Fikrət Qoca görkəmli rəssam Toğrul Nərimanbəyovu anır
Göyü gözlərində gəzdirir yenə, Allah vətənidi gözlər onunçün.
Nəğmə ölümünə inandığı yox! Yenə Fikrət Qoca inamlıdı ki: "Şair nəğmə kimi gəlir cahana". Yazılıb qurtarır qara qələmtək.
Misralar dostlara hesabatıdı:
Evim avtobuslar, vaqonlar,
təyyarələr...
Kəndlər, şəhərlər,
səyyarələr dayanacağım.
Milyon kilometirlərlə
ömür yaşamışam.
Kim bilir,
harda dayanacağam?
Gözləri yol çəkir hər kəlmə başı. Hər şeyi o gözlər anladır yenə. Gözlər simvolozə edir Xəzəri. Gözlər ağrı çəkir dost itkisinə... Hər şey bu gözlərdən başlayıb, hər şey...
Söz konusu Toğrul Nərimanbəyovdur:
Yaradıcılığı Şərqlə Qərb arası mədəniyyətə körpü olan dahi monumentalist rəssam... Səttar Bəhlulzadənin böyük dostu və pərəstişkarı... Rənglər dünyasının romantik şahzadəsi Toğrul Nərimanbəyov...
Bir avtoportreti var: elə bil ki, bütün təbiəti, rənglər aləmini pəmbə bulud kimi üstünə çəkib. Ətrafı güleyşə nar naxışlıdı - ağ, sarı, narıncı, göy rəng içində...
Fransız nazirin heyranlığı
1968-ci ildə Moskvada sərgisi keçirilən zaman Fransanın o vaxtkı mədəniyyət naziri Toğrul Nərimanbəyovun "Azərbaycan musiqiçiləri" əsərinin qarşısında ayaq saxlayıb müəlliflə maraqlanmışdı. Təşkilatçılar rəssam haqqında məlumat verib, anasının fransız olduğunu söyləmişdilər. Fransız nazir marağını boğa bilməyib Bakıya gəlmiş, onun emalatxanasında olmuş, sənətinə heyranlığını bildirmişdi.
O illərin söhbəti
Həmin illərin söhbətini edir Xalq şairi Fikrət Qoca. Daha çox Göy üzünü, mavi Xəzəri simvolizə edən gözləri danışır: "1967-1968-ci illərdə Toğrul Nərimanbəyov mənim portretimi işləmişdi. Cavan oğlan idim. Toğrulla dost idik. Söhbətimiz tuturdu. İmkan olan kimi xudmani bir yer tapıb yeyib-içirdik də. O qədər yaxın idik ki, münasibətimiz bir çox tanınmışların qısqanclığından yan ötmürdü. Elə bilirdilər dostluqda ayrı-seçkilik edirəm. Nəsə, Toğrulun o əl işinin bəxti yeyin oldu. Az keçməmiş onu Moskva İncəsənət Muzeyi aldı...
Haşiyə: ...Üstündən uzun illər keçəcəkdi... Fikrət Qoca o ağ-qara portretilə bir də Moskva Yazıçılar Evinin foyesində üz-üzə gələcəkdi. Moskvada 80 illik yubileyi qeyd olunan vaxt sərgiyə qoyulmuşdu...
Oğrun-oğrun baxacaqdı! Baxışları o portretdən boylanan gözlərə sancılıb qalacaqdı; ona sadiq, dəyişməyən, gəncliyinin yeganə nişanəsi, Allaha vətən gözlərinə.
Davam edir Fikrət Qoca:
- Yetmiş beş illiyimdə Toğrul zəng elədi. Fransadan yenicə qayıtmışdı. Dedi: "Səksən yaşım tamam olur. Sənin də yetmiş beş illiyindi... Hədiyyəm var. Aradan qırx ilə qədər vaxt keçəndən sonra yeni bir portretini işləmişəm. Gedək evə, təqdim edim..."
Nəsə, çox punhan, ehtiyatla danışırdı. Elə bil kimdənsə gizlədirdi. Zarafata saldım: "Nə zəhmət çəkmisən? Birini çəkmişdin, yaxşı da pul vermişdilər. Halal xoşun olsun".
Güldü: "Yaxşı, bu dəfə əvəzini çıxaram..."
Görüşdük. Birlikdə evinə getdik. Portreti təqdim etdi. Diqqətlə, ayaqdan-başa durumuma nəzər saldı. Çevrilib portretə baxdı. "Mən səni həmişə belə görmüşəm, yaddaşımda belə qalıbsan - dedi. - Heç qocalmamısan. Mənimçün belə qalıbsan. Gözlərin... Gözlərin həmin gözlərdi. Dəyişməyib".
Bunları danışıram, Toğrullu dəqiqələrimi yenidən yaşayırammış kimiyəm. Sanki canımdan bir ağrı çıxır.
...Nəzərlərimi qeyd dəftərimdən ayırıb Fikrət müəllimin gözlərinə baxıram... Elə bil üstümə bütöv bir Göy üzü çökür, mavi dəniz gəlir; dipdiri, düşüncəylə dolu, canlı bir dəniz. Kövrəldiyi göz önündədi. Ömürdən keçən illərin daşı su ovan kimi ovub-əritdiyi cismindən sonsuz asiman, Göy üzü kimi asılıb qalan gözlərilə danışır elə bil: "Anar, Xəyyam Mirzəzadə, Vaqif və Yusif Səmədoğlular, Araz Dadaşzadə, Emin Sabitoğlu, Elçin Məmmədov... Hamımız Toğrulun yaxın dostlarıyıdıq. Tez-tez yığışırdıq. Əsas olan da sənət söhbətləriydi...".
Fikrət müəllim bunları danışdıqca gözlərim önünə bu birgəliyin, doğmalığın müəyyən anlarını yaddaşında tutiyə kimi hifz edən "Dantenin yubileyi" filminin unudulmaz kadrları gəlir. Bir yerdədirlər; Xalq yazıçısı Anardı, unudulmaz Emin Sabitoğludu, Araz Dadaşzadədi, Toğrul Nərimanbəyovdu, Elçin Məmmədovdu... Ömrün gözəl, yaradıcılıq energisilə coşub-çağlayan çağlarıdı. O epizod filmdə, bəlkə də, 1-2 dəqiqəlik yer alıb. Ancaq bir tarix salnaməsi, upuzun həyat kimidi.
Fikrət müəllim Toğrul Nərimanbəyovun "Həyat naminə" əsərindən söz açır. Xatırlayıram; möhkəm əzələli qollar mələk simalı körpəni, sanki ovuc içində dünyanın gələcəyi kimi qorumağa hesablanıb. "Yaylaqda" əsəri mənə daha doğmadı; dağ-aran arası elat həyatımızın təsviri kimidi. Yollar yorğunu köhnə köç arabası yeni düşərgədə dincə qoyulub. Xalı üstə qayınana, gəlin əyləşib. Bir balaca oğlan buynuzlu qoçun qıvrım tüklərinə baxdıqca baxır... "Muğam"da elə bil Xan əminin yadigarı Yaqub Məmmədov "Qarabağ şikəstəsi" oxuyur. "Yaddan çıxmaz Qarabağ" - deyir. "Sevinc", "Xəzərin içində şəfəq", "Göyçay bağlarında" və s. adlı lirik lövhələri söz konusu olur. Fikrət müəllim deyir ki, rənglər Toğrul üçün həm də səs, danışan dil idi. Dəqiq müşahidədi. T.Nərimanbəyov bu barədə ona həsr olunmuş sənədli filmdə dərin səmimiyyətlə söz açıb. Dəfələrlə izləmişəm o filmi; atasının Stalin dönəminin ən çirkin üzünü görməsindən, özünə "vətən xaininin oğlu" damğası vurulmasından, milliyyətcə fransız olan anasının o ağır günlərdə paltar tikib-satmaqla ailəni qorumasından söz açır. Təbiət qoynunda işləyir, at belində vətən torpağını seyr edir. "Arşın mal alan"dan Əsgərin ariyasını oxuyur. İçərişəhərin labrint küçələri boyunca gəzib-dolaşır. Ulu öndər Heydər Əliyevdən gördüyü diqqəti, qayğıkeşliyi minnətdarlıqla yad edir.
Fikrət müəllimin dediklərinə qayıdıram:
- Paris də daxil olmaqla, bir sıra Avropa şəhərlərində solo konsertləri olub Toğrulun. Gözəl vokal imkanları var idi. Ara-sıra şeirlər yazırdı. Bir neçəsini dilimizə çevirib "Azərbaycan" jurnalına təqdim etdim. Şeirləri də rəsm əsərləri kimidi; rəngli, koloritli, romantik, isti çalarlala dopdolu. Ən əsası, monimental. Özü kimi saf, duyğulu, ilğım misallı...
Yenidən kövrəlir Fikrət müəllim. Ustad Rəsul Rzanın fikrini salır yadıma: "Elə bir dost itirdim ki, hər bir itkim yalan oldu".
Anlayıram. Bilirəm ki, dosta ölüb demək düz olmaz, xeyir, dost ölmür, yox olur cismən yanından.
Səninlə bir yerdə ömür sürməyib,
Səninlə su içmir bir su qabından.
Sərvaz Hüseynoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!