Bayram tonqalında
Axşam həyətimizdə
Bayram tonqalı yanır.
Hamı qaçıb növbəylə
Bu tonqaldan tullanır.
Üçyaşlı qardaşım da
Gəlib durur yaxında.
Tonqaldan tullanır o
Atamın qucağında...
Yaz yağışı
Yaz ağzı yağan yağış
Can verər çölə, düzə.
Torpağı yumşaldar ki,
Gül-çiçək çıxsın üzə.
Yumaq
Nənəm xalı toxuyur,
Yumağı da var hər cür.
Bu qırmızı, bu yaşıl,
Bu narıncı, bu göydür...
Heyva ağacının da,
Çoxlu yumağı vardır...
Amma hamısının da,
Rəngi ancaq sarıdır.
Biçənəkdə itmişdik...
Qardaşımla birlikdə,
Biçənəyə getmişdik.
Ot yaman hündür idi,
Biçənəkdə itmişdik...
Elə bu zaman
Babam
Bizi səslədi bərkdən.
Yeriyib həmin səmtə,
Cəld çıxdıq biçənəkdən...
Soyuq da bizdən qaçdı
Qardaşımla birlikdə,
Qayıdırdıq qoruqdan.
Birdən hiss elədik ki,
Üşüyürük soyuqdan...
Dedim: - Bir məni dinlə,
Bilirsən nə var, qaqaş?..
Qaçmalıyıq soyuqdan.
Di tez ol, di hazırlaş...
Biz bir xeyli qaçmışdıq,
İsindi bədənimiz.
Soyuğu hiss etmədik,
Yolumuzda daha biz...
Elə sevinmişdik ki,
Üz-gözümüz nur saçdı.
Biz soyuqdan qaçmışıq,
Soyuq da bizdən qaçdı...
Ayla gizlənpaç
Ay gah girir buluda,
Gah da buluddan çıxır.
Turqut durub həyətdə,
Həvəslə ona baxır.
Səsləyir
Qardaşını -
Salır oğlan hay-haray:
- Ay Ələsgər,
Mənimlə
Gizlənpaç oynayır Ay!..
Yaxası açıq köynək
Yaman dəcəldir İlqar,
Çox zaman dava salır.
Köynəyinin yaxası
Axırda açıq qalır...
Dələnin yolu
Dələ cəld bu ağacdan
Adlayır o ağaca.
Budaqları dolanır,
Həvəslə qaça-qaça.
Gözlərini süzdürür,
Yoxlayır sağı-solu.
Ağacların başından,
Keçir dələnin yolu.
Bizimlə gəzsin
Sahildə gəzirik biz,
Haylı-küylüdür dəniz...
Dalğalar qatar-qatar,
Sahilə can atırlar.
Dəniz dalğalandıqca,
Səslənir kiçik Təhsin:
- Dalğalar istəyir ki,
Gəlib bizimlə gəzsin!
Şam meşəsi
"Şimal duyğuları" silsiləsindən
Ağaclar bir-biriylə,
Yanaşıdır, yanaşı.
Burda həmişə yazdır,
Burda görməzsən qışı...
Ağaclar bəhsə girər,
Ətrafa baxa-baxa.
Hər biri də can atar,
Daha hündürə qalxa...
Vələs
Gəzintiyə çıxmışdıq,
Gəzdik neçə dərə-dik.
Evimizə dönəndə,
Yolda çox istiləndik.
Yaxınlıqda bir vələs,
Qoynuna çəkdi bizi.
İstinin əlindən o,
Aldı hər birimizi...
İş tapan babam
Kənddə tanıyır hamı -
Mənim babam bağbandır.
Bağdakı ağaclara,
Həmişə də həyandır.
O, həvəslə səhərlər,
Gəzib-dolanır bağı.
Gözdən keçirir bir-bir,
Hər yarpağı, budağı...
Olduqca işgüzardır,
Ağacları sulayır.
Bıçağını götürüb,
Təzə tinglər calayır...
Bir an bekar dayanmır,
Səbri yox işsiz dura.
Bağda gəzib-dolanır,
İş axtara-axtara...
Qoymur ağacda qalsın,
Bir quruca budaq da.
Hələ mənə də bir iş,
Axtarıb tapır bağda...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!