Təmsillərdə, nağıllarda və animasiya filmlərində bir çox heyvanların obrazları stereotipləşib. Filmlərdə və təmsillərdə heyvanlarla tanış olan uşaqlarda, hətta böyüklərdə onlara qarşı dəyişməz münasibətlər formalaşıb.
Məsələn, tikanlı kirpini uşaqlar çox sevirlər, ancaq qurbağadan çox da xoşları gəlmir, hətta xoşları gəlməyən heyvanlara qarşı qəddarlıq göstərə bilirlər.
Kirpi tikanlı olduğu halda, cizgi filmlərində mehriban və xeyirxah obraz kimi göstərilir. Azərbaycan animasiya kinosunda kirpi obrazı bir çox cizgi filmdə yer alıb. Bunlardan ən məşhurları "Kirpi balası və alma", "Xeyirxah kirpi", "Mərhəmətin dadı" filmləridir.
Uşaqlıq illərində sevə-sevə baxdığımız, həmçinin müasir uşaqların da çox bəyəndiyi "Kirpi balası və alma" (1977, rejissor Hafiz Əsgərov) filmində bala kirpi şən, mehriban, fədakar obrazıyla sevilir. O, təbiəti sevir, ona dəyər verir və qoruyur. Anası, dostu dovşan da eynilə təbiətə sonsuz sevgilərini göstərməyi bacarırlar.
Tülkünün törətdiyi fəsad ucbatından, budağı sınan alma ağacı ağlayır. Budaqdan da göz yaşı süzülür, bala kirpinin gözlərindən də. Çox arzuladığı şirin, qırmızı alma da onun gözünə görünmür.
"Mərhəmətin dadı" (2007, Firəngiz Qurbanova) filmindəki kirpi də əliaçıq və səxavətlidir. Topladığı almaları başqa heyvanlarla paylaşır, özünə isə cəmi-cümlətanı bircə alma qalır. O, dişlədiyi almanın içindən çıxan almaqurdunun yalvarışları qarşısında yumşalır, almanı yeməkdən vaz keçir, onu çaya atır. Çay almanı aparır, bir böyük bostana çıxarır, burda meyvə bolluğuna düşən almaqurdu almanın içindən sevincək çıxır. Alma yenə mərhəmətli kirpiyə qalır. O, almanı könül xoşluğu ilə dişinə çəkir, ancaq artıq təkcə almanın öz dadını hiss etmir, xeyirxahlığın da dadını alır almadan.
"Xeyirxah kirpi" (2009, Firəngiz Qurbanova) filmindəki kirpi də bir noxud dənəsi üstündə vuruşan xoruzla siçanın arasına girir. Onların mübahisəsini ağıl və təmkinlə həll edir. Onun məsləhəti ilə noxud dənəsini torpağa basdırırlar və çoxaldırlar.
Yuri Norşteynin dünyaca məşhur "Kirpi dumanda" filminin qəhrəmanı kirpi yəqin ki, çoxumuzun yadındadır. Uşaqlığımızın ən unudulmaz cizgi filmlərindən biridir çünki.
Kirpi dostu ayının evinə ulduzları saymaq üçün gedir. O, bu hərəkəti hər axşam təkrarlayırdı. Qəflətən dumanın içində ağ at görür və ağlına ilk gələn şey bu olur: "Görəsən, at dumanın içində boğulmaz ki?". Kirpi ağlına gələn bu suala cavab tapmaq üçün dağdan enib dumanın içinə girir, yolunu azır, qorxur. Sonra dumanda təəccüblənir, qəribə sevinc hissi keçirir.
Nəhayət, gedib dostunun evinə çatır, birlikdə ulduzları sayırlar.
Norşteynin həssas kirpisində empati hissi necə də güclüdür?!
Rejissor Vahid Talıbovun 1986-cı ildə çəkdiyi "Yeni il əhvalatı" filmindəki kirpi lap Norşteynin kirpisini xatırladır. Norşteynin filmindəki mühiti andıran mühit yaradılıb filmdə. Kirpi yeni il ərəfəsində meşədə tənha qalıb. Hər tərəf ağappaq, soyuq qarla örtülüb. O, soyuq və qarın ağlığı ilə işıqlanan meşədə özünü tək-tənha hiss edir, getməyə yeri yoxdur. İşıq gələn pəncərələr arxasındakı xoşbəxt ailələri izləyir, onların necə yeni il axşamını qeyd elədiklərinə, sevindiklərinə tamaşa edir.
Ancaq tale bizim balaca kirpinin də üzünə gülür. O, tək qalmır, pişik balasının timsalında özünə dost tapır.
Kirpilərlə bərabər dovşanlar, atlar, itlər, arılar, qarışqalar çox vaxt müsbət obrazlar kimi göstərilir.
Ən çox sevdiyim animasiya filmi xarakterlərindən biri Corc Oruelin "Heyvanıstan" adlı əsəri əsasında çəkilmiş "Heyvan ferması" filmindəki Bokser obrazıdır. Bokser güclü, cavan, cəsur atdır. Heyvanlar çevriliş edib fermada hakimiyyəti ələ keçirdikdən sonra fermanın ən ağır işləri Bokserin boynuna düşür, tarlalarda, yel dəyirmanında səhərdən axşamadək dayanmadan var gücü ilə çalışır. Ancaq axırda xəyanətə uğrayır, xain donuzlar tərəfindən öldürülür.
Azərbaycan animasiya filmlərində atlar qəhrəmanların silahdaşı, ən yaxın dostları kimi göstərilirlər. "Basat və Təpəgöz", "Kitabi-Dədə Qorqud. Səkrəyin dastanı" kimi filmlərdə atlar qəhrəmanların sağ əlidirlər.
"Taya" filmindəki eşşək obrazı ürəyəyatımlı və mehribandır. Dostlarının hərəsi bir tərəfə dağılanda o, qüssəyə qərq olur. Axıra qədər dostlarının xilas olması, yenidən bir araya gəlməsi üçün mübarizə aparır. "Qəm nədir?" sualına onun çox yaxşı cavabı var: "Dostlar ki uzaq düşdü, darda qaldı, tənha qalırsan. Olur qəm".
Eşşəyin parlaq obrazını biz "Heyvan ferması" filmində də görürük. Bokserin ən yaxın köməkçisi Benjamin unudulmazdır. Donuzların işçilərin haqlarını yediyinə, ədalətsiz idarəçiliyinə qarşı birinci Benjamin ayağa qalxır və digər heyvanları da inqilaba səsləyir.
Ümumiyyətlə, eşşəklər həmişə işçi, çiyinlərində yük daşıyan fədakar obrazlarda göstərilirlər. Həyatda olduqları kimi, yəni.
Biz insanlar da əziləndə, haqlarımız tapdananda, yorulana qədər işlədilib, lazım olan dəyəri almadığımızda özümüzü eşşəklərlə müqayisə edirik: "Eşşək kimi yoruldum", "eşşək kimi işlədim" və s.
Dünyaca məşhur və sevilən "Şrek" filmində eşşəyin qeyri-adi cəsur, fədakar, həmçinin məzəli obrazı yaradılıb.
Bir də var, əbədi-əzəli düşmənlər, ömür boyu qaça-qovda olan canavarlar və dovşanlar, pişiklər və siçanlar. Bu filmlər, adətən komediya janrında çəkilir, uşaqlarda şən əhval-ruhiyyə yaradır.
Ancaq bəzən müdrik siçanlara və qəhrəman pişiklərə ("Çəkməli pişik") də rast gəlirik.
"Ayı və siçan" (1970, N.Məmmədov) filmində siçan ayıya dərs verir. Ayı bir gün siçanı tutur, siçan onu buraxması üçün yalvarır. Bir gün yaxşılığının əvəzini çıxacağını vəd edir. Ayı isə gülüb deyir ki, sən balaca bir siçansan. Mənə nə yaxşılıq edə bilərsən?
Amma bir gün doğrudan da, siçan ayını tələdən qurtarır. Ayının düşdüyü toru dişi ilə kəsib onu xilas edir. Film Seyid Əzim Şirvaninin məşhur təmsili əsasında çəkilib.
Siçanın filosofluq elədiyi digər film də Ezopun təmsili əsasında çəkilmiş "Talada ev" (1986, Hafiz Əkbərov) filmidir. Çöl siçanı evlərdən birində yaşayan, rahat yeyib yatan siçanla qarşılaşır. Evdə yaşayan siçan hər şeyin bolluğundan, rahatlıqdan elə ağızdolusu danışır ki, çöl siçanı onun yaşadığı evdə yaşamağa razılaşır. Ancaq evdə hər şey göründüyü kimi deyil. Hər şey boldur, ancaq sən heç nəyə toxuna bilməzsən. Çünki anbardakı taxılı ev sahibi siçanların ucbatından zəhərləyib. Siçanlar üçün tələ qurub. Həmin tələdən dostlar çox böyük çətinliklə keçirlər. Üstəlik, burda siçanların qorxulu düşməni pişik də yaşayır və hər yerdə onları izləyir.
Çöl siçanı bu şərtlər altında yaşamaqdan təngə gəlir, evdə oğurluqla ömür sürən siçana deyir: "Tələdəki pendirdənsə, yoldakı taxıl daha yaxşıdır".
Sonra zənginlik və bolluqla dolu evi tərk edib azad, qorxusuz çöllərə qayıdır.
Qorxa-qorxa oğurlamaqdansa, öz zəhməti ilə rahat yaşamağı seçir.
Bəs mənfi qəhrəmanlar kimlərdir? Təbii ki, tülkülər, çaqqallar, qarğalar, yırtıcılar.
Tülkü obrazlarından ən məşhuru "Tülkü həccə gedir" filmində göstərilib. O, özünü dindar kimi göstərib, toyuqları, xoruzu aldadır, onları müqəddəs ziyarətgaha gedən yolda tutub yeyir.
Qoyunlarsa axmaqdır. Elçin Hami Axundovun "Dəniz səyahəti" filmində onlar sallaqxanaya gedən yoldaşlarının dalınca köks ötürür, qibtə edir, nə vaxt özlərinə növbənin çatacağını səbirsizliklə gözləyirlər. Onlar elə bilirlər ki, qoyunları daha yaxşı yerə aparır və onlar ağ günə çıxırlar.
Heyvanlara xas xarakterlər fərqli göstərilsə, bəlkə də maraqlı olar. "Balaca şahzadə" əsərindəki tülkü obrazını sevgiylə xatırlayırıq, məsələn.
Bu yaxınlarda heyvanlar haqqında maraqlı bir məlumata rast gəldim. Heyvanlar hiylə eləməyi bacarırlar və bu onlara çox vaxt ac qalmamaları və sağ qalmaları üçün lazım olur. Bəzi quşlar özlərini axsaqlığa vurub, yırtıcını öz yuvalarından uzaqlaşdıra bilirlər. Yırtıcı elə bilir ki, ana quş yaralı və ya xəstədir, onun dalınca gedir. Yuvadan uzaqlaşan kimi isə var gücləri ilə qaçıb canlarını qurtarırlar.
Adətən meymunlar meşədə banan və ya başqa şirin meyvə tapanda çığırıb yoldaşlarını çağırırlar. Bəzi meymunlar isə banan tapanda səslərini çıxarmırlar ki, başqaları duyuq düşməsin, boğazlarına şərik olmasın. Bəzi quşlar isə oğurluq edirlər. Başqalarını güdürlər, onların qidanı harda gizlətdiyini görür, sonra oğurlayıb yeyirlər.
Heyvanların həyatından ən maraqlı hadisələri hər dəqiqliklə qələmə alan Ernest Seton Tompsonun əsərlərindəki eyni növdən olan heyvanlar belə bir-birindən fərqlənir. Necə ki, insanların hamısı bir-birindən fərqlənir.
Yazıçı deyir: "Uşaqlar üçün heyvanlar haqqında əsərlər yazanda onlara ovçunun gözü ilə yox, qurbanın gözü ilə baxmaq lazımdır".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!