Oktay MİR-QASIM: “Atam bütöv Azərbaycan sevdalısı idi”

 

"Varislər"in bugünkü qonağı akademik, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti, Azərbaycanda tibb üzrə ilk elmlər doktoru, tanınmış ziyalı, elm xadimi Mirəsədulla Mirqasımovun varisi, Azərbaycanın Xalq artisti, "Şərəf" ordenli, sevilən kinofilmlərin quruluşçu rejissoru Oktay Mir-Qasımdır.

Akademiyanın ilk prezidenti

Mirəsədulla Mirqasımov 1883-cü ildə ruhani ailəsində dünyaya gəlmişdi. Onun böyüyüb boya-başa çatdığı ailə Bakıda islam dəyərlərinə görə sayılıb-seçilən nəslin bir qolu idi, amma atası oğlunun gələcəyi ilə bağlı seçim qarşısında qalarkən, elmə üstünlük verdi. Çünki Mir Ələsgər ağa islamda elmə verilən dəyəri gözəl bilirdi...

O, 1913-cü ildə Odessadakı Novorossiya İmperator Universitetinin tibb fakültəsini bitirmiş, cərrah ixtisası almışdı. Bir müddət Odessada, Bakıda hərbi lazaretdə, 1 saylı doğum evində cərrah kimi fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Tibb Universitetinin professoru olmuşdu.

1945-ci ildə Elmlər Akademiyasına həqiqi üzv seçilən M.Mirqasımov Elmlər Akademiyasının ilk prezidenti olur. Bu mübarək insan, unudulmaz ziyalı, Azərbaycan tibb elminin ən parlaq simalarından biri Mirəsədulla ağanın varisi, tanınmış kinorejissor Oktay Mir-Qasımla hər ikimizə doğma məkanda - AYB-nin Natəvan klubunda görüşdük.

- Mirəsədulla Mirqasımovun oğlu olmaq Oktay Mir-Qasıma nə verdi?

Edilmən xahiş

- Bu suala cavab vermək üçün bizə ən azı bir həftə vaxt lazımdır. Amma suala nisbətən lakonik cavab verməyə çalışacağam. Atam bir şəxsiyyət kimi çox nəhəng idi, mən heç onun kölgəsi ola bilmərəm. Qorxmaz, məğrur, amma olduqca mülayim və təvazökar... Heç vaxt səsini qaldırıb, əsəbiliklə nəsə dediyini xatırlamıram. Ən çox əsəbi olduğu vaxtlarda sadəcə, əlini astaca masaya vurub, "Allahu Əkbər!" deməklə hisslərini bildirirdi.

Məndən böyük qardaşım Rüfətlə aramızda 3 yaş fərq var. O, Akademiyanın müxbir üzvü, tanınmış fizikdir. Balacaydıq, oyuncaq üstə mübahisəmiz düşdü və ona "axmaq" dedim. Atam bunu eşitdi, məni otağına aparıb tənbeh etdi: "Adam özündən böyüyə kobud söz deməz!". Ülgüc itiləmək üçün istifadə etdiyi kəmərlə yanıma vurdu. Bu cəza bütün ömrüm böyu mənə dərs oldu.

Mirmustafa bir neçə gündən sonra cəbhəyə gedəcəkdi. Anam atamın qarşısında diz çöküb yalvardı ki, get Mir Cəfər Bağırovdan xahiş elə, uşağı Bakıda saxlasın. Atam kifayət qədər nüfuzlu adam idi, xahiş etsəydi, Bağırov onun sözünü yerə salmazdı, lakin atam bu addımı atmadı. Mirmustafa evin böyük övladı, istedadlı, yaraşıqlı, ağıllı oğlan idi. Atam onu çox istəyirdi, amma bütün bunlara rəğmən, o, Bağırovun yanına xahişə getmədi. Atamın bu addımını sonradan analiz etməyə çalışdım...

Mir Cəfər Bağırovun sözünü yerə salmaq

1947-ci ildə Dövlət Filarmoniyasında birinci katib M.C.Bağırovun rəhbərliyi ilə iclas olur. İclas başa çatdıqdan sonra adamlar katibi yola salır, bu vaxt Bağırov üzünü atama tutub: "Yoldaş Mirqasımov, sabah Kommunist Partiyasına üzv olmaq üçün ərizənizi masamda görmək istəyirəm", - deyir. Atam iki il idi akademiyanın prezidenti seçilmişdi, hər dəfə ona yumşaq formada partiyaya keçməyini xatırladırdılar. O vaxt bu vəzifədə Kommunist Partiyasının üzvü olmadan işləmək imkansız idi. Bağırovun təklifini eşidən atam o dəqiqə cavab verir: "Belə bir şey mümkün deyil, yoldaş Bağırov". Hamı çaşıb qalır. "Bunu necə başa düşmək olar?" - Bağırov soruşur. Atam: "Allaha inanıram, bir dəfə də Hippokrat andı içmişəm, bu mənə bəsdir". Bağırov atamın müstəqil adam olduğunu yaxşı bilirdi, bu cavab birinci katib üçün sürpriz deyildi, amma atam bu cavaba görə ağır cəzalana bilərdi. Bağırov başqa heç nə demir,  çıxıb gedir. Atamın böyründə-başında olan adamlar yoxa çıxır. Qovluğunu götürüb Filarmoniyadan Akademiyaya olan 5-6 dəqiqəlik yolu piyada gəlir. Akademiyada heç kəsi görməyəndə təəccüblənir. Pillələrlə qalxır, dəhlizlər boşdur. Qəbul otağına yaxınlaşır: qapı bağlıdır. Öz açarı ilə açıb içəri keçir və kabinetinin qapısına baxanda otağının möhürləndiyini görür. O dəqiqə başa düşür ki, artıq EA-nın prezidenti deyil. Bu iki epozodu xatırlamaqda məqsədim var: əgər atam illər əvvəl qardaşımı cəbhədən saxlatmaq üçün Bağırovun yanına xahişə getsəydi, təbii ki, sözü yerə salınmayacaqdı, amma sonra atam heç vaxt Bağırovun sözündən çıxa bilməzdi. Atam imanlı adam idi, yəqin, əmin idi ki, Allah onun övladını odun-alovun içində qoruyacaq.

- Oktay müəllim, bu fikirlərinizlə Mirəsdulla ağanın dolğun portretini yaratdınız. Əminəm, fikirləriniz oxucularımız üçün də maraqlı olacaq. O, peşəkar cərrah idi, ictimai fəaliyyəti vardı, amma bu qədər işin-gücün içində bir ara müsəlman qadınlarının hüququ ilə bağlı məqalələr də yazıb. İndi gedib beş-altı saat kompüter qarşısında oturan gənclər işdən yorulur. Bu boyda enerji o kişilərdə haradan qaynaqlanırdı?

- O, təkliyi sevirdi. Düzdür, qohumcanlı idi, bibilərimiz gələndə ürəyi açılırdı, ancaq daha çox öz düşüncələri ilə baş-başa qalırdı. Qadın hüquqları onun üçün çox həssas məqam idi, çünki o, Azərbaycan qadınını savadlı, ziyalı, mübariz görmək istəyirdi və tapdanan, əzilən qadın hüquqlarının üstündən mübariz insan kimi sükutla keçə bilməzdi.

Bütöv Azərbaycan sevdası

Atam bütöv Azərbaycan sevdalısı idi. Balacaydım, mənim üçün Azərbaycan bizim evdən, Xaqani küçəsi, 19-dan, Bakı şəhərində futbol oynadığımız məhəllədən, Şüvəlana gedən yoldan, bir də Şüvəlandakı bağlardan ibarət idi. Bir dəfə söhbət əsnasında atamın: "Ordubad camaatı elmə böyük maraq göstərir. Ordubaddan gələn gənclər çox işgüzar, istedadlı olurlar. Mən öz ordubadlı tələbələrimdən çox razıyam", - dediyini eşitdim. Başa düşdüm ki, Azərbaycan adlı məmləkətdə Ordubad da var. Beləcə, Azərbaycanın coğrafiyası mənim üçün açıldı. İlk dəfə Ordubada 1972-cı ildə çəkilişə getdim. Ürəyim şiddətlə döyünürdü, sanki atamın bir vaxtlar dediyi sözləri canlı olaraq ziyarət edirdim.   

- Mirəsədulla ağa Bakıda çox məşhur bir ruhani nəslinin nümayəndəsi, tanınmış ruhani aliminin ailəsində dünyaya gəlmişdi. Bildiyimiz kimi, seyidlər islam peyğəmbərinin nəslindən gəlir, Mir Mövsüm ağaya qohumluq da bir yandan. Nə əcəb o, ruhani olmağı yox, həkim olmağı, elmi seçdi?

Mədrəsələrdə yetişən ziyalılar

- Bu sual məni də uzun illər düşündürüb. Mədrəsə deyilən təhsil müəssisəsi öz dövrünə görə artıq son dərəcə oturuşmuş tədris proqramı olan bir yerdir. Orada məqsəd dini kadrlar yetişdirmək deyildi, sadəcə bu, təhsilin bir forması hesab olunur, orada əsl ziyalılar yetişdirilirdi. Gəlin tarixə baxaq: XX əsrin ən üzdə olan ziyalıları, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin çoxu ilk təhsilini mədrəsələrdə almışdı. Ziyalı sadəcə boynuna qalstuk taxıb, başına şlyapa qoyanlara deyilmir, ziyalılıq əqidə məsələsidir. Əbu Əli İbn Sina qalstuk taxmışdı, yoxsa Nizami başına şlyapa qoymuşdu?! İndi biz onlara ziyalı deməyək?! Mədrəsələrdə dini elmlərlə yanaşı, dünyəvi elmlər də tədris olunurdu və uşaqlar özləri öz gələcək yollarını müəyyən edirdilər. Atam xaraktercə azad adam olduğundan doğru bildiyi işin ardınca gedib, atası da onun fikirlərinə mühafizəkarlıqla deyil, əsl ziyalı kimi dəyər verib.

- Mirəsədulla ağagil ailədə neçə uşaq olublar? Əminiz, bibiniz olubmu? Ümumiyyətlə, ailədə babanızın yolu ilə, din yolu gedən kimsə varmı?   

- İki əmim olub - Mirzeynalabdin və Mirmüştəba. İki də bibim olub: biri Azərbaycanın ilk qadın hərbi pilotu Züleyxa Seyidməmmədovanın anası Minəxanım Seyidməmmədova, biri də məşhur psixiatr Ağabəy Sultanovun anası  Suğra bibim. Onların heç biri ruhani fəaliyyəti ilə məşğul olmayıb, amma buna baxmayaraq, babam Mirələsgər ağanın bütün ailə üzvləri, övladları hər zaman böyük hörmət və ehtiramla qəbul edilib. Üstəlik, biz hamımız islam tarixinə, islam dəyərlərinə, müqəddəs "Qurani-Kərim"in buyurduğu məsələlərə hörmətlə yanaşırıq.

- Əslində, İslam dini bizə savadlı, elmli olmağı, cəhalətdən uzaq durmağı buyurur və islam peyğəmbəri elmə, alimə çox böyük dəyər verir. Oktay müəllim, bəs, siz niyə atanızın nüfuzundan yararlanmayıb tibbi yox, həm təbabətdən, həm də dindən tamamilə uzaq bir sahəni - kinorejissor olmağı seçdiniz?

İnsan peşəsini və ömür-gün yoldaşını özü seçməlidir

- Müqəddəmə kimi bir fikir bildirim, sonra sualınıza cavab verərəm. Atam həmişə deyirdi ki, insan peşəsini və ömür-gün yoldaşını özü seçməlidir. Çünki özü gələcək həyat yolunu bu prinsiplə seçmişdi. Bu, fərdi seçimdir. İnsan nəyə görə hansı rəngə üstünlük verdiyini izah edə bilərmi? Zövq məsələsidir də. Yəni həyatda insanın fərdi şəkildə qəbul etdiyi, yaxud etmədiyi məsələlər var. Mənim peşə seçimimə qayıdaq: 14-15 yaşım olardı, bir dəfə küçədə təsadüfən kino çəkilişi prosesini gördüm, rəhmətlik Tofiq Tağızadə "Uzaq sahillərdə" filmini çəkirdi. Dayanıb gecə keçənə qədər o prosesi izlədim və kinorejissor olmaq fikrinə düşdüm. Yəni o çəkilişi görmək gələcək planlarımla bağlı ilk təkan oldu. Evdə narahat olacaqlarını bilirdim, amma çəkiliş prosesi məni sehrləmişdi, ayrıla bilmirdim. Demək istəyirəm ki, adi bir təsadüf həyatımı dəyişdi.

- Mümkünsə, bir az da şəcərəniz haqqında danışın. Çünki islamda seyidlər birbaşa islam peyğəmbəri nəslinin davamçılarına deyirlər. Ata babanız Mir Mövsüm ağanın dayısıdır, yəni doğma adamlarsınız. Nəsil də Mir Mövsüm ağaya bağlıdır... Daha geniş nəsə deyə bilərsiniz?

Əmim müsavatçı olduğuna görə Parisdə intihar etdi

- Təəssüf, çətinlik çəkirəm daha geniş nəsə söyləməyə. Çünki mən ailəmizdə bütün bunların fonunda elmə, azad düşüncəyə üstünlük verildiyini görmüşəm. Əvvəla, atam rəhmətə gedəndə 15 yaşım vardı, yəni hələ o bilgiləri öyrənməyə həvəsli deyildim. Məsələn, Mirzeynalabdin əmim Müsavat partiyasının üzvü olub. Cümhuriyyət qurulanda xaricə təhsil almağa göndərilən 100 nəfərdən biri də əmim idi. Onu Parisə, Sorbona Universitetinə göndərmişdilər. Bildiyiniz kimi, Cümhuriyyət süqut etdikdən sonra əksər müsavatçılar kimi, o da vətənə qayıda bilmir, çünki hamısını az qala sorğu-sualsız güllələyirdilər. Əmim qürbətdə yaşaya bilmədi və intihar etdi. Bilirsiniz, yaşımız az olduğuna görə bizə belə şeyləri danışmırdılar. Uşaqlar saf olur axı, ehtiyat edirdilər, eşitsək, haradasa ağzımızdan qaçıra bilərik: "biz seyidlərdənik!", ya da "əmim müsavatçıdır" və s. Sovet dövründə belə şeylərə qadağa qoyulmuşdu.

Biz əslən bakılıyıq, amma mən qarışığam: ana babam İsgəndər bəy Axundov şamaxılıdır. Məşhur vəkil olub, Polşada təhsil alıb. Cümhuriyyət dövründə parlamentə üzv seçilib. Ana nənəm Züleyxa xanım Bayraməlibəyovadır.

- Bu, məşhur xeyriyyəçi bayraməlibəyovlar olmasın...

- Tamamilə doğrudur. Bu nəsil elmə, təhsilə xeyriyyəçilik ediblər. Onlar savadlı, istedadlı gənclərin təhsil almasına yardım ediblər, aylıq təqaüd ayırıblar. Atamın anası Seyidxanım Saray qəsəbəsindəndir, babam Mirələsgər ağanın kökü isə Cənubi Azərbaycanın Əhər şəhərindədir. Yəni qollu-budaqlı nəsilik. Qismət olsa, ata yurdumu, Əhəri görmək arzusundayam.

- Mirəsədulla Mirqasımov Cümhuriyyət illərində Bakıda adi həkim kimi fəaliyyət göstərib. Bilmək istəyirəm, onun siyasi fəaliyyəti də olubmu? Məsələn, bayaq qeyd etdiniz ki, qardaşı müsavatçı olub...

Ailənin Kommunist Partiyasına əbədi nifrəti

- Yox, atam ömrünün sonuna qədər azad adam oldu. Heç bir partiyaya keçmədi, sadəcə, öz işini gördü, tibb elminə töhfələr verdi, insanların sağlamlığının keşiyində durdu. Məncə, bir həkim üçün bundan şərəfli heç nə ola bilməz. Birinci Dünya müharibəsi illərində hərbi həkim kimi fəaliyyət göstərmişdi. Övladları olaraq hər zaman onun qoyduğu qanunlara riayət etdik və hələ də edirik. Qardaşım Rüfət fizikdir, MDU-nu bitirən kimi onu Moskva vilayətinin Dubna şəhərindəki Beynəlxalq Nüvə Fizikası Mərkəzinə apardılar. Öz sahəsi üzrə çox istedadlıdır. Yazdığı məqalələr İtaliyada, İsveçrədə, Fransada, Amerikada elmi mətbuatda çap olunurdu. Onu konfranslara dəvət edirdilər, mühazirə deməyə çağırırdılar. Bu, həm də yaxşı qonorar idi, amma Kommunist Partiyası üzvü olmadığı üçün ölkədən kənara buraxmırdılar. Məşhur sovet fiziki, akademik Nikolay Boqalyubov vardı, həmin mərkəzin direktoru idi. Rüfəti otağına dəvət edib, partiyaya keçmək haqqında ərizə yazmağını məsləhət bilib. Qardaşıma hörməti vardı, deyirdi, sən mütləq inkişaf etməlisən. Rüfət isə "Mən ailə ənənəsini poza bilmərəm", - cavab verir. Eynilə mən də, ailəmizin digər üzvləri də. Məni də bəzən xaricə buraxmırdılar, müəyyən əngəllər yaranırdı. Şərt qoyurdular, bu dəfə buraxırıq, gələn dəfə mütləq partiyaya keçməlisən. Qardaşım Fərid Moskvada Bauman adına Universiteti bitirmişdi, onu Tupolev zavoduna işə götürmüşdülər. Bir-iki həftə sonra onun da partiyaya keçməsi məsələsi ortalığa çıxıb, kommunist olmadan belə strateji əhəmiyyət daşıyan müəssisədə işləmək mümkün deyil. Fərid isə "Mənim belə bir planım yoxdur", - deyib. Belədə ondan böyük təəssüf hissi ilə işdən azad olunması haqqında ərizə alıblar. Bunun rəmzi mənası vardı: bununla azad olduğumuzu bəyan etmək istəyirdik.

Balina ovu

- Atanız bir müddət Oxot dənizində balina ovlayan gəmidə işləyib. Ucsuz-bucaqsız okean, açıq dənizə çıxmış gəmi, dəyişən fəsillər, tufan, qasırğa... Bu onun nəyinə lazım idi? 

- Maraqlı sualdır. Xeyriyyəçiliyi ilə tanınmış Aşurbəyovlar vardı, tarixçi alim Sara Aşurbəylinin valideynləri. Onlar sınaq keçirir, ən istedadlı, savadlı gənclərə aylıq təqaüd ayırırdılar. Atam da sınaqdan keçmişdi və onların vəsaiti ilə iki il ali təhsil almışdı. İki ildən sonra atam "təəssüf ki, maddi imkanlarımız çətinləşdiyinə görə bundan sonra sizə maliyyə yardımı edə bilməyəcəyik" məzmunlu xəbərdarlıq məktubu alır. Onun təhsil alması üçün başqa variantı yox idi. İş tapmaq üçün elanlara baxır və balina ovlayan donanmadakı gəmilərin birində feldşerliyə adam axtarıldığını öyrənir. Bir illik akademik məzuniyyət götürür və çox ağır həyat şəraitində dəfələrlə ölümlə üz-üzə qalmaq bahasına gedib gəmidə işləyir. Sonra oradan aldığı vəsaitlə təhsilini davam etdirir. Cümhuriyyət illərində Azərbaycanda Universitet açılır və atam pedaqoji fəaliyyətlə məşğul olur, cərrahiyyə kafedrasında işləyir. Axı o həm də Azərbaycanda tibb üzrə alimlik dərəcəsi almış ilk şəxsdir.

- Oktay müəllim, sizə daha möhkəm sağlamlıq və uzun ömür arzulayıram. Artıq Mirəsədulla ağadan da yaşlısınız. Böyük olmaq, ağsaqqal olmaq, örnək olmaq sizin üçün nədir? Və bu dövrdə böyük olmaq, o böyüklüyü saxlamaq mümkündürmü?

Böyük olmaq elə Mirəsədulla Mirqasımov olmaqdır

- Bunun mənim üçün çox qısa cavabı var: böyük olmaq, ağsaqqal olmaq, örnək olmaq elə həyatını Mirəsədulla Mirqasımov kimi yaşamaqdır. Artıq 60 ildən çoxdur atam bizi tərk edib. Bunu, sadəcə, onun oğlu olduğum üçün demirəm, amma görürəm axı, bütün Azərbaycan xalqı onunla fəxr edir, xatirəsini əziz tutur. Mən də atamla fəxr edirəm və niyə də etməyim? Böyük olmaq sağlığında özünə əbədiyyət qazanmaqdır. İsmayıl İbrahimov vardı, akademik, 103 yaşında dünyasını dəyişdi. Həmişə deyirdi ki, sənin atan mənim də mənəvi atam olub. Onun bir fikrini xatırladım: ötən əsrin dahilərini görmüşdü - Üzeyir bəy, Cavid, Mirzə Cəlil, Səməd Vurğun... Bax, İsmayıl müəllim deyirdi: "Oktay, qəribədir, elə bil get-gedə insanlar cılızlaşır". Əgər böyük həyat təcrübəsi olan bir insan bunu deyirsə, demək bu sözlərin arxasında acı gerçəklik dayanır. Təbii, indi o qədər böyük olmaq çətindir.

- Yuxuda yaşamaq rahatdır, yoxsa həyatda? Yəqin, yuxu görürsünüz? Çünki bildiyim qədərilə bəzən gördüyünüz yuxuların süjetindən bədii yaradıcılığınızda istifadə edirsiniz.

Reallıqda yaşamaq...

- Qəribə sual oldu. Sizə deyim ki, əvvəllər, hətta silsilə yuxular görürdüm və dediyiniz kimi onlardan birinin süjetini hekayəmə salmışam. Yuxuda yuxu gördüyümü bildiyim üçün ən dəhşətli yuxularımı belə, sakit qarşılayıram, amma bəzən çox dəhşətli yuxular görür adam və bir an əvvəl o dəhşətdən ayılmaq, o kabusdan qurtulmaq istəyir. Bəzən yuxular nəyinsə xəbərçisi rolunu oynayır. Anam dünyasını dəyişəndən sonra yuxuda yaşıl fonda, dumanda onun simasını görürdüm: yaxşı xəbər müjdəsi verməyə gələndə sifəti işıq saçırdı, üzü gülürdü, nəsə narahatlıq olanda qaşları çatılırdı, kədərli olurdu. (Fikrə gedir). Məncə, insan ömrünü reallıqda yaşamaq üçün doğulub. Bütün yaxşısı ilə, pisi ilə reallıqların tərəfindəyəm.

Məşhurlarla qonşu olmaq

- Doğulub boya-başa çatdığınız ev əsl muzeydir. Kimləri xatırlayırsınız o möhtəşəm və mötəbər qonşulardan?

- Demək olar hamısını. Birinci blokda ilk peşəkar qadın opera müğənnilərimizdən olan Həqiqət Rzayeva yaşayırdı. İkinci blokda SSRİ Xalq artisti Adil İsgəndərov. Üçüncüdə yenə SSRİ Xalq artisti, baletmeyster Qəmər Almaszadə. Bizim blok, yəni dördüncü blok mənim üçün daha doğmadır. SSRİ Xalq artisti Bülbül, yazıçı M.S.Ordubadi, biz, məşhur heykəltəraş Sabsay, Mirzə İbrahimov və Mikayıl Rəfili, Ağasadıq Gəraybəyli və Süleyman Rüstəm. Hamısı doğma idi. Gəraybəyli məhəllədəki uşaqlara xoş sözlər deyirdi, başımızı sığallayırdı. Süleyman Rüstəmin qəribə siqaret çəkməyi vardı, əlinin içi ilə ağzını qapadırdı siqaret çəkəndə.

Qıratın belində gəzmək ləzzəti

Mirzə İbrahimovun uşaqları ilə bacı-qardaş kimi böyüyürdük.  Bülbül tez-tez çay içməyə gəlirdi bizə. Hər dəfə "Koroğlu" tamaşası gedəndə bizi yığıb aparırdı operaya, amfiteatrda oturub tamaşaya baxırdıq. Tamaşadan sonra da heç birimiz dağılışıb getmirdik, çünki tapşırmışdı, bizi Koroğlunun atına mindirib gəzdirirdilər... 

- Atanızın son günlərini necə xatırlayırsınız? 15 yaşınız olub, məncə, çox şey yaddaşınızda qalmalıdır. Mirəsədulla ağa dünyasını dəyişəndə ailəni kimə tapşırdı?

Kəpənək qanadlı əcəl

- Mən ondan sonra bir ağrı ilə yaşadım və elə o ağrı ilə də öləcəyəm. Şüvəlanda bağdaydıq. Birdən böyük, gözəl bir kəpənək gördüm və torla onu tutmaq istədim. Atam da xəstəhal idi, eyvanda oturub bağa baxırdı. Bunu görəndə mənə irad tutdu, dedi ki, meynələri əzmə. Təbii, onun sözündən çıxa bilməzdim, amma heyifsiləndim, az qalmışdı kəpənəyi tutmağıma. Bir qədər sonra kəpənək yenə gəldi və yenidən onu tutmağa cəhd etdim. Atam ikinci dəfə mənə irad bildirdi. Pərt oldum, ürəyimdə: "İki meynə əzilsə dünya dağılar?!" fikirləşdim və atamdan incidim. Həmin gecə atam dünyasını dəyişdi. Anam, böyük qardaşlarım başının üstünü kəsdirib, mənsə incik olduğum üçün yatmışam. Ondan incik olduğumu heç vaxt özümə bağışlamıram. Hər kəsdən axırda mən gəldim onun yanına. İndi fikirləşirəm, bəlkə də o kəpənək əcəl idi, uçurdu bağda və atam bunu hiss edirdi.

O ki qaldı ailəni kiməsə tapşırmasına, bunu xüsusi qeyd etməyə ehtiyac yox idi, çünki bir qayda olaraq atamdan sonra böyüklük qardaşım Mirmustafanın çiyninə düşdü. Məndən 21 yaş böyük idi və o, həm də mənə atalıq etdi.

Söhbətləşdi: Əyyub QİYAS

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!