Bapbalaca... - İnqilab İsaq - uşaq şeirləri

Şokoladlı ev

Bu ki bəzəkli tortdu...

Burda ev var, çəmən var.

Poladın ad günüdü -

Bilirsiniz, uşaqlar?

 

Xalası bişirən tort

Necə də dadlı olur.

Toy-bayram günlərində

Həmişə adlı olur.

 

Bu gün də bax, xalası,

Yenə təbrikə çatıb.

Əlvan-əlvan xəyalı,

Dadlı aləm yaradıb.

 

Polad yaman sevindi,

Bilmir neyləsin indi.

Söylədi, - durun, kənar

Şokoladlı bu evi

Axı, uçurmaq olar?

 

Dirriyimiz, diriliyimiz

Ay Bənövşə, Bənövşə -

Evə çağır Cəfəri.

Səslə dirriyə getsin,

Bir az yığsın cəfəri.

Keşnişə də əl atsın,

Böyürtkəni qanatsın.

Bala dönüb çiyələk,

Sırğaları ləkbələk.

Torpaq baldı, barlıdı,

Becərmişik dirriyi.

Axı, nə yox süfrədə?

Bol bərəkət, bu zəhmət -

Evimizin diriliyi.

 

Ballıca

Günəşi bollucadı,

Otu daşdan ucadı.

Adam burda itər ki,

Bu çəmən Ballıcadı.

 

Rənglər rəngə qarışıb,

Tikan güllə barışıb.

Şehlə gözünü qırpan

Bu çəmən Ballıcadı.

 

Dağlarla boy-boyadır,

Nərdivanı qayadır.

Bu ovsundan ayıl di...

Bu çəmən Ballıcadı.

Yanağına xal çəkən,

Çiçəyindən "bal" çəkən,

Arıları - uşaqlar

Çəmənim Ballıcadı.

Yağış yağır

Bıldır, bıldır

Yağır yağış.

Budur, budur,

Yağır yağış.

Quraqlıqlar

Çiçəklənir.

Solmuş kollar

Ürəklənir.

Damçıları

Saya-saya.

Gölməçələr

Güzgü tutub,

Baxır Aya.

Axır şirin

Yuxu tutdu

Yatdı yağış.

Bal-şəkərə

Batdı yağış.

 

Sünbüllü şeir

Çörək boldu

Süfrədə.

Çörək baldı

Süfrədə.

Qırıb qırağa

Atma.

Qədrini bil

Loxmanın.

İşığı hər

Daxmanın.

Əkinçi ol, əkində,

Biçinçi ol, biçində.

Bu deyimlə öyün sən.

Əllərinə baxaraq,

Kimsən axı,

Deyim sən...

 

Qaratoyuq

Adın Qaratoyuqdu,

Nə qəribə adın var?

Sənin də quşlar kimi

Qəşəngcə qanadın var.

Sən ki, uça bilirsən,

Göyü uca bilirsən.

Gəzsən də budaq-budaq,

Axtarsan da yerdə dən,

Lap məəttəl qalmışam

Qanadını göy açır,

Sənin haran toyuqdu?

 

Bapbalaca...

Sevil, Sevil... Bapbalaca

Şirin-şəkər baxışı var.

Güllü-güllü donuna bax,

Əlvan-əlvan naxışı var.

Ayağında çox sevinən,

Yumşaq, qəşəng papışı var.

O, yuxudan duran kimi,

Nənəsinə "appa" deyir,

Babasına "oppa" deyir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!