Bu gün Akif Səmədin doğum günüdür.
Gəzirəm
Mən məni harda itirdim,
Mən məni kimdə gəzirəm?!
Mən məni darda itirdim,
Bilməyib gendə gəzirəm.
Bir sınıq könül yappadım,
Kimsədən tikə qappadım,
Günəşli gündə tappadım,
Dumanda, çəndə gəzirəm.
Bəlkə də simdə itirdim,
Ara him-cimdə itirdim,
Özümü kimdə itirdim,
Qayıdıb səndə gəzirəm.
Hardasan?
Könlümə baxdım, görmədim,
Əfəndim, xocam, hardasan?
Ömür binama hörmədim,
Yüksəyim, ucam, hardasan?
Bir dağı aşıb qalmışam,
Eşqə yanaşıb qalmışam,
Yollarda çaşıb qalmışam,
Ələməm, xaçam, hardasan?
Eşqlə sərsəri gəzirəm,
"Mən"dən içəri gəzirəm,
Adəmdən bəri gəzirəm,
Buddayam, hacam, hardasan?
Akifəm, qəlbimdə ahım,
Qoy ahım olsun pənahım,
Bilmirəm nədi günahım,
Ay məndən qaçan, hardasan?
Gəlsin
Ya rəb adamam... adıma,
Sanıma yazığın gəlsin.
Bu dünya xandı, mən qulu,
Xanına yazığın gəlsin..
Bir ulu, bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam qınımı kəsdim,
Qınıma yazığın gəlsin..
Ay qaranlıq, qar işıq,
Gecə gündüzə yaraşığ,
Qanım qanlara qarışır,
Qanıma yazığın gəlsin...
Nə oxuyur bu saz,bu tar?
Canımda qoymadı tutar.
Canımdan canımı qurtar,
Canıma yazığın gəlsin..
Canıma yazığın gəlsin
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!