Süleyman Rəhimov - 120
Yay aylarının birində telefonumda Novruz müəllimin mərhəm səsini eşitdim:
- Maşının sazdımı?
O saat bildim ki, harasa səfərə çıxmalıyıq. Dedim:
- Sazdı. Necə bəyəm?
- Sabah Gəncədə olacağam.
- Xeyirdimi?
- Əlbəttə, xeyirdi. Hörmətli qocaman yazıçımız Süleyman Rəhimov Göygöldə dincəlir. O bizim jurnala çar Rusiyası üsul-idarəsinə qarşı mübarizəyə qalxan Qaçaq Nəbidən, onun ömürdaşı, mübarizə yoldaşı Həcər xanımdan və mühasirələr yaran vəfalı Boz atından bəhs edən "Kəsilməyən kişnərti" adlı gözəl bir povest verib. Əsəri çap üçün nömrəyə salmışıq. Ancaq bəzi qeydlərim var. Telefon söhbəti deyil. Şəxsən özü ilə qabaq-qabağa oturub fikir mübadiləsi aparmalıyam.
Təklifdən sevindim. Mənim də qazancım o olardı ki, böyük ədiblə şəxsən tanış olardım. Dərhal razılıq verdim:
- Mən hazır!
Söhbətin üstündən bir gün adladı. "Moskviç"im nərildəyə-nərildəyə dağ yollarını dırmanıb bizi Xalq yazıçısının ziyarətinə çatdırdı. İsti bir görüş oldu.
Süleyman Rəhimov yaxınları ilə Göygöldə "Bağırovun evi" deyilən bir tikilidə dincəlirdi. Dincəlmək onun üçün bir bəhanəydi. Əslində, harada dincəlməsindən asılı olmayaraq, şıdırğı yaradıcılıqla məşğul olurdu. Bu sarıdan Göygöl dincəlişi də istisnalıq təşkil etmirdi.
Dağ havası, yaşıl meşə, xanəndə quşların "konserti", rəngindən ad alan füsunkar Göygöl bizi heyran etmişdi. İlahi, məşhur zəlzələdən yaranan bu gözəllik nə idi?! Təbiətin bu gözəllik sərgisinə ancaq bir "qüsur" tutmaq olardı. Nərə çəkən aslan ağızlı məğrur Kəpəz necə qıymışdı ki, Göygöl kimi bir nazənin onun ayağına döşənsin?! Bu bir Sirri-Xuda idi… Təbiət bu görünüşü təhlil etməyə yox, tamaşa etməyə "icazə" verirdi.
Süleyman Rəhimov da gözqamaşdıran, baxışı bəndə salan mənzərəyə münasibətini bildirdi:
- Novruz, mən çox ağlar buludlu, ildırım çaxışlı dağlarda dincəlmişəm. Bunu bütün səmimiyyətimlə deyirəm. Azərbaycan dağlarında, yaylaqlarında olan gözəlliyi heç bir diyarda görməmişəm. Ona görə də son illər ögey torpaqlara ayaq basmıram.
Novruz müəllim də onun sözünün üstünü gördü:
- Düz deyirsiniz, Süleyman müəllim, öz dağlarımız daha gözəl, daha səfalıdır. Həm də qələmə söz verən dağlardır.
Süleyman Rəhimov:
- Elə iş də burasındadır!..
Ustad yazıçı Novruz müəllimin hansı məqsədlə gəldiyinə hələ toxunmurdu. Sadəcə, bizi əziz qonaq kimi qəbul edirdi. Birdən əlini mənə doğru uzadıb Novruz müəllimdən soruşdu:
- Bu cavan oğlan kimdir? Sürücüdür?
Novruz müəllim işıqlı bir təbəssümlə gülümsündü:
- Bu cavan oğlan həm yaxşı sürücü, həm də yaxşı yazıçıdır.
Süleyman Rəhimov hansı əsərlərin müəllifi olduğum, onları oxuyub-oxumadığı sualından vaz keçərək məndən soruşdu:
- Sən bu azman (özünə işarə edirdi) yazıçının kitablarını oxumusanmı?
- Bəli, - deyə utancaq halda başımı aşağı dikdim. Daha sözün gerisini gətirib əsərlər barədə təəssüratımı bildirmədim. Bu boşluğu özü doldurdu:
- Kitablarımın sayı 40-ı keçib. Mən də Azərbaycanın Balzakıyam. Qəbul edirsənmi? - sonra ehtiyatlandı ki, mən "səhvə" yol verərəm. Hərdən gənclər ipə-sapa yatmır. Özü qabağa düşüb necə hərəkət edəcəyimi ürək açıqlığı ilə anlatdı. - Mənim tənqiddən xoşum gəlmir ha… Birdən səbirsizlik edərsən, aramızda savaş başlanar.
Novruz müəllim də məni başa salmaq üçün qaş-gözünü oynatdı. Mən də tələb olunan vəziyyətə uyğunlaşdım.
- Bəli. Hələ Azərbaycan yazıçıları arasında epopeyalı kitablarının sayı 40-a çatanı olmayıb.
Ustad yazıçı cavabımdan razı qaldı. Sonra altdan-altdan nəzərləri ilə məni süzüb dedi:
- Ağıllı oğlana oxşayırsan…
İllər keçdi, sovet sistemi çökdü. Zaman o dövrdə öndə olan bir çox şair və yazıçılarımız kimi onun da Balzaklığına əl gəzdirdi…
Dağ yerinin banket zalı gül-çiçəkli yamyaşıl çəmənlik olur. Yazıçının təkidilə çəmənlikdə üstü çeşidli nemətlərlə dolu (hətta konyak içkisi də vardı) böyük bir süfrə açıldı. Mətbəxdən isti yeməklər, aralıda dayanan maşından soyuq qəlyanaltılar gətirirdilər. Süfrəyə oturmaq üçün döşəkçələr və mütəkkələr düzdülər. Ustad yazıçı bizi süfrəyə dəvət etdi.
Boyu-buxunu lay divara oxşayan yazıçı ağır addımlarla yeriyirdi. Uzun gur saçı arxaya daranmışdı. Ətli və enli sifəti təmiz qırxılmışdı. Yalnız üst dodağını mismarmisallı bığı boya-boy qapsamışdı. Tələsməklə işi yoxuydu, aramla danışırdı. Səbr dünyasına bənzəyirdi. Qədim el adətinə əməl edib qonağın - Novruz Gəncəlinin gəlişinin məqsədini soruşmurdu. Hiss edirdi ki, gəliş xoş niyyətli gəlişdir. Yəqin, məqamı çatanda qonaq sirr süfrəsini açacaq.
Dövrələmə süfrə başında hərəmiz bir döşəkçənin üstündə oturduq. İnsan səbri də maşın əyləci kimi bir şeydir - nə qədər basmaq olar?! Nəhayət, Novruz müəllim sirrini aşkar elədi:
- Süleyman müəllim, heç soruşmursunuz ki, bu qədər uzaq yolu basa-basa nəyə gəlibsiniz?
Süleyman Rəhimov ağ, mismarmisallı bığına sığal çəkdi. Sonra yüngülləşmiş kimi (sən demə, intizar onu da içəridən üzürmüş) dedi:
- Süfrə bizi gözləyir. Bismillah eləyib çörəyə əl uzadın, - ağsaqqalın icazəsilə "dəyirmanlar" üyütməyə başladı. - Yəqin, babanı yoxlamağa gəlibsiniz. Lap belə, əcəb eləyib, xoş gəlibsiniz. Yeməyimiz halal, söhbətimiz şirin olacaq.
Novruz Gəncəli fürsət bulduğuna görə sevindi:
- Əlbəttə, sizi ziyarət etmək bizim üçün xoşdur. Ancaq gəlişimizin bir başqa məqsədi də var.
Əslində, qocaman yazıçı bu gəlişin məqsədini duymuşdu. Ancaq səbr edib Novruz müəllimin daxili işinə qarışmırdı. Səbrdən bol olmasaydı, sayı sandan çıxmış kitabları necə yaza bilərdi?!
- Aç mətləbini, Novruz.
Novruz müəllimin üzünə yayılmış təbəssüm günəşin səhər şəfəqləri kimi bərq vurdu:
- Sizi təbrikə gəlmişəm, Süleyman müəllim! "Kəsilməyən kişnərti" povestiniz gözəl əsərdir. Qayəsi müasir dövrlə çox səsləşir. Baş redaktor Cəlal müəllimin adından da sizi təbrik edirəm. Povesti çap üçün plana salmışıq. Sevinirik ki, "Azərbaycan" jurnalı, oxucularının görüşünə dəyərli bir əsərlə gələcək!
Xəbərdən Süleyman müəllim məmnun oldu. Ancaq çap xəbəri onun üçün müjdənin əlçatmaz halqası deyildi. Xüsusilə, yaşının və yaradıcılığının bu dönəmində o belə xəbərlərə alışmışdı. Ancaq ağsaqqalın mədəniyyət kredosu olur. O, həmin kredonu səsləndirdi:
- Əgər bundan ötrü görüşməyə ehtiyac vardısa, vaxt tapıb özüm redaksiyaya gələrdim. Uzun yolu qət etməkdə əziyyət çəkibsən. Üstəlik, bu cavan oğlana da əziyyət veribsən.
Novruz müəllim də mədəniyyət kredosunu işə saldı:
- İcazə verin, qınağınızla barışmayım, Süleyman müəllim. Kiçiyin borcu böyüyün ayağına gəlməkdir. Sizin kimi böyüyün ayağına gəlmək daha xoşdur.
Deməli, əsər çap olunacaq. Yazıçı üçün bundan artıq xoş xəbər olarmı?! Süleyman müəllim konyak dolu qədəhini qaldırıb bizim qədəhlərlə (mən sürücü olduğum üçün içə bilməzdim), toqquşdurdu:
- Başda Cəlal müəllim, Novruz müəllim olmaqla redaksiya işçilərinin sağlığına badə qaldırıram, - sağlığı deyib badəni başına qaldırmaq istəyəndə qoruyucu nəvəsi onun əlindən tutdu. Bu o mənaya gəlirdi ki, "Baba, qan təzyiqin var, sənə içmək olmaz". Ancaq yazıçı nəvəsinin bu qadağası ilə barışmadı. Qərarını "təkzibolunmaz dəlillə" əsaslandırdı. - Sən "içmə" deyirsən, Kəpəz dağı "iç" deyir. Hansınızın sözünə baxım? Əlbəttə, dağın sözünə baxacağam. Ona görə ki, dağ səndən hündürdə, ucada qərar tutub, - deyib qədəhi başına çəkdi.
Novruz, müəllim yalnız təbrik üçün gələ bilməzdi. Şübhəsiz, onun yenə deyəcəyi vardı. İstəyirdi ki, bu mətləbi də açmağa əsər müəllifinin özü yardımçı olsun. Belə bir şərait yarandı:
- Novruz, mənim yazı üslubuma bələdsən. Mənim qələmim köhlən ata bənzəyir. Cilovunu çəkib saxlaya bilmirəm. Bu da söz çoxluğuna (xoşagəlməz "sözçülük" demədi) səbəb olur. Yüngülvari ixtisara, daranmalara ehtiyac varsa, bir müəllif kimi icazə verirəm. Bilirəm ki, ustalıqla edilən ixtisarlar əsərin xeyrinə olur, - qocaman yazıçı bu əməliyyat üçün də razılığını verdi.
Qısılmağa, çəkinməyə yer qalmamışdı. Jurnalın məsul işçisi fikrini açıq dedi:
- Qeydlərimi ("iradlarımı" demədi) gətirmişəm. Maşında, çantamdadır. Bu saat gətirib sizə göstərə bilərəm.
Süleyman müəllim ona yerindən dartınmağa mane oldu:
- Lazım deyil. Mən sənin redaktə səriştənə bələdəm. Sadəcə, İsmayılın bir obrazlı deyimini xatırlatmaq istəyirəm.
- İsmayıl kimdir? Tanımadım.
- "Gənclik" nəşriyyatında işləyən yazıçı-redaktor İsmayıl Qarayevi deyirəm.
- Hə, indi tanıdım. O nə deyir ki?
Süleyman Rəhimov yenə əlini atıb mismarmisallı bığını sığalladı, sonra gülümsünüb fikrini tamamladı:
- Nəşriyyatda mənim əsərlərimin redaktorluğu həmişə ona etibar edilir. O da ixtisar məqamı gələndə mənə zəng edib deyir: "Süleyman baba, əsərinizin müəyyən məqamları var ki, artıqlıq təşkil edir. İşin xeyrinə ixtisara ehtiyac yaranır". Hər halda mən də bir müəllif kimi narahatlığımı işarələyirəm: "İsmayıl, sənə inanıram. Elə ixtisar elə ki…". O da obrazlı bir deyimlə məni razı salır: "Süleyman baba, əsər də canlı orqandır. Arxayın olun, o orqanın ətini kəsməyəcəyəm, ancaq dırnağını tutacağam".
Novruz müəllimə də elə bu lazım deyildimi?! O da, öz növbəsində, "Kəsilməyən kişnərti"nin müəllifini arxayın saldı:
- Elə mən də həmin yolla gedəcəyəm: ətini kəsməyəcəyəm, dırnağını tutacağam. Bundan sonra əsər daha da "yaraşıqlı" olacaq.
- Ay bərəkallah! - bu nida Süleyman müəllimin "cərrahi əməliyyata" razılıq verməsi demək idi.
Nahar başa çatdı, gəzinti başlandı. Novruz müəllim ağsaqqaldan necə istirahət etdiyini soruşdu. Süleyman müəllim təəccüblənmiş kimi dedi:
- Nə istirahət?.. Mən bura yalnız istirahət üçün gəlməmişəm. Mən yazanda istirahət edirəm. Vaxtım ölçülüdü. Səhərə yaxın - saat 5-də durub yazı masasının arxasına keçirəm. Gündəlik normam var: yeni əsərimdən bir fəsil (bəziləri kimi 3-4 vərəq yox) yazmayınca dilimə çay-çörək vurmuram. Mən günəşi iş başında salamlayıram. Bəs necə? Azərbaycan Balzakı bu sürətlə yazmalıdır! Axı mənim də öz "Bəşəri komediya"m olmalıdır.
Balzakdan söz düşmüşkən, cəsarətə gəlib mən də ustada bir sual ünvanladım:
- Balzak necə işləyirdi?
- Bu sualın cavabı mənim üçün də maraqlıdır, - deyə Novruz Gəncəli "sürücüyə" dəstək verdi.
Süleyman Rəhimov şaqqanaq çəkmədi, astadan güldü. Ancaq bu gülüş var bədənini titrətdi. Sonra sakitləşərək baxışları ilə gah dağa dikləndi, gah dərəyə endi. Sanki deyəcəyini onlarla məsləhətləşirdi. Nəhayət, dilləndi:
- Balzak məndən çox yazıb. Bununla belə, həm də borc içində boğulub. Düşünürdü ki, ancaq məhsuldar işləmək onu borcun caynağından xilas edə bilər. Gündüz yazırdı, bu, öz yerində. Gecələr isə dincəlmək, yatmaq lazım idi. Ancaq yatsaydı, yazının sürəti azalar, borc yenə artıb onu boğazlayardı. O, yuxusunu qovmaq üçün ləyənə soyuq su tökər, çılpaq ayaqlarını ora salardı.
Birdən Novruz müəllim maraqlı fikir kəşf etmiş kimi şövqə gəldi:
- Siz ayaqlarınızı Göygölün lacivərd sularına salıbsınızmı?
- Əlbəttə, - deyə qocaman sənətçi həmkarının sualını cavablandırdı. - Necə ki?..
- Süleyman müəllim, sizin cildləriniz Balzakınkını keçəcəkdir.
Bu sözdən ustad şəkləndi. Novruz müəllim onu qalib elan etmək fikrinə düşməkdə nəyə əsaslanırdı? Tərifdən xoşlanan ustad deyilənə dəlil gətirilməsini istəyirdi. Ola bilsin ki, irəli sürülən iddianın məğzində yumor çalarları da vardı. Dəxli yoxdur, o, Novruz müəllimin nəyə istinad etdiyini bilmək istəyirdi:
- Arqument… Bu fikri dilə gətirməkdə nəyə əsaslanırsan, Novruz?
Novruz Gəncəli:
- Süleyman müəllim, bir ləyən suyun məhsuldarlığı hara, Göygöl kimi möcüzəli suyun məhsuldarlığı hara... Heç bunları müqayisə etməyə dəyərmi?! Budur mənim arqumentim.
Bu sualın cavabı gülüşün də üzünə açıq idi, ciddiyyətin də. Hansına sahiblənmək olardı? Novruz Gəncəlinin cavabının ciddi qanadı ilə razılaşan Süleyman Rəhimovun bir əli şəlalə saçında, o biri əli mismarmisallı bığında gəzdi.
Ustad yazıçı ilə xudahafizləşib geri dönürdük. Yaşıl meşə yaşıl işıq kimi yolumuzun açıq olduğunu bildirirdi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!