Pərviz Cəbrayılın "Yad dildə" romanında modernizmlə postmodernizmin delimitasiyası - NARGİS

Pərviz Cəbrayılın "Yad dildə" romanı son illər oxucu rəğbətini qazanan romanlar sırasında ilkin yerlərdən birini tutur. Roman "Nəsimi" ədəbi müsabiqəsinin "İlin romanı" nominasiyasının, həmçinin, Azərbaycan ədəbi mühitində o zaman ən ali mükafat sayılan "Milli Kitab Müsabiqəsi"nin qalibi olub.

"Yad dildə" romanı modernizm və postmodernizm elementlərini özündə paralel şəkildə birləşdirir. Roman çağdaş Azərbaycan nəsrində yaranan modernizm, siyasi postmodernizm məsələlərini və keçid prinsiplərini özündə əhatəli şəkildə əks etdirən nadir nəsr nümunələrindən hesab olunmalıdır.

"Roman - ölkənin ictimai-siyasi reallığı ilə xalqın mifik-mənəvi, fəlsəfi-ürfani baxışlarını bədii şəkildə birləşdirən bir neçə qatdan ibarətdir. Müəllif əsərin daxili qatlarını bir-birilə çox məharətlə əlaqələndirib, siyasi gerçəkliyin ədəbi həllini tapmağı bacarıb" (İbrahim Niftiyev). Son dərəcə fərqli süjet xətti ilə diqqəti çəkən əsərlə bağlı tənqidçilərin fikir ayrılığı mövcuddur. Kimiləri əsərdə yüksək bədiilik axtararkən, kimiləri əsərdə yer alan postmodernizmin elementləri ilə kifayətlənir. Modernizm və postmodernizmin sərhədinin delimitasiyası əsərin daha dolğun elmi tədqiqinin aparılmasına xidmət edə bilər.

Romanda İçərişəhərdə baş verən su çatışmazlığı (susuzluq) fonunda yazarın təfəkküründəki dünyanın təsviri yer alır. Yazar günümüzdəki İçərişəhər qəlibini dekonstruksiya edir. Modernizmlə yanaşı, əsərdə postmodernizmin elementləri geniş yer tutur. Roman bu baxımdan da son dərəcə maraq doğurur.

"Yad dildə" romanında İçərişəhərdə baş verənlər, siyasi mühit, tarix və texnologiya, virtual məkan fonunda cərəyan edənlər postmodernizmlə yanaşı, modernizmin bəzi tələb və formaları ilə üst-üstə düşür. Oxucu süjet və məqam dəyişdikcə bu iki izmin arasında qalır.

Qeyd etdiyimiz məqamlar iqtisadi, dini və siyasi kontekstdə daha da sərtləşir və roman boyu böyüyüb inkişaf edir.

İroniya və sətiraltı mənaların bol olduğu hissələrdə müəllif oyun oynayır, bu oyunun əvvəli, sonu və nəticəsi oxucuya getdikcə məlum olur. "Yad dildə" romanı modernizmlə postmodernizmin sərhədində dayanır. Romandakı hadisələr, süjetlər və konfliktlər gah o taya, gah bu taya adlayır.

Ənənəyə gülmək, onu yox etmək istəyi skeptizmə qarışır, müəllif ironiya ilə yanaşdığı məsələlərə gülür, qəbullanır. Ənənənin başqa variantlarının da var olduğunu göstərir. Folklor mətnlərini necə gəldi əsərə səpələyir. "Yad dildə" romanında bu quruluşda olan məntiqli şəkildə yaradılan və davamlı cəhdlər mövcuddur. Aşağıdakı dialoqda fraqment formalardan istifadə, təhkiyəni yarımçıq qoyub, bir-birilə əlaqəsi olmayan materialları necə gəldi birləşdirməyə üstünlük verilməsi, ənənəyə ironiya, məsxərəçilik və qəbul olunan, hətta indi də mövcud olanın inkarı mövcuddur:

- "Hansını deyirsən? - o biri əsgər əsnəyib tənbəl-tənbəl soruşdu, baxışlarını göyə dikdi, handan-hana, - hə, o adama oxşayan buludumu? Gözlərini görürəm... Nə var ki burda? Gic kopoyoğlu"...

- "Ay yelbeyin, ay gavur, nə adam e, yaxşı bax da, korsan bəyəm? Bax, diqqətlə bax, görmürsənmi necə baxır??? Vallah, bu Allahdı... Gör necə baxır hələ! Hə, deyəsən, qiyamət yaxınlaşır... Allah haqqı yalan demirəm... Ay Allah, necə inanmırlar ee"...

Cəhalətə ironik baxış bucağının sezildiyi sətirlərin davamında bu ironiya birbaşa dinin özünə tuşlanır. Allahlıq iddiası və dinin şəxsiləşdirilərək təqdiminə məsxərə edilir.

"Misal üçün, modernizm insana fraqment münasibətini subyektiv və tarixi prizmadan təqdim edir. Amma bu tendensiyanı və fraqmentasiyanı tragik, acınacaqlı, dərdli, iniltili fonda nəyinsə itkisi kimi çatdırır".

"Yatağa girəndə əvvəlcə qol-boyun uzandılar; Qarabudaq elə bu cür də yuxuya getdi. Gecə yarı qadını Mehin bu gözəl və əzabkeş insanı çəkdiyi ələm və sıxıntılardan qurtarmaq üçün bıçağı başına qaldırıb, ərinin ürəyinə, sonra isə öz sinəsinə sancmaq istədi, Qarabudağın gözü bıçağın tiyəsindən saçan işıqdan qamaşdı, nəsə, qımıldanıb yenidən üzü xanımına çevrildi və onun bıçaq tutan qolunun çiyninə bitişən yerindən öpdü, başını isə böyrünə sıxdı. Qadın öncə özünü itirsə də, bıçağı xəfifcə döşəyin altında gizlətdi, pəncərədən düşən Ay işığına gileyli-gileyli baxdı və birdən ərini qucaqlayıb hönkür-hönkür ağladı...

Qürurlu bir yox olma istəyinin ardınca, mövcud reallığı qəbul edib təslim olmaq... Ancaq mətnin davamında bu ağrı yox olur, məğrur reallıqla mübarizə və mövcud vəziyyəti məntiqli ovqatla qəbullanma görünür...

Yəni bir növü mətn transformasiyaya uğrayır. Bilirik ki, modernizmdən fərqli olaraq "Postmodernizm fraqmentasiyaya, davamsızlıq və əlaqəsizliyə kədərlənmir, bunları problem kimi qəbul etmir, ancaq onları kifayət qədər qeyd edir. Eyni zamanda da bildirir ki, dünya mənasızdır, gəlin özümüzü aldatmayaq ki, incəsənət onu dolğunlaşdıracaq, ona görə də gəlin sadəcə cəfəngiyyatla oynayaq" (Meri Kleyqs).

Başqa bir nümunəyə baxaq: "Baş həkim zəng vurub dedi ki, bir azdan rayon xəstəxanasından doğum şöbəsinə qadın gətirəcəklər; yaxşı baxın, xatalı adamlardı, istəyirlər ki, doğuşu Mehin xanım özü aparsın.

- O da ikiqat məsuliyyətlə doğuşu qəbul eləməyə hazırlıq gördü, tapşırıqlar verdi"...

"Baxdı. Doğrudan da, belə çıxırdı ki, ona dünyanın ən sağlam qadınını göndəriblər. Artıq heç kimə heç nəyi sübut eləmək olmayacaqdı. "Yazıq Qarabudaq son vaxtlar içəri düşüb-çıxandan sonra az qala hər gün deyirdi ki, ehtiyatlı ol, lap çıx otur evdə, birtəhər dolanarıq. Eşitmədim. Bu da axırı".

Mətnin davamında baş verən hadisənin həkim Mehinin boynuna qoyulması, qurulan oyuna onun analiz səpkili baxış bucağı sezilir. Burada Mehin hönkür-hönkür ağlamır. Analitik-təhlili aspektdən hadisəni - süjeti görür və idrak edir. Yollar axtarmır və qəbul edir.

Romanda bir çox cəhətdən hadisələrə fikir nümayişi görülür. "Yad dildə" əsərində bu kontekstdən təqdim olunan hissələrdə xaricdə kədər sezilmir. Xüsusilə modernistcəsinə əksər dini aspektdən tədqim olunan kütlənin kortəbii cahillik nümayişi məsxərəyə qoyulur.

Ancaq siyasi cəhətdən şərh olunan məsələlərdə biz bu dik duruşu görmürük. Burada sənətkar təqdim etdiyi məsələlərə cani-könüldən kədərlənir... Gülmür, ciddiləşir. Getdikcə oxucunun beynini qarışdıran süjet xəttindən aydın olur ki, müəllif, əslində, modernist, postmodernist gələcəkdə bəlkə də metamodernistdir. Ona görə ki, o, hadisələrə baxış bucağını müxtəlif rakursdan sərgiləməyi sevir. Ona yaraşdırılan kimliklərə etina etmir, susur.

"Şeirlər, hekayələr yazırdım; heç birini çap elətdirməsəm də, neçə-neçə yazıçı-şair dostum oxuyub məni qınayırdılar: "Sənin bu siyasətdə, inqilabda nə işin var?". Onlara deməyə elə bir sözüm yoxdu açığı, amma bir şey bilirəm ki, illərlə hər şeyin düzələcəyi, hər şeyi düzəldəcəyimiz günü gözləmişdim və bir də ayılıb anladım ki, deyəsən, o gün çox gec gələcək, o qədər gec ki, düşünəndə bağrım çatlamağa qalırdı - deməli, bütün ümidlərim, yazıçı, ya şair olmaq arzularım, içimdəkiləri yazıb dışarı çıxarmaq sevdam puç və xülyadı".

Yazarın postmodernist elementlərlə zənginləşdirdiyi hissələrdən isə skeptizim və ironiya yağır...

Postmodernizm, Aydınlanma modelli modernizm proyektini, hər baxımdan məhkum etdiyi və humanist etik dəyərləri, modernizmdən qaynaqlanan xalq dövlət kimi ictimai quruluşlanma modellərini rədd etdiyi, daha doğrusu, milliyyətçilik, din, Marksizm meta izahlar adını verdiyi ictimai quruluşun təməlini meydana gətirən hər növ ideologiyanı problematikləşdirdiyi üçün bir böyük yaddaş itkisini təklif etməkdədir...

...Bilindiyi kimi, "Nitsşenin gündüz əlində fənərlə Tanrının öldüyünü qışqıran dəlisi, postmodern düşüncə üçün bir dönüş nöqtəsi olmuşdur. Çünki o dəli, Tanrının ölümünü qışqırarkən varlığın, mübtədanın, dilin, həqiqətin, tarixin, cəmiyyətin və s. mütləq bir təməldən və sabit bir mənadan məhrum olduğunu dilə gətirirdi. Buna görə Nitsşedən dərin təsir və izlər daşımayan postmodernist düşünər az qala/haradasa yox kimidir. O, postmodern düşüncənin gerçək memarıdır" (Abdüllatif Tüzer).

Əsərdəki məna və gözləntilər, kortəbii aparılan mücadilə bütün bu tələblərə uyğun gəldiyi halda, sonrakı keçidlər postmodernist bir təfəkkürü elan edir. Əsərdə müxtəlif təbəqələrin arzuları, mübarizə variantları, təfəkkürlərindəki modernlik və cahillik professional şəkildə təqdim olunur.

Kifayət qədər folklor motivlərinin istifadə olunduğu "romanında konseptualizm və neobarokkonun qarışığıyla rastlaşırıq. "Dədə Qorqud" motivləri, hürufi metafizikası, su çeşməsinin qarşısını kəsən əjdaha nağılının modern versiyası, Azərbaycanın siyasi-mənəvi vəziyyəti üzərində refleksiyalar yazarın çağdaş dünya ədəbiyyatı tendensiyalarını yaxından izlədiyini və qlobal fəlsəfi qənaətlərə yaxşı mənada iddialı olduğunu aşkarlayır" (İlahə Ucaruh).

"Millətin suyunu kəsib, dilinə bir "su söhbəti" salıblar ki, hamı dilini udsun. Sükut yaransın. Halbuki bu susuzluğun səsi çıxmalıydı, həm də daha ucadan. Əvəzində sükut duyulurdu yalnız... Bizlər qeyri millətlər kimi kədər anında, faciə məqamında, ayrılıq qovuşağında halay getmərik, səs-səsə, qol-qola verib birləşməz, içimizi bir-birinə sərgiləmərik. Bizimki susmaq, öz içinin yeddinci qatına, qırxıncı otağına dalmaqdı; yolu olsa, həmin məqamda bütün bədənimizi də içimizə salıb görünməzdik".

Yaxud:

- Qaraca Çobanın hövsələsi lap daraldı. Dəstədən ayrılıb yaxınlıqdakı tut ağacına yaxınlaşdı, soyuqdan sirimsiyib qış yuxusuna getmiş iri bir dalını qırıb, kiçik budaqlarını təmizlədi, özünə dəyənək düzəltdi. Bunu görən polis zabiti qışqırdı:

- At o əlindəkini yerə! At deyirəm sənə!..

Trival olanla sənətin vəhdəti, mimetik ədəbiyyatın dağıdılması, Roseneuvari əgər həqiqət yoxdursa, geridə qalan hər şey oyundur replikaları, ara-ara oxucu ilə və dövrlə əylənməklə yanaşı, əsərdə postmodernizmə xas olmayan ciddiyyət də mövcuddur. Oxucu-mərkəzçi məqamlarda bunu hiss etməmək olmur. Belə məqamlarda modernizmin ciddiyyəti görünür və artıq orada oyun yoxdur.

Modernizmin "prinsiplərinə" əməl etməsinə baxmayaraq, postmodernist düşüncə stili destruktiv, desenter, dehumanist mövzulara önəm verir. Destruktivliyin çoxluğu ilə seçilən əsərdə, əksinə dehumanist mövzulara önəm verilmir. Etik dəyərlərə həssaslıq itirilmir. Sadəcə, folklordan, dindən yaradıcı və dekonstruktiv istifadə görünür.

"Beyrək başını yelləyib güldü, tələbələr də gülüşdü: - Hər sahədə belədi; qəhrəmanlıq, poeziya, siyasət, mənəviyyat, mədəniyyət, hətta sevgi də keçmişlə yaşayır. Biz bütün ürəyimizlə "ilk məhəbbət"i ideallaşdırırıq. Sabah bir yana dursun, bu gün sevməyə belə halımız, meylimiz yoxdu. Təzə olan hər şey bizdə ancaq inamsızlıq doğurur. Biz yalnız keçmişin xəyalıyla pərvazlanırıq. Nəfəsimizi ölmüşlərdən alırıq".

"Bütöv qapalı dünyanın yaradılması fonunda postmodernistlərin mifoloji və ya simvolik üsullara meyil etmələri qanunauyğun olaraq ona gətirib çıxarır ki, dünyanın xaotik başlanğıcına və mənzərəsinə işarə edən postmodern romanda antiutopiyaya böyük maraq müşahidə olunur. Pərviz Cəbrayılın "Yad dildə" antiutopiya romanında İçərişəhər statusuna görə seçilmiş bir məkandır. Hadisələrin İçərişəhərdə təsviri də səbəbsiz deyil. Əsərin qəhrəmanları balaca məkanda internetə sığınırlar. Onların dünyası sığındıqları bu internetdir. Təbii ki, "Yad dildə" əsəri semiotik obrazların istifadəsi kimi diqqəti cəlb edir" (Salidə Şərifova).

"Sədrimiz "Bayındır xan"ın da üzünü çoxdandı görməmişdik, İçərişəhərin qapıları dünyanın üzünə bağlananda o, səfərdəydi, qayıdandan sonra da içəri girə bilməmişdi; kimlik kartını sərhədçilər götürüb sonra da it-bata salmışdılar; yeni kimlik götürmək üçünsə mütləq İçərişəhərə girməli, Bayırşəhərə çıxmaq uğrunda savaşın getdiyi halda, sən bu boyunduruğu könüllü şəkildə boynuna keçirməliydin; dəhşət ondaydı ki, boyunduruq da adama əvəzsiz verilmirdi!".

Göründüyü kimi, əsərdə "Dədə Qorqud" dastanındakı adlardan obrazların adlandırılmasında istifadə olunub. Və adların fonunda təsvir olunan şəxslərin siyasi-fəlsəfi, insani təfəkkürü açılır. Xunta müxalifləri arasında Banuçiçək, Aruz, Qazan, Qanturalı, Burlaxatun, Beyrək, Selcan, Basat kimi obrazlara rast gəlirik.

"Bax, bu gün asilərin tək kəsiri düzəldi. Bircə Sarı donlu Selcan xatun çatmırdı, o da tamam oldu. "Selcan xatun"un "Çe"yə yazması mənə çox maraqlı gəldi - Dədəm Qorqud və inqilab... İç oğuzlar İçərişəhərdə... Sizin də ASİ-yə qoşulmanızı ürəkdən qutlayıram. Qəzanız mübarək olsun!".

Yaxud:

"Polis dəstəsinin komandiri asiləri gözdən keçirməyə başladı; ön sırada Uruz, Yeynək Duru, Səyrək, Dirsə xan, Qıyan Səlcik, Şir Şəmsəddin, Dəli Dondaz, Aruz qoca, Baybörə, Baybican, Dəli Qarcar, Yalancıq, Basat, Alp Rüstəm, Buğac, Bəkil oğlu İmran, Əyrək, Qan Turalı gəlirdi, üç cərgədən o yana görünməz idi".

Ancaq əsərdə sonda "Dədə Qorqud" gəlib boy boylamır, söz söyləmir. Burda sözü deyən başqasıdır... Boyu boylayan da.

Romanda təsvir olunan İçərişəhər elə bil başqa bir məkandır. Ədib əsərdə var olan qəlibləşmiş, modern "İçərişəhər" anlayışını dekonstruksiya edir.

"Duman getdikcə qatılaşırdı. Bəlkə də, Allah, təbiət bu dumanla insanların, İçərişəhərin içinə bir damla su sızdırmaq, qurum bağlamış, hörümçək toru tutmuş ciyərlərini azacıq da olsa təmizləmək, küçələrin tozunu almaq, üstündəki qan izlərini yumaq istəyirdi". Bu sətirlər İçərişəhərdən daha çox İstanbulda Sultan Ahmet çevrəsindəki dar küçələri, ordakı mənasız izdihamı xatırladır. Romanda bu günün prizmasından gələcəyə baxış mövqeyi güdülüb.

Ümumiyyətlə, siyasi tendensiyaların bolluğu ilə seçilən əsərdə medalın hər iki üzü oxucuya göstərilir. Bu bilinəndir, ancaq bilinməyən, ehtimal olunan məqamlar da var kimi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!