21 sentyabr şairənin doğum günüdür
Sentyabrın 21-i XX əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatının ən güclü və özünəməxsus poetik səslərindən olan görkəmli şair, nasir və publisist Nurəngiz Günün doğum günüdür. Onun haqqında XX əsrin müxtəlif ədəbi nəsillərini təmsil edən görkəmli Azərbaycan yazıçı və şairləri zaman-zaman çox qiymətli fikirlər söyləyiblər. Yaradıcılığı təqdir edilib, əsərləri, kitabları sevilib, oxunub. Özü də təkcə ölkəmizdə deyil, onun hüdudlarında kənarda da.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu deyir ki, 2020-ci ildə Mərkəzin əsərlərinin tərcüməsi və xaricdə nəşri istiqamətində konkret addımlar atdığı görkəmli Azərbaycan ədiblərindən biri də Nurəngiz Gündür. Çox sevindiricidir ki, onun əsərləri həm təqdir görür, eyni zamanda müxtəlif xalqların ədəbiyyatşünasları, şair və yazıçıları, tərcüməçiləri tərəfindən yüksək qiymətləndirilir. Bu il biz Nurəngiz xanımın türk, ingilis, italyan, özbək, rus, rumın, monteneqro dillərinə tərcüməsinə və həmin ölkələrin yerli ədəbi mühitlərdə aktiv olan ədəbi nəşrlərində, elektron resurslarında dərcinə nail olduq.Və çox sevindiricidir ki, bu publikasiyaların əksəriyyəti maraqlı “ön söz”lərlə müşayiət olundu. İtaliyanın “ Lacasadellapoesiadicomo.com” saytı, Türkiyənin “İnsancıl” dərgisi, Moldovanın "Literatura şi Arta" ədəbiyyat qəzeti, Ukraynanın rumındilli "Gazeta de Herța" nəşri, Özbəkistanın “Kitab dünyası” ədəbi həftəliyi, Monteneqronun “montenegrina.net”, “avlija.me”, “crnogorskiportal.me” və Bosniyanın “bosnjaci.net” saytları Nurəngiz xanımın yaradıcılığından seçmələr dərc etdilər. Rəylər yazdılar. Bunlar həm bir şairənin yaradıcılığına verilən qiymət kimi, həm də milli ədəbiyyatımız adına sevindirici hadisələrdir...”
Yaradıcılığı barədə son günlərdə dərc edilən yazılardan parçaları dərc etməklə biz də görkəmli şairəni doğum günü ərəfəsində ehtiramla yad edirik.
Görkəmli türk şairəsi Gülsüm Çingiz “İnsancıl” dərgisində Nurəngiz Gün haqqında yazır: “Şeirlərini oxuyarkən, onun qadın, ana və aydın, ziyalı kimliyi ilə də rastlaşdım. Bir tərəfdən qadın kimi cəmiyyət həyatında öz yerini tutub var olma mücadiləsinə qalxarkən, o biri tərəfdən ana olmağın, uşaq böyütməyin çətinliyi və gözəlliyini duymaq olar onun sətirlərində...” Sonra isə müəllif məqaləsi üçün “son söz” yerinə qeydində əlavə edir: “ Mənim də şeirlərimdə yer verdiyim oxşar mövzular və misralarla rastlaşdım Nurəngiz Günün şeirlərində. Təəccüblənmədim. Çünki qadınların, şairlərin, insanam deyən insanın dili, düşüncəsi ortaqdır. Onun şeirləri ilə çıxdığım yolçuluqda davamlı olaraq həyat yolunu, yorğunluğunu, incikliklərini dərindən hiss etdim, onu həyata bağlayan bağları da...”
Tanınmış rumın-moldovan ədibi, “Kvadrat” dərgisinin təsisçisi və baş redaktoru Nikolay Spetaru "Literatura şi Arta" qəzetində Nurəngiz xanım barədə belə yazır: “Nurəngiz Günün poeziyasında ilk başdan hiss etdiyin həssaslıq və oxucuya ünvanlanan ismarışın səmimiyyətidir. Ədəbiyyat kontekstində bu cürətli adddımdır, çünki sovet dönəmi hər cür özünəməxsusluğu istisna edirdi. Onun şeiriyyatı həyata həqiqi sevgi hissləri ilə, qəlbin dərinliklərinin həqiqi səsi ilə doludur, onu şeiri həyəcanlandırır, düşündürür, çoxlu ekzistensial suallara cavab aramağa sövq edir oxucunu. Dili hədsiz dərəcədə lirikdir. İfadə etdiyi hər bir münasibətindən ciddi, hamıya sirayət edən poetik gizilti saçılır ətrafa...”
“Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm isə Nurəngiz Gün yaradıcılığının ana xüsusiyyətini belə ifadə edir: “ Bu istedadlı qadın özünə ev bildiyi poeziyaya bütünlüklə dalır. Bu ev, bu dünya onun həm də sığınacağı, ibadət otağı, həyatının bütün məzmunudur. Görünür, onun şeirlərinin əksəriyyətinin duanı xatırlatması təsadüfi deyil...
Somo Poeziya Evinin təsisçisi, görkəmli italyan şairəsi Laura Qaravaglia Nurəngiz Gün haqqında lacasadellapoesiadicommo.com şeir saytında yazır: “Sevgi onun poeziyasının ana mövzusudur. Amma özünün çox müxtəlif çalarları ilə bu sevgi enerji verir, gümrahlaşdırır, sanki dirildir də; bu görünür anlamaq və anlaşılmaq arzusundan doğur... Onun bəzi şeirləri sezilən vətəndaş mövqeyi və dəyərləri ilə hərəkətə keçir, varlığın isti nəfəsini sezdirir, oxucunu da o saat ələ alır, çünki vərdiş olunmuş boş ritorikadan uzaqdır...”
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!