Dramaturgiya-2016 - Aynurə Mustafayeva

         

Höte deyirdi: "Xalqı yaratmazdan öncə onun teatrını yaratmaq lazımdır". Bir xalqın kimliyi meydan bazar qələbəliklərinin ənginliklərində deyil, teatrın qarderobundan başlanıb foyesinə, zalına, səhnəsinə qədər gedən yolun hər addımında gizlənib. Səhnənin yaratdıqları xalqın yaşadıqları deməkdir, o, öz xalqının boyundan nə yuxarı qalxa, nə də enə bilir. Səhnədən baxanda görünən boyumuz sualına ötən ilin dramaturji materiallarına istinadən cavab axtarmağa çalışsaq da,  təəssüf ki, teatr bizə bu şansı vermədi və biz yenə də ilin dramaturji mənzərəsini yalnız mətnlərdən izləmək məcburiyyətində qaldıq.

Respublikanın aparıcı teatrlarının repertuarına istinadən deyə bilərik ki, 2016-cı ilin premyeralarında müasir dramaturgiyadan yalnız bir pyes - 2015-ci ilin ədəbi məhsulu olan H.Mirələmovun "Axirətdən zəng" komediyası "Vəsiyyət" adı ilə səhnəyə çıxa bildi. Bu gün nəinki müasir dramaturgiyanın repertuarda, həmçinin   müasir həyatımızın səhnədə yeri olduqca dardır, səhnənin açılan pərdələri bizi ya dünənə aparır, ya da sərhədlərimizdən o yana. Bəs bu günümüz və özümüz? Nə vaxta qədər biz teatrın səhnəsində deyil, lojalarında olacağıq və burdan oturub yalnız  başqalarını seyr edəcəyik. Bəlkə, bu  gün bədii mətn yaranmır, ona görə?

Bu janra qələm əhlinin xüsusi marağını görüb fəallığını müşahidə etməsək də, hər halda hər il çoxdur deyə bilməyəcəyimiz, ancaq yoxluğundan da şikayət edə bilməyəcəyimiz qədər pyes yaranır, ötən ildə də bu janr ədəbi ictimaiyyətə dörd əsər təqdim etdi. Demək, teatrda pərdənin bu üzündə qalmağımızın səbəbi bədii mətnin yoxluğu deyil, bədii mətn var, ancaq iş orasıdır ki, biz özümüzü   səhnədə axtardığımız halda,  heç bədii mətnlərdə belə tapa bilmirik. Ötən ilin dörd pyesindən üçü bizi yenə bu günümüzdən uzaqlaşdırıb keçmişə aparır. Bu statistika istər-istəməz içimizdə bu sualı yaradır, görəsən, dramaturgiya "keçmişi unutmaq olmaz" deyimini yaddan çıxarmır, yoxsa  keçmişin özündə ilişib qalıb? Pyeslərdə yalnız mövzunun deyil, tərz, yozum və yanaşmanın da tarixiliyi ikinci variantı daha   ağlabatan edir.  Bəlkə elə  buna görə də öz pərdələrini "Ölülər"in, "Leyli və Məcnun"un, "Almaz"ın üzünə açan teatr müasir dramaturgiyanın üzünə qapayır.

Bu qapanış ədəbi prosesdə dramaturgiyanın yerini getdikcə daraldır. Təsadüfi deyil ki, 2016-cı ildə əvvəlki illərldən fərqli olraq bu janrda nə müsabiqə təşkil olundı, nə də yeni qələm sahibi göründü. Sanki ötən illərdə teatr baryerini aşmaq ümidi ilə bu janrda yazıb-yaradan gənc nəsil  bu müşkülü mümkün edə bilməyib 2016-cı ildə qələmini yerə qoydu. Teatr repertuarlarına yol tapa bilməyən gənc yazıçı kitab, jurnal səhifələri arasında qalan mətnlərlə nə oxucu kütləsi toplamağın, nə də məşhurlaşmağın mümkün olduğunu anladıqca boşuna vaxt xərcləmək istəmir, üzünü başqa janrlara tutur. Sonuncu dəfə teatra nə vaxt getdiyini xatırlamayan  köhnə nəsillə, teatrı az qala muzey eksponatı kimi dərk edən gənc nəslin ortamında, teatra gedişlərin inzibati qaydada həyata keçirildiyi bir şəraitdə bu janrdan gənclərin qaçaq düşməsi başa düşüləndir.

Son illər  dramaturgiyada yeni imzalar içərisində yalnz İlqar Fəhminin bu janra müraciəti ardıcıl xarakter daşıyır. Baxmayaraq ki, onun kitab həcminə malik pyesləri səhnəyə yol tapmamışdır, yazıçı bu janrda israrlı və iddialı görünür. Ədibin sonuncu pyesi - "Son reportaj" da göstərdi ki, onun bu israrı əbəs deyil. Belə ki, indiyə qədərki pyeslərində daha çox nasir olaraq qalan  İlqar Fəhmi bu pyesində ilk  dəfə təhkiyə üslubundan çıxaraq dramatik tərzə keçə bilir.  

Yeni imzaların görünməməsi deyil, ümumiyyətlə, dramaturgiyanın yenilənə bilməməsi bu janrın ən böyük problemlərindən biri olaraq qalır. Ötən ilin dramaturji materialları içərisində "Son reportaj" pyesi olmasaydı, 2016-cı ildə dramaturgiyanın  geriyə doğru addımladığını demək olardı. Əli Əmirlinin "Hacı Murad", Nizami Muradoğlunun "Hüseyn Cavid",  Aqşin Babayevin  "Ceviz  ağacı" pyesləri bu gün yaransalar da, günün dramı kimi görünmürlər. Ona görə yox ki, onlar bu gündən yox, dünəndən danışırlar. Ona görə ki müasir tarixi dramaturgiyamız hələ də sovet tarixi dramaturgiyasının qəliblərindən çıxa bilmir, o, hələ də ideya-məzmunun ideoloji müstəvidə həll edir, səhnədən şeirin dili və təfəkkürü ilə danışır, tarixi təbliğat-təşviqat kampaniyasına çevirir və bu mövzuda hələ də özümümzü öyüb özgələri söymək ənənəsi davam edir. 

"Hacı Murad" əsərində  Marya və Maşa obrazları bu ənənənin tarixi dramaturgiyanın boynuna qoyduğu  öhdəliyi vicdanla yerinə yetirirlər. Xüsusilə, Maşa böyük canfəşanlıqla "Kaş rusların arasında elə qaniçən quldurlar çox olaydı. Yaxşılıqdan başqa bir şey görmədim ondan. Necə xoşrəftar, ağıllı, ədalətlidir!" kimi sözlərlə bizi ürəyimizə yağ yayılacaq qədər tərifləyir, düşmənlərimizi isə "Dost bilmirsiz, qardaş demirsiz, yetənin arvadına girişirsiz fürsət düşəndə"  kimi məzəmmətlərlə ürəyimizdən tikan çıxaracaq qədər yamanlayır. "Hüseyn Cavid"də günahsız soydaşlarımızın qatilləri Sumbatov, Qriqoryan  çırtma çalıb  oynadıqca, "Hacı Murad"da çar məmurları qumar oynayıb əyyaşlıq etdikcə isə sanki tarixi acılarımızın intiqamını alırıq.

Səhnəni səngərə çevirib burdan düşmənlərimizi atəşə tutmaq, əlbəttə, səngərlərdə döyüşməkdən daha asandır, bu döyüş üçün səhnə də tarixin özündən daha əlverişlidir, çünki istədiyimiz kimi yarada bilmədiyimiz tarixi, burda asanlıqla istədiyimiz kimi düzüb-qoşuruq. Cavidi Xiyabani hərəkatının iştirakçısı, Azərbaycanın azadlığı uğrunda mübarizənin mücahidi, Sumbatovu, Qriqoryanı məhkəmə zalında Bağırovun açdığı atəşin qurbanı, Hacı Muradı isə teatr pərəstişkarı edirik.  Bütün bu bəzək-düzəklər səhnədən görünən tariximizdən bizi nə qədər məmnun edirsə,  tarixdən görünən çölçü-dağlı təbiətli Hacı Muraddan, ictimai fəaliyyətdən uzaq öz qələminə sarılıb gözəllik və sevgi uğrunda yaşayan Caviddən bir o qədər narazı salır.

Nədənsə yazarlar tarixdən yazınca onu  bacardıqca gözəl yazmağı özlərinə borc bilirlər. Pyeslərdə tariximiz gözəlləşdikcə məzmun   nağıllaşır, dramatizm isə cılızlaşır. Tarixi şəxsiyyətlərimizi əjdahalara qalib gələn nağıl qəhrəmanlarına bənzətmək meyilləri sovet tarixi dramaturgiyasından gəlmə "şah və şair" qarşıdurmasını "Hüseyn Cavid" əsərində yenidən gündəmə gətirmiş, müttəhimlər kürsüsündə oturan Əhməd Cavadın onu namusu ilə hədələyən müstəntiqə vurduğu şillə gerçəkliyi ifadə etməsə də, xəyallarımızı gerçəkləşdirir. Tarixsə xəyallarımızın gerçəkləşib nifrətimizin tüğyan etdiyi, sevgimizin çoşduğu yerə çevrildikcə günün dramı nəinki müasirləşir, əksinə, gündən-günə köhnəlir. Hətta o qədər köhnəlir ki, əsrlərin o tayında qoyduğumuz mədhnamə janrı dirilib bu dəfə səhnəyə yol alır. Sevimli şəxsiyyətlərimizin heykəlləşmiş obrazları səhnədə hərəkəti, zalda isə tamaşaçını süstləşdirir. Ümumiyyətlə, sevginin, eləcə də nifrətin izharı üçün dram  olduqca naqolay janrdır, hər şeyi əyaniləşdirib göz qabağına gətirən səhnə, eləcə də personajların dili ilə danışan dramatik  mətnin bədii strukturu subyektiv münasibətə yer qoymur. 

2016-cı ildə dramaturji prosesdə getdikcə köhnələn müasir dram tendensiyası ilə yanaşı, müasirləşən dram istiqaməti də müşahidə olundu. Ötən ilin pyesləri içərisində "Son reportaj" pyesinin təkməkanlı, qısazamanlı, vahid situasiya üzərində qurulan bədii planı onun modern dram arxitektonikasında yarandığını göstərir. Müasir Azərbaycan dramaturgiyasında zaman, məkan və situasiya darlığında süjet qurmaq cəhdləri var, ancaq bunun uğurlu bədii həlli isə demək olar ki, yoxdur. Dramaturgiyamızda bu üslubun dar çərçivəsi məzmunda bir yeknəsəqlik, dramatik hərəkətdə isə monotonluqla müşayiət olunur.  "Son reportaj" pyesində isə cəmi dörd nəfərin çəkiliş meydanında yalnız bir neçə saatlıq görüşü  teatrın divarlarından o yanın genişliyində baş verənləri səhnənin dar məkanına fokuslaya bilir.  Səhnənin dəyişməyən panoramında oxucunun gördükləri əsər boyunca dəyişməkdə, təsəvvürü isə hərəkətdədir. Pyesdə yalnız sonda ömrü boyu öz istedadını istedadsız dostuna xərc edib özü səhnəyə tamarzı qalan Kərimin səhnədə ölümündən başqa hadisənin olmamasına baxmayaraq, səhnə tamaşaçı üçün boş qalmır. 

Müasir dramın müasirləşməsi problemindən danışarkən onu da qeyd edək ki, müasir teatr hərəkəti daha yığcam bir məcraya fokuslamağı tələb etdiyi halda ötən ilin pyeslərində çoxhərəkətliliyin daha da şaxələndiyini, təfərrüatın dərinləşdiyini, informasiyanın çoxaldığını görürük. "Hüseyn Cavid"də repressiya yaşantılarının Cavidin evindən başlayıb, istintaqa, məhkəməyə, həbsxanaya, sürgünə, Cavidsiz qalmış cavidlərin sığınacağına, repressiya məmurlarının kabinetinə, onlara casusluq edən yazıçıların evlərinə kimi olan çoxşaxəli hərəkəti nəinki müasir teatrın daha yığcam  foksuna uyğun gəlir, ümumiyyətlə, səhnəyə məxsus bütün foksu dağıdır, "Hacı Murad" pyesində Hacı Muradın Şeyx Şamil hərəkatına qoşulması ilə bağlı təfərrüatlar, "Ceviz  ağacı"nda Nazim Hikmətin həyatının ömür yolunun doğum tarixindən başlayan faktoloji mənzərəsi, üstəgəl onun haqında çıxarılmış məhkəmə qərarının mətni isə səhnəni salnaməyə bənzədir. Tarixdən yazmağı tarix yazmaq kimi vəzifəsi dərk edən yazarlar unudurlar ki, dram nə qədər salnaməyə yaxınlaşırsa, bir o qədər səhnədən uzaqlaşır.

Ötən ilin tarixi pyesləri yalnız tarixə salnamə, şəxsiyyətlərə mədhnamə deyil, həm də dövrlərə bir ittihamnamə  idi. "Hacı Murad" çar Rusiyasının, "Ceviz  ağacı" sovet hökumətinin, "Hüseyn Cavid" repressiya dövrünün kölgəsini qılınclayır, tarixin artıq ittiham oxuduqlarına yenidən ittihamnamə qoşur. Düzdür, repressiyanın dəhşətləri, çar Rusiyasının işğalçılığı, sovet hökümətinin tənqidi dəbdə olan, belə desək, gündəmin mövzüsudur. Ancaq gündəmin mövzusu  heç də günün mövzusu demək deyil.

"Son reportaj" pyesi günün mövzusunu layiq olmadığı şöhrətə görə kimin nifrətinə, kiminin məsxərəsinə tuş gələn istedadsız aktyorun xeyirxah qəlbinin yaşantılarında tapıb. Tamaşaçının son dövr dramaturgiyamızda gah tarixi mövzularla populistik edən, gah da bu günün sosial problemləri ilə çığır-bağır salan əsərlərdən sonra bir qəlbin yaşantılarını dinləməyə  ehtiyaçı var.  Və səhnə   çoxdandır, bu ehtiyacı ödəmir. Onu da qeyd edək ki, bu tendensiya yalnız bizdə müşahidə olunmur. E.Vaxtanqov adına Moskva Dövlət Akademik Teatrının bədii rəhbəri Rimas Tuminas öz müsahibələrinin birində deyir: "Müasir pyeslərdə mən vacib olanı tapmıram - insan taleyi haqda söhbəti. Onlarda insana görə ağrı hissi yoxdur". 

Ötən ilin dramaturji mənzərəsi ilə bağlı müşahidələrimizin yekununda bu qənaətdəyik ki, həyatımız getdikcə dramatikləşdiyi halda, dramaturgiyamız getdikcə sönükləşir. Dramaturji proses dramın deyil, dramşəkilli əsərlərin yaranması ilə müşayiət olunur. Bəlkə, elə buna görə də bu gün teatr və dramaturgiya sanki bir-birinə dəxli olmayan sahələrə çevrilir. Müasir dram müasir teatrın tələblərinə etina etmədiyi kimi, hələ ki, klassik və xarici pyeslərlə repertuarını təmin edən teatrı da müasir dramaturgiya maraqlandırmır. Müasir teatra yetişə bilməyən dramaturgiya və müasir dramaturgiyadan uzaqlaşan teatr, fikrimizcə, müstəqil yaşam deyil, sonda hər ikisinə iflas vəd edir. Çünki onlar arasında zəifləyən bu əlaqə dramın ədəbiyyatda, teatrın isə sənətdə yerini daraldır. Darlığın yoxluq olmadığını düşünüb varlığına şükür edən teatr  isə narahat görünmür...

Aynurə MUSTAFAYEVA


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!