Analar və qızlar - Sevinc ELSEVƏR - Filmdən həyata...

"Atalar və oğullar" mövzusu çox danışılırsa, niyə "Analar və qızlar" mövzusu kənarda qalsın ki?

Atalar və oğullar mövzusu ətrafındakı müzakirələri eynilə Analar və qızlar ətrafında da aparmaq olar.

Atalar və oğulların qədim konfliktini Edip kompleksi ilə əsaslandırırlar, atasının yerinə keçmək istəyən oğulların mübarizəsi kimi də təqdim edirlər. Yaxud da atanı - köhnəliyin, ənənələrin keşikçisi, oğulu isə yeniliyin, müasirliyin tərənnümçüsü kimi göstərirlər.

Ata diktatordur, əmrindən çıxan oğulu cəzalandırır, oğul mübarizə aparır. Çox vaxt oğul cismən məğlub olsa da, ruhən qalib gəlir.

Freydist yanaşma "Analar və qızlar" mövzusunda da özünü göstərir. Analar köhnəliyin, qədim ənənələrin müdafiəçisi, qızlar isə bu ənənələrə qarşı vuruşan qəhrəmanlar kimi çıxış edir. Analar patriarxallığın tərəfdarı kimi görünürlər. Qızlar isə əksinə, matriarxdırlar.

Azərbaycan kinosunda analar və qızlar mövzusu geniş şəkildə işlənilməyib, ancaq ayrı-ayrı filmlərdə epizodik halda olsa belə, rast gəlmək olar.

Həsən Seyidbəylinin 1976-cı ildə çəkdiyi "Xoşbəxtlik qayğıları" filmində dörd subay qızı olan ana (Şəfiqə Məmmədova) köhnəliyi, keçmişi yaşatmağın tərəfdarıdır. Baxmayaraq qızları ərgən yaşa çatıblar, oxuyublar, işləyiblər, ancaq yenə də öz həyatlarıyla bağlı qərarları özləri verə bilmirlər. Ana buna var gücü ilə mane olmağa çalışır. O, bu yolda oğlundan kömək alır, onu da yönləndirməyə, idarə eləməyə nail olur. Cehiz hazır olmayınca, ana qızlarının evlənməsinə qarşıdır. O, hətta qapıya gələn elçiləri əliboş qaytarır.

Ananın fikrincə, ərə gedən qız cehizsiz yola salınmamalıdır. O, israrla deyir ki, atanız öləndə özümə söz vermişəm uşaqlarım yetimlik hiss etməyəcək.

Lakin gənc qızlar anaları ilə eyni fikirdə deyillər. Onları incidən odur ki, nə anaları, nə də analarının təsiri ilə hərəkət edən, danışan qardaşları onları, onların hisslərini görmək istəmir. Qızların nə düşündüyü anaya maraqlı da deyil. O istəyir ki, qonşular onların haqqında yaxşı düşünsün. Hətta qızlarından birindən əli çıxanda, digərinin dalınca düşən, avara Mürsəldən belə borc alır, Mürsəldən asılı düşmək bahasına da olsa, qızına yaxşı cehiz vermək istəyir.

Qaranlıq otaqda ana qızlarla söhbət edir. Qızlar bir-birinə aman vermədən danışırlar, ürəklərində nə var, açıb tökürlər.

"Qaranlıqda üzünüzü görmürəm" - deyir qadın. Növbəti mübahisələrdən birində qızlardan biri ananın onları təkcə qaranlıqda yox, elə həmişə görmədiyini deyir.

Ana "heç nə başa düşmürəm" - deyir hər dəfə qızlarını dinləyəndə. Onun üçün yeni nəsli başa düşmək çətindir doğrudan da.

Qızları, hətta ona ərə getməyi məsləhət görürlər.

"Bəs atanızın ruhu?" - qadın onlara cavab verir.

Rejissor Eldar Quliyevin 1984-cü ildə çəkdiyi "Gümüşgöl əfsanəsi" filminin qəhrəmanı Səidə də qızı Leylini ənənələrlə böyüdüb. Səidə məşhur xalçatoxuyandır, əlləri qızıldır, ancaq olduqca qapalı həyat sürüb, kənddən qırağa çıxmayıb. İndi oğlu böyüyüb, toxuduğu xalçanı Bakıya göndərməsi üçün ondan icazə almalıdır. Qızını sevmədiyi adamla nişanlayıb və qızının nişanlısından bərk ehtiyat edir. Şəhərdən gələn sənətşünas Fəridə vurulan Leyli isə anasından fərqli olaraq, cəsarətlidir, o, ürəyinin səsini eşidir, kəndi, ənənələri, hər şeyi arxasında buraxıb sevgisinin dalınca qaçmağa güc tapır.

Azərbaycan kinosunda ana obrazları öz qızlarının həyatını həddindən artıq qayğı göstərərək, onları lazım oldu-olmadı qorumağa çalışaraq çətinləşdirirlər. Elə real həyatımızda da olduğu kimi.

İnqmar Berqmanın 1978-ci ildə çəkdiyi "Payız sonatası" filminin qəhrəmanı Şarlotta isə övladlarına həddindən artıq laqeyddir. O, iflicdən əziyyət çəkən xəstə qızını xüsusi xəstəxanaya atır, böyük qızı Evaya qarşı isə son dərəcə soyuq davranır. Demək olar ki, onun həyatı, hissləri ilə qətiyyən maraqlanmır. Məşhur, uğurlu pianoçu olan Şarlotta qızının piano çalması ilə belə maraqlanmır. Evanın balaca oğlu suda batanda da onun yanında olmayıb. Xəstə qızını Evanın evində görəndə isə havalanmaq dərəcəsinə çatır. O, başa düşmür ki, bacısı Helena Evanın nəyinə lazımdır.

İkinci əri öləndən dərhal sonra yeddi ildir görüşmədiyi qızının evinə gələn Şarlotta qırmızı donunu geyinib Eva ilə yeznəsinin qarşısına çıxır. İstəmir ki, onu dərdli və yas içində görsünlər. Eva oğlunun otağında anasına uşaqla bağlı danışandan sonra, Şarlotta vəfat edən ərindən qalan pulların hesabını aparır.

Eva anasına onu sevdiyini göstərməyə çalışsa da, səbir kasası daşır, onunla haqq-hesab çəkməyə başlayır. Onu atasının və onun həyatını məhv eləməkdə günahlandırır.

Qızına tez-tez "məni sevirsən?" - deyə sual edən Şarlotta qızının ona nifrət etdiyini anlayır.

"Mən xəstələnəndə, sən məni dayənin yanına göndərirdin. Sən saatlarla piano çalırdın, mən qapının dalında səni dinləyirdim, fasilə edəndə sənə kofe gətirirdim" - Eva keçmişi ağrıyla xatırlayır.

Eva uşaq vaxtı daim özünü gözəl, yaraşıqlı anası ilə müqayisə edir. Özü öz gözündə belə, çirkin görünür. "Sənin kimi gözəl olmaq istəyirdim" - deyir, sonra xatırlayır: "Çirkin olduğum üçün sən, hətta bir dəfə demişdin ki, mən oğlan doğulsaydım, daha yaxşı olardı".

Şarlotta Evanı və atasını atıb gedəndən sonra keçirdiyi ağır günləri yada salır. "Mən başımı atamın dizlərinə qoyub ağlayırdım".

Eva sevmədiyi adama ərə gedib, xəstə bacısı Helenanı xəstəxanadan çıxardıb yanına gətirib, ona özü baxır. Bütün bunlar Şarlottanı mat qoyur, o, qızını anlamaqda acizdir.

2001-ci ildə Mixail Hanekenin Elfrida Yelinekin eyniadlı əsəri əsasında çəkdiyi "Pianoçu" filminin qəhrəmanları ana və qızın həyatları bir-birilə mübarizədə keçib.

Erika Kohut uğursuz pianoçu olmasına baxmayaraq, musiqi məktəblərindən birində yaxşı bir müəllimdir. Ancaq anası həmişə ondan narazıdır. O, daim Erikadan tələb edir ki, rəqabət aparsın, "heç kim səndən yaxşı olmamalıdır!" - anası ona deyir.

Romanda Erikanın uşaqlıq xatirələri də yer alır. Elfrida Yelinek romanda Erikanın uşaqlıqdan mühafizəkar tərbiyə aldığını, anasının daim ona göz qoyduğunu yazır. Erika qısa yubkalar belə geyinə bilmir, o, qısa ətək geyinən yaşıdlarına həsrətlə baxır. Qızlıq pərdəsini özü çərtir.

Ananın hökmranlığı, mühafizəkarlığı filmdə də öz əksini tapır. Ümumiyyətlə, rejissor romanın ruhunu qoruyub saxlamağa çalışıb. Ancaq Klemmerə münasibətdə Elfrida Yelineklə Mixail Hanekenin baxışları fərqlənir. Filmdə Klemmerin dilindən eşitdiyimiz "Sən kişini belə alçalda bilməzsən!" cümləsini, sanki biz Hanekenin öz dilindən eşidirik. Klemmerin Erika Kohut obrazına olan qəzəbi elə bil həm də rejissorun qəzəbidir. Elfrida Yelinekin romanında Erika Kohutu daha yaxşı anlayır, daha çox halına acıyır, daha çox sevirsən. Filmdə isə Klemmerə ürəyin yanır.

Erikanın geyimləri həddindən artıq qapalıdır, qızının vitrinlərdə bəyənib aldığı açıq geyimləri geyinməsinə qadın icazə vermir. Bəzən də qızını cəzalandırmaq üçün qadın onları kəsib tökür. Erika evə gec qayıdanda onun üstünə çığırır, sillələyir, saçını yolur. Şagirdlərinin evinə dərs verməyə gedəndə zəng eləyib orda olub-olmadığını yoxlayır. Bütün bunlar, qapalı, daim təzyiq altında davam edən həyat Erikanı qəddarlaşdırıb, sərtləşdirib, psixikasında problemlər yaradıb. Erika sadomazaxizmlə məşğuldur, divanın altında sadomazaxist alətlər saxlayır.

Erika musiqi məktəbinin şagirdi Klemmerin sevgisini dəyərləndirə bilmir. Ona sadomazaxist fikirlərini əks etdirən məktub yazır, Klemmer məktubu oxuyub dəhşətə gəlir və Erikadan imtina edir.

Erika dəfələrlə anasına əl qaldırsa da, onu incitsə də, saçını yolsa da, yenə onun hakimiyyəti altından çıxa bilmir. Çırpınır, ağlayır, qışqırır, axırda sakitləşir, yenə anasının qucağına qayıdır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!