşdılar.
Günlərin birində Rene dostları ilə birgə bazar meydanına yollanır. Səs-küy, sehrbazların oyunları, insanların gülüş səsləri ətrafı bürümüşdü. Rene qəflətən hamıdan təcrid vəziyyətdə kənarda dayanan bir qızcığazı gördü. Bu, Jojet Berje idi. Qızcığaz 13, Rene isə 15 yaşında idi. Onların dostluğu elə ilk günlərdən başlayır. Ailənin onları ayırması Renenin təfəkkürünü bir az da silkələyir. Ayrıldıqları gündən Rene rəssamlıq haqqında düşünür. Zamanla beynində yüklənmiş sarsıntı ardıcıllıqlarını, xəyal gücünün ağırlığını, fantaziya bolluğunu kənara yansıtmaq üçün yeganə xilas yolu rəssamlıq ola bilərdi. Elə bu səbədən də gələcəyin rəssamı bu yöndə təhsil almaq haqqında düşünür.
"Mən öz əsərlərimlə poetik şok yaratmaq istəyirəm". Rene Maqritt
Onun məqsədi tamaşaçını düşündürmək idi. Bütün əsərlər obrazların primitiv sadəliyi ilə tamaşaçının fikrini özündə cəmləyirdi. Hətta əsərlərin adlandırılması belə, düşüncənin digər qolunu təşkil edirdi. Bu cür adlandırma rebus xarakteri daşıyırdı. Həm rəsm əsəri, həm də adın məna çalarının axtarışı insan beynini alt-üst edirdi.
Rəssam burada nə demək istəyirdi? Bütün bu suallar cavabsız idi. Tapmacanı tamaşaçı açmalıydı. Rəssam heç vaxt əsərləri ilə nə demək istədiyini açıqlamırdı. Ümumiyyətlə, bu tip düşüncə dzen buddizmində praktik olaraq istifadə olunur. Bu təlimə əsasən paradoksal məsələlər insanı qaynar cavab axtarışına sürükləyir. Və bu tip axtarışlar beynin məşqində əhəmiyyətli rola malikdir.
Rene ara-sıra öz sənət əsərlərini bəzi rəssamlara da göstərirdi. Aralarında bəyənənlər də olurdu, bəyənməyənlər də.
Bir gün xiyabanların birindən evə yollanan Rene çox tanış gözlərlə qarşılaşır. Bu gözlərin sahibi o qədər doğma, o qədər yaxın idi ki... Rene düşünmədən həmin xanıma sarı yol alır. Tale... Rene ilk sevgisi ilə rastlaşır. Bu dəfə onlar heç vaxt ayrılmamağa söz verirlər. Jojet Berje təkcə həyat yoldaşına yox, həm də rəssamın muzasına çevrilir. Onlar birgə gözəl həyat yaşayırlar.
Balaca dörd divarın içində cənnət qurmuşdu iki sevgili. Öz dünyaları var idi onların. Olduqca səliqəli idilər. Hətta evdə qonaq olan kəslər bəzən zarafatca Reneyə, sən rəssamsanmı, sualını verirdilər. Rene isə cavabında, siz yerdə, divarlar üzərində boyanın olmamasına görə belə söyləyirsiz? Axı rəngin düşmə yeri tablodur. Rənglər orada əks olunmalıdır.
Rəssamın xüsusi emalatxanası yox idi. O, rəsminin proyeksiyasını beynində tamamladıqdan sonra molbert önünə gəlirdi. Nə demək istədiyini tapdıqdan sonra rəsmə başlayırdı.
Rəssamın gəlir yeri reklam idi. 20-ci illərdə o, ar-deko stilində Norine modalar evi üçün plakatlar çəkirdi. Həmçinin divar kağızı hazırlayan fabrikdə öz istedadını tükətmək ilə məşğul idi. O zamanlar əl əməyindən ibarət olan divar kağızı naxışlarını çəkmək üçün illər lazım olurdu. Rene illərlə eyni gül təsvirlərini, naxışları kağız üzərinə həkk edirdi. Məşhur "Qolkonda" əsərində bu əzabın, təkrarçılığın işartılarını görmək mümkündür.
Əsər qədim hind şəhərinin şərəfinə belə adlandırılıb. Əfsanəyə görə, ən iri almazlar buradan tapılırdı. Tənqidçilər deyirdilər ki, bu təsvir elə almazın kristallik quruluşunu özündə əks etdirir.
Doğrudur, sürrealistlər adətən bir-birinə uyğun olmayan adları əsərlərinə verirdilər. Bu əsər də daha çox monoton həyatda insan yağışını, insan çoxluğunu, eyniliyi, bənzərliyi, bezginliyi, rəngsizliyi ifadə edirdi.
Brüsseldə rəssamın ilk fərdi sərgisi təşkil olunur. Tənqidçilər rəssamın bacarığına dırnaqarası baxırlar. Məyus olan Rene həyat yoldaşı ilə birgə Fransaya - Parisə yol alır. Avanqard üslubun vüsət aldığı bu məkanda populyar olmağın, sənətinin qəbul olunmasının mümkünlüyünə inanır. Rəssam elə buradaca dərnəyə yazılır və dərnəkdə psixioanalitik Andre Breton ilə tanış olur. Sürrealizmin əşyalardan ibarət olmasını və hər şeyin yuxular aləminin təsiri olaraq çəkilməsinin tərəfdarı olan Breton öz mülahizələri ilə Reneni qıcıqlandırırdı. Hər şeyin heç də belə olmadığını söyləyən rəssam onunla sonuncu münaqişəsindən sonra həyat yoldaşı ilə birgə Parisi tərk edir və bundan sonra onun janrının sürrealizm deyil, "magik realizm" adlandırılmasını bəyan edir.
Rene artıq populyarlığın astanasında idi. Onun əsərləri tənqidçilərin fikrini özündə cəmləyə bilmişdi. Nyu-Yorkda, Londonda təşkil olunmuş sərgilərə minlərlə ziyarətçi gəlirdi. Onun şöhrəti bütün Avropaya yayılmışdı. Tənqidçi Maks Ernest "Rene dünyanı öz xəyalları ilə işıqlandırır və fəth edir" deyə söyləmişdi. Sürrealist rəssamlar isə artıq onun bacarığını və istedadını qəbul etməyə başlamışdılar.
Tapmaca effekti Rene əsərlərində hər an hiss olunur. Onun əksər tablolarında obrazın üzü sirli qalır. Deyilənə görə anasının bir zamanlar əl atdığı intihar yolu rəssamın təfəkküründə dərin iz salmışdı. O səbəbdən də pərdənin arxasında və yaxud içində gəzdirdiyi nisgili, ifadəni gizlətmək üçün obrazların üz cizgilərini bilinməz edirdi. Hətta məşhur "Sevgililər" silsiləsindən ibarət olan tablolarda da şəxslərin üzü görünmür. Əslində, bu tablolar silsiləsini müxtəlif cür yozmaq mümkündür. Bəzi araşdırmaçılar həmin görünməzliyin təkcə tamaşaçıya məchul olmadığını söyləyirlər. Təsvir olunan kişi və qadın hələ özləri üçün də məchuldular, görünməzdirlər. Tamlıqla kəşf etməyiblər özlərini. Ya da sadəcə gizlənqaç oynamaqla məşğuldurlar. Həm də açılması mümkün olan tapmacadırlar. Hər halda, sevgililərin bundan gözəl təsviri ola bilməzdi.
Günlərin birində Rene həmişə olduğu kimi, çəkdiyi rəsm əsərini müzakirə etmək üçün həyat yoldaşını tablonun önünə gətirir. Əsərdən səksənən Jozet sinəsində xaç çəkərək otağı tələsik tərk edir. Bu, rəssamın çəkdiyi qorxunc rəsmdə yandırıcı səhra günəşi, qum və ortada dayanan və üzərində heç bir ad yazılmayan naməlum qəbir təsvir olunmuşdu. Rene uşaqlıqdan möcüzələrə inanırdı. Ona elə gəlirdi ki, həyatda diriliş həmişə mövcuddur. Amma yaşının bu çağında qəribə bir fobiya onu izləyirdi. Və ölüm hər halı ilə onun düşüncələrinə hakim olurdu. Rəssam əsəri çəkdikdən sonra: "Ölümdən sonra həyat yoxdur" fikrinin həqiqiliyinə inanmışdı.
Əslində, bu pessimist notlar hələ ömrün tamam olmasından xəbər vermirdi. Dünya müharibəsinin yaratdığı şok, insan ölümləri rəssam təxəyyülünü sarsıdırdı və o, çıxış yolları aramağa başlamışdı. Bəli, siyasətçi deyildi. Dünyaya "dur" deyəcək gücdə deyildi. Demək ki, rəssam kimi nə isə etmək lazım idi. Ona görə də Rene pozitivlik ruhunu seçərək öz vətəndaşlıq mövqeyini ortaya qoyur. Rəngarəng tablolar ilə insanlarda ümid işığını yandırmağa çalışır.
Doğrudur, bu mərhələni tənqidçilər uğurlu adlandırmırlar. Amma Rene çəkdiyi göyərçin rəsmləri və quyruq əvəzinə çəkilmiş rəngarəng gül çiçəklərindən xeyli məmnun görünürdü.
Müharibədən sonra Rene Maqritt yenidən əvvəlki ampluasına qayıdır. Hadisələrdə məna axtarışına çıxır. Əslində, rəsmlərdə təsvir olunan dərinlik onun qeyri-adi təsəvvür, xəyal, fantaziya dünyasından xəbər verirdi. Təsadüfi deyil ki, Rene filosof rəssam kimi xatırlanır.
Dahi rəssam daima reallıq ilə fantaziyanın arasındakı həssas xətti tapmağa çalışırdı. Hər şey onu düşündürürdü. Ölümün özü belə və niyələr bolluğu onu yeni tabloların yaradılmasına səsləyirdi. Əsərlərin fonunda olan pərdələr, aynalar sanki nəyinsə açılmasını, görünməsini istəyirdi.
"Rene dünyadan getdikdən sonra mən onun rəsm əsərləri ilə danışıram. Mənə elə gəlir ki, elə onun özüylə fikir mübadiləsi aparıram. Həmişəki kimi mübahisə edirik. Sonra ümumi qərara gəlirik. Rene özü də bilmədən yaratdığı tablolar ilə ölümsüzlük qazanıb. O, ölümün özünə qalib gəlib" deyə xatırlayır Jojet Berje.
Rene bir çox əsərlərini özü ilə beynində apardı. Tabloya köçürülməmiş yüzlərlə ideya onun beynində işıqlanırdı və doğuluş sırasını gözləyirdi. Yarımçıq qalmış "İşığın imperiyası" əsəri isə hələ də otağın bi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!