İspan rejissoru Qalder Qaztelu-Urrutiyanın ilk uzunmetrajlı filmi "The platform" (El hoyo) Toronto Film Festivalı başda olmaqla bir çox festivallarda mükafatlar qazanmışdır. Tək məkanda çəkilən, metaforalarla zəngin olan filmdə distopik bir həbsxana var. Qəribəsi odur ki, insanlar həbsxanaya öz xoşları ilə gəlir. Məhkumlar qaydalara görə yanlarında ancaq bir əşya gətirə bilərlər. Şaquli formada inşa edilən həbsxananın hər mərtəbəsində 2 məhkum yerləşir. Həbsxananın neçə mərtəbəsi var bilinmir. Həbsxananın ən üst mərtəbəsində müxtəlif irqdən olan aşpazlar zərafət dolu, qüsursuz yeməklər hazırlayır. Süfrədə quş südü əskikdi. Böyük masa "Platform"a enir. Masa da çox qəribədi. Nə ayaqları var, nə idarə edən biri. Platformda aşağıya enərkən heç bir mexanizm olmadan işləyir. Sanki Hz. İsaya göydən bir nemət kimi möcüzəvi şəkildə enir. Yuxarıdan enərək hər mərtəbədə cəmi ikicə dəqiqə dayanır. Məhkumlar iki dəqiqənin içində qarınlarını doyurmalıdırlar. Vaxt bitdikdən sonra masadan heç nə götürə bilməzlər. Sayı bilinməyən bu Platformda yuxarıdakılar əl dəyilməmiş yeməkləri yeyir. Aşağıdakılar isə yuxarıdakıların artığını. Ən aşağı mərtəbəyə isə yemək çətin ki çatsın. Çünki məhkumların acgözlüyü buna mane olur. Amma deyilənə görə, hər kəsə yetəcək qədər yemək hazırlanıb. Platformda mərtəbələr nömrələnib. Məhkumlar eyni nömrədə qalmır. Bir müddətdən sonra yuxudan oyananda gözlərini ən üst qatda da aça bilərlər. Ən üst qatda olan məhkum aşağı qata düşə bilər.
Keçək filmin qəhrəmanına. Görünüşcə get-gedə İsa peyğəmbərə bənzəyən Qorenq diplom almaq məqsədi ilə altı aylıq "Platform"da qalmaq razılığını verir. Yanında götürdüyü tək əşya isə Servantesin "Don Kixot" əsəridir. Kim belə bir yerə gələndə kəsici alət, bıçaq əvəzinə kitab gətirər?! Qorenq necə yerə gələcəyini bilmirdi. O, 6 ay boyunca "Don Kixot"u oxuyub zehnini təzələməyi düşünürdü. Kitab filmdə elə-belə görüntü xətrinə çəkilməyib. Elə məqam gəlib çatır ki, Qorenq "Don Kixot"un vərəqlərini yeyir.
Qorenqin təcrübəli hücrə yoldaşı qoca Trimaqasidir. O, Platforma öz xoşu ilə gəlməyib. Trimaqasi bilməyərəkdən bir immiqrantı öldürür. Evindəki televizoru pəncərədən aşağı atarkən immiqrantın başına düşür. Öncə onu dəlixanaya yatırmaq istəyirlər, amma Platformu seçmə şansı da var. O isə dəlixananı seçmək əvəzinə Platformu seçir.
Zaman keçdikcə artıq Qorenq öz günahsızlığını itirir. Özünü qana batmış çirkli bir oyunun içində tapır. Yemək tapa bilməyən məhkumların şiddətli mübarizəsi, hətta irqçilik, eqoizm, psixoloji sarsıntılar, cinayətlər baş alıb gedir. Yemək tapa bilməyən məhkumların güclü olanı otaq yoldaşını yeyir. "İnsanların çoxu təbiət etibarilə pisdir" tezisini irəli çəkən filmin başlanğıcında ləyaqətli obraz olan Qorenq ilk fürsətdə qətl törədərək başqalarından fərqlənmədiyi ortaya çıxır və izləyicidə təəssüf hissi oyadır. Platformdakı sistem bunu tələb edir. Yemək yeyə bilmək və sağ qalmaq. Filmin əvvəlindəki cümləni xatırlayaq. "Üç növ insan var; Yuxarıdakılar, aşağıdakılar və düşənlər". Bu cümlə boşuna işlədilməyib. Kapitalizmin əsasını təşkil edən sinif anlayışı vurğulanır. Platform da metaforadır. Dünyanı təmsil edir. Hər yaşdan, hər irqdən, fərqli dinlərdən insanlar var. Mərtəbələrin sayı insan ömrünü simvolizə edir. Həm də aşağı və yuxarı mərtəbələrdə məhkumların tez-tez yer dəyişməsi də onların həm sinfi cəhətdən, həm də mənəvi, əxlaqi, psixoloji cəhətdən enib qalxmasını göstərir. Həyatın düzxətli olmadığı kimi. Zamanla Qorenq sistemi dəyişmək, Platformdakı düzəni qaydasına salmaq istəyir.
Gələk filmdəki "Don Kixot" metaforasına. Qorenq heç kimin dəyişməyəcəyi bir sistemlə mübarizə aparır. Nəticəsini düşünmədiyi bu mübarizədə Baharat adlı qaradərili bir məhbusla birlikdə sistemi dəyişməyə çalışacaq.
Marksizmə görə, kapitalizm bəşər tarixinin son nöqtəsidir. Bəşəriyyətin xilaskara, peyğəmbərə ehtiyacı yoxdur. Don Kixotdakı dəliliyi Qorenqdə görə bilirik. O, qeybdən səslər eşidərək platformdakıları xilas edəcəyini eşidir. Həm Servantesin əsərinə, həm İsa Məsihə göndərmələr edir rejissor. Don Kixot kitablardan oxuduğu cəngavər hekayələrinin təsirindən həyatda da cəngavər kimi yaşayır. Qorenq həm də görkəmcə İsa Məsihə bənzəməyə başlayır. Don Kixotla İsa Məsihi bir araya gətirmək gülünc görünə bilər, ancaq hər iki simvol dünyadakı problemləri həll etmək istəyən, özlərini qurban verən personajlardı. Qorenq Baharatla birlikdə masadakı yeməkləri bərabər şəkildə ən aşağı qata kimi aparmalıdı. Onlar Çuxurun aşağı qatlarına endikcə acından ölmüş, bir-birini yeyən, ağlını itirən adamları görürlər. Filmin başında deyilir ki, Platforma azyaşlı uşaqların girişi qadağandır. Ancaq məhbuslardan bir qadın bütün platformu ələk-vələk edir, mərtəbələri gəzərək qızını axtardığını bildirir. Bəli, rejissor bu amansız dünyaya ümid, işıq olacaq yer də qoyur. Qorenqlə Baharat hər kəsə yemək payladıqdan sonra sonda toxunulmamış şirniyyatı ən yuxarı mərtəbəyə, mətbəxə geri yollamalıdır. Onlar düşünür ki, bu, yuxarıdakılara bir işarə ola bilər, platformadan xilas olmaq üçün yol olar. Onlar ən aşağı mərtəbəyə enirlər. Çarpayının altında qız uşağı gizlənib. Axı platforma uşaqların girişi qadağandır. Qorenq saxladıqları şirniyyatı yuxarı göndərmirlər. Qarnı ac qıza verirlər. Yuxarı göndəriləcək mesaj elə qızcığazdı. Qorenq qızcığazı havada hərəkət edib mərtəbələrə qalxan masanın üstünə uzadır. Özü isə xilas olmur. Ən sonuncu mərtəbədə qaranlıq ənginliklərə qarışır. Qızcığaz gələcəyi, ümidi və məsumluğu simvolizə edir.
Qəribə bir sual doğur. Nəyə görə idarə edən heyət restoran olur?! Kinoda qida anlayışı psixoanalizi və onunla əlaqədar olan impulsları təsvir edir. Bunun səbəbi yemək yeyərkən də zövq almaqdır. Və bu şifahi zövq Freyd üçün psixoseksual inkişaf mərhələsi dünyada ilk olan, körpələrdə belə var olan, hər şeyi ağzına alaraq tanıması, zövq alması anlayışını verir. Şokolad reklamlarında da bunu sezmək mümkündür. Yəni içində olduğumuz bu düzənin təkcə siyasi və iqtisadi tərəfləri insana mane olmur, həm də onun psixologiyası ilə oynayır.
Əslində, Tanrı və kapitalizm arasında bir bənzətmə və ya tənqid var. Çünki rəhbərlik kimi göstərilən mətbəx, restoran hər şeydən xəbərdardır. Və hər şeydən xəbərdar ola-ola qüsursuz şəkildə məsa hazırlayırlar.
Filmin sonu alleqorik hekayə olan "Pandoranın qutusu"nu xatırladır.
Pandora, insanlara bəla gətirsin deyə, yaradılan qadın fiqurdur. Təəssüf, yalan, hirs, kin və kədər kimi duyğular maraqla açılan qutudan dünyaya yayılır, Pandora son anda qutunu bağlayır və "ümid" içəridə qalır. Platformda uşaq həbsxananın ən sonuncu mərtəbəsindədir. O insanlar da ümidlidirlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!