Cəmi 32 yaş yaşayan, amma qısa ömrünə bir neçə - "Əsir", "Divar", "Üsyan", "Başqa bir doğuluş", "Soyuq mövsümün başlanğıcına inanaq" şeir kitablarını, "İtaliya" (sənədli film) və "Qara ev" adlı filmləri sığdıran, ailəsi və yaşadığı cəmiyyət tərəfindən rədd edilən iranlı şairə Füruğ Fərruxzad ney kimi inləyən könlünün fəryadını misralara pıçıldayan qadınlardan idi.
Müasiri və dostu iranlı şair və rəssam Söhrab Sipehri Füruğ Fərruxzada ithaf etdiyi, "Dost" adı verdiyi şeirində Füruğun portretini sözlə belə çəkir:
Böyük idi
və bu günün adamıydı
və bütün uzaq üfüqlərlə rabitəsi vardı
suyun və torpağın nəğməsini
necə də yaxşı anlayardı
Səsi
gerçəkliyin pərişan hüznünə bənzəyirdi.
Göz qapaqları
ünsürlərin nəbzinin döyüntüsünü
bizə göstərərdi.
Əlləri
səxavətin təmiz havasını
vərəqlədi
və mehribanlığı
bizim yanımıza köçürtdü.
Öz xəlvətinə bənzəyirdi
və öz vaxtının ən sevgili dönüşlərini
güzgüyə açıqlayırdı.
O, yağış kimi təkrarın təravətiylə doluydu.
O, ağac kimi
işığın sağlamlığı içərisinə yayılırdı...
"Böyük olmaq istəyən" Füruğun böyük də dərdi vardı; anlanılmamaq dərdi. "Ən cətin şeydir, anlamaq dərdi". Onun bu dərdi atasına yazdığı məktubunda o qədər açıq-aşkar hiss olunur ki...
"Mənim ən böyük dərdim sizin məni tanımamağınızdır. İş orasıdır ki, heç bir zaman da tanımaq istəmədiniz... Mən böyük olmaq istəyirdim və istəyirəm də. Mən bu gün doğulub sabah ölən və özlərindən sonra zərrə qədər iz buraxmayan yüz minlərlə insan kimi yaşaya bilmərəm".
Pablo Pikasso qadınları iki növə bölürdü: tanrıçalar və paspaslar". Ürəyi zamanın ötəsində vuran Füruğ birincilərdən idi. Lakin həyat Füruğa qarşı insaflı deyildi. Ona sevgini, sevinci qram-qram, qəmi, kədəri ətək-ətək verirdi. Gənc yaşında sevmədən məzhəkəçi Pərviz Şapurla ailə qurmağa məcbur edilən Füruğun həyatı yazdığı bir şeirlə dəyişir. İnsanın kaş ki, yazmasaydı, deyə düşündüyü də olur. Lakin səhər erkən günəşin doğmasının qarşısını almaq mümkün olmadığı kimi, doğulan şeirin də qarşısını almaq olmur. Evli olan Füruğ yaşadığı günahı (və günahkarları) bir şeirində "Günah işlədim", - deyə dilə gətirməklə özünü ifşa edir. Şeirdə gizli eşqindən bəhs edən Füruğ, eyni zamanda özünü də sorğuya çəkir. Şeir dərc olunar-olunmaz hər kəs ona düşmən kəsilir, üz döndərir (qəbul olunacaq hərəkət də deyildi). Təhqiramiz tənqidlərə məruz qalır. Bu şeiri ilə ailəsini də pis vəziyyətdə qoyur (bu anlaşılandır!). Şairə ən ağır ittihamları qayınanasından eşidir və Füruğa oğlu ilə görüşmək qadağan olunur (ən ağır cəza). Ana kimi, himayədarlığı əlindən alınır.
Təklənən, ailədən, cəmiyyətdən təcrid edilən Füruğ özünü daha çox şeirdə tapır, şeiri həyatına vermək məcburiyyətində qaldığı cavablardan ən vacibi sayır...
Yaşadıqlarının yazdığı şeirlərə yansıtdıqları Füruğun ümid qarışıq iztirab, sevgi qarışıq nalə, göz yaşlarına bələnmiş ahlarıdır, başa tabe olmayan ürəyin peşmançılığıdır. Füruğun şeirlər kitablarına seçdiyi adlar da şairənin həyatının, yaşantılarının, hiss və duyğularının tərcümanıdır. 1955-ci ildə çapdan çıxan birinci şeir kitabı; "Əsir" və ikinci şeir kitabı "Üsyan" (1958) əzab və iztirabdan yoğrulmuş qadının fəryadıdır: "O günlər keçdi, O günlər kirpiklərimin arasında".
"Günah"ı etiraf etdikdən sonra yaşadığı cəmiyyətdə təklənən azad ruhlu şairəyə yol görünür. O, 1956-cı ildə İtaliyaya, İtaliyadan da Almaniyaya, böyük qardaşı Əmir Məsudun yanına gedir. Yaşadığı cəmiyyətin qanunları ilə yaşamaq istəməyənlər üçün Avropa hər zaman ideallar ölkəsi olub. Avropaya üz tutan Füruğ da doqquz ay burada yaşayır və qısa həyatının qalanını birlikdə keçirəcəyi İbrahim Gülüstani ilə tanış olur. İbrahim Gülüstani evli idi və iki uşağı vardı. Onun İbrahim Gülüstani ilə eşq yaşaması da "yasaq"lardandı. Lakin Füruğ kiminsə fikri ilə yaşamırdı. Şeirlərində işlədiyi "günah" kimi, "yasaq" sevgisindən də aşıq-aşkar bəhs edirdi...
Əslində, Füruğun şeirlərini "Bülbül nəğmələri" adlandırmaq da olar, amma bu bülbül hər zaman kədərdən, qüssədən, çarəsizlikdən nəğmələr oxuyur. Qəfəsə salınmış bülbül kədərli oxuduğu kimi, Füruğ da özünü "qəfəsdə bir dustaq" kimi hiss edir, quş olub "qəfildən uçmaq" istəyir sevdiyinə:
Qara və soyuq barmaqlıqlar arxasından,
gözlərim həsrətlə baxır üzünə,
bir əl uzanaydı mənə,
qəfildən mən uçam sənə.
Rüzgara təslim olmaq istəməyən, İbrahimi böyük eşqlə sevən Füruğun bu xoşbəxtliyi də uzun sürmür. İbrahimin həyat yoldaşına yazdığı məktubu təsadüfən görən Füruğ məktubda yazılanları - Füruğla sadəcə zaman keçirdiyini, onunla olan münasibətinin heç bir dəyəri olmadığını və s. oxuduqdan sonra özünə söz verir ki, İbrahimdən ayrılacaq. Amma bu ayrılıq istəyi onların sevgisinin ölçüsü olur, onların arasındakı sevgi daha da güclənir. Hətta İbrahim Füruğa dəfələrlə evlilik təklif etsə də, rədd cavabı alır. Onlar evlənməsələr də rejissor İbrahim Gülüstani ilə tanışlığı Füruğun həyatında öz naxışını qoyur. İbrahim dəfələrlə Füruğu kino haqqında biliklərini dərinləşdirmək üçün İngiltərəyə göndərir. Sonda Füruğ öz filmini, "Qara ev"i çəkir. Bu sənədli film Təbrizdə cüzam xəstələrinin yaşadığı xəstəxanada çəkilir. Füruğ film haqqında xatirələrində deyirdi: "Mən onlara xəstə kimi yanaşmırdım. Onların yaralarına toxunurdum. Dərdlərini, ağrılarını hiss edirdim. Ona görə də onlar mənə güvəndilər. Tez-tez məktub yazıb dərdlərini mənimlə bölüşürdülər". İlk filmin xoşbəxtliyi ilə bərabər, Füruğ burada bir başqa sevinc də yaşayır. Filmi çəkərkən oğlu Kamiyarın həsrəti ilə alışıb-yanan Füruğ cüzamlı bir ailənin uşağı olan Hüseyn Mansuru görür və övladlığa götürür. Övladlığa götürdüyü Hüseyn Mansur sonralar Füruğun şeirlərini alman dilinə ən yaxşı tərcümə edənlərdən biri olur.
Şairə, kinorejissor olan Füruğun rəssamlığa da böyük həvəsi vardı. O, İbrahim Gülüstaniyə yazdığı məktubunda böyük bir eşqlə Londonda Galeridə gördüyü bir rəsmdən bəhs edir: "...Galeridə Leonardonun bir tablosu var, daha əvvəl görməmişdim. Yəni əvvəlki London səfərimdə. Müdhiş bir şey! Hər şey açıq bir mavilikdə verilmiş. Əyilib qarşısında namaz qılmaq istədim..." (kiminə görə günah, kiminə görə mübah).
Füruğun filmləri bir çox festivallarda mükafata layiq görülür; "İtaliya" sənədli filmi sənədli filmlər festivalında birinci yer qazanır, "Qara ev" filmi isə Almaniya Film Festivalinda ən yaxşı film seçilir.
Şəxsi həyatı fırtınalı olan, İbrahimlə ayrılıb-barışan Füruğ zaman-zaman həyatdan getməyi də düşünür, iki dəfə intihara cəhd edir. Barışdıqdan sonra Füruğ sevgilisi İbrahimə "Yenidən doğuş" şeirini yazır. 1963-cü ildə üçüncü kitabını eyni adla nəşr etdirir: "Yenidən doğuş". Təəssüf ki, hər doğuluşun sonu ölümdür. Füruğ yaşamını özü cızdığı kimi, ölümünü də özü seçir: Darüşşal Marvdosht və Logumanoddovleh küçələrinin kəsişməsində uşaqları məktəbdən gətirən avtobusla toqquşmamaq üçün maşınını divara çırpır, uşaqlar ölməsin deyə, özü ölümü seçir. Deyirlər, ölüm hər şeyin sonudur. Lakin bu da son deyil. Yaşadığı cəmiyyət dirisinə sahib çıxmadığı kimi, ölüsünə də sahib çıxmır. Füruğun cənazəsi iki gün yerdə qalır. Din adamları ona cənazə namazı qılmaq istəmir. Sonda cənazə namazını din adamı deyil, bir yazıçı qılır.
Bu dünya fanidir, yalandımı, de?
Fitnəmi, şeytanmı, ilandımı, de?
Ey insan, sultanı sənsən dünyanın,
O sənsiz bir kəsin olandırmı, de?
Füruğ sultanı olduğu dünyadan belə köç edir, oğulsuz, ailəsiz, bir sözlə, kimsəsiz. Haşim Hüsrevşah Füruğun ölümünü "dili kəsilmiş İran qadınlarının ölümü" kimi qiymətləndirir.
YUNESKO Füruğ haqqında 30 dəqiqəlik sənədli film çəkir. İrana Füruğla bağlı reportaj hazırlamağa gələn məşhur rejissor Bernardo Bertoluççi Füruğun həyatı haqqında 15 dəqiqəlik film çəkməyə qərar verir. İranlı Abbas Kiyarüstəmi 1999-cu ildə çəkdiyi filmə ad olaraq Füruğun "Rüzgar bizi götürəcək" şeirinin adını verir. M.Hilman onun hayatını və şeirlərini 1987-ci ildə "Tənha qadın" adıyla nəşr etdirir. Ümumiyyətlə, Füruğun şeirləri və həyatından bəhs edən məqalələr və kitablar yazılır, film çəkilir. Füruğun dırnaqarası xoşbəxtliyi bununla bitmir. Sağlığında üzünə həsrət qaldığı, öldüyündə cənazəsinə gəlmədiyi, tabutuna girmədiyi oğlu Kamyar anasını şeirlərindən tanıyır. İngiltərəyə mühəndis olmağa göndərilən Kamyar təhsilini bir il sonra yarımçıq buraxıb rəssamlığa başlayır. Və çəkdikləri misralara səpələnmiş Füruğu şeirlərindən tanıyır, qeyb olmuş, "istəklə yüklü", "dərdlə yüklü" anasını rəsmə gətirir, yenidən və əbədiyyən var edir. Füruğun yaşadığı cəmiyyətdə "Günəş ölmüşdü", amma o, Günəşin gələcəyinə, yenidən doğacağına inanırdı: "Günəş ölmüşdü,/ Gələcək..."
Deyirlər, "dünya bir pəncərədir, hər gələn baxar gedər". Füruğ Fərruxzad da bu pəncərə dünyadan baxıb keçdi. Amma özünün "Baxıram kiçik pəncərəmdən. Heç nəyəm bir nəğmənin əks-sədasından başqa, Əbədi deyiləm mən", - deməsinə rəğmən Füruğ bu dünyadan əbədiyyən qalmaq üçün keçib getdi. Nə yaxşı ki, bu dünyadan Füruğ keçdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!