Ölkəm su basmış qitə kimiydi tozlu havada üzürdü... - Linda Maria Baros

Səlim Babullaoğlunun təqdimatında Linda Maria Barosun şeirləri Cavanşir Yusiflinin tərcüməsində

 

Linda Maria Baros

Şair, tərcüməçi və redaktor. 1981-ci ildə doğulub. Sorbonda müqayisəli ədəbiyyatşünaslıq doktorudur. Parisdə yaşayır. "Sümüksüz üzgüçü" (La Nageuse desossee), "Paytaxt hekayətləri" (Legendes metropolitaines) və daha beş toplunun müəllifidir. Şeirləri 39 ölkədə tərcümə və nəşr edilib. "Apolliner" ədəbi mükafatı laureatı və mükafat komissiyasının baş katibidir. Malarme Akademiyasının sözçüsüdür. İndiyə qədər 40 kitab tərcümə edib. La Traductiere nəşrlərinə rəhbərlik edir.

"Dörd yolayrıcında / barmaqlarım üstə qalxıb / hönkür-hönkür ağladım"...

Ani olaraq düşünməyə başlayırsan. Kimsə dörd yolayrıcında seçim qarşısındadır. Həmin kimsə barmaqları üstünə qalxıb. Demək, uzaqlara baxır və kimisə axtarır. Gözləyir. Kimi? Ona doğru yolu göstərəcək adamımı? Ya bəlkə yolun "işləkliyini" bilmək istəyir o kimsə? Barmaqlarımız üstə qalxıb içimizi çəkə-çəkə ağladığımız uşaqlıq düşür yadımıza... saflıq məmləkəti uşaqlıq... Bəlkə yol elə ağlamaqdır, vektor içərimizə, içimizədir... və sair və ilaxır. Təkrar oxuya qayıdırsan.

Şeirlərinin qəribə gücü var Linda Marianın, bəlkə həm də ona görə ki, gündəlik həyatın sərhəd situasiyalarını nişan verir və bununla da ani olaraq fərqli, hətta əksqütblü isitiqamətlərdə yozum, düşüncə üçün geniş perspektiv açır. 

Linda Maria Baros böyük Avropa şeiri ənənələrindən və o şeiriyyatın gücündən doğmuş, o güc və ənənələri hiss etdirən şeirlərin müəllifidir.

Özü barədə belə deyir Linda Maria: "Yazanda  mən A4 avtostradası ilə gedirəm (...). Vərəqin A4 formatı ən əsrarəngiz yeraltı fəaliyyətdir və mən  çoxdandır ki, özlərinə asfalt və səma arasındakı poetik labirintinin tələsinə düşməyi tez-tez rəva görən bu sürət həvəskarlarının, baykerlərin və səyyahların çevrəsində həmin bu avtostrada ilə gedirəm (...). Məqsədim  oxucunu çıxışa itələmək, yaxud dəlilik və sürət məsələlərində çox uzağa getmiş dəmir atlı səyyaha çevirmək deyil. İstəyim onun qəlbində də, sükanı və iki təkəri arasında daha böyük yer açmaqdır...

Dənizin dadını onun bütün suyunu içmədən də bilmək olar. Odur ki, indilik professor Cavanşir Yusiflinin sevərək və ustalıqla çevirdiyi 6 şeirlə tanıyaq Maria Linda Barosu. Necə deyərlər, gözəl şeirlərin yaraşıqlı insanlar kimi bir xüsusiyyəti var, onu nə cür təhlil etsən də, sonda onu bir də "görmək" - təkrar oxumaq istəyirsən ki, bütün mümkün təhlillərin zəifliyini və şərtiliyini dərindən hiss edəsən, sonra onun müəllifi qarşısında "Şlyapa"nı çıxarasan.

Səlim Babullaoğlu

Uşaqlar ələkdən keçdilər

Bu sənin üçündür,

daha böyük,

daha gözəl olasan

və şübhəsiz daha dürüst,

odur ki, ürəyimi quzu dırnağı kimi

iki yerə böldüm.

 

Oğurluq etdim,

            yalan danışdım, qan qusdum.

Nə qədər meyit yudum

və hər gün küçədə

zibil tayalarının üstündə yatdım,

əlimdə bıçaq yuxuya getdim

cır-cındırı arasında qoca dilənçilərin.

Bu adamlar bəlkə sənin şərəfinə

saqqallarını topuğa qədər uzadıblar,

elə bil lap qədim şumerlərdilər,

o şumerlər ki, sevdikləri üçün

şir ovuna gedirdilər.

 

Yarasalar qarabaqara izlədilər məni,

sən varsan deyə fərqində olmadım.

Gözləri bərələ at kimi

dırnaqlarınla torpağı eşəndə

zülüm-zülüm ağladım.

Ağladım

addım-addım

indicə intihara sürüklənən adam kimi.

Nəfəsinə ərimiş yapışqan çəkən

üzləri meyit rəngində

küçə uşaqlarının arasında yaşadım.

Ələnəcəkdilər,

daşdoğrayan dəzgaha diyirlənəcəkdilər

yekə daşlar kimi,

ordan da zir-zibilin içinə

düşəcəkdilər.

 

Dördyol ayrıcında

barmaqlarım üstə qalxıb

hönkür-hönkür ağladım.

 

Oğrulara, fırıldaqçılara imkan verdim ki,

məni çapıb-talasınlar

kasaların içində cingildəyən

kürək kimi iri qaşıqların səs-küyündə.

Qaz iyi verən, yanmış yemək qoxuyan

ucuzluq kafelərin ortasında azdım.

Araq piramidaları arasında qalıb

sürtülüb ovuldum.

Yoruldum

sənin böyük, yaşlı dediyin

            bu adamların əlindən

elektrik sayğacında yatan,

 özünü ora-bura sürtən pişik kimi.

 

O biri yanağımı da al qana boyadılar,

barmaqları böyrümü rahat buraxmadı.

Ürəyimi dörd yerə böldülər.

Gülərək dedilər ki, müqəddəslər də

            bu əzabdan keçiblər.

Məni ələkdən keçirdilər.

Başqa uşaqlarınla bir yerdə, eyni vaxtda.

Ağzımı tikib, sus dedilər, danışma.

Sənə görə

qurdların arasında

bir zibil kimi

ciblərimə sığınıb gizləndim.

Xəyanətin bədheybət siçanlarını

canımla yedizdirdim, doyurdum.

 

Gözləri bərələ qalmış at kimi

dırnaqlarınla torpağı

            eşdiyin zaman ağladım,

bəli, təkcə sənə görə

            zorla bu dünyaya adladım:

ürəkdən gələn

və bir daha geriyə yolunu tapmayan...

 qan şırnağı kimi.

 

İkiağızlı tiyə

Bəzən

dimdik mum qayalıqlar üzərində

özünü itirirsən yox olana qədər.

İndi sən

dolama nərdivanla

sürüşüb uzaq yerlərə köç etmiş

Paris səhərini xatırlayırsan,

onun sədəf rəngini,

tənhalığın Mirabu körpüsündən

baxıb

ətraf yerlərin kənara uzanan

            qollarından asılan

körpünü xəyal edirsən;

yanaqları qızarır, kvars daşları kimi sayrışır.

Metronun Sfinkter dairəsindən keçib

daşdan keçmiş su tək saflaşırsan,

sonra da məna tayasının üstünə yıxılırsan,

tüstün göy üzünü tutur,

buludular dağılır.

 

Səhərsə, yəni sübh çağı

itlərin güddüyü

ala-bula siçovul kimi

zeytun bağında

özünün nəm sifətini göstərir,

hələ keçilməli olan

bir qarış yolu işıqlandırır.

 

Ölümün divarına

Əsas yol bəzən elə pip-şoudu,

başını itirmiş motosikl sürücüləri

                                    arzular bunu.

Yolun kənarında isə

qızlar gözləyər dilənçilər kimi.

Onlar bapbalaca dəri kepkalarını irəli uzadar,

istərlər ki, motosikl sürücüləri

dəli kimi yerdən qopub

havada fırlansınlar,

ölümün divarı üzərində

sürüşsünlər...

 

Atam

Atamın həmişə çəkdiyi

            bu dünyanı titrəyişiylə

göz önündə canlandıran səffaf bir tüldür.

Qapı ağzındakı qaşıqların səsinə

əl saxlayardı çox vaxt.

Son günlərinin birində

ancaq mənim üçün

bir işıq qülləsi çəkdi

Pizada, yamaca söykənmişdi.

Son qəpik-quruşuyla

yolların labrintini

içindən kəsib doğrayan

bir maşın aldı mənə.

Və papirosun kötüyünü

ağzındakı son dişləriylə saxlayan

atam yəhərlə yəhər qayışı arasında

bir yer açdı mənimçün həmin dişləriylə.

 

Su basmış qitə kimi

Ölkəm su basmış qitə kimiydi

tozlu havada üzürdü,

bir cəsəd təsəvvür edin

günorta işığında.

Ataları nadir kişilər idi

dağların əzəmətli dərisini dəlib keçən

mərmilər kimi.

Anaları göz yaşı tək zərif və həssas;

göz yaşları axırdı tez-tez və dərdli-dərdli.

Anaları yer özünə çəkdi.

Ölkəm adamları

açıq yaranı yeyib axırına çıxan

qurd sevgisiylə sevərdi onu.

Ölkəm məni dizləri üstünə alıb

                                    başımı sığallar,

siqaretini alnımda söndürərdi...

 

Şlyapa

Atam hardasa uzaqlarda, açıq dənizdədir,

güclə görürəm onu.

Əl yelləyirəm.

Ola bilsin ki, hələ də məni görür.

Su qalxır,

suyun üzündə qalır şlyapası...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!