Nənəm televizorda "Bobbi" filminə baxanda hər dəfə filmin finalında
Bobbi ilə Racın qovuşmasına
sevinərdi. Bu yolda onlara mane olanlara qəzəbi tutardı. Di gəl, qonşumuz
Fatmanın qızı çəpərin dibində sevgilisi ilə görüşüb söhbət edəndə, nənəmin
Fatmanın qızı Gülbahara acığı
tutardı. Deyərdi abır-həya gözləmir. Dalınca deyinərdi.
Mən həmişə təəccüblə düşünərdim: nənəm Bobbi ilə Rac üçün sevinirdi axı. Onların sevgisi xoşuna gəlirdi. Bəs Fatmanın qızına niyə acığı tutur?
Həmişə arzulamışam ki, insanlar filmlərə baxanda keçirdikləri yaxşı hissləri real həyatda da keçirsinlər.
Çox sevdiyim fransız rejissoru Fransua Trüffonun "400 zərbə" (1959) filmini tələbə ikən izləmişdim. O zamanlar mən özüm hələ dünən parta arxasından durub gələn şagird idim. Bir neçə il əvvələ qədər filmin qəhrəmanı Antuan Dayal mənim yaşıdım idi.
Filmin əvvəlində Antuan başqalarından heç nə ilə fərqlənməyən, kasıb və sadə fransız ailəsindən gələn adi şagirddir. Ancaq onun həyatı ədəbiyyat müəlliminin kobud münasibəti, digər müəllimlərinin laqeydliyi və ailəsinin sevgisizliyi ucbatından tamamilə dəyişir, demək olar ki, məhv olur.
Oğlanlar məktəbinin şagirdi olan Antuanın əlinə sinifdə əldən-ələ keçən çılpaq qadın şəkli düşür. Hansısa moda jurnalından qopan və havadan uçub gələn bu şəkil bəxtsizlikdən Antuanın əlində yaxalanır. Baxmayaraq, əldən-ələ keçmişdi, müəllim lövhəni yazarkən hamı o şəklə baxıb gülürdü, şəkli Antuanın əlində tutan müəllim ona acı sözlər deyir və küncdə saxlayır. Küncdə darıxdığından Antuan divara, əslində, günahsız olduğunu, havadan əlinə düşən şəklə görə müəlliminin onu günahsız yerə cəzalandırdığını yazır. Ancaq yazını görən müəllim heç oxumur da, onun üçün şagirdinin hissləri, divara nə yazdığı əhəmiyyətli deyil. Sadəcə, yeniyetmə oğlanın üstünə daha yüksəkdən qışqıraraq onu pərt eləyir. Sonra su gətirib divarı təmizləməsini tapşırır. O, müəllimindən bərk inciyir, hətta evə gedərkən parta yoldaşına onun haqqında belə deyir: "Görərsən, əsgərliyə getməmişdən qabaq onun üzünü dağıdacam".
Ertəsi gün Antuan məktəbdən qaçır. Parta yoldaşı ilə bir-birinə qoşularaq kinoya baxmağa gedirlər.
Küçədə anasını müdiri ilə öpüşən görən Antuan bu barədə evdə atalığına söz eləmir. Anası yalnız buna görə ona qarşı bir qədər yumşalır. Halbuki onunla daima kobud davranır, hər addımbaşı acılayır və fərsizlikdə, bacarıqsızlıqda günahlandırırdı. Məktəbdə də müəllimləri onu eyni sözlərlə alçaldırlar.
Atalığı isə onu daim yarış içində olmağa təşviq edir: "Özünü göstərəcəksən, yoxsa rəqabətdən kənarda qalarsan"...
Evə bacardığı kimi kömək edən, zibili atan, bazarlıq edən, girəcəkdə kiçik divanın üstündə qıvrılıb yatan Antuanın başına hər şeyi qaxırlar. Atası onu hərbi məktəbə, anası yetimxanaya göndərməklə təhdid edir.
Fransız şairlərindən gözəl-gözəl şeirləri kobud şəkildə, ağzını-burnunu əyə-əyə deyən ədəbiyyat müəlliminin nitqi kobuddur, daim uşaqları acılayır və ruhdan salır, onlara deyir: "Əbədi miskin qalacaqsınız".
Antuan Balzakın kitabını oxuyub ondan təsirlənərək inşa yazır. Ancaq ədəbiyyat müəllimi onu oğurluqda suçlandırır. Nə var, nə var, Antuan öz inşasında ölüm ayağında olan qocanı təsvir eləmişdi. Antuan nə qədər inkar etsə də, inşanı özünün yazdığını desə də, ədəbiyyat müəllimi onu təhqir edir, yaxasından tutub sinifdən atır. Parta yoldaşı da Antuanın inşanı sərbəst yazdığını gözləri ilə gördüyünü deyir, ancaq müəllim o şagirdi də Antuanın dalınca yollayır. Bu inşa Antuanın son şansı idi, həyatının kulminasiya nöqtəsi idi. Əgər inşada ilk beşliyə düşsəydi, evdə də hər şey başqa cür olacaqdı. Valideynləri nəinki onu təqdir edəcəkdilər, hətta mükafatlandıracaqdılar. Antuan bundan sonra dərslərinə fikir də verərdi.
İngilis dili müəllimi pəltəkdir, kəkələyə-kəkələyə danışır, bütün uşaqlardan da ingiliscə onun kimi danışmağı tələb edir. Uşaqlardan biri: "Bacara bilmirəm. Hamı sizin kimi danışa bilməz ki!" - deyəndə onu söyüb təhqir edərək sinifdən qovur. Uşaqlarla dil tapmağa çalışmaqdansa, uşaqların özlərini "yaxşı aparmamasını" hormonlarla əlaqələndirir. Onları başa düşmək üçün bir balaca çaba belə göstərmir. Nə o, nə başqa böyüklər.
Məktəbə getmədiyini valideynləri öyrənəndə Antuan evdən qaçıb küçədə gecələyir, ac qaldığına görə mağazaların birinin qarşısından süd oğurlayır.
Atalığı onu sinif yoldaşlarının gözü önündə sillələməkdən çəkinmir.
Antuanın parta yoldaşının ailəsində də problemlər var. Anası içki düşkünüdür, atası isə bütün gününü at yarışlarında keçirir. Ata-anasının arasındakı münasibətlər o qədər pisdir ki, heç vaxt bir süfrə arxasında oturmurlar. İkinci dəfə evdən qaçandan sonra Antuan həmin sinif yoldaşı ilə birgə atasının işlədiyi idarədən yazı makinasını oğurlayır, sata bilmir, geri qaytarıb qoymaq istəyəndə tutulur. Atalığı onu polisə təhvil verir, Antuanı Uşaq İslah düşərgəsinə göndərirlər. Orda Antuan kimi uşaqlığı böyüklər tərəfindən məhv edilən onlarla uşaq var. Onlardan biri atasını döydüyü üçün bura düşüb. O, danışır: "Nə vaxt ki mən ağlayırdım, atam ağzımı əyib ələ salırdı, bir dəfə də əsəb krizi keçirtdim və onu döydüm".
Atalığına yazdığı məktubdan sonra anası İslah düşərgəsinə gəlir və beləliklə, seçimini ona bildirir. O, əslində, xəyanət elədiyi kişinin yanındadır, oğlunu atalığına sərt məzmunlu məktub yazdığına görə ittiham eləyir. Bundan sonra Antuan İslah düşərgəsindən qaçır. Qaçır, qaçır, qaçır... ancaq artıq onun bu dünyada getməyə yeri yoxdur.
İran rejissoru Abbas Kiorastaminin 1987-ci ildə çəkdiyi "Dostumun evi hardadır?" filminin qəhrəmanı da böyüklər tərəfindən başa düşülmür. Filmin adı Söhrab Sepehrinin eyniadlı şeirindən götürülüb. Ekranlara çıxdığı il film öz ölkəsində iki, Lokarna Beynəlxalq Film festivalında isə "Gümüş şir" mükafatına layiq görülüb. Kiorastaminin filmi də Trüffonun "400 zərbə" filmi ilə səsləşir. Ancaq Kiorastaminin qəhrəmanını, heç olmasa, filmdəki obrazlardan biri başa düşür, Antuan daha ağır vəziyyətdədir.
Bu filmdə də müəllim despot, məktəb həbsxana kimi göstərilib. Təsadüfi deyil ki, sinif otağının pəncərələri barmaqlıdır, ilk kadrlardan biz müəllimlə tanış olan kimi, onun elədiyi ilk hərəkət sinif otağının açıq qalan pəncərəsini bağlamaqdır. Məhz bu detal nəfəsliyi bağlayan müəllim haqqında ilkin təsəvvür yaradır. Özü dərsə gecikməyinə baxmayaraq, uşaqları səs-küy salmaqda günahlandıran, onlara qışqıran, uzaqdan gələn, gecikən uşağı danlayan müəllim uşaqları gözümçıxdıya salır. Nemətzadə adlı bir uşaq dəftəri kuzenində qaldığı üçün tapşırığını vərəqə yazıb. O, vərəqi kobud şəkildə cırır və xatırladır ki, artıq üçüncü dəfədir o, tapşırığı dəftərinə yox, vərəqə yazır. Bir də bu hal təkrarlanacağı təqdirdə müəllim şagirdi məktəbdən qovacağı ilə hədələyir. Nemətzadənin parta yoldaşı Əhməd evə gələndən sonra sinif yoldaşının dəftərini səhvən öz çantasına qoyduğunu görür. Vicdan hissi ona əziyyət verir, çox uzaqda yaşadığını bilsə də, Nemətzadənin evini tapıb dəftəri ona qaytarmaq istəyir.
Əhmədin evdə bir dəqiqə dincliyi yoxdur, o, heç tapşırıqlarını eləməyə imkan tapmır. Anası körpəlidir, o, daim Əhmədi işə buyurur. Əhmədin oxumaq üçün heç bir şəraiti yoxdur. Ancaq Əhmədin belə problemləri olduğu nə müəlliminin, nə anasının vecinə də deyil. Müəllim ancaq disiplin tələb edir. Şagird robot kimi onun dediklərini icra etməli, disiplindən kənara çıxmamalıdır. Tapşırıqların da dəftərə yazılmasını disiplinə uymağın bir parçası kimi gördüyünə görə, bu qədər israrçıdır.
Əhməd sinif yoldaşının dəftərini çatdırmalı olduğunu deyəndə, anası nəinki onu başa düşmür, hətta ona qışqırır və vurmaqla hədələyir. Əhmədi çörək almağa göndərirlər, ancaq o, əvvəlcə dostunu tapıb dəftəri vermək istəyir və uzaq yola çıxır.
Yolboyu qarşısına cürbəcür adamlar çıxır, heç kim Əhmədi başa düşmür. Yalnız bir qoca dülgər Əhmədi anlayır, dostunun evini tapmaqda ona kömək edir. İnsanların niyə onun düzəltdiyi taxta qapıları söküb, dəmir qapı qoyduqlarını başa düşməyən saf və təmizürəkli qoca bu barədə dərdini Əhmədə danışır.
2007-ci ildə hind aktyoru və rejissoru Əmir Xan tərəfindən çəkilmiş "Yerdəki ulduzlar" filminin yeddi yaşlı qəhrəmanı İşanı da nə məktəbdə, nə də ailədə başa düşmürlər. Disleksiya sindromundan (beynin funksiyasının pozulması nəticəsində oxuma və yazma qabiliyyətinin zəifliyi) əziyyət çəkən uşağı hamı dərsə laqeydlikdə, tənbəllikdə və sözə baxmamaqda suçlandırır, sinif yoldaşları ona gülüb, ələ salırlar. Buna görə də İşan artıq məktəbi sevmir.
İşan əlindən gələni edir, ancaq yenə yoldaşlarından geri qalır. Ailəsi onu gah danlayır, gah dilə tutur, ancaq İşanın dərslərində irəliləyiş baş vermir. Onu tənbəl və eqoist adlandırırlar. Müəllimi İşanı cəzalandıraraq, sinifdən çıxardır.
Böyük qardaşı müvəffəqiyyətli şagirddir. Ata-anası daima onu böyük qardaşı ilə müqayisə edirlər. Ancaq İşanın müvəffəqiyyət qazana bilməməsinin əsl səbəbini heç vaxt araşdırmırlar. Cəza olaraq onu xüsusi internat məktəbinə göndərirlər.
Özünə qapanıq olan İşan bu məktəbə gəldiyi ilk vaxtlarda olduqca əziyyət çəkir. Ancaq həyat yaxşı insanlardan da xali deyil. Rəsm müəllimi Ram Nikumbun diqqəti və mehribanlığı sayəsində hər şey dəyişir. İşanın yaxşı rəsm çəkmək bacarığı olduğu kəşf olunur və getdikcə məktəbin ən uğurlu şagirdlərindən birinə çevrilir.
Bizim məktəblərdə də hər sinifdə beş-altı bu cür uşaq olur. Onlar da İşan kimi laqeyd yanaşmanın qurbanıdırlar. Məktəbdə müəllimləri, hətta sinif yoldaşları onları küçümsəyir, evdə valideynləri. Nəticədə o uşaqların bacarıqları kəşf olunmur. Halbuki Ram Nikumbun dediyi kimi, İşan kimi uşaqlara sadəcə böyüklərin dəstəyi lazımdır. Ondan sonra onlar möcuzələr törədəcəklər.
Məktəbin böyük bir həbsxana kimi göstərildiyi filmlərdən biri də 1991-ci ildə Həsən və Ənvər Əblucun bir yerdə quruluş verdiyi, İsi Məlikzadənin də ssenarisini yazdığı "Pəncərə" filmidir. Filmin qəhrəmanları valideynləri tərəfindən atılmış uşaqlardır. Bu uşaqlar valideynləri tərəfindən laqeydliyə, kobudluğa məruz qalıblar, birinin atası içki düşkünüdür, o birinin anası atıb başqasına ərə gedib, indi təkcə müəllimləri var, onlar da yetimlərlə acımasız davranır.
Filmdəki hadisələr Sovet dövrünün son illərində baş verir, uşaqlar hələ pionerdirlər. Əslində, müəlliflər internat məktəbinin timsalında böyük bir ölkəni təsvir edirlər. Məktəb bir həbsxanadır. Bunu film boyu müəllimlər də etiraf edirlər. Direktor Nəsiblə dialoqunda deyir:
- Buranı kazarmaya, türməyə döndərməyə sənə kim icazə verib?
- Qoyaq dağıtsınlar buranı? O boyda ölkəni başlı-başına buraxıblar deyə, bu günə qalmışıq. Adını da qoyublar demokratiya.
Nəsib demokratiyaya qarşıdır. O, demokratiyanı özbaşınalıqla eyniləşdirir və ona qarşı çıxır. O, despotdur. Öz kiçik hakimiyyətindən misilsiz zövq alır.
Müəllimlər və direktor uşaqların əməyindən istifadə edirlər. Bunu öyrəndiklərində uşaqlar etiraz edirlər. Xaraktercə dəlisov olan Köçəri direktorun kassasından yeşiklərin pulunu və əlindən alıb saxladıqları bıçağı oğurlayır. Uşaqların düzəltdiyi yeşikləri satıb pul qazanmışdılar. Buna görə Köçəri o pulda özlərinin haqqı olduğunu düşünür, uşaqları başına yığıb əylənməyə gedir.
Ertəsi gün direktor Köçərini Nəsibə döydürür. Uşaqları hədələyən direktor deyir: "Taleyiniz mənim əlimdədir. İstəsəm sizi kolona göndərərəm, istəsəm dəlixanaya. Onnan da məhv olub gedərsiniz".
Köçərinin üstündə bıçaq tutulanda direktor bu cür hədələyir: "Nə qədər burdasan, quzu kimi olmalısan. Məktəbi qurtarandan sonra nə oyundan çıxırsan, çıx". Şagirdin taleyi müəllim üçün maraqlı deyil. Xatası ondan uzaq olsun. Məktəbi bitirəndən sonra lap gedib adam öldürsün.
Köçərinin, əslində, sevə bilən, xeyirxah ürəyi var. Düzdür, yaşadığı həyat onu sərtləşdirib, ancaq o, sevmək qabiliyyətini itirməyib. Sevdiyi Nərminə ilə görüşəndə qız ona deyir ki, əvvəllər qorxurmuş ondan, daha qorxmur.
Nəsibdən yığan Köçəri onu bıçaqlayır, qolları qandallanaraq, həbsxanaya aparılır. Onu da taleyi "Dörd yüz zərbə" filminin qəhrəmanı Antuanın taleyi kimi olur.
İnternat məktəbinin qonşuluğunda Ulduz adlı qız yaşayır, kamança çalır. Çaldığı həzin musiqilər yetimlərin ürəyinin sarı siminə toxunur. Belə gecələrin birində Əhsən özünü məktəbin pəncərəsindən atıb öldürür. Əhsən mənə 2019-cu ilin aprelində Bakı məktəblərindən birinin pəncərəsindən özünü ataraq intihar edən Elinanı xatırladır.
Əhsənin intiharı ilə bağlı polis işçiləri 7-ci sinif şagirdlərini dindirməyə gəlirlər. Doğrudur, o dindirmədə filmin müəllifləri olduqca pafoslu cümlələr seçiblər. Bəzi cümlələr ümumiyyətlə, uşaq ağlının məhsulu deyil, inandırıcı görünmür. Ancaq filmin ideyasının açılması baxımından maraqlıdır.
Pionerlərdən birini polis kapitanı sıxışdırır, pioneri yalan danışmaqda ittiham edir və deyir: "Boynunda qırmızı qalstuk gəzdirən oğlana yalan danışmaq ayıbdır"
"Deyirəm axı, böyüklər niyə qırmızı qalstuk taxmırlar! Hələ sevinin ki, o, özünü qalstukundan asmayıb!" - şagird qışqırır.
Onun arxasınca polislər deyirlər:
- Məncə bu da özünü pəncərədən ata bilər.
- Görürəm bunların hamısı özünü pəncərədən ata bilər!
Əhsənin bu dünyada yeganə sirdaşı olan quzunu kəsib polislərə qonaqlıq verirlər. Bunu öyrənən uşaqlar maşının qarşısını kəsib, quzu kimi mələməyə başlayırlar. Bununla da hər birinin sistemin növbəti qurbanı ola biləcəklərini təsdiqləyirlər.
Filmdəki hadisələr təsadüfi deyil ki, Novruz bayramı ərəfəsində cərəyan edir. Uşaqlar bayramı ancaq xoşbəxt xatirələrində yaşayırlar. Uşaqlar bayramı hiss etmirlər. Onların bayram əhval-ruhiyyəsi yoxdur, bayram əhval-ruhiyyəsi onların əhvalı ilə kontrast təşkil edir. Dışardakı bayramla insanın içindəki matəm kontrast təşkil edəndə, insanın faciəsi daha da dərinləşir. Qələm dostumuz Mövlud Mövlud da Novruz bayramı ərəfəsində özünü 17- ci mərtəbədən ataraq, intihar etmişdi.
Filmdə olduqca diqqətçəkən məqamlar var: hər gecə uşaqlar yatmazdan qabaq Əhməd Səməddən nağıl danışmağı xahiş edir. Səməd də hər dəfə "Axmaq padşahın nağılı"nı danışır. Filmin sonlarında Səməd eyni nağılı danışmaqdan bezdiyini söyləyir.
- Elə həmişə "Axmaq padşahın nağılı" nı danışıram.
- Onda "Ağıllı padşahın nağılı" nı danış.
- Ağıllı padşah olub ki?
Məktəbin direktoru da ağıllı padşah deyil. Məktəbin şagirdlərinin başına bütün bu hadisələr gələndən sonra onun yalnız bir qayğısı var: hörmətimiz, ad-sanımız getdi işinə!
Bütün bu olanlardan sonra məktəb çıxış yolunu Əhsənin əbədiyyətə yollandığı pəncərəni taxta ilə bağlamaqda görür. Pəncərə zülmdən, istibdaddan qaçış yoludur. Uşaqlar daş atıb onu sındırırlar.
Bakı məktəblisi Elina da özünü pəncərədən atandan sonra məktəblərdə direktorlar bütün mərtəbələrdə pəncərələrin bağlanmasını əmr etmişdilər. Tək çarəni pəncərələri bağlamaqda görmüşdülər. Ancaq görməli olduqları iş başqa idi: uşaqları o pəncərələrə çıxaran səbəbləri aradan qaldırmalıydılar!
Uşaqların xoşbəxt olmaq haqqı var!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!