Poema
I
Üç il sərasər
Xəbərçini gözlədik
Gözlərimizi dikərək
Şam ağaclarına, sahilə və ulduzlara.
Gah kotanı qarşıladıq, gah gəminin gövdəsini,
Səylə ilk toxumu axtardıq
Qədimi dramanı təzədən başlamaq üçün.
Evə qayıdanda
Bədənimiz başdan-ayağa yara içindəydi,
Ağzımız duzla, palçıqla dolu.
Oyanan kimi şimala üz tutduq,
Bizi yaralayan durnaların
Qanadlarıyla dumana saldığı
Yad adamlar idik.
Qış gecələri şərqdən əsən külək dəli elədi bizi.
Yaydasa öləziməyən günəşin
ümidsizliyində öldük.
Qayıdanda özümüzlə bu relyefləri gətirdik -
Hörmət edilən sənətin hədiyyəsini.
II
Mağara içində başqa bir quyu.
Əvvəllər asan idi
Dərinlikdən bütlər, bəzəklər çıxartıb
Bizə sadiq qalan dostları sevindirmək.
İplər qopub artıq; bircə quyunun ağzındakı izləri
Xatırladır bizə keçmiş xoşbəxtliklərimizi.
Daşın soyuqluğunu hiss edir əllər,
Əllərin istiliyi daşa keçir
Və mağara ruhunu qumarda uduzur elə bil.
Qulaqbatıran səssizlik.
Damcı səsi də gəlmir.
III
"İçində xəncərləndiyiniz hamamı unutmayın".
Əllərimdə mərmər başla oyandım;
O bütün gücümü alıb, yorulmuşam
Və bilmirəm başı hara qoyum.
Mən yuxudan oyanan kimi o yuxuya gedir,
Beləcə birləşdi ömrümüz və
ayırmaq mümkün deyil artıq.
Nə açıq, nə də bağlı olan gözlərə baxıram,
Nəsə deməyə çalışan ağızla danışıram,
Dərisini hiss eləmədiyim
yanaqlara toxunuram.
Başqa heç nəyə gücüm çatmır.
Əllərim yoxa çıxır, sonra təzədən peyda olur
Sınıq şəkildə.
IV
Arqonavtlar
Və əgər ruhu
Tanımaq lazımdırsa
Sən diqqətlə
Baxmalısan ona.
Düşmən və yad adamları
Göstərirdi bizə güzgü.
Yoldaşlarım yaxşı uşaqlardı, ağlamırdılar
Nə yorğunluqdan, nə soyuqdan, nə istidən.
Özlərini dalğalar və ağaclar kimi aparırdılar
Yağışda və soyuqda
Gecə və gündüz
Heç vaxt dəyişmirdilər.
Yaxşı uşaqlardı: günlər uzunu
Başlarını salıb ritmlə nəfəs alaraq
Kürək çəkdilər.
Qanları qızardırdı dərilərini.
Hərdən də nəğmə oxuyurdular
Axşam alatoranında
Əncirlə dolu adanın yanından keçəndə.
Əgər onu tanımaq lazımdırsa, deyirdilər,
Ruhuna baxmaq lazımdır, deyirdilər -
Və kürəklər yarırdı dənizin sularını
Axşamüstü alatoranında.
Körfəzlərin, adaların yanından keçdik
Dənizdən dənizə üzdük
Qağayıların və suitilərin müşayiətilə.
Hərdən bədbəxt analar ağlayırdı
İtkin oğullarının dalınca
Ya da çaşqınlıq içində
Böyük İskəndəri axtarırdılar
Bir də Asiyada itirilmiş şöhrəti.
Müxtəlif ətirlər və quş cəhcəhləriylə dolu
Sahilə çıxdıq.
Su ovuclarda xoşbəxtlik xatirəsi saxlayırdı.
Amma yolçuluq qurtarmırdı.
Onların ruhu bir bütöv olmuşdu
Çəkdikləri kürəklərlə
Gəminin burnundakı vacib adamla
Və üzlərini əks edən dəniz suyuyla.
Bir-birinin dalınca öldülər
Başlarını aşağı salıb.
Qəbirlərinə sancılmış kürəklər
Talelərini bildirdi.
İndi heç kim onları xatırlamır.
Qara tale.
V
Tanış deyildik,
Bircə ümidimiz vardı
Uşaqlıqdan bir-birimizi tanıyırıq deyə.
Bəlkə də onları iki dəfə görmüşdük, sonra
Hamı gəmilərə dağılışdı.
Kömür, buğda yükləyib
Həmişəlik yoxa çıxdılar okean sularında.
Dan bizi öləziyən lampanın yanında haqlayır;
Dəniz vəhşiləri, balıqqulağı və
gəmi şəkli çəkdiyimiz yerdə.
Axşamlar çay qırağına gedirik -
Bu yol dənizə aparır axı.
Və gecələri keçirdirik
Qətran iyi verən zirzəmilərdə.
Dostlarımız bizi tərk edib
Bir də heç vaxt görüşməmək üçün.
Bəlkə yuxu bizi dalğalarda
Yelləyəndə görüşmüşdük,
Bəlkə də heykəlin o tərəfində
Təzə həyat axtardığımız üçün
Axtarırıq onları.
VI
M.R.
Yağış yağan bağa
Bulanıq pəncərədən baxacaqsan.
Təkcə ocağın şöləsi aydınladacaq evini
Və hərdən ildırım çaxanda
Görəcəyəm üzümüm qırışlarını
Əziz dost.
Bağın səsləridi qalan əllərində -
Sınıq mərmərsiz
Və tragik kolonnadasız
Gizli həyatın ritmi.
Çiçəklər arasında rəqs.
Saatlar keçdikcə sınacaq şüşə.
Nəfəs almayacaqsan.
Torpaq və ağacların suyu
Yaddaşından süzüləcək
Böyük dünyanın yağışının
Döyəclədiyi pəncərənə çırpılmaq üçün.
VII
Cənub küləyi
Dəniz qarşılayır dağ silsiləsini günəş batanda.
Quru cənub küləyi bizi dəli edir,
Sümükdən dərini ayıran külək.
Evimiz şam ağaclarıyla
paxlalı bitkilərin arasındadır.
Böyük pəncərələr və
üstündə məktub yazdığımız
Böyük stollar.
Neçə həftədir sənə məktub yazırıq
Və tamamlamamış atırıq bir tərəfə
Ayrılığı dolduraraq.
Dan ulduzu, sən gözlərini
bizim taleyimizə dikəndə
Həyat yaraya çəkilən məlhəmdən
daha ləzzətli olurdu,
Çatlaq dodaqlarımıza dəyən
sərin sudan daha dadlı,
Durna qanadlarından daha səssiz.
Həyatımız sənin əlindəydi.
Sonralar, qürbətin acı çörəyindən sonra
Ağ divarın qabağında dayanmışıq
Və səsin gəlib çatır bizə işıq müjdəsiylə
Və təzədən külək əsir
Ülgüc kimi kəsir damarlarımızı.
Hər birimiz sənə öz fikrimizi yazırıq,
Amma susuruq başqalarının yanında,
Öz dünyamızı işıqsız, kölgəli, dərə-təpəli
Və sənsiz gördüyümüz üçün.
Kim qovacaq bu kədəri ürəyimizdən?
Dünən gecə yağış yağmışdı, bu gün yenə
Qaralıb göyüzü. Düşüncələrimiz
Dünən gecəki yağışda tökülüb
Kandarımıza yığılan lazımsız
Şam ağacının iynələri kimidir.
Bu lənətlənmiş yerlərdə
Küləklərə açıq məkanda
Səninlə aramıza sədd çəkən
dağların arxasında
Kim bizə təlqin edəcək unutmağı?
Kim qəbul edəcək qurbanımızı bu payız axırı?
VIII
Nə axtarır ruhlarımız
Batmış gəmilərin göyərtələrində,
Nə balıqlarla, nə də göydə yanan ulduzlarla
fikrini yayındıra bilməyən
Qadınların və uşaqların əhatəsində.
Ruhlarımız cızılıb
Bilmədiyimiz dillərdə nələrsə mızıldayan
Qrammafon valları kimi.
Nə axtarır ruhlarımız
Çürük şalbanların üstündə
Bir limandan o birinə üzə-üzə?
Böyük qayaları tərpədə-tərpədə
Günü-gündən nəfəs almağı çətinləşdirən
şam ağaclarının arasında
Gah bu
Gah da o biri dənizdə üzə-üzə
Təmassız
Adamsız
Nə bizim
Nə də sizin olmayan kiminsə vətənində.
Bilirik necə gözəl idi bu adalar
Hardasa buralarda, axtardığımız yerdə
Bir az aşağıda
Ya da bir az yuxarıda.
IX
Bura köhnə limandır. Daha gözlərə bilmərəm
Nə şam ağacları olan adaya gedən dostumu
Nə dəfnə ağacları olan adaya gedəni
Nə də dənizə açılanı.
Pas atmış topları, köhnə kürəkləri sığallayıram
Bədənim özünə gəlsin, canlansın deyə.
Yelkənlərdən fırtına duzlarının iyi gəlir.
Tək qalmaq istəsəydim,
Təklik axtarardım,
Daha arxalanmazdım
Ruhumun horizontda süqut edəcəyi ümidinə.
Ulduzlar məni
Şirəli otların arasında dayanıb
Ölüləri gözləyən Odisseyə çevirir.
Elə bil şirəli otların arasında lövbər atıb
Tapmağa çalışırıq
Adonisin öldüyü vadini.
X
Dünyadan təcrid olunmuşuq. Hər tərəfimizi
Gecə-gündüz alçaq göyüzünün qapladığı
Dağlar tutub.
Nə çay var, nə arx,
Bir-iki quyumuz var, onlar da quruyub
Dərinliyini, dayazlığını ölçə bilərsən
İçinə baxsan.
Sıxıntımızla, məhəbbətimizlə
Və bədənimizlə süzülən
Boş və sabit səs.
İndi bizə qəribə gəlir, haçansa evlərimizi,
Tövlələrimizi necə tikməyimiz,
necə yurd salmağımız.
Və toylarımız, üzüklərimiz də
Müəmmadır ruhumuz üçün.
Uşaqlarımız necə doğulub böyüdü?
Dünyadan təcrid olunmuşuq.
Bazar günləri limana dincəlməyə gələndə
Gün batımında parıldadığını görürük
Səfərini başa çatdıra bilməyən
Və bədənləri sevgini yadırğamış
Sınıq gəmiləri.
XI
Hərdən qanın donur sənin Ay kimi
Qanın sonsuz gecədə
Bəyaz qanadlarını sərir
Qara qayaların və ağacların,
Və pəncərəsində uzaq uşaqlığın
zəif işıltısı görünən
Yoxsul evin üstünə.
XII
Dənizdəki şüşə
Üç qaya, yanmış şam ağacları və
tərk edilmiş kilsə
Və yuxarıda
Bu mənzərənin eynisi:
Qapıya oxşayan üç paslı qaya,
Bir neçə qara və sarı şam ağacı
Və balaca koma.
Sonra bir az da yuxarıda
Bu mənzərənin eynisi.
Qat-qat yuxarı çıxdıqca,
Getdikcə qaralan göyüzünə dirənir.
Burda lövbər saldıq,
sınıq kürəkləri təmir etmək,
Yatmaq və su içmək üçün.
Bədənimizi duzlaşdıran böyük dəniz
Bizə böyük rahatlıq vəd edir.
Burda qənbərlərin arasında
Qızıl pul tapdıq və zər atdıq.
Ən cavanımız uddu qızılı və öldü.
Yolumuza davam etdik sınıq kürəklərlə.
XIII
İdra adası
Delfinlər, bayraqlar, toplar.
Bir vaxtlar ürəyə dərd salan dəniz
Bəyaz yelkənli, rəngli gəmiləri
dalğadan dalğaya atıb
Çalxalayırdı qoynunda.
Bir vaxtlar ürəyə dərd salan dəniz
Rəngbərəng görünür bu gün gün işığında.
İşıq və bəyaz yelkən
Və eyni ritmlə suya çırpılan yaş kürəklər.
Bunu görsəydi necə gözəl görünərdi gözlərin
Əllərin necə açılardı
Necə titrəyərdi dodaqların
Çoxdan axtardığın möcüzəyə rast gəlsəydin.
Nə axtarırdın yağışda, qaranlıqda, küləkdə,
Ocaqların söndüyü, şəhərin batdığı
Və Nazoreyin daş plitələr üstündən
Sənə ürəyini göstərdiyi saatda? -
Nə axtarırdın?
Nə üçün axtarmırsan?
Nə axtarırdın?
XIV
Üç qırmızı göyərçin alovun içində
Taleyimizi yazır alovun içində
Hərəkətləriylə və rəngləriylə
Sevdiyimiz adamları əks etdirərək.
XV
Yuxu ağac kimi sarmışdı
səni yaşıl yarpaqlarıyla
Səssiz işıqda nəfəs alan ağac kimi
fısıldayırdın yuxuda.
Şəffaf su mənbəyində gördüm səni:
Gözlərin bağlıydı və
kipriklərin toxunurdu suya;
Barmaqlarım otların arasında əlini tapdı
Nəbzinin necə atdığını duydum bir anlıq
Və ürəyinin necə ağrıdığını hiss etdim.
Çinar və dəfnə ağaclarının altındakı suda
Yuxu çoxaldırdı səni
Ya ətrafımda oynadırdı,
ya da üzbəüz gətirirdi.
Amma heç cür toxuna bilmirdim
Sükutla əhatə olunmuş sənə.
Görürdüm kölgənin
necə böyüyüb-balacalaşaraq
Başqa dünyanın kölgələri içində
qeyd olduğunu.
O kölgələrin səni gah tutduğunu
Gah da buraxdığını.
Bizə təyin edilmiş ömürü yaşadıq.
Çinar və dəfnə ağaclarının altında
özünü itirib gözləyənlərin,
Quyularla söhbət edib səsinin
əksindən nəfəsi tutulanların
Bəxtinə ağla.
Dərdimizi, sıxıntımızı bizimlə bölüşən,
Yolun sonundakı mükafata ümid etməyib
Quzğun kimi mərmər daşlarının dalından
Özünü günəşə atan
Yoldaşımızın halına ağla.
Yuxuda yox, ayıq vaxtı canımıza rahatlıq ver.
XVI
Orest
Geriyə, geriyə, yenə geriyə;
Nə qədər dairə, nə qədər qanlı çənbər,
nə qədər qara zolaq;
Adamlar mənə baxır,
Qabaqlar, cəng arabasında əlimi qaldıranda
Baxdıqları kimi.
Atların köpüyü üstümə sıçrayır -
Atlar haçan yorulur?
Çarxların oxu cırıldayır, əyilir -
Oxlar haçan sıradan çıxır?
Qayış haçan qopur?
Haçan dəyər atların nalları torpağa,
Yaz vaxtı çobanyastığı dərdiyin yerə?
Gözlərin gözəl idi, amma bilmirdin
hara baxmaq lazım olduğunu
Mən də bilmirdim, evdən-eşikdən uzaqda
Vuruşa-vuruşa hara baxacağımı.
Hələ neçə dairə qalıb?
Dizlərim boşalır, çarxların üstünə çökürəm,
Bədən asanlıqla əyilər, əgər tanrılar istəsə
Və heç kim qaça bilməz bundan.
Gücün çatmaz
Atların hirsli xırıltısı arasında arzuladığın
Beşiyin olan dənizə qaçmağa.
Tapa bilməzsən o dənizi, nə qədər qaçsan da,
Ey günahkar.
XVIII
Astianaks
İndi ki, yola çıxırsan,
Boruların çalındığı, yaraqların cingildədiyi
Və tərli atların suya tərəf əyildiyi gün
Çinar yarpaqlarının arasından işığı görən
Uşağı da özünlə apar.
Atalarımızın qırışları kimi qırışlı zeytunlar,
Atalarımızın müdrikliyi hopmuş qayalar,
Və qardaşımızın torpağa hopmuş isti qanı
Onları xatırlayanların
Sevinci və rahatlığı idi.
İndi ki, yola çıxırsan; indi ki,
haqq-hesab günü başlayır,
Heç kim kimi öldürəcəyini və
Necə öləcəyini bilmir,
Çinar yarpaqları arasından işığı görən
Uşağı da özünlə apar.
Ona ağacları görməyi öyrət.
XVIII
Böük bir çayın barmaqlarım arasından
axıb keçdiyini
Və ondan bircə qurtum içə bilmədiyimi
Təəssüf içində başa düşdüm.
İndi daşa dönürəm
Qırmızı torpaqdakı balaca
şam ağacının yanında -
Yanımda başqa dostum yoxdur.
Mənə əziz olan hər şey itib getdi
Keçən yay hələ təzə olan
Payızdasa küləklərin söküb-dağıtdığı
evlərlə bir yerdə.
XIX
Və əsən külək sərinlətmir bizi
Və sərv ağaclarının kölgəsi də böyümür
Və ətrafımızda ramedilməz qayalar.
İncidir çiynimizi
Necə öləcəyini bilməyən dostlarımızın ağırlığı.
XX
Andromeda
Sinəmdəki yara qanayır
Ulduzlar bədənimə birləşmək üçün
yerə düşəndə,
Ayaq səslərindən sonra səssizlik çökəndə.
İllərlə dənizə tərəf sürünən dağlar
Nə qədər daşıyacaq məni?
Dəniz, dəniz. Onu kim quruda bilər?
Hər səhər görürəm kərkəs quşuna
işarə verən əlləri,
Qayaya zəncirlənmişəm və
qayanı hiss eləmirəm.
Ölü rahatlıq gətirən ağacları görürəm,
Və nəhayət, görürəm
daş heykəllərin təbəssümlərini.
XXI
Bu müqəddəs yerlərə gələndə
Sınıq heykəllərə baxdıq
Və dedik ki, həyat elə də asan başa gəlmir.
Ölümün ayaq dəyməyən cığırları var
Və ədalətlidir onun gəlişi.
Biz burda, ayaq üstdə öləndə,
Tərsliyin və gücsüzlüyün birləşdirdiyi
Ölülər dairədən çıxıb qabağımızda dayanır
Və gülümsəyirlər bizə qəribə sükut içində.
XXII
Gözümüzün qabağından o qədər şey keçdi ki,
Gözümüz görə bilmədi onları,
Amma yaddaşımız narahat edir
bizi yenə və yenə,
Elə bil gecə yarı bağda, ağ pərdələrə oxşayan,
Sənin və mənim gördüyümüz bütün
qəribə kölgələrdən daha çox
Kölgə sürünür
Və yoxa çıxır hündür ağaclarda.
Çünki biz həddindən artıq
aydın gördük taleyimizi
Üç və ya altı min il dolaşaraq
sınıq daşların arasında,
Xarabalarda eşələnərək.
Orda bizim evimiz də ola bilərdi.
Keçmiş qəhrəmanlıqlarımızı və
tarixləri yadımıza salmağa çalışaraq.
Bacardıqmı?
Çünki biz dağıdılıb səpələnmişdik
Və yel dəyirmanıyla vuruşurduq
Yenə və yenə kor döyüşçülərlə
dolu yola çıxa-çıxa
Marafon vadisinin bataqlığında bata-bata;
Görəsən ləyaqətlə ölə biləcəyikmi?
XXIII
Bir az da keçsin - görəcəyik
badam çiçəklərini,
Günəş şüasında parıldayan mərməri
Və dalğalanan dənizi.
Bir az da keçsin -
Bir az da yüksəyə qalxacağıq.
XXIV
Burda ölür dənizin yaratdıqları,
sevginin yaratdıqları.
Kimlər ki burda, bizim
öldüyümüz yerdə məskunlaşacaq,
İşdir, təsadüfən yaddaşlarına qan qarışsa -
Onda bizi xatırlasınlar - şirəli otların arasındakı zəif ruhları,
Və qaranlıq tərəfə çevirsinlər qurbanlarının başını.
Bizim heç nəyimiz yoxdu,
Onlara əmin-amanlıq verəcəyik.
Tərcümə edəni: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!