Reşat KƏSƏMƏNLİ: “Üzü Savalana dayanıb, ağlayırdı”

VARİSLƏR

 

"Varislər"in bugünkü qonağı ötən əsrin 60-cı illərində yazdığı şevgi şeirləri ilə gənclərin sevimlisinə çevrilən, kitabları əl-əl gəzən, şeirlərinin çoxunu o dövrdə az qala hər kəsin əzbərdən bildiyi gözəl insan, səmimi dost, unudulmaz şair Nüsrət Kəsəmənlinin varisi, tanınmış aktyor, bir sıra filmlərdə və teleseriallarda yaratdığı maraqlı obrazlarla yadda qalan Reşat Kəsəmənlidir.

1945-ci ilin dekabrında, Ağstafa rayonunda açmışdı gözlərini dünyaya. Çox kədərli bir tale yaşamışdı uşaqlıq illərində, amma sonra həyatda qarşısına yaxşı adamlar da çıxdı. Nənəsi böyütmüşdü onu. Öz səmimiyyəti ilə ədəbiyyata yeni ruh gətirmişdi. Oxucu sevirdi onu. Taleyi, sevgisi alınmayan gənclər onun "Biri vardı, biri yox..." şeirini pıçıldayırdı. Kimisi "Sabah o qızın toyudur, Açılma sabah, açılma!" deyib haray çəkir, kimisi də "Daha nağıllara inanmıram mən", deyib köks ötürürdü. O, Azərbaycan oxucusunun sevdiyi Nüsrət Kəsəmənli idi. O bizim üçün, sadəcə, doğma Nüsrət Kəsəmənli idi. 

"...Və yaxşı yazana qədər yaz"

İlk dəfə onu 1984-cü ildə canlı olaraq görmüşdüm. Məktəbimizə qonaq gəlmişdi. Həmin görüş hələ də xatirələrimin şirin guşəsində yer alıb özünə. Görüş sona çatdı, yoldaşlarımın əksəriyyəti dağılışdı, mənsə heç yerə getmədim. Dəhlizdə qarşılaşdıq. Şeir dəftərimi uzadıb dedim ki, Nüsrət müəllim, mənə "aftoqraf" yazın. İlk səhifəni açıb, qarşısına çıxan şeiri oxudu və üzümə baxıb, səmimiyyətlə gülümsündü. Dəftərimdə: "Əyyub yaz, yorulmadan yaz, yorulandan sonra da yaz və yaxşı yazana qədər yaz!" sözlərini qeyd etdi. O sözlər mənim həyat leytmotivim oldu. Sonradan dəfələrlə görüşdük, söhbətləşdik və mən hər dəfə onun dəftərimdə yazdığı sözləri xatırladım. Bilmirəm, onun tövsiyəsinə nə qədər əməl edə bilmişəm, amma daima o fikirlərə sadiq qalmağa çalışdım. Neçə-neçə aftoqraflı kitabı var evimdə. Hər biri əzizdir. Hər birinin öz tarixçəsi, öz xatirəsi var.

Reşatı da bir müddət olar tanıyıram. Tale elə gətirib ki, televiziya serialı layihələrinin birində bərabər çalışmışıq. Bəzən səsi, davranışı eynilə Nüsrət abini xatırladır mənə. Elə atası qədər səmimi, istiqanlı, doğmadır Reşat. 

Vədələşdiyimiz kimi qədimdən qədim "Azərbaycan" nəşriyyatının qarşısında görüşdük. Bəlkə bu da bir mistikadır. Axı bir vaxtlar Nüsrət Kəsəmənli də böyük ədəbiyyata bu binadan yol alıb. Bu bina onu yaxşı xatırlayır.

"Ədəbiyyat qəzeti"nin redaksiyasında bizə ayrılmış otağa çəkildik. Söhbətə nə vaxt başladıqsa, heç özümüz də hiss etmədik.

Xatirə dəftərlərinə yazılan şeirlər

- Ötən əsrin 60-cı illərində ən məşhur sevgi şeirlərinin müəllifi idi Nüsrət Kəsəmənli. Oğlanlar sevgi məktublarını onun şeirləri ilə başlayırdı, qızlar xatirə dəftərlərində onun şeirlərini paylaşırdılar. Çoxu bu şeirləri əzbər bilirdi. Onun sözlərinə mahnılar yazılırdı. Efirdən səslənirdi, aktyorların ifasında eşidilirdi. Evdə buna münasibət necə idi? Yəqin, qısqanclıqsız ötmürdü...

- İynənin ucu qədər qısqanclıq olmayıb evimizdə. Ömrünü sənətə bağlamış hər kəsə anam kimi həyat yoldaşı arzulayıram. Bunu bizi tanıyanlar da bilir, deyərdim ki, az qala bütün xalqımız da bilir. Çünki dəfələrlə televiziyada, radioda bu məsələ qaldırılıb və birmənalı olaraq anam öz münasibətini bildirib. Üstəlik, atam da "Etiraf" şeirində bu fikirlərə səmimi aydınlıq gətirib.

Anam kimə ərə getdiyini bilirdi

Anam sonradan: "Kimə ərə getdiyimi bilirdim. Həyat qurduğum adamı bir şəxsiyyət kimi tanıyırdım. Onun gözəllik aşiqi olduğunu, xəyallar aləmində yaşadığını qəbul etmişdim. Onu sıxmağım, qısqanmağım mənə heç nə verməzdi, Nüsrət Nüsrətliyində qalacaq, dəyişən mənə olan münasibəti olacaqdı. İki yolum vardı: ya getməli, ya da səbr edib oturmalıydım. Nüsrətin mənə olan sevgisini bilirdim, o da mənim ona olan sevgimi bilirdi və mən ikinci yolu tutmağa üstünlük verdim".

- Nüsrət Kəsəmənli üzdə olan adam idi. O dövrdə hər adama nəsib olmayan "QAZ 24. Volqa" maşını sürürdü. Böyük oxucu sevgisi qazanmışdı və demək olar, romantik Azərbaycan gəncliyinin idealına çevrilmişdi. Onunla istənilən görüş böyük izdihamla keçirdi və yəqin, ətrafında buna həsəd aparanlar, qısqanan, qibtə edənlər vardı. Bəzən istedadlı adamlarda da qısqancılıq, paxıllıq olur, amma bu xüsusiyyət daha çox istedadsız adamlara xas keyfiyyətdir. Bu cür münasibətlərə Nüsrət Kəsəmənlinin reaksiyası necə olurdu? Bildiyim qədərilə ətrafında xəbislər az deyildi.

- Əlbəttə, kifayət qədər idi onlar. Təəssüf ki, atam həddən artıq saf adam idi. Sərt olduğu qədər də saflığı vardı və bu keyfiyyəti çox vaxt ona mane olurdu. Ətrafını düzgün seçə bilmirdi. Əksinə, anam öz proqnozlarında çox dəqiq idi. Ümumiyyətlə, deyəsən, qadınlarda bu hissiyyat güclüdür. Xatırlayıram, anam onun ətrafında olan ən yaxın dostları ilə bağlı dəfələrlə demişdi ki, Nüsrət, bu adamlar sənin bir nömrəli düşmənlərindir. Atam da hər dəfə buna etiraz edir, razılaşmırdı. Təəssüf, atam sağ olduğu müddətdə bunun gerçək olduğunu anlaya bilmədi və o, dünyasını dəyişdikdən sonra anamın nə qədər uzaqgörən olduğunu hiss etdik. Çünki atamın bir vaxtlar dost dediyi admlar sadəcə laqeydlikləri ilə deyil, həm də yolumuza əngəl olmaqla bunu isbat etdilər. Başa düşdük ki, bu adamlar atamın sağlığında maskada olublar və öz gerçək simalarını ona göstərməyə cəsarətləri çatmayıb. Çünki həm mənəvi cəhətdən, həm də fiziki olaraq ondan ehtiyat ediblər. Amma biz atamdan sonra onlardan əmilik gözləyirdik, çünki nə qədər Nüsrət Kəsəmənli sağ idi, onlar bizə əmi idilər. Atam o qədər saf idi ki, hər zaman onları özünə arxa, dayaq bilirdi, dostları ilə bağlı şeirləri var. 

Atamla bir yerdə dəfn etdiyimiz dostları

Atamın məclislərində birdən-birə yüz, yüz əlli adam olurdu. O adamlar itdi. Elə bil atam qəbrə gedəndə onları da özü ilə bir yerdə dəfn etdi. Əslinə qalsa, onların heç nəyinə ehtiyacımız yox idi, sadəcə, atamın adının çəkildiyi yerdə sayqı göstərməliydilər, onunla bağlı məsələlərdə kənarda qalmamalıydılar. Mən atamdan elə bir tərbiyə, elə bir örnək almışam ki, dost dediyim birinin yaxşı günündə də, pis günündə də onun yanında olmağı özümə borc bilirəm. İnsan bəzən daha çox mənəvi dəstəyə, təsəlliyə ehtiyac duyur və bəzən bir təsəlli minlərlə maddi dəstəkdən üstün olur. Təsəvvür edirsizmi, onların sonradan atama və ailəmizə göstərdiyi münasibəti görəndə mən də dostlarımdan ehtiyat edirəm. Düşünürəm, bəlkə mən də atam kimi haradasa yanılıram.  

- Məncə, hər şeyin zamana ehtiyacı var. Zaman hər kəsin, hər şeyin gerçək simasını açıb qoyur ortalığa. Sadəcə, səbr edib gözləmək lazımdır.

- Məncə, bu, ədalətsizlikdir. Mən həyatda olmayandan sonra kimin kim olduğunu bilmək nəyə lazımdır? Çünki eləsinin cəzasını verə bilmirsən. Yaşanmış, geridə qalmış bir ömrü sillə kimi üzünə vura bilmirsən...

- Səmimi, saf adamlar üçün belə gerçəkləri bilməmək daha yaxşıdır. Bəlkə də Nüsrət Kəsəmənli haqqında şeirlər yazdığı, xoş münasibətdə olduğu, etibar etdiyi dostlarının riyakarlığını bilsəydi, narahat olardı. Heç sən də buna görə narahat olma.

Belə şeylərlə barışmışam

- Qətiyyən. Artıq belə şeylərlə tam barışmışam və güman edirəm ki, insan, hətta Allahın salamını belə kimdənsə ummamalıdır. Ummadığın halda o salam sənə verilirsə, gözəl olur.

- Reşat, Xalq şairi Hüseyn Ariflə Nüsrət Kəsəmənli arasında səmimi münasibət olub və hətta lətifəyə çevrilən məqamlar da var. Ümumiyyətlə, Hüseyn Arif unukal adam idi, adi davranışı, rəftarı, hərəkətləri insan simasında təbəssüm yaradırdı. Bəlkə, Hüseyn qağa ilə atanızın başına gələn maraqlı əhvalatlardan birini danışasan.

Hüseyn Arif və atam...

- Elədir, Hüseyn Arif xatırlananda hər zaman adamın ovqatı qalxır. Bir əhvalat danışım: demək, bir gün atam maşınla gedəndə Hüseyn Arifi görür, həmin gün atamın boş vaxtı olur. Maşını saxlayıb deyir ki, Hüseyn qağa, qulluğunda hazıram, hara deyirsən səni aparım. Hüseyn Arif oturur maşına və kimisə axtardığını söyləyir. Atam onu dediyi kimi bir neçə ünvana aparır, amma axtardıqları adamı tapa bilmirlər. Sonunda Hüseyn Ariflə birlikdə Yazıçılar Birliyinə gedirlər. Atam aşağıda gözləyir, Hüseyn qağa xeyli yubanır. Axırda qayıdır, amma atamın yanından düz keçib gedir. Atam maşından enib onu yolundan saxlayır. Hüseyn Arif artıq bir qədər kefli imiş. Sən demə, axtardığı adamı tapıb, oturub bir az konyak-zad içiblər. Şair atama baxıb gülümsəyərək deyib: "Ay Nüsrət, xeyir ola, bu gün elə hara gedirəm, qarşıma çıxırsan. Sənin işin-gücün yoxdur?!".  Belə. Yəni Hüseyn Ariflə atamın bir neçə belə məzəli əhvalatı olub.

- Bəzi nankor dostlardan danışdıq, amma inanmıram ki, Nüsrət Kəsəmənlinin bütün dostları nankor olsun. Yəqin, yaxşı dostları, sona qədər etibarlı dostları da az deyil.

Etibarlı dostlar da var

- Əlbəttə. Elə olmasaydı, ömür tam mənasız keçərdi. Çünki dost çox qiymətli varlıqdır. Mən deyim, atamın etibarlı dostu kimdir. Xalq şairi Vahid Əziz. Bu adam gözəl şair olmağı ilə yanaşı, həm də əvəzsiz dostdur. Onun çox böyük ürəyi var. Harada söz düşübsə, atam haqqında hər zaman yüksək fikirdə olub, sevgisini, sayqısını gizlətməyib. Xalq şairi Nəriman Həsənzadə. Atama olan sevgisini, münasibətini ondan sonra ailəmizə də göstərdi və onu hər zaman yanımızda gördük. Musiqiçi Cabbar Musayev atamın yaxın dostu idi, indi də ailəmizə olan münasibəti dəyişməyib. Amma daha çox xoş münasibət, sevgi umduğumuz insanlar var ki, onlar özlərini doğrultmadılar.

- Nüsrət Kəsəmənli bir müddət taleyini kinostudiya ilə bağladı və ssenarilər yazdı, redaktorluq etdi, hətta bir neçə filmə də çəkildi. Kinoya, aktyorluğa meyil haradan idi onda?

Gözəl qız qarşısında əyilməyən şah

- Sizə bir həqiqəti danışım. Atamın aktyor kimi fəaliyyəti heç də təsadüfi deyildi. Çünki orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunub və bir neçə il orada təhsil alıb. Amma ordudan qayıtdıqdan sonra sənədlərini geri alıb və Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Amma onun aktyor kimi fəaliyyətini əks etdirən faktlar var. Xalq teatrının səhnəsində Şeyx Nəsrullahı oynayıb, evdə şəkillər qalır. Müxtəlif irili-xırdalı obrazlarda oynayıb və Əbdül Mahmudovun lentə aldığı "Doğma sahillər" filmində iranlı generalın obrazını yaradıb. Şeyx Əbdül danışır ki, moskvalı kino mütəxəssisləri atamın ifasına heyran olublar, onun peşəkar aktyor olmadığını eşidəndə inanmayıblar. Sonra atam "Özbəkfilm"in istehsalı olan "Şirəli və Aypəri" filmində Şirvanşah rolunu canlandırıb. Yenə Şeyx Əbdül deyir ki, ssenariyə görə, şah taxtdan enib gözəl bir qızı qarşılamağa getməliymiş. Atam buna etiraz edib, deyib ki, şah heç vaxt taxtdan enib bir qızı qarşılamağa getməz. Əslində, məntiqlə düz də edib. Onun təkidi ilə ssenaridə dəyişiklik olub, qız şahın taxtına yaxınlaşıb və hüzurunda təzim edib.

- Reşat, sənin aktyorluğa gəlməyinə nə stimul verdi? Nüsrət Kəsəmənlinin kinoda yaratdığı rollar, yoxsa öz istəyindən yaranmışdı bu həvəs?

- Anam heç vaxt aktyor olmağımı istəmirdi, amma həmişə danışır, uşaq yaşlarımdan müxtəlif heyvanları təqlid etmişəm. Sonradan, hətta evdən xəbərsiz dram dərnəklərində məşqlərə qatılmışam. Dərslərimdən geri qalmışdım, anam xəbər tutanda məni cəzalandırdı. Sonradan filmləri davamlı olaraq izləyirdim və bu, sadəcə film izləmək deyildi, mən oradakı aktyor ifalarını analiz etməyə, aktyor improvizələrini  öyrənməyə çalışırdım.

Anam hüquqşünas olmağımı istəyirdi

Anam hüquqşünas olmağımı istəyirdi. Mən də onun istəyinə uyğun olaraq orta məktəbi bitirdikdən sonra Təfəkkür Universitetinin hüquq fakültəsinə qəbul olundum. İki il hüquq fakültəsinin tələbəsi oldum və 1994-cü ildə könüllü olaraq orduya yazıldım. Amma təhsilimi davam etdirə bilərdim. Atam bundan xəbər tutduqdan sonra dedi ki, əgər belə bir qərar vermisənsə, səni fikrindən daşındırmağa çalışmayacağam. Ordudan qayıtdıqdan sonra başa düşdüm ki, məndən hüquqşünas olmaz və İncəsənət Universitetinə daxil oldum.

- Nüsrət Kəsəmənlini sevənlər və onun sevdikləri az olmayıb. Deyilənlərə görə, ananıza qədər onun çox sevdiyi bir qız varmış. Bir də mümkünsə, ananızla tanışlığının tarixçəsi haqqında bir az danış. Deyəsən, bu izdivaca qarşı çıxanlar olub...

- Bəli, atamın Sevda adlı sevdiyi biri olub. Ona həsr etdiyi şeirləri də var. Amma müəyyən dövrdən sonra atam başa düşüb ki, bu münasibətlərə sevgi azlıq edir, çünki xasiyyətləri tutmur və bu yaxınlıq yaxşı sonluqla bitməyə bilər. Beləcə, ayırılıblar. Anamla universitetdə təsadüfən qarşılaşıb. Anam laborant işləyirmiş, çox ciddi adam olub, atam ona yaxınlaşmağa ürək etməyib. Bir şeir yazıb və dostundan xahiş edib ki, həmin şeiri makinada yazmaq üçün anama versin. Anam şeiri makinada yazıb və çox bəyəndiyindən bir nüsxəsini də özündə saxlayıb. Sonra elə həmin o dostu atamı anama təqdim edib, deyib makinada yazıb bəyəndiyin şeirin müəllifi bu oğlandır. Anam deyib ki, çox gözəl şeirdi, bir nüsxəsini özümdə saxlamışam və atam bu fürsətdən yararlanıb, etiraf edib ki, şeiri elə anama həsr edib. Anam həmin şeirin əlyazmasını hələ də saxlayır. Beləcə, aralarında münasibət yaranıb, amma nənəm gələn elçiləri geri qaytarıb, deyib mən şairə qız verən deyiləm. Şairlər hərdəmxəyal olur, sabah qızım xoşbəxt olmaya bilər və s.

Onların toyunu Nəsir İmanquliyev edib

Söhbət rəhmətlik Nəsir İmanquliyevə çatıb və Nəsir müəllim elçi gedəndən sonra nənəm razılıq verib. Atamın həyatında Nəsir müəllimin xüsusi yeri vardı. Təsəvvür edin ki, atamın toyunu da Nəsir müəllim edib. Atamın cəmiyyətdə, ədəbiyyat cameəsində tanınmağında da o böyük qəlbli insanın əvəzsiz rolu olub. 

Atam universitetdə oxuyarkən yataqxanada yer ala bilməyib və hələ havalar xoş olduğundan gecələr Sabir bağında skamyada yatırmış. Onu milis saxlayıb, tüfeyli kimi tutub aparmaq istəyirmiş, amma atamın tələbə olduğunu, jurnalistikada oxuduğunu öyrəndikdən sonra onu Nəsir İmanquliyevin yanına aparıb. Nəsir müəllim məsələni öyrəndikdən sonra atama yataqxanada yer düzəldib, onu "Bakı" ("Baku") axşam qəzetlərində işə götürüb. Yəqin, həmin milis işçisi indi dünyasını dəyişib, mən onun da ruhuna rəhmət diləyirəm. Məhz Nəsir müəllimin mənəvi atalığı sayəsində atam maddi sıxıntılardan qurtulub. Atamın ilk evini almasına da Nəsir İmanquliyev kömək edib. İndi elə kişilər yoxdur. Hardadı elə ağsaqqal ki, təmənnasız olaraq kasıb, kimsəsiz bir tələbəyə arxa, dayaq olsun!?

- Nüsrət Kəsəmənlinin gözəl sevgi şeirləri ilə yanaşı, həm də gözəl, təsirli tale şeirləri də var. Hətta "Atalıydı, analıydı uşaqlar, Bizim evdə biri vardı, biri yox" dediyi məqam da olub...

"Atalıydı, analıydı aqlar..."

- Hə... Atamın uşaqlığı ağır və acı keçib. Lap körpəliyində valideynləri ayrılıb və o, ata nənəmin himayəsində böyüyüb. Kasıblıq, ağır şərait, həyat qayğıları, ehtiyaclar. Bütün bunlar atamın həyatından, tərbiyəsindən təsirsiz ötüşməyib. Balaca vaxtından ailəyə maddi kömək göstərmək üçün işləmək məcburiyyətində qalıb və beləcə, təhsildən uzaqlaşıb. Vağzalda, küçədə qarmon çalır, adamlar ona pul verirmişlər. Stansiyada qatarlarda xırda alver edirmiş. Hətta qatarda bir qadın onu görüb, ac olduğunu hiss edib və çörək verib. Bir müddət sonra anası atamı görmək istəyib və onları görüşdürüblər. Anası atamı görəndə huşunu itirib. Sonra məlum olub ki, qatarda atama çörək verən qadın elə doğma anası imiş.

Atamın gününün çox hissəsi küçələrdə, vağzallarda keçirmiş. Dava-dalaşlar, hətta bıçaqlaşmaya qədər. Yeddinci sinifdə məktəbdən ayrılıb, üç il belə davam edib, amma sonra özünə hesabat verib: "Mənim axırım nə olacaq?!". Beləcə, iradəsini toplayıb, özündən üç yaş kiçik uşaqlarla yenidən təhsilini davam etdirib.        

- Nüsrət Kəsəmənlinin etiraf şeirləri ilə dağılmaq üzrə olan ailələr barışıb. Ananızın ailəyə, həyat yoldaşına münasibəti bəzən indi də qırılmış əlaqələrin bərpa olunmasına stimul verir.

- Atam üzdə olan adam idi, haqqında müxtəlif fikirər, şayiələr dolaşırdı. O, cəmiyyət içində anama olan münasibətini, sevgisini etiraf etməkdən çəkinmirdi və artıq hər kəs başa düşürdü ki, Nüsrətin həyatında olan əbədi insan məhz bu qadındır. Anamın səbirli rəftarı, anlayışlı münasibəti çoxuna örnək idi. Bir dəfə televiziyada anamın sözlərini eşidən qadın mənim sosial ünvanıma yazıb minnətdarlıq etdi. Dedi ki, ailəmiz dağılırdı, ananızın sözlərindən sonra mən həyat yoldaşımla barışdım. Ananıza minnətdaram, mən o qadın qarşısında təzim edirəm. Çünki bəzən  geri addım atmağa ehtiyac var. Düşünürəm, yaxşı ki, o şeirlər yazılıb. Bəzən insanın qüruru ona mane olur və qatar gedir. Adam vaxtında dilə gətirib deyə bilmədiyi sözlərin təəssüfünü çəkir. Amma şeir dili Tanrı pıçıltısı kimi olur, dua kimi olur, adamın ürəyinə tez yol tapır. 

Anam atamın öldübilmirdi...

- Nüsrət Kəsəmənlinin Cənubi Azərbaycan mövzusunda, Araz, Təbriz mövzusunda xeyli şeiri var və onların arasında "Mən Araz qoydum ki, adını sənin, Evimdə Arazı çağırım hər gün" dediyi sətirlər də var. Qardaşının adı Arazdır. Özü isə Təbriz xəstəxanasında dünyasını dəyişdi. Burada nəsə mistik bir şey hiss etmirsən?!

- O, ümumiyyətlə iki bölünmüş Vətən təfəkkürünü qəbul edə bilmirdi. Hər dəfə bu mövzuda söhbət düşəndə kövrəlirdi. Hələ sərhədlər bağlı olanda dəfələrlə Yardımlıdan Savalan dağının zirvəsinə, Astaradan tikanlı məftillərə baxıb ağlayırdı. Qardaşın qardaşdan, qohumun qohumdan, dilin dildən, mədəniyyətin mədəniyyətdən ayrı düşməsi ilə barışa bilmirdi. Hansısa zorun, gücün dünyanın taleyini həll etməsi faktı onun üçün qəbuledilməz idi.

Bəlkə də, mistika var bu taledə. Ruhumuzun paytaxtı Təbrizdə böyrək çatışmazlığından müalicə alırdı və böyrəyi əməliyyat olunaraq dəyişdirildi. Əslində, əməliyyat uğurla keçmişdi, amma sən demə, qəbul etdiyi dərmanlar mədəsində problem yaradırmış. Üstəlik, mədəsində yara da olub və daxili qanaxma başlayıb. Viza ilə bağlı növbə ilə bir ay anam, bir ay mən qalırdıq yanında. Altı aya yaxın çəkdi bu proses, biz başqa şey gözləyirdik, amma sən saydığını say. Demək, anam qalırdı yanında və atamın dünyadan getməsini ondan gizlədirmişlər. Təsəvvür edirsinizmi eyni maşında atamın tabutu və anam gedir, amma anam bu faciədən xəbərsizdir. Mənə atamın keçindiyini demişdilər. Zəng vurub anamla danışırdım, sevinərək deyirdi ki, atanı buraxdılar, evə qayıdırıq, amma ata başqa maşınla gəlir. Elə bilirdim anam dəli olacaq. Mən də həqiqəti açıb deməyə ürək etmirdim. Axırda yaxın qohumlarımıza dedim ki, o gəlib burada atamın tabutu ilə qarşılaşsa, çox pis olacaq, onu bu xəbərə hazırlamaq lazımdır. Yolda demişdilər və təsəvvür edin də... Mən artıq anamın halına acıyırdım. O günlərdə hörmətli Kəmaləddin Heydərov bizim yanımızda oldu, əlindən gələn dəstəyi göstərdi.

- Reşat, onun şeirdən başqa, nəyə həvəsi vardı? Bir də elm, texnika inkişaf edir və bəzən elmi ədəbiyyat yazır ki, insan səsini efirdən toplamaq mümkündür, yaxın gələcəkdə ruhlarla danışmaq olacaq və s. Əgər sənə belə bir imkan verilsə, Nüsrət Kəsəmənliyə nə deyərsən?

- Futbol azarkeşi idi. Ağlım kəsəndən məni boynuna alıb stadiona, "Neftçi"nin oyunlarına baxmağa aparırdı. Gözəl şəkillər çəkirdi: həm karandaşla, həm də boya ilə. Plastilindən heykəllər düzəldirdi. Salvador Dalini, Van Qoqu, Səttar Bəhlulzadəni o mənə sevdirib. Patefon valları yığır, musiqi dinləyirdi.

Qayıdaq sualın ikinci hissəsinə: əgər mənə belə bir imkan verilsəydi, atama deyərdim ki, sən artıq oradasan və bilirsən insan hansı əməlinə görə hara düşür? Bəs mən bu əməllərimlə, bu həyat tərzimlə sənin yanına gələ biləcəyəm, ya yox? 

Söhbətləşdi: Əyyub QİYAS

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!