Vaqif Səmədoğlunun poeziyasında uşaq dünyası
Aygün BAĞIRLI
Körpə gülüşlərindən
bir xalı toxunmuş olaydı,
salınaydı
bax o buludla
bu buludun arasında
salınaydı maviliyə.
Gözləri yumub,
batmaq olaydı kaş
maviliyə sərilmiş
körpə gülüşlərində...
Körpə gülüşlərindən xalı toxuyub buludların arasına sərmək, səmanı, yeri, bütün kainatı körpə gülüşlərinə qərq etmək arzusunda olan, dünyanın xoşbəxtliyini bunda görən Vaqif Səmədoğlu bu sevginin, bu xoşbəxtliyin içində batmaq, boğulmaq istəyirdi. Vaqif Səmədoğlu uşaq şairi deyildi, Humaya, Aygünə, Turala həsr etdiyi şeirləri nəzərə almasaq uşaqlar üçün şeirlər də yazmayıb. Amma "qafiyəm ol, uşaq təbəssümü", "körpələri bu başdan bayraqlara bələyin", "uşaqtək zəif, uşaq kimi inadkar həsrət", "uğuna-uğuna Günəşə gülən bu şən çocuqlar", "kaş uşaqlara yuxuda meh dəysin gecə" - kimi poetik ifadələr və deyimlər körpə fidanların şairin poeziyasındakı yerini, mövqeyini, sahib olduqları statusu göstərir. Şairin poetik "mən"i hətta uşaqların xoşbəxtliyi üçün "bütün qorxular kaş mənim ola" - deyir, Nesinsayağı onların dünyasına kölgə salacaq hər şeyi özünə götürməyə razı olur.
Vaqif Səmədoğlu uşaqlar üçün şeirlər yazmasa da, düşünürəm ki, onun bütün poeziyası, bütün yaradıcılığı elə uşaqlara danışmaq istədiyi nağıldır.
Vətəndən nəğmə demə, qızım,
qar yağır...
Soyuq dəyər
"Vətən" sözünə,
üşüyər dilimiz.
Gizlət,
təmiz dəsmala büküb,
oxuduğun nəğməni,
gizlət kuklalarının arasında...
Gəl, qızım, gəl.
nağıl danışım sənə:
Biri vardı,
biri yoxdu, qızım,
bir nağıl vardı,
uşaqlar ondan xəbərsiz...
Bu şeir 1982-ci ildə yazılıb, bizim nəslin nağıllara qulaq asan vaxtında. Şair öz qızının simasında onun bütün həmyaşıdlarına danışmaq istədiyi nağıldan xəbərsiz olmuşuq biz uşaqlar. İndi Vaqif Səmədoğlunun şeirlərini oxuduqca xəbərsiz olduğumuz, şairin zamanının bütün əzab və acılarını əks etdirən o "nağılı" oxuyuram sanki. Qorxulu nağıldı, bu nağıllarda təkcə dinləyənin yox, şairin özü demişkən, hətta devlərin gözləri doludur, nəmlidir. "Vətən" sözünü ən əziz əşya kimi, ən dəyərli ərmağan kimi təmiz dəsmala büküb kuklaların arasında gizlətməyi qızına tövsiyə edən şair özü bu kutsal kəlməni misralarının arasına büküb, şimaldan gələn soyuqdan, tufandan gizlətməyə, qorumağa çalışıb. Vətənin, bu vətənin "yazıq", xoşbəxtliyə qafiyə tapmayan şairinin nağılını yazıb bizə.
Cəmi beş-altı misra ilə iztirabın, həsrətin, bir addımlığında durub əlinin çatmadığı arzuların, üşüyən uşaqlıq xatirələrinin, çıxılmaz dalana düşmüş poetik qəhrəmanın çarəsizliyinin tablosunu yaradıb. Bu tablolar o qədər təbiidir ki, burada nəinki heyrətin, həsrətin, qorxunun, sevginin rənglərini görürsən, hətta ayaq altındakı yaş xəzəllərin, nəm skamyanın qoxusunu da hiss edirsən. Bu tablolardan bir qəmli uşaq gözləri boylanır sənə. O uşaq ki, oxuduğu nağıllarda hətta "devlərin də gözləri dolur". Taleyə bax, bütün uşaqların oxuduğu nağıllarda devlər dəhşətli və qorxuludur. Vaqif Səmədoğlunun nağıllarındakı devin gözləri isə dolub. Devin də gözlərini yaşardan bu uşaq "39-da doğulub, 37-də tutulub". Uşaqlığı dustaqlıqda keçib. "Elə bil ayrılıqdan süd əmib uşaqlığım" - yazıb, "dənizi xoşbəxt", "sahili şən" aləmin onun nəinki həyatına, hətta yuxularına belə aidiyyəti olmayıb.
Bu yuxu deyəsən yolunu azıb,
mənim yuxum deyil bu.
Bu lalələr, bu çəmən,
sevinib, uğuna-uğuna Günəşə gülən
bu şən cocuqlar...
Bu röya mənim deyil,
bu dünya mənim deyil.
Bu işıqlı aləm ona görə şairə yad idi ki, onun "uşaqlığının meşəsində" ocaqlar çatılmışdı. İsti, xoş xatirələrdən çox, yaddaşında uşaqlığından "kimsəsiz park", "üşüyən nəm skamyalar" qalmışdı. Ona görə Vaqif Səmədoğlunun poeziyasına həsrətin, ayrılığın poeziyası da demək olar. Bu həsrətin poetik obrazı maraqlı tərzdə təqdim olunurdu. Günəş bir gün göy üzündə bir daha batmamaq iddiasıyla dayanır. Zahirən pis görünmür. Günəş işıqdı, istilikdi, həyatdı. Amma şair gözlənmədən bu mənzərədən doğan və bizim görmədiyimiz həsrəti görür - bütün dünya gecə həsrətiylə dolur. Yaxud, şair qaranlıqda yanan şamları uşaqkən ölmüş günəşin şəklinə bənzədir. Başqa bir şeirdə "Başın üstən yana-yana köçər durna qatarı..." - deyir. Durna qatarının köçməsi onsuz da hicrandı, ayrılıqdı, payızın gəlişidi, amma bu durna qatarı Vaqif Səmədoğlunun şeirindən yana-yana köçəndə bu ayrılıq daha niskilli olur.
Həmişə olmasa da adətən, uşaqlıq çağı yaddaşda ömrün qayğısız, şən illəri kimi qalır və xatırladıqca rəngli və ilıq ovqat yaratmış olur. Amma Vaqif Səmədoğlunun poetik qəhrəmanı haqqında bu sözləri deyə bilmirik. Onun uşaqlığı böyük Azərbaycan şairi Səməd Vurğunun ocağında, bir çox cəhətdən zəngin mühitdə keçsə də, izləri o qədər də fərəhli və urəkaçan deyil.
Ağlayıb qucağa alınmadığım
uşaqlığın yaraları
bu gün açılır bir-bir.
Uşaqlığımın qanı damır
bu günün torpağına...
Bu yaraları
Heç nəylə sarımaq olmaz daha.
İndi öz qanına bulana-bulana
oturasan gərək,
qulaq asasan
uzaqda ağlaya-ağlaya ölən
uşaqlığına...
Anasına xitabən yazdığı şeirdə "bir-iki lay-lay qoy yoluma, ana, bəlkə uzaqda-uşaqlıqda öləcəyəm" - deyən şairin bu bədbin poetik fotoları, düşünürəm ki, təkcə onun yox, elə o nəslin, o epoxanın bütün uşaqlarının ağ-qara rəngli qəmli fotolarıdır. Yuxarıda qeyd etdiyimiz kimi, repressiya görmüş, dünya müharibəsi yaşamış, yasaqların, qadağaların, çərçivələrin hələ uşaqkən sərhədlərini tanımaq və səbəblərini anlamaq nikbin poetik qəhrəman yaratsaydı oxucuyla səmimi ünsiyyət alınmazdı. Və Vaqif Səmədoğlunun fərqliliyi, özəlliyi ondadır ki, bu səmimi ünsiyyəti yarada bilmiş, oxucunu yazılmamış şeirlərin, ürəkdə qalan sözlərin dərdinə inandıra bilmişdir.
Yenə gözlərim yol çəkir,
yenə qulağım
ana dili sorağında
yenə qürbətdə bir kəlmə eşitmək həsrəti
Vətən haqqında
Və yenə sabah yox,
yenə hər gün-bu gün.
Vaqif Səmədoğlu uşaqları hələ körpə ikən bayrağa bələməyi tövsiyyə edirdi. Gün gəlir həmin uşaqlar onun şeirlərində bayraq görəndə gözləri dolan, köksü qabaran qəhrəmana çevrilir.
Vaqif Səmədoğlunun bir qədər narahat, bir qədər çılğın, bir qədər də ərköyün poetik "mən"i bir şeirində olduqca təmkinli və qayğıkeşdir. Bu şeirdə şair vətən övladlarını ön cəbhəyə yola salan bir ata təşvişi və həyəcanı ilə canlanır. Həssas şair vətənin övladı kimi şeir yazanda ərkyanalıq və ötkəmlik nümayiş etdirirdisə, gənc və "qarayanız balalar"ı davaya göndərəndə o qədər kövrək və nisgilli görünür.
Evə şikəst gəlməyin...
Bığ yeri tər balalar,
Ürəyi nər balalar,
Yurda nökər balalar,
Bizim əsgər balalar...
Maraqlıdır, şair bu dünyayla vidasında da "matəm bayrağı" kimi hələ illər əvvəl bir sarı çiçəkli uşaq paltarını seçmişdi. Xoşbəxt görünən, uşaq təbəssümünü şeirinə qafiyə seçən, oxuyanda dilini, xatırlayanda yaddaşını yandıran "nağıllar" müəllifi şairin vidası üçün külək Bakının küçələrində həmin gün nə ağ, nə qara, nə üçrəngli bayraq, məhz sarı çiçəkli uşaq paltarı dalğalandıracaqdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!