Sözləri Fikrət Qocanındır, yaxud nəğmə dolu bir ürək... - Sərvaz Hüseynoğlu

Fikrət Qoca - 85

Bir yandan da bu nəğmə... Ömrümüzün-günümüzün hər anında, dəqiqəsində, saatında, günündə, ayında-ilindədi bu oynaq, şux, eyni zamanda da həsrət yağmurlu misralar:

Külək əsdi,

yarpaq düşdü,

kölgən üşüdü.

...Sənin həsrətin

yollara düşdü -

niyə gəlmədin?

Əvvəl nənələrimizin, sonra analarımızın, sonra da hər birimizin dilində bitib. Bizdə yaşayıb, bizdə ömr edib. Bəxtimizə külək əsib, yarpaq düşüb kölgələr üşüyüncə... Təsəlli verib ki:

Yenə bu səhər

günəş nur ələr...

Bir təzə nağıl

başlayar dünya!

Bu nəğmələr bizə məhəbbəti yaşatmağın, eşqi yaşamağın yolunu öyrədib. Sevgi çətinliklərini bu nəğmələrin əlindən tutub keçmişik. Bu nəğmələr bizə mehribanlığın səadət olduğunu anladıb. Bir araya gəlməyin dərsini keçib. Necə sevilməyin, necə sevməyin sirrini açıb. Bizləri bizlərə belə anladıb:

Ürəyimi atsam da,

Öz qəlbimi satmaram.

Sənə olan eşqimi

Sənə də alçaltmaram.

"Ver mənim eşqimi, o, sənə heç gərək deyil" əyilməzliyi, "gəl qaytar eşqimi, o, solğun bir çiçək deyil" qədir-qiyməti izləyir bu durumu. Aşiq öz könül dostunun bütün gözəl məziyyətləri, vazkeçilməz qədir-qiyməti ilə bərabər, pünhan giley-güzarını belə anladır Fikrət Qocanın misralarında: 

Dişlərin incidəndir,

Dürdəndir, incidəndir.

Özün əcəb gözəlsən,

Dilin can incidəndir.

Bu səmimi nəğmələrin bəstəçisi Azərbaycanın sözün həqiqi mənasında, dünyaşöhrətli bəstəkarları Müslüm Maqomayev, Arif Məlikov, Tofiq Quliyev, Vasif Adıgözəlov, eləcə də, Arif Məmmədov, Ruhəngiz Qasımova, Şəfiqə Axundova, Ramiz Mirişli və başqaları olub. Bu mahnılar Azərbaycanın ən görkəmli müğənnilərinin ifasında səslənib. Polad Bülbüloğlu, Mirzə Babayev, Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova, Flora Kərimova, İlhamə Quliyeva, Oqtay Ağayev, Nisə Qasımova və b. sevə-sevə ifa ediblər. Böyük tamaşaçı sevgisi ilə izlənən neçə-neçə filmlərin ovqatına yeni rəng qatıb bu mahnıların bir çoxu. İllər boyu efir, ekran məkanlarından yayımlanıb. Konsert salonlarını canlandırıb. Və illər keçdikcə elə bilmişik ki, bu unudulmaz mahnıların sözləri haradasa, qeybdən gəlib. Bu misralar heç qələmlə yazılmayıb. Kağıza köçürülməyib, çap edilməyib...  Çox vaxt yazarının kim olmasının fərqinə belə varmamışıq.

"Yalvarıram, dinmirsən, daha dinən deyiləm" xəbərdarlığının anlaşma, bir araya gələ bilmə ehtiyacının, zərurətinin qapıları heç vaxt bağlı qalmır bu nəğmələrdə. Barışıq üçün sevən sevdiyinə ip ucu, növbəti şans verir bu nəğmələrdə. "Özün küs, özün barış" atəşkəsi edir.

Bu sevən aşiqin, eşq yolçusunun yara bir xidmətdi qəbahəti də! Verdiyi sualın bəlli cavabı bir xidmət işidi yar qabağında:

Mən sənə neyləmişəm?

Ay bəri bax, bəri bax!

Sənə ulduz deyiblər,

Mən də gözəl demişəm...

Di, yumşalma görüm, barışma görüm!.. Bacarırsansa dodaq qaçımını, təbəssümünü gizli tut, pünhan qıl görüm...

Fikrət Qocanın könül pıçıltıları belədi. Özü çalıb, özü oynayan doluya bənzəyir. Özü öz ritmini tutur. Xəzrisi də, giləvarı da öz bətnindədi. Bu poeziyanın "göydən məhəbbət yağır" şükranlığı, "Ulduzlar da bu axşam səndən danışdı, Ay da pəncərəmizdə yandı-alışdı" vəfadarlığı var. "Ay qızlar, ay qızlar, xonçalarda pay verin" çağırışının bolluq-bərəkət havasıyla dopdoludu. Hər kəsə "nuş olsun" halallığı verir. "Buludlar ağlamasın, ürəklər dağlamasın" diləkçisidi. Bilir ki, baxışlar intizarlıdı. Gözümüz yol çəkir ulduzlaracan:

O gözlər kimi

hər tərəf qara...

Bu yollar bizi

Aparır hara?

- nigaranlığımız var...

Fikrət Qoca yaradıcılığı "Qoy mən söhbət açım ilk baharından, Nəğməm ilə bir də keçim öz diyarımdan" istəklisidi. "Ay ana, dostum evlənir" sevinclisidi. "Bol bəhrəli Muğan düzü, Mil düzü, Şirvan düzü"nün bəxtiyar yolçusudu. Bu yollar hər halıyla müsafirinə "gəl-gəl" deyir, "doymadım gözlərindən, o şirin sözlərindən" minnətdarlığı edir.

Tənhalığın, yalqızlığın gerçək rəsmi şəkillənib. F.Qocanın misralarında:

Payız gəldi, uçdu getdi quşlar,

Sən də ketdin, ah, yağdı yağışlar.

Payız gəldi, qərib oldu dəniz,

Bu dənizin gözü yaşlı, sənsiz...

Təlaş var, təklik var, amma qorxu yoxdu bu misralarda. Ayrılıq var, bədbinlik yoxdu. Dərdlə-qəmlə, ah-vayla yüklənməyib. Yüngül hava kimidi, ciyərlərinə çəkirsən.

Bu nəğmələr əvəzimizdən üzrxahlıq edir, ayağına düşür "dilbilməzlərin". Yada salmağımızın, xəbər almağımızın gerçək şahidlərinə dönür:

Bir kəlmə sözüm

Dəydi xətrinə.

Ay qəlbi kövrək,

Nə dedim sənə?

Yada saldım, xəbər aldım

Səni yollardan,

Güllərdən mən...

Asilik, peşimanlıq, üsyan, kin, qəzəb hissi yoxdu bu misralarda. Çəkilən iztirabın, yaşanan ağrının bircə xoş baxışla, təbəssüm ilə keçib getməsinə əmindi aşiq:

Öz eşqimdə yanaram mən,

Öz bəxtimi sınaram mən.

Sən baxmasan donaram mən,

Dön geri bax, ey yar,

Sən mənə bax, ey yar.

Oynaq ritmi, üslub əlvanlığı ən dərdli mətləbi belə, bu dillə şux bir yaşantıya çevirə bilir.

Baxar, ürək tel-tel olar,

Dəli könül bülbül olar.

Xoş sözümdən daş gül olar,

Göz-qaşından aman-aman...

 

...Yanağında gündüz yaşar,

Gözlərində ulduz yaşar.

Bu mənzildə bir qız yaşar,

Qardaşından aman-aman...

Sübhi dirigözlü açdığımız günlərin intizarı xana-xanadı bu misralarda. Eşq yolçuluğunun unudulmaz xatirələri süslənir hər kəlməbaşı F.Qocanın bu kövrək misralarında:

Gecə keçir, hələ yanır işığın,

Odlanıram, aşiqinəm, aşiqin.

Ulduzlar da bu axşam səndən danışdı,

Ay da pəncərəmizdə yandı-alışdı...

Bu sevgi iztirabları aurasında "nəğmə olur dalğalar, qış dönüb olur bahar. Göydən məhəbbət yağır..." Bu xoş aurada bahar gəlir, güllər açır, çaylar daşır, nəğmə qoşur, sular coşur. Şöhrətimiz-şanımız, halı pərişanımız, küsüb bizdən, özgələrdən bizi soruşan könül dostlarımıza bizim adımızdan yazılan sevgi məktubları kimidi F.Qocanın şeirləri. Bu şeirlərdən gülə-gülə ulduz baxır, qəlbimizə ilk sevginin odu axır. Baxıb görürük ki, "aça-aça güllərimiz, daşa-daşa sellərimiz" gedirik sonsuz sabahlara  doğru. Zəmanəni barmağımıza dolayıb gəlməyimizin köhnə dərvişliyini yaşayırıq, ən şirin arzular gəlib ürəkdən keçir. Güllər oyanır, əlvan boyanır, sevginin odu qəlbləri yaxır...

Dünyanın, yerin-göyün, dənizin, küllü-aləmin üzünə Fikrət Qocanın nəğmələrilə salavat çevirməyin, hal-əhvallaşmanın yolunu tapırıq: "Gülüm, sən nə yaman gözəlləşmisən" - deyə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!