Ecazkar rəqsin sehrində… - Xuraman Hüseynzadə

Azad və ecazkar rəqsi ilə əvvəl Avropanı, sonra Amerikanı, ən sonda bütün dünyanı fəth edən rəqqasə Aysedora Dunkan haqda Maksimilian Voloşin yazırdı: "Aysedoranın rəqsi hər şeydi. Başqalarının danışdığını, oxuduğunu, çəkdiyini Aysedora oynayır. O, Bethovenin "Yeddinci simfoniya"sını və "Ay sonata"sını oynayır. O, Boticellinin "Primavera" və Horatsinin şeirlərini oynayır."
Aysedora Dunkan,Rusiyada həm də Sergey Yeseninin sevgilisi kimi tanınırdı. Amerikada isə qəzetlər Yesenini belə təqdim edirdi: "Sergey Yesenin-rus kişisi. Əvəzsiz Aysedora Dunkanın əri..."
Dunkanı Yeseninə sevdirən sənəti, ecazkar rəqsi idi. Rəqs ilahəsi sənətinə vurğunluğunu belə izah edirdi: "Körpənin xarakteri ana bətnində müəyyənləşir. Mən dünyaya gəlməzdən əvvəl anam faciə yaşayıb. O, yalnız dəniz xərçəngi yeyərək buz kimi şampan içib. Əgər məndən soruşsalar ki, nə zaman rəqs etməyə başlamışam, cavab verərəm ki, anamın bətnində. Ola bilər ki, bu, xərçəngin və şampanın təsirindəndir."

Uğursuz sevgilər

Aysedoranın atası o, hələ dünyaya gəlməzdən əvvəl müflisləşir. Biznesmen ata müflisləşdiyini görüncə həyat yoldaşı ilə uşaqlarını həyatın ümidinə buraxıb gedir. Aysedora 5 yaşına çatanda onun yaşını gizlədərək məktəbə göndərirlər. O, 13 yaşında olarkən məktəbə getməyi faydasız bir iş hesab edir. Bu səbəbdən məktəbin daşını ataraq musiqi və rəqslə ciddi məşğul olur. 18 yaşında Çikaqoya gəlir və gecə klublarında rəqs etməyə başlayır. Aysedora tez bir zamanda özünün ekzotik çılğın rəqsləri ilə Çikaqoda məşhurlaşır. Onu başqa rəqqasələrdən fərqləndirən cəhəti ayaqyalın rəqs etməsi idi. Belə rəqslər Amerika tamaşaçısı üçün yenilik hesab olunurdu. Bu zaman o, pərəstişkarı 45 yaşlı polyak İvan Mirotski ilə tanış olur. Onlar ailə qurmağa qərar verirlər. Lakin Mirotskinin yoxsul və evli olmasını eşidən rəqqasə fikrindən daşınır. Bu uğursuz məhəbbət romanı onun həyatındakı bütün uğursuzluqların başlanğıcı olur. Mirotski onun yaddaşında Romeo kimi qalır.

Bahar, Budapeşt və Oskar Bereji-istedadlı aktyor və ehtiraslı sevgili... Dunkanın qarşısına çıxan növbəti kişi. Lakin bu münasibət də çox çəkmir. Bereji karyerasını rəqqasədən üstün tutur. Aysedora növbəti uğursuz eşq macərasını yazıçı və müəllim Henrix Tode ilə yaşayır. Böyük eşq yaşayan cütlük yazıçının evli olması səbəbindən münasibətə son verir.

1904-cü ildə Dunkan, modernist teatr rejissoru Edvard Qordon Kreqlə münasibət qurur və bu münasibətdən bir qızı dünyaya gəlir. Həmin vaxtlar Moskva və Sankt-Peterburqda konsert proqramları ilə çıxış edən Dunkan məşhur rus rejissoru Stanislavski ilə tanış olur. SSRİ maarif naziri Lunaçarski rəsmən Dunkana Moskvada rəqs məktəbi açmağı təklif edir.

Böyük rəqqasə və gənc şair

1921-ci ilin oktyabrında Dunkan şair Sergey Yeseninlə tanış olur. Bu zaman Aysedoranın 43, Yeseninin isə 27 yaşı vardı. Tanışlıq belə olur: Elitar məclislərdən birində olan Dunkan ecazkar rəqsdən sonra dostların təbriklərini qəbul edirdi. Təbrik edənlər arasında Yesenin də vardı. Dunkan qəfil Yeseninin dodaqlarından öpür. "O mənə şeirlərini oxuyurdu. Şeirləri eşidəndə anladım ki, bunları dahi yazıb. Hərçənd ki, mən bu şeirləri sona qədər başa düşmürdüm. Amma bu şeirlər sanki musiqi idi" - deyəcəkdi rəqqasə. Öz ana dilindən başqa dil bilməyən Yeseninlə rus dilində cəmi bir neçə söz bilən Aysedora həmin gecəni birlikdə qalırlar.  Tanışlıqdan az müddət keçəndən sonra Yesenin əşyalarını da götürüb rəqqasənin evinə köçür. Beləliklə, gözlənilməz tanışlıq gözlənilməz hadisə ilə - evliliklə nəticələnir.

Xarici görünüşü və şeirləri ilə qadınların ürəyini fəth etməyi bacaran Yesenin 19 yaşında ata olmuşdu. Peterburqun sevilən şairi qaynar həyatını yaşamaqda davam edirdi. Atalıq məsuliyyəti onu qəti narahat etmirdi. İlk sevgisi olan Anna və oğlu Yuri onun üçün artıq yaşanmış mərhələ idi və çoxdan arxada qalmışdı. Sevərkən bütün qəlbi ilə özünü sevgilisinə həsr edən Yeseninin bu xüsusiyyəti Sovet İttifaqına gəlmiş amerikalı rəqqasənin də diqqətindən yayınmamışdı…

Sevginin dili olmur…

Ən böyük arzusu sevmək və sevilmək, yuva qurmaq olsa da, Dunkan cəmi bir dəfə rəsmən ailə qurur. Bu da ona görə baş verir ki, Yeseninin xaricə çıxışına qadağa qoyulubmuş. Bu qadağanın aradan qaldırılması üçün rəsmi nikah lazım idi. Bu nikah ətrafdakılara çox qəribə gəlirdi. Bunun əsas səbəbi onların yaş fərqi deyil, tərcüməçi vasitəsilə danışmaları idi. Doğrudan da sevginin dili olmur…

Yesenin ovqat adamı olduğundan bir az əsəbiləşən kimi, heyifini Aysedoradan çıxırdı: onu alçaldıcı sözlərlə təhqir edir, özündən çıxır, onun üstünə qışqırırdı. Amma çox keçmir ki, yumşalır və peşman olurdu. Zaman keçdikcə Yesenin, həyat yoldaşına qarşı diqqətli olmağa çalışırdı. Xaricdə Yeseninin böyük Aysedoranın gənc əri kimi tanınması onların arasında qalmaqallara səbəb olur. Yeseninlə Aysedoranın qalmaqallı münasibəti çox keçmədən bitir. "Mənim böyük ehtirasım var idi və bu, düz bir il davam etdi. İlahi, mən necə də kor olmuşam, indi Dunkana qarşı heç nə hiss etmirəm" - qızılı saçlı rus şairi Yesenin Aysedora ilə münasibətləri, yaşadıqları sevgi haqda belə deyəcəkdi...

Aysedora Yesenini birlikdə yaşadıqları Amerikadan Moskvaya qaytarır. "Yesenini qopardığım Rusiyada onun həyatı çox çətin idi. Buna baxmayaraq Yesenin Rusiyasız yaşaya bilmirdi. İndi o, öz ağlını xilas etmək üçün Rusiyaya qayıtmalıdır", - rəqs ilahəsi şairin vətən həsrətini anlayırdı… Dunkan Yesenini müalicə etdirmək istəsə də o, bunu qəbul etmir və bildirir ki, Amerikada baş verənlərin səbəbi onun ruhi sarsıntıları deyil: "Mən sadəcə belə edirdim ki, məni xatırlasınlar".
Onlar bir daha görüşmürlər. Rəqqasənin son "gözaltısı" gənc rus pianoçu Viktor Serov olur.
Yesenin bir vaxtlar onların birlikdə qaldığı oteldəki otaqda dünyasını dəyişir. Şairin intihar etməsi ilə bağlı fikirlər hələ də səslənməkdədir…

Dunkanın sonrakı addımları da maraq doğururdu. O, Yeseninlə rəsmi kəbində olduğuna görə şairin varidatına iddia hüququ olsa da, onun ailəsinin xeyrinə bundan imtina edir. Halbuki həmin vaxtlar rəqqasənin pula çox ehtiyacı vardı.

Aysedora Dunkan və Yesenin rəsmən boşanmasalar da, şair Sofiya Tolstoyla evlənir. Onun buna necə nail olması maraq doğurur.

"Əlvida, dostlar..."

"Rəqs mənim həyatım deyil. Ancaq rəqsin köməyilə mən özümü ifadə edə bilirdim. Bütün bunları sözlə ifadə etmək çox çətindi. Sadəcə, hiss etmək lazımdı. O zaman ki, həyata keçən arzuların məhv olur, nə edəcəyini bilmirsən. Bütün omrün boyu rəqs etmək istəyirsən, ancaq bacarmırsan. İlk öncə fiziki ağrılar, daha sonra isə psixoloji baryerlər buna mane olur. Ancaq heç vaxt "heç vaxt" demək lazım deyil. Mən təsdiqləmirəm ki, bir daha rəqs aləminə qayıtmayacam. Sadəcə indi mənim daxili aləmim buna hazır deyil. Ola bilər ki, zaman keçdikcə bunlar hamısı bərpa olunsun, ancaq indi bir kənardan seyr etməyə üstünlük verirəm."

Böyük rəqqasənin uğursuz, ancaq qeyri-adi həyatı sona yaxınlaşmaqdaydı. Bir neçə gündən sonra Dunkan boynuna qırmızı şərfini dolayıb ona təklif olunan paltodan imtina edərək, maşınla gəzintiyə çıxır. Şərf kifayət qədər isti olduğundan o, evdən paltosuz çıxır. Maşın tərpəndikdən sonra qəfil dayanır. Ətrafdakılar görür ki, qadının başı qəfil maşının qapısına çırpılır. Təkərə ilişən şərf dartınaraq Aysedoranın boynunu sındırır... Qırmızı şərf al qırmızı qana boyanaraq qara taleyin son düyününü vurur... Ömrünün 50-ci payızında əbədiyyətə gedən yolun başlanğıcında rəqs ilahəsi son olaraq bu sözləri deyə bilir: "Əlvida, dostlar! Mən şöhrətə doğru gedirəm!"

Sergey Yesenindən sonra cəmi iki il yaşayan Aysedora Dunkan Parisdə Per-Laşez məzarlığında dəfn olunur...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!