Kərəm mənim qardaşımdı
Qardaş, aşığa deynən,
Sazı boynunda çalmasın,
Çalırsa,
Biz tərəfə gəlməsin, yoxsa...
Qəmi qışqırtmasın, ulatmasın,
Saz əlində oynamasın,
Arxadakı züy tutanı unutmasın,
Unudursa,
Biz tərəfə gəlməsin, yoxsa...
Qardaş, o aşığa deynən
Alnına pul yapışdırmasın,
Kabab iyinə süzməsin,
Kərəmi yüz yerdən qırmasın,
Kərəmin əlini üzməsin.
Qardaş, o aşığa deynən
Kərəm mənim qardaşımdı.
Bağban
Gül açılanda bağban ölür,
Nə qəribə misradır,
Görən güllər, meşələr,
Neyləyir bağban öləndə?
"Səhər-səhər bağa girdim
Nə bağ bildi, nə də bağban".
Bağban niyə bilməsin ki,
"Əl uzadıb bir gül dərdim",
Bağban niyə bilməsin ki...
Hanı bağban, bəlkə yatıb,
bəlkə ölüb?
"Nə bağ bildi, nə də bağban",
Bəlkə çiçək olub, yarpaq olub
Bəlkə dönüb torpaq olub?
Nə qəribə dünyadı,
Bağban öldü,
Üstünə gül tapılmadı,
"Nə bağ bildi, nə də bağban".
Yaz
Qoz qəhqəhəsi, fındıq gülüşü,
Aləmi götürüb başına.
Çiçək sevdası sızır,
Qaralmış daşın başına.
Havanın ucundan tutub
İlan sürünür bulud kimi.
Qarışqa gözüylə yeyir
Uzaq mənzilləri,
Məsafələri.
Ay düşür aşağı
Yerdən uşaq götürməyə.
Uşaqlar gözüylə Ayı saxlayıb
Qoymurlar yerə düşməyə.
Göyə güllə atırlar,
Kimi qovurlar görən?
Kimdi kədəri yuyub,
Sevinci çəpərə sərən?
Məsələn
Məsələn, deyirəm,
Biz ölsək, yəni ayrılsaq,
Harda görüşə bilərik -
Bir-birimizi nədən tanıyarıq?
Məsələn, bizim adımız
Nə olar onda.
Sən məni tanımazsan
Mən səni tanıyanda.
Məsələn, sən dayanmazsan
Mən dayananda.
Məsələn, sən doğulmazsan,
Mən doğulanda.
Ayrılıq nə güclüdür,
Uzaqda dayanma,
Məsələn, hələ yatma,
Hələ oyanma.
Könlümdən
Söykənib ot tayasına,
əyilib it balasına,
dərin bir xəyala getmək
keçir könlümdən.
Dərsə gedən uşaqlara baxıram,
Atalarının
Maaşları baxır üzündən,
Onların damcı gözləri
içir könlümdən.
Həyat qədər çətindi,
Əyilə-əyilə yaşamaq.
Gülə-gülə ölmək,
Bir ayrı cür yaşamaqdı.
Yaxşısı xatirələri qucmaqdı.
Xatirələr saf-saf duyğuları
seçir könlümdən.
Təndir çörəyi
Təndir çörəyinin qoxusu
Bürüyüb kəndi.
Taxıl zəmisi yada düşür,
Sonra dəyirman,
Dəyirmançı,
Sonra un qoxusu,
Körpə yuxusu,
Körpə dişləri,
Xırt-xırt.
Yox, yağış - saman qoxusu deyil,
Təndir qoxusudur bu.
Buğdanın
Ən gözəl sevdasıdır bu.
Qoxu daşıyır evlərə buğda dənəsini,
Kaş yeyə biləydim
O çörəyin bir dənəsini -
Əllərim yana-yana.
Qara bir qızdırmadan
Oyana-oyana,
Xatirədən
Qalxa-qalxa...
Qalıb
Payız keçib buradan,
Yolunda yarpaq qalıb.
Bu ağacın başında
Bircə yarpaq sağ qalıb.
Bir quş hələ budaqda,
Civildəyir sazaqda.
Stolumda bu haqda,
Ağappaq varaq qalıb.
Sinəm dönübdü saca,
Bilmir dərd hara qaça?
Baharın bu ağaca
Yolu bir barmaq qalıb.
Nəğmə
Quzu otaranın,
Dərsə gedənin,
Gedən qatarın,
Şeiri çap olunmayan şairin,
Dodağında bir göyərmiş nəğmə var...
Adamı o nəğmə yaman yandırır,
Nə quzular başa düşər onu,
Nə getdiyi məktəb,
Nə sərnişin,
Nə də oxucu.
İllah ki, şair kənd şairi ola,
İllah da biləsən
bu quzuları qəssablar sevir,
Qatarlar səni ayırır,
Və kənd adamları deyirlər,
Əsl şair şəhərdə yaşayar,
Allahşükür, səni yandıracaq
Bu nəğmə,
Başına çarə qıl...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!