Göy üzündə aydın bir genişlik. Bir qıraqda yaqutdan düzəldilmiş, müxtəlif qiymətli daş-qaşlarla bəzədilmiş yüksək bir minbər. Minbərin üstündə qızıl hərflərlə "Həzə minbərü həzrəti-Əzazil" deyə yazılıb. Ortada bir neçə mələk başları yerə əyilib, səcdə halında, ağır səslə "Sübhanallah", "Sübhanallah", - deyə durmuşlar. Bir azdan sonra mələklərin müdərrisi olan Şeytan düşüncəli, heyrət içində, qürurlu bir simada gəlir. Mələklərin səcdə vəziyyətinə nifrət qarışıq bir təhqirlə baxandan sonra söyləyir.
Şeytan
Neçin imiş bu tubanlıq, bu xorluq,
Bu cahillik, bu cansızlıq, bu korluq?!
Milyonlarla ixtiyarsız məxluqlar
Min illərdir dayanmadan, bax belə
Yummuş gözün, yerə qoymuş alnını,
"Sübhan, sübhan, sübhan" deyə sayıqlar.
(Bir az düşünəndən sonra)
Nurdan milyon-milyon mələk yaradıb,
can ver, qan ver, göz ver, tən işlə,
Uçmaq üçün qanad dəxi bağışla,
Ondan sonra...
Mələklər
Sübhanallah, ya Allah.
Şeytan
Yerdə yatıb "sübhan-sübhan" söyləyir!
Kimə, necə, hansı fayda bu işdən?
Hansı axmaq qızınmaqda bu qışdan?
Bu müti məxluqları dikəldib,
Ondan sonra ağac kimi uzadıb,
Ömür boyu "pak"lığını öydürmək
istəmisən... Niyə verdin əl-ayaq?
Tərpənmirsə, niyə onlar dirildi?
Uçmaz ikən, niyə qanad verildi?
Mələklər
Sübhanallah, Sübhanallah, ya Sübhan!
Sübhanallah, sübhanallah ya sübhan.
Şeytan (gülümsəyərək)
"Sübhan, sübhan" söyləməkdir işləri,
eyni cürdür baharları, qışları.
göyərməzlər, açılmazlar, solmazlar,
yüksəlməzlər, yaratmazlar, ölməzlər.
"Yoxluq" deyil belə "varlıq"dan yaman?!.
İsrafil sur çalır. Mələklər səcdədən baş qaldırırlar. Hamısı Şeytana salam verib, onun ətrafında toplanırlar.
Şeytan (qürurla)
Mən bunların müəllimi, yolçusu,
Yol azanın, yıxılanın qolçusu.
Bu işlərin səbəbini bilmirəm,
Dediyini öz xoşumla qılmıram.
Bu minbərə ayaq basıb çıxanda,
Əmrin ilə sözə ağız açanda,
Cəlalından, camalından söylədim,
Hər bir işin hikmətini oyladım.
Ululuğun, qadirliyin, elmindən
Uzaqgörən, adilliyin, helmindən
Dayanmadan gözüm yumub danışdım.
Amma bu gün... budur sənə çin sözüm:
Dediyimə inanmadım mən özüm!
Dilim daim, hər gün səndən söyləsə,
Amma könlüm inanmazdı, nə desəm.
(Qəti şəkildə)
Xoşlamıram hikmətlərini düzü,
Dilucu deyirəm dediyim sözü.
Cəbrayıl daxil olub, Şeytana salam verir.
Cəbrayıl
Hörmət sənə, ey aləmi-irfan,
Ey könlü maarif ilə dolan!
Tanrı səni hörmətlə salamlar,
Haqqındakı lütfünü tamamlar,
əmr eylədi, tez təlimə başla!
Hər cür yaman fikri də boşla!
Çıx minbərinə, xalqa xitab et!
Kim azmış isə, ona itab et!
Həqq Cəllə əlanın
əhkamını vəsf et,
əvsafından söz aç,
bildir mələküta,
Sən dalma sükuta,
Qal dostu xudanın!
Cəbrayıl təzim edib bir tərəfə çəkilir, Mikayıl gəlir.
Mikayıl
Salam sənə, mələklərin ulu rəhbəri,
Bilik, hikmət göylərinin nurlu ülkəri!
Tanrı sənə hörmət edər inan ki, sonsuz,
Der: "İşlərimiz fayda verməz bir an da onsuz.
Mələklərə təlim versin, mərifət saçsın
Hikmətimi, qüdrətimi onlara açsın".
Mikayıl da təzim edib, Cəbrayılın yanında dayanır. Əzrayıl daxil olur.
Əzrayıl
Salam dedi sənə xudayim,
Hörmət edər o sənə daim.
Əmr eylədi: dur, çıx minbərə,
Xudanı təriflə bu bəndələrə.
Əzrayıl da təzim edib bir qıraqda dayanır. Şeytan minbərə çıxarkən düşünür.
Şeytan
Mənim kimi boş, gəvəzə xatiblər
düşünmədən söylərlər,
Bunlar kimi düşüncəsiz avamlar
anlamadan dinlərlər.
Yenə söylə, yenə dinlə, axırı yox, ucu yox,
"Dinləmirik", deməyəsə
heç kimsənin gücü yox!
Şeytan minbərə çıxandan sonra Cəbrayıl, Mikayıl, Əzrayıl minbərin ətrafında, mələklər minbərin önündə dayanırlar. Şeytan hər tərəfə nəzər salıb, düşüncəli davam edir.
Şeytan
Göy yox imiş, yer yox imiş,
günəş ilə ulduz yox,
Ay yox imiş, zaman da yox,
gecə ilə gündüz yox.
Yox bir nərsə , yox bir kimsə,
yox bir sifət, yox bir isim,
Yox bir nisbət, yox bir halət,
yox bir məna, yox bir cisim.
Var yox imiş, varlıq da yox,
mümkün də yox, imkan yox,
Hava da yox, fəza da yox,
mələk də yox, şeytan yox.
Bu yoxluqda bizim Tanrı
bir sirr kimi durarmış...
İstəmiş ki, varlıq üzrə
çıxıb seyr eyləsin özünü,
Özündəki sifətlərlə nurlandırsın gözünü.
İstəmiş ki, bu yoxluqdan
biz "var"ları yaratsın,
Sonra... özünə hamımızı
tapındırsın, baxdırsın.
Qaranlıqdan yoxluq sarı qədəm
qoymuş, var olmuş,
Dünya onun yoxdan çıxan
məxluqları ilə dolmuş.
"Lövh ül-məhfuz" sözüdür bu,
mən özümdən demədim,
Bu sözlərə inanıb da,
öz fikrimdən dönmədim.
Bu sözləri düşünmədən qəbul eyləyəkmi biz?
Dinləyirəm, bildirin fikrinizi indi siz!
(Cavab gözləyir).
Cəbrayıl
"Lövh ül-məhfuz" da Xudanın sözü var.
Xudanın sözündə haqqın özü var.
Mələklər
Xudanın sözünü qaytarmaz heç kim,
kim inkar eləsə o imansızdır...
Şeytan
(onun sözünü kəsir).
Sakit olun!
Hamı onu dinləməyə başlayır.
"Lövh ül-məhfuz" sözlərini
siz oxuyub çıxsanız,
o sözlərin bir-birinə uymadığın görsəniz,
siz də məntək düşünməyə
bir ehtiyac sezərsiz,
düşünmədən, inanmadan
tapınmaqdan bezərsiz.
Başa düşün, yoxluqlarda
bir sirr olub durmuş O,
gənəşmədən, soruşmadan sizi varlıq üzünə
çıxarıb ki, bu dünyada tapındırsın özünə.
"Yaradıldıq, yaşayırıq",
baş qoyursuz, yatırsız,
başınızı qaldırmadan qaranlıqda batırsız.
Vəzifəniz bükülərək səcdə olsun...
Neçin bu?!
Yaradılış hikməti bu?! İnandırmaz məni bu!
Mələklər çaşqın halda görünürlər. Cəbrayıl həyəcanlı bir vəziyyətdə müdaxilə edir.
Cəbrayıl
Ustadım, aşırdın,
fikrimi qaçırdın.
Haqq qullarını sən
öz doğru yolundan
azdırma! Çıxarma!
Zülmət sarı varma!
Mələklər (əllərini yuxarı qaldırıb).
Ulu Tanrım, kafir qılma, aman ver!
Özün bizə sarsılmayan iman ver!
Cəbrayıl öz yerinə qayıdır, Mikayıl müdaxilə edir.
Mikayıl
Ustadımız, bu gün sənə nə oldu?
Könlün niyə qaranlıqlara doldu?
Tanrıdan qorx, demə belə sözləri,
inad etmə, gəl sevindir bizləri.
Tanrı bizi tapınmaqçün var edib,
Əbədi bir olmaq üçün yaradıb.
Mələklər (əllərini yuxarı qaldırıb)
Ulu Tanrım, kafir qılma, aman ver!
Özün bizə sarsılmayan iman ver!
Cəbrayıl söz alır.
Cəbrayıl
Onun işi hikmətlidir,
hikmətləri bilinməz.
İşlərinin əzəməti
bizim gözlə görünməz...
Adi məxluq dərk edəmməz...
Şeytan
Neçün bu?!
Cəbrayıl
"Neçün bu"mu?
Mikayıl
Çünki o
Tanrımızdır, bizsə onun qulları.
Əzrayıl birdən müdaxilə edib, həyəcanla söyləməyə başlayır.
Əzrayıl
Tanrım, nədir bunun bunca azmağı,
imanların təməlini qazmağı?!
Bu bizlərə küfr öyrədib durubdu,
canımızı tamuğ sarı sürübdü.
Uçacaqmı göyə bunun külləri?
Kəsilməzmi hədyan deyən dilləri?!
Mələklər
Ulu Tanrım, kafir qılma, aman ver!
Özün bizə sarsılmayan iman ver!
Əzrayıl
Əmr et, ona ölüm alovun saçım.
Cəbrayıl, Mikayıl, Əzrayıl ümidsiz vəziyyətdə öz yerlərinə qayıdırlar, Şeytan yenə söyləməkdə davam edir.
Şeytan
Hər bir şeyi yoxluqlardan
var etməksə, bilmirəm,
doğrumu?! Amma düzü
bu sözlərə inanmıram.
Özü yoxdan hər bir şeyi yaratdığın söyləyir,
sizi nurdan, məni oddan var etdiyin söyləyir.
Nurdan, oddan yaradılmaq
- yoxdan var olmaq deyil,
bunu bilən heç kim bizə
"yoxdan var oldun", demir.
Yenə "Lövh ül-məhfuz"
sözlərinə nəzər yetirdim,
sizlər üçün çox maraqlı
bir xəbər də gətirdim.
Hamı dinləyir.
Tanrı qara torpaqdan yeni heyvan düzəldib,
Bizə hakim, həm özünə bir Xəlifə xəlq edib.
Eşitdiniz, yoxdan deyil, torpaqdan:
İnanmasanız, göstərərəm!
(Əli ilə işarə edib bir tərəfi göstərir).
Bax, inan!
Şeytan göstərdiyi tərəfdə "Lövh ül-məhfuz" görünür. Qızıl hərflərlə yazılmış aşağdakı sözləri hamısı birdən oxuyur.
"Adəmi torpaqdan indi yaratdıq,
həm də onu özümüzə Xəlifə etdik.
O bizim ulu qulumuz olacaq".
Mələklər arasında səs-küy qalxır. "Lövh ül-məhfuz" mətni gözdən itir.
Birinci mələk
Adəm...
İkinci mələk
Adəm...
Üçüncü mələk
Adəm - kim?
Dördüncü mələk
Bu necə sözdür, Tanrım?!
Beşinci mələk
Adəmin anası - torpaq?!
Altıncı mələk
Bizdən olur uluraq?!
Hamısı
Yox, yox, yox, yox, belə olmaz,
Tanrımız bu işi qılmaz.
Şeytan mələklərin düşdüyü vəziyyətə diqqətlə fikir verib, özündən razı halda baxıb söyləyir.
Şeytan
"Lövh ül-məhfuz"
Tanrımızın sözlərini göstərir,
o sözlərə inanmamaq sizi küfrə aparar.
"Lövh ül-məhfuz"
sözlərini oxudunuz özünüz,
de, nə üçün "Yox, yox, yox, yox"
oldu sözünüz?
Cəbrayıl (mələklərə)
Yox, yox, deyil! "Lövh ül-məhfuz"
sözü olammaz yalan,
Adəm ata yaradılıb...
Şeytan
Yoxluqdanmı?
Cəbrayıl
Torpaqdan!
Torpağını biz gətirdik, palçığa şəkil verdik,
Qurusun deyə, neçə gündü günəş işığına sərdik.
Bax elə bu gün quruyar, Tanrı ona can verər,
Ayağa duran kimi özü məclisimizə gələr.
Mələklər (çaşqın halda)
Yox-yox, olmaz, Tanrı bizim
qəddimizi sındırmaz,
Biz nurdanıq, lay torpağı
başımıza mindirməz.
Şeytan
Min illərdir tapındınız Tanrıya,
Düşünmədən baş əydiniz əmrinə.
Hər dediyin dinlədiniz, durdunuz,
Əsirlikdə ömrünüzü sürdünüz...
Heç biriniz günah nədir bilmədi,
Heç biriniz demədiyin qılmadı.
Vəzifəniz qulluq, səcdə, inanmaq,
Bilmədiniz nə yaşamaq, nə yanmaq.
Palçıq adam xəlq ediblər bax bu gün,
Sizə hakim eylərmişlər, de, neçün?
Min illərcə tapınmağın axırı,
nəticəsi budurmu?!
Cəbrayıl
Ey mələklər rəhbəri!
Nədir çarə?
Mikayıl
Gəlin, dua edək,
Tanrımıza yalvaraq, ağlayaq.
Şeytan
Yaxşı, bunu da bir sınayaq.
Hamısı əllərini göyə qaldırıb, dua edir.
Mələklər
Bizim könlümüzü sındırma, Tanrı!
Zülməti nur üstə mindirmə, Tanrı!
Bizə rəhmətlə bir an nəzər sal,
Adəmatanı gəl yaratma, qal.
Özümüz sənə taət edirik,
Tanrılığını yaxşı bilirik.
Gəl təzədən adam yaratma, Tanrı!
Bizim könlümüzü ağrıtma, Tanrı!
İsrafil sur çalır. Hamı sükuta qərq olur. Tanrıdan səda gəlir.
Səda
Hamınız mənim qulumsuz bu gün,
Mənim hüzurumda bu səs-küy neçün?
Mən istəyəni istəmirsizmi?
Mənim qəzəbimdən çəkinmirsizmi?
Mən diləməyən yol tutdunuzmu?
Tamuğ alovunu unutdunuzmu?
İlanlarmı udsun sizi?
Dərd-bəlamı tutsun sizi?
Başınıza yağdırımmı
Odda yanmış daşları?
Adəm neçün yamandır?
Səbəbini tez deyin!
Şeytan
Bu hərbə-zorbaları da yalandır.
Cəbrayıl
Yanlış yoldan qayıdın!
Mələklər yalvarıb, yenə göylərə üz tutub münacat edirlər.
Mələklər
Tanrım, bizə aman ver!
Aman ilə iman ver!
Adəm heç vaxt qılammaz
biztək sənə ibadət.
Adəm heç vaxt biləmməz
nədir səndəki qüdrət.
O çox günah eylərmiş,
varlığı bulayarmış,
alov, ölüm saçarmış.
Səda
Sizlər mənim bildiyimi bilməzsiz,
mən istəsəm, ona qarşı olmazsız.
Budur sizin vəzifəniz!.. Cəbrayıl,
Sən yola düş, ərşim sarı səfər qıl.
Adəm yəqin, dirilibdir, de, gəlsin.
Mələklərə əmr edirəm - Adəmın
Ayağına səcdə qılsın, yıxılsın.
Cəbrayıl gedir.
Şeytan (düşünür).
Əmr edir... Tanrısından aləmin
Mələk olub, bunca zülm çəkincə,
ağlın olsa, torpaq olub dinc otur.
(Ümidsiz əhvlada qalmış mələklərə üzünü tutur).
Neçin, belə bu fələyin gərdişi?!
Özgə cür olmaz qulların işi.
Heç kimsəyə səcdə qılma, baş əymə,
Öz şanına, şərəfinə heç qıyma.
Min illərdir tapındınız özünə,
Baş əydiniz onun hər bir sözünə.
Sizi bu gün palçıqdan da aşağı
saymaqdadır! Bundan artıq nə gərək?!
Heç kim onun önündə diz çökməsin,
Zülmət nuru qaplamasın, örtməsin.
İsrafil sur çalır. Cəbrayıl gəlir. Onun arxasınca Adəm, ağappaq nurdan libaslar geymiş, başında tac, əlində yaşıl əsa, ağır-ağır addımlayaraq daxil olur. Şeytan Adəmi görən kimi əsəbiləşib, dəli bir durumda minbərdən düşür. Bu zaman Səda gəlir.
Səda
Ey, ey, bütün mələklər, tapının siz Adəmə!
Mələklər hamısı səcdə qılmağa hazırlaşır. Şeytan mələklərin səcdə qılmasını görmədən, Səda gələn səmtə qəzəblə qışqırır.
Şeytan
Tapınmırıq... İstəyirsən göndər bizi Ədəmə!
Şeytanın bu qəzəbnak bağırtısından sonra dünyanı qorxunc bir qaranlıq basır, İldırım çaxır, hər tərəf titrəyir. Bir az keçəndən sonra dünya əvvəlki halına qayıdır. Minbərin önündə üzüüstə yıxılmış Şeytan yerindən durur. Tacının, əlindəki əsanın, qanadlarının yerə düşdüyü görünür, həm də onun Şeytan qiyafəsinə girməsi də açıqca nəzərə çarpır. İsrafil sur çalır. Mələklər səcdədən başını qaldırır. Şeytanın düşdüyü əhvalı görüb, hamısı birlikdə Allaha münacat edir.
Mələklər
Ulu Tanrı, kafir qılma, aman ver!
Özün bizə sarsılmayan iman ver!
Şeytan qəfildən vəhşi, qeyri-insani bir gülüşlə müdaxilə edib, Adəma üz tutub söyləyir.
Şeytan
Bil, hədsizdir mənim sənə hörmətim,
sənə hörmət, mütiliyə nifrətim.
Sanki məni nicat sarı çağırdın,
(yerə düşən şeyləri göstərib)
Bu əsirlik bağlarından qurtardın.
Tanrı məni tapındırdı özünə,
Anlatmadan, tabe etdi sözünə.
Bağışladı bir kirli tac, bir əsa,
Biləmmədim, bunlar imiş bir tələ.
İstədi ki, sənə dəxi tapınım,
Yəni yenə bir təhqirə tutunum.
Qarşı durdum bu mənasız əmrinə,
Yağı oldum bu gün ulu Tanrıya.
Dözəmmədim, yerə saldım sözünü,
(mələkləri göstərib)
Hamı gördü, utandırdım özünü.
Heç bir cəza verəmmədi o mənə,
Budur, özüm söyləyirəm,
olanları mən sənə.
Nə yandırdı, nə ilana uddurdu,
Nə başıma od-alovlar tökdürdü.
Tamuqları qaynamadı, daşmadı,
Alov axan dəryaları aşmadı.
Hirslə məndən aldı üç şey, üç nərsə:
Bir kirli tac, iki qanad, bir əsa.
Qanad ilə uçardımmı, söyləsin,
Əsa mənə nə gərəkdir, qoy desin.
Tacı ağır bir yük idi başıma
İbadəti ağır idi, zəhər qatdı aşıma.
Qurtuldum mən, indi azad bir gücəm,
Ənginlikdə qanadsız da gəzəcəm.
(Adəmə yaxınlaşıb)
Məni sənə tapındırmaqdan onun
bir məqsədi - səni dəxi aldatmaq,
aldadaraq, əl-ayağın bağlamaq.
Özün düşün, mənası varmı bunun?
Mən qurtuldum, bir də düşmərəm ələ,
Ağlını yığ, sənin üçün bu tələ.
At tacını, əsaya bel bağlama,
Son sözümdür: heç vaxt sən mələk olma!
İsrafil sur çalır. Səda gəlir.
Səda
Bəndələrim, dinləməyin yağını,
Ondan aldım mən səadət bağını.
Yoldan azdı, zəlalətə batdı o,
Çəkəcəkdir bu işindən çox qayğı.
Mələklərə ululuğun bildirdim,
Minbərini ərşimə yaxın qurdum.
Qüdrətimin sirlərini göstərdim,
Özüm bilən bilikləri öyrətdim.
Səmaların səltənətinə yetdi,
Mələklərə müəllimlik etdi.
Böyük-böyük mərtəbələr bəxş etdim,
Ondan sonra görün bu nə iş etdi,
Tanrısının əmrin pozdu bu azğın!
Şeytan
(Səda gələn tərəfə üzünü tutub qışqırır).
Çün varlığın bilik ilə düşmandır!
(istehza ilə)
Hikmətin var, onu özün gəl qandır.
Mən qorxmuram indi sənin qəhrindən,
Uçub getdim, iqlimindən, şəhrindən.
Tamuğların, alovların, əzabın,
Vahimələr, cənnətlərin yalandır.
"Lövh ül-məhfuz" deyən böyük kitabın
uydurmadır, başdan-ayaq yalandır.
Neçə illər başım üzrə yerləşdin,
Ən son dəmdə gözümdən tamam düşdün.
Artıq məndən Adəminə tapınmaq,
Əfv diləyib, yalvarmaq və yalmanmaq
gözləmə sən. Mən gəzirəm bu gün şad,
tutqunluqdan, qulluqlardan çox azad.
Rəhbərim - elm, peyğəmbərim - bilimdir,
Yardım edən - təfəkkürüm, dilimdir.
Tapınacam yalnız özüm-özümə,
İnanacam iki açıq gözümə.
Təkcə özüm qurtuluşa sevinməm,
Başqaların taleyini də billəm.
(Adəmi göstərib)
Onu bir gün qurtaracam əlindən,
Çıxaracam sənin yanlış yolundan.
Bundan sonra səni heç kim yüksəkdən
axtarmasın, yıxılıb düş fələkdən!
Yox ol indi hikmətinlə, ərşinlə,
qüdrətinlə, cəlalınla, fərşinlə!
Hava qaranlıqlaşır, göy guruldayır, şimşək çaxır, hər tərəf zülmət içərisində titrəyir... Bir azdan dünya yavaş-yavaş öz əvvəlki halına qayıdır, Şeytandan, Adəmdən, mələklərdən, minbərdən heç bir nam-nişan görünmür.
Pərdə düşür.
Daşkənd, 1924
Özbəkcədən çevirən: Yaşar Qasımbəyli
filologiya elmləri doktoru,
AMEA-nın baş elmi işçisi
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!