Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşrləri sırasına daha biri əlavə olundu: XIX-XX əsr görkəmli fransız sənətşünası Jorj Poltinin "36 dramatik situasiya" tədqiqatı.
Məhz bu əsəri ilə Polti öz adını sənət tarixinə qızıl hərflərlə yazıb. O, bu əsəri yazmaq üçün 1200-dən çox dram əsərini nəzərdən keçirib. Jorj Poltinin əsəri zamanında bütün proqressiv dünyada olduqca böyük marağa səbəb olub. Çünki o, bütün ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını iddia edirdi.
Azərbaycan Yazıçılar Birliyinin vəsaiti hesabına nəşr olunan və müxtəsər ingilis variantının Esmira Serovanın ruscaya çevrisi əsasında əsərin dilimizə tərcüməçisi və "Bəşər günahlarının təsnifatı" adlı giriş yazısının müəllifi Səlim Babullaoğludur. Oxucular üçün maraqlı olacaq deyə həmin yazını təqdim edirik.
Bizim hamımız bu dünyaya təcrübə qazanmağa və onu bölüşməyə gəlmişik: xeyrə və şərə münasibətimizdən asılı olaraq qazanılan təcrübənin işarəsi və lazımlılığı, əlbəttə ki, dartışıla bilər.
"Təcrübə bölüşülməsi məsələsini" əyani fəaliyyətə çevirən yazıçılar bu işi iki dəfə görən insanlardır.
Və bizim hamımız dəfələrlə hər bir yazıçının təkcə insan kimi həyat və mütaliə təcrübəsinin bədii əsərdəki əksi ilə deyil, həm də yazıçılıq, yazı, "mətbəx təcrübəsini" bölüşən yazılarıyla da çox rastlaşmışıq.
Nüfuz qazanmış bir çox yazıçı və şairlər olub ki, "kitabı necə oxumalı", "gənc yazıçıya tövsiyələr", "düzgün oxu qaydaları", "dünya ədəbiyyatı kitabxanası" və sair bu kimi mövzularda esselər, məqalələr yazıblar.
Belə yazıların praktik tərəfi bir yana, amma etiraf edək ki, onlar ən azı sevdiyimiz yazarlarla daha yaxın tanış olmaq imkanı verib bizə.
Məsələn, yəqin, bir çoxumuz Hessenin, Borxesin və Brodskinin tərtib etdikləri "Dünya ədəbiyyatı kitabxanası"na maraqla göz atmış, bu siyahıları dəfələrlə, hətta sondan əvvələ belə oxumuşuq.
Bu tip yazılar, bizi ən azı "lazımsız kitabları oxumaq" yükündən qurtarıb, yaxud da "əsas kitabları müəyyənləşdirməkdə" dəfələrlə və əvəzsiz kömək göstəribdir hamımıza.
Faydalılıq siyahısını uzatmaq olarsa da bunu hər kəs qoy, oxucu kimi və fərdi qaydada özü etsin; belə ki, hər bir adam ya şüurlu, ya da intuitiv olaraq "əvəzolunmazlığını" diriliyi və yalnız ona aid olan ömrü vasitəsilə mütləq hiss edir.
Yazıçını isə həmin o "hər bir adamdan" fərqləndirən bu əvəzolunmazlığı, təcrübəni dilə gətirmək peşəsinin, imperativinin gücüdür.
Yaradıcılığın erkən çağında bu güc yazanın gözlərini o qədər tutur ki, o, özündən əvvəlki irsin fərqində olmur (hərçənd, tərsini düşünür), yaxud olmaq belə istəmir.
Sonra isə nağıllardakı kimi üç yol ayrılır: biri qrafomaniyaya, biri susqunluğa, o biri isə ecazkar və yeni üsluba aparıb çıxarır.
Bütün izmlər, konsepsiyalar, cərəyanlar, məktəblər həmin sonuncu yolboyu baş verənlərdir.
Yalnız o yolun yolçuları şüurlu şəkildə anlayırlar (bu yerdə mən Pol Valerinin çox sevdiyim fikrini daha bir dəfə sitat gətirmək məcburiyyətində qalıram) ki, bir şey heç nəyə bənzəmirsə - o yoxdur və bizim hamımızı əlifba kitabından plagiatda nə qədər desən ittiham etmək olar.
Görünür, dünya teatr tarixində dərin iz buraxmış, fyabların (fiabe) yaradıcısı olan Karlo Qozzini də (Carlo Gozzi - 1720-1806; görkəmli italyan dramaturqu, teatrşünası, məşhur "Turandot"un müəllifi) öz zamanında həmin bu məsələ ciddi şəkildə düşündürübmüş.
Əks-təqdirdə, Höte (Johann Wolfgang von Goethe - 1749-1832; görkəmli alman şairi, filosofu və dövlət xadimi) o vaxta qədərki bədii-dramaturji irsi nəzərdə tutaraq bu sözləri deməzdi - onun vəfalı katibi Ekkerman yazır: "...Sonra Höte Qozzi və onun Venesiya dell'arte teatrını xatırladı, orda aktyorlar müəllifdən yalnız süjeti alırlar, qalanı improvizədir... Qozzi hesab edir ki, yalnız 36 faciəvi situasiya var; Şiller (Johann Christoph Friedrich Schiller - 1759-1805; görkəmli alman şairi, filosofu) daha çox olduğunu sübut eləmək üçün xeyli əziyyət çəkdi, amma heç 36-nı belə müəyyənləşdirə bilmədi" (bax: İ.P.Ekkerman "Höteylə söhbətlər", Academia - 1934 (Moskva), səh. 495; 803).
Bir vaxtlar Venesiya teatrının tamaşaçısı olan Höte Qozziylə görüşmüşdümü? Yoxsa bu məsələ şəxsi söhbətdəmi danışılmışdı? Bəlkə Höte Qozzinin hansısa tədqiqatını oxumuşdu? Bu sullara indi cavab vermək çətindir. Amma bir şey yəqindir ki, problem çoxlarını düşündürüb və bu gün də rahat buraxmır.
Məsələn, 2003-cü ildə Rusiyanın "Bates VİAG" agentliyinin reklamçıları müasir reklam reallıqlarını - çarxları, xəbərləri araşdırıb bu qənaətə gəldilər ki, bütün reklamları "30 süjet və mövzu" deyə ümumiləşdirmək olar.
Düşünülə bilər ki, reklamçıların məsələyə nə dəxli var? Amma sənət olub-olmamasını kənara qoysaq, reklam filmləri və ya çarxlarının kinodan ayrılmış bir qol olduğu kimsədə şübhə doğurmaz; kino isə özünə qədər poeziya-dramaturgiya-nəsr yolunu keçmişdi.
Günümüzdən bir az əvvələ qayıdaq. 1972-cı ildə, Qozzidən 150 il sonra bu məsələdə ən təəccüblü mövqeni Borxes (Jorge Luis Borges -1899-1986; görkəmli Argentina şairi, nasiri, esseisti , publisisti) ortaya qoymuşdu, adını "Dörd hadisə" kimi də tərcümə etmək mümkün olan "Dörd dövrə" / "Los cuatro ciclos" başlıqlı kiçik hekayəsində o yazırdı: "Cəmi dörd əhvalat var. Onlardan biri, ən qədimi istehkama çevrilmiş şəhər haqqındadır: şəhərə hücum edirlər və qəhrəmanlar onu qoruyurlar... İkinci birinci ilə bağlıdır, qayıdış haqqındadır... Üçüncü - axtarışdır, onu əvvəlkinin başqa variantı da saymaq olar... Dördüncü müqəddəsin intiharı, özünü qurban verməsi haqqındadı... Əhvalatlar cəmi dörddür. Və nə olur-olsun, biz yalnız həmin hadisələri bu və ya başqa şəkildə nağıl edəcəyik".
İndisə daha əvvələ qayıdaq. İlk dəfə Qozzi tərəfindən söylənilən, bəlkə də yazılan, zamanında Höte tərəfindən lazımınca qiymətləndirilən, əslində, elə "Höteylə söhbətlər" kitabıyla unudulmayan, uzun onillər sonra yenidən dövriyyəyə buraxılan məsələ Jerar de Nervalı (Gerard Labrunie de Nerval - 1808-1855; romantik məktəbə mənsub tanınmış fransız yazıçısı, şairi və dramaturqudur) da məşğul etmışdi, amma Nervalın da hesablamaları 30-a yaxınlaşsa da o yana keçməmişdi, hətta bəzi mənbələrə görə 24-dür.
Problemi adını sənət tarixinə qızıl hərflərlə yazmış Polti çözmüşdü. O, nəyi müəyyən etmişdi? Hələlik həyatı və bioqrafiyasıyla bağlı onsuz da kasad məlumatlar olan müəllifi bir kənara qoyub onun bütün ədəbiyyatın süjet-mövzu təsnifatını vermiş "36 dramatik situasiya" əsərinə, daha doğrusu, əsərdən çıxarışa - qısa siyahıya nəzər salaq: 1) yalvarış; 2) xilas; 3) cinayət əvəzinə intiqam; 4) bir qohumun digər qohuma və ya qohumlara görə intiqamı; 5) təqib; 6) qəfil bədbəxtlik; 7) özgə qəddarlığının və bədbəxtliyinin qurbanı; 8) qiyam; 9) cürətli cəhd; 10) qaçırılma; 11) sirr və ya tapmaca; 12) bir şeyin əldə olunması və ya məqsədə çatma; 13) yaxınlara nifrət; 14) yaxınların rəqabəti; 15) qətlə aparıb çıxaran adyülter (zina, vəfasızlıq); 16) ağılsızlıq, dəlilik; 17) nəhs tale yazısı; 18) məhəbbətə görə biixtiyar cinayət; 19) zorən yaxın adamın qatilinə çevrilmək; 20) ideal naminə özünü qurban, fədailik; 21) yaxınlarına görə özünü qurban vermək; 22) ehtiras üçün hər şeyi qurban etmək; 23) qaçılmazlıq və vacibat üzündən yaxın adamın qurban verilməsi; 24) bərabər olmayanların rəqabəti; 25) adyülter (zina, vəfasızlıq, xəyanət); 26) məhəbbət cinayətləri; 27) doğma və ya sevimli insanın şərəfsizliyindən xəbər tutmaq; 28) sevgi maneələri və ya əngəlləri; 29) düşmənə sevgi; 30) şöhrətpərəstlik və hakimiyyət sevgisi; 31) Yaradana üsyan; 33) məhkəmə səhvi; 34) vicdan əzabı; 35) itirilən və tapılan; 36) yaxınların itkisi.
İndi isə gəlin təsnifata uyğun bəzi əsərləri xatırlayaq: Şekspir -"Hamlet" (4); Şiller - "Quldurlar" (5); Molyer - "Don Juan" və ya Esxil - "Zəncirlənmiş Prometey" (5,31); Zolya - "Pul" (6); Şiller - "Vilhelm Tell" və Zolya - "Jerminal" (8); Jül Vernin bir çox macəra romanları (9); Mopassan - "Pyer və Jan" (14); Qonkur -"Əxlaqsız Eliza" (16); Esxil, Sofokl, Kornel və Volterin "Edip"i (18); Hüqo - "Kral şənlənir" (19); Tolstoy - "Dirilmə" (20); Qonkur - "Zemqano qardaşları" (21); Şekspir- "Antoni və Kleopatra" və ya Puşkin - "Misir gecələri" (22) Esxil - "İfigeniya" və ya Hüqo "93-cü il" (23); Şiller - "Mariya Stüart" (24); Flober - "Madam Bovari" və ya Tolstoy - "Kreyser sonatası" (25); Sofokl - "Fedra" (26); Şekspir - "Romeo və Cülyetta" (29); Şekspir - "Maqbet" və "III Riçard" (30); Şekspir - "Otello" (32); Dostoyevski - "Cinayət və cəza" (34); Jül Vern - "Kapitan Qrantın uşaqları" (35).
Bu siyahıya, əlbəttə ki, müvafiq bölmələrə uyğun olaraq, Servantesin "Don Kixot"unu, Dümanın "Üç müşketyor"unu, Rablenin "Qarqantua və Pantaqrüel"ini, Dostoyevskinin "Qumarbaz"ını, Tolstoyun "Anna Karenina"sını, Çexovun "6 saylı palatasını", Qorkinin "Ana"sını, Strindberqin "Tənha"sını, Hessenin "Yalquzaq"ını, Hamsunun "Viktoriya" və "Pan"ını, "Kafkanın "Hökm"ünü, Bekketin "Qodonu gözlərkən"ini, Kamyünün "Yad"ını, "Sartrın "Divar"ını, Oruelin "1984"ünü, Nabokovun "Edam kötüyü" və "Lolita"sını, Pinterin "Məşuq"unu, daha nələri və nələri əlavə etmək olar. Hətta bütün dünya ədəbiyyatını.
Şəxsən mən mövzu və ya situasiya başlıqlarına təkrar baxdıqca, kursoru aşağı yuxarı çəkdikcə yaddaşımı zorlamadan milli ədəbiyyatımızdan bir çox nəsr və dram əsərlərini, filmləri xatırlayırdım: "Nadanlıq", "Şamdan bəy", "Nadir Şah", "Xırs Quldurbasan", "Hacı Qara", "Sevil", "Almaz", "Oqtay Eloğlu", "Dağılan tifaq", "Ölülər", "Topal Teymur", "Şeyx Sənan", "İblis", "Leyli və Məcnun" və ümumiyyətlə, Nizaminin "Xəmsə"si , "Əli və Nino", "Qətl günü", "Qılınc və qələm", "Məşhər", "Ömür urası", "Babək", "Nəsimi", "Bizim Cəbiş müəllim", "Gün keçdi", "Dədə Qorqud", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Qayınana", "Əhməd haradadır", "Onu bağışlamaq olarmı?" və sair və ilaxır...
Siyahını hər kəs daha böyük, daha intizamlı təsəvvür edə bilər deyə, qayıdıram Poltiyə, onun həyatına. "36 dramatlk situasiya"dan başqa, daha bir məşhur tədqiqatı - "Personajları kəşf etmə sənəti" ilə xatırlanan fransız yazıçısı, sənətşünası və teatr xadimi Jorj Polti/ Georges Polti 1867-ci ildə anadan olub, zamanında kifayət qədər tanınıb, xüsusən sürrealistlərə yaxınlığı ilə seçilib. Ölüm tarixi haqqında dəqiq olmayan müxtəlif məlumatlar var. Adətən, 1946-cı il qeyd edirlər. Qardaşı Jülyen Polti (Julien Polti; 1877-1953) dünya çapında tanınmış memar olub. İlk dəfə 1896-cı ildə fransızca çap olunan "36 dramatik situasiya" 20 il sonra, 1916-cı ildə birinci dəfə ingilis dilində çap olunub. "36 dramatik situasiya" sonradan Fransanın, İngiltərənin və ABŞ-ın "Fayard", "Gallimard", "Penguin", "Ridgewood-New Jersey" və başqa bu kimi nüfuzlu nəşriyyatları, elmi mərkəzləri tərəfindən, eləcə də onlarca dildə və interpretasiyada, gah "situasiyalar", gah "süjetlər", gah da"motivlər" adlandırılaraq nəşr olunur, xatırlanır. Akademik ədəbiyyatşünaslıq "situasiya", "süjet", "motiv" kateqoriyalarını dəqiq sərhədlərlə ayırsa da onların arasında şərti bərabərlik işarəsi qoymaq da olar. Amma yenə də "dramatik situasiyanın - personajdan güclü vəziyyət" kimi səciyyəsi nəzərə alınaraq məhz "situasiya" sözünə üstünlük verilib, necə deyərlər, məhz "situasiyada hər şey özünü faş edir".
Başqa tərəfdən, bu təsnifatın banisi hesab olunan Qozzinin Höte tərəfindən sitat olunan fikrində "faciəvi (!) situasiyadan" danışılır ki, görünür, Polti "dramatik" sözüylə bir tərəfdən faciəviliyi, digər tərəfdən isə bütövlükdə "janrı" nəzərdə tuturdu.
Jorj Polti öz tədqiqatında 1200-dən çox dram əsərini nəzərdən keçirmişdi və əsər zamanında, demək olar, bütün proqressiv dünyada olduqca böyük diqqət cəlb etmişdi. Voloşin (Maksimilian Voloşin -1877-1932; görkəmli rus şairi, tərcüməçisi, rəssamı, ədəbiyyatşünası) ölümünə bir neçə ay qalmış qələmə aldığı qeydlərində 1916-20-ci illərə təsadüf edən Paris günləri və Jorj Polti haqqında yazırdı: "...O axşam, daha əvvəllər "36 dramatik situasiya" əsərinin müəllifi kimi tanıdığım Jorj Polti ilə tanış oldum. Bilirdim ki, bu adam "Hötenin Ekkermanla söhbətləri" kitabına əsasən bir vacib mətləbin izinə düşmüş, onu tapmış və sübut etmişdi. Belə ki, həmin kitabda Höte Qozziyə istinad edərək bütün ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını söyləyirdi. Amma Karlo Qozzinin işləri arasında belə bir araşdırmaya heç kim rast gəlməmişdi. Polti bunun doğru olduğunu sübut etmişdı və belə çıxırdı ki, həmin yazıları tapmışdı...
Polti mənə həm də "Merkür"ün köhnə saylarındakı "gemographia"- qanın təsviri və təhlili ilə bağlı yazılarından danışdı. O axşam biz görüşdük. Şekspirdən, Bodlerdən, dramatirji təcrübədən danışdıq, o mənə bəzi yazılarının surətini hədiyyə etdi...".
İnqilaba qədərki "Teatr və incəsənət" jurnalında, "Paris məktubları"nın birində A.V.Lunaçarski (Anatoli Vasilyeviç Lunaçarski -1875-1933; rus-sovet yazıçısı, tərcüməçi, sənətşünas, akademik, maarif naziri) yazırdı: "Hötenin Ekkermanla söhbətləri"ndə "Qozzi, cəmi 36 faciəvi situasiya olduğunu iddia edir ki, Şiller də bunun üzərində çox baş sındırıb və nəhayət, razılaşıb. Bu, olduqca impozant məqamdır. XVIII əsrin ən itizəkalı, hazırcavab yazıçılarından sayılan Qozzinin dedikləri ilə Höte, Şiller kimi dahi dramaturqlar razılaşırlar. Və ilk baxışdan məhdud görünən bu rəqəmi Polti təsdiq edir, hətta adlar verir, xeyli sayda keçidlər və variantlar sadalayır. Bəs, o bunu necə hesablayıb? Bütün dövrlərdən və ədəbiyyatlardan olan 1200 dramaturji əsəri təhlil edib, bölmələrə, başlıqlara ayırıb, 8000-ə yaxın personajın taleyini izləyib, ümumiləşdirmə və təsnifləşdirmə aparıb.
Əlbəttə, burda heç bir mistik və kabbalistik bir şey yoxdur, o bilir ki, bu təsnifatla asanlıqla razılaşmamaq da olar, bəzi variant və variasiyaları birləşdirmək olar. Amma hər necə olur-olsun, deməli, bütün dəyişmə cəhdləri 36 rəqəminin ətrafında baş verəcək.
Mən Poltinin siyahısına göz atıb onu yoxlamaq istədim. Amma yalnız təxəyyülümü zora saldım və sonra başa düşdüm ki, yeni şərait hesab etdiyim, tapdığım təzə situasiya artıq müəllif tərəfindən başqa bir əsas variantın törəmə variasiyası kimi nəzərə alınıb. Şiller təvazökarlıqla tapdığı əsas situasiyaların heç 30-a çatmadığını deyirdisə, Polti onu ustalıqla, bəzən bir məqamı iki, hətta üç dəfə bu və ya başqa variantda qeyd edir. (...) Bütün ziddiyyətli tərəfləri ilə yanaşı, kitab olduqca diqqətəlayiq və lazımlıdır".
Polti təsnifatının ixtisarla təklif olunan rus variantını təqdim etməmişdən əvvəl Belyanski və Vdovenko bunları da qeyd etməyi unutmurlar: "Nəzərə almaq lazımdır ki, Poltinin təqdim etdiyi süjetlər yox, motivlər, şəraitlər, situasiyalardır...
Polti tədqiqatının zəif yeri, məncə, onu tarixdənkənar, tarixilikdən kənar olmasındadır. Bu gün elə şəraitlər var ki, onlar, necə deyərlər, ya "səslənmirlər", ya da başqa keyfiyyətdə, özgə cürə görünürlər. İnsan, onun dünyagörüşü, qanunlar, ailə və nikah münasibətləri, onu tənzimləyən hüquq indi tamam başqadır.
İşin digər zəif yeri, Lunaçarski tərəfindən doğru qeyd olunan kimi, vahid təsnifat prinsipinin olmamasıdır, təsnifatında Jorj Polti olduqca azad davranıb, bəzən bir situasiyanın variantları özləri müstəqil variantlar kimi çıxış ediblər".
"İstənilən təsnifatdakı səhvlər əşya və hadisələrin təbiətinə, səciyyəsinə təsir etmirsə də, nəzəriyyənin və onun dərkinin inkişafına mütləq təsir edir" - akademik A.Mirzəcanzadənin fikri və bu məqam nəzərə alınmaqla Poltinin günümüzədək dartışılan tədqiqatı böyük ehtimalla ədəbiyyat durduqca, yazıldıqca öz aktuallığını saxlayacaq, imrpovizə olunacaq, təsdiq və inkar ediləcək, ixtisar və əlavələrə məruz qalacaq.
Çünki bəşər yaradıcılığı olan ədəbiyyatın məhvərində elə insanın özü dayanır.
Səhvləri və günahlarıyla. Əlbəttə, Poltinin əsəri bədii və analitik təfəkkür üçün yeni ideyalar və perspektiv vəd edir, amma şəxsən mənim üçün Polti "bölgüləri" yalnız bir əsas məqamıyla maraqlı oldu. Anladım ki, bir çox məsələlərdə olduğu kimi, bu bölgünün də əsasında yenə üç böyük səmavi kitabda əksini tapan, həzrəti Musaya Sinada bəxş olunmuş qadağa-qanunlar (dekaloq), həzrəti İsanın "Dağdakı moizələri", həzrəti Məhəmmədin insanları tez-tez saqındırdığı böyük günahlar durur. Və Polti tədqiqatının doğru adı bəlkə, "bəşər günahlarının təsnifatı" ola bilərdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!