- Budur, gəldi general.
Nə istəyir general?
- General qılınc istəyir.
- Daha qılıncımız yoxdur, general.
Nə istəyir general?
- General at istəyir.
- Daha atımız yoxdur, general.
Nə istəyir general?
- General yeni bir döyüş istəyir.
- Daha döyüş olmayacaq, general.
Nə istəyir general?
- General sevgili istəyir.
- Daha sevgili olmayacaq, general.
Nə istəyir general?
- General bir böyük çəllək çaxır istəyir.
- Daha nə çəllək var, nə də çaxır, general.
Nə istəyir general?
- General böyük ət tikəsi istəyir.
- Daha heyvan yoxdur, general.
Nə istəyir general?
- General otlamaq istəyir.
- Daha çöl yoxdur, general.
Nə istəyir general?
- General su içmək istəyir.
- Daha su yoxdur, general.
Nə istəyir general?
- General çarpayıda yatmaq istəyir.
- Daha nə çarpayı var, nə də yuxu, general.
Nə istəyir general?
- General yerə girmək istəyir.
- Daha torpaq yoxdur, general.
Nə istəyir general?
- General it kimi gəbərmək istəyir.
- Daha it də yoxdur, general.
Nə istəyir general?
Nə istəyir general?
Deyəsən, dili tutuldu generalın.
Deyəsən, daha yoxdur general.
Deyəsən, öldü general...
və viran qalmış dünyada artıq yoxdur general
və dünya təzədən yaranmağa başlayır, bu dəfə generalsız.
Tərcümə edəni: Həmid PİRİYEV
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!