Üçlüklər
Ümidlərimi yığıb-yığışdırdım aldım əllərimə,
Gözümdəki sən adlı yaş da yuvarlandı üzərinə
kim dəymişdi ürəyimə?
***
Yuxuda gördüklərimi yozuram, yozammıram,
Taleyimi pozuram, pozammıram.
Almışam əlimə qələm, özümə tale yazıram...
***
Bu şəhərin səs-küyündə,
İstisində, bürküsündə yeriyirəm candərdi,
Ümidlərim bəlkə bu yay göyərdi.
***
Bir geyinə bilmədiyim donun,
bir keçirə bilmədiyim bayramın təəssüfütək,
təəssüf ki, varsan ürəyimdə...
***
Gecənin soyuğu, payızın çisgini,
taleyim qurğuşun kimi çöküb üzərimə.
Üşünürəm, bürünmüşəm kədərimə.
***
Hər kəsin nağılı var; biri vardı, biri yox...
Mənim nağılım sənsən.
Göydən üç alma düşdü.
***
Yay günü yağış yağır,
Hansı günahkar buluddur -
Mənim tək içdən ağlayır?
***
Gözəllik başa bəla deyirlər,
Hələ cavansan, yaşa deyirlər...
Bəzən ölüm də gözəl.
***
Güvəndiyim təkcə səndin.
Sənli dağa qar yağar?
Üşünürəm.
***
Yenə dərdələşirəm səninlə,
Yenə bacarmıram ürəyimlə,
Səni asacaqdım, alıram ipdən.
***
Günləri saya-saya gəlirdim;
Sayını itirdim,
Səni də.
***
Bir uzun qış gecəsi,
dəlisov küləklərin səsi...
Yarımçıq qalmış, bir ad günü süfrəsi...
***
Boz yuxular görürəm,
Sənin suratına, mənim ovqatıma bənzəyir,
Dünən bir film izlədim, həyatımıza bənzəyir.
Bir ala bilmədiyim donun,
Bir keçirə bilmədiyim bayramın
Təəssüfü tək varsan, təəssüf ki, könlümdə.
***
Bir quşam,
hanı sarayım? -
Bir küncündə daldalanım.
***
Payızın son günü;
qurtarır yarpaq tökümü.
Bir yarpaq yellənir ağacda, naəlac-naəlac...
***
Küləyin uçurduğu yarpaqtək gücsüzkən
Tufanın qabağına düşüb gedirəm...
Hələ çox qovacaq məni, bilirəm.
***
Asıldı dilimdən yenə,
"nəbilim", "necə."
Ömürdən uzun bir gecə...
***
Axşam düşür... yandırsam şam,
Dua etsəm,
Dərgah qapısına ulaşsam...
***
Külək pəncərəmi döyəcləyir.
Saatın "tik", "tak"ı ruhumu,
Fikirlər əsir alıb könlümü...
***
Baxçasında Nərgizlər açmış,
balkonunu qızılgüllər qucaqlamış
bir ev, hey yuxuma gəlir...
***
Qəzetin baş köşəsində, sensasyon xəbər;
Aranqutanların nəsli kəsilir!!!
Yazıq insan.
***
Bir başqa sensasyon xəbər,
Orisaya meteorid düşüb, yanıb bir neçə insan.
Guya yanmırdı insan...
***
Bir yuxu görürdüm, uşaqlıqda.
Bir saray qururdum qayalıqda.
Yuxulara inandıq da...
***
Nə kimim var,
nə kimsəm,
olanlar da yox kimi...
***
Deyirsən, ölürəm, yanında ölsəm?
Ölüləri də heç sevmirəm,
Tərslikdən.
***
Gündüzüm narahat,
Gecəm narahat -
Dünyamız kimi...
Evdə həyat var,
Bayırda ölüm,
Dərdə bax, gülüm...
Nə ölüm yenidir
Nə də ki, olum.
Bəs nədir qorxum?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!