"Göyərçin" jurnalı sehrli bir uşaq ədəbiyyatı xəzinəsidir

 

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Göyərçin" jurnalının baş redaktoru, görkəmli şair-pedaqoq, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu ilə uşaq ədəbiyyatı problemlərinə bir nəzər.

- Rafiq müəllim, xoş gördük.

- Xoş gördük!

- Yazılarınızın birində qeyd edirsiniz: "Tələbələrimə dərs deyəndə çalışıram ki, birinci növbədə onların ürəyində həyata, ədəbiyyata, insanlara qarşı məhəbbət hissi oyadım. Məhəbbət olan yerdə insanı böyük uğurlar, səadət, xoşbəxtlik, mənalı ömür gözləyir. Məhəbbət insan ömrünü adilikdən qurtarır, ona sirli-sehrli bir çalar gətirir". - Kiçikyaşlı uşaqlar üçün nəşr etdiyiniz "Göyərçin" jurnalını vərəqləyərkən eyni məhəbbət və sevgi, qayğı görünməkdədir.

- Diqqətinizə görə təşəkkür edirəm. Sizin bu sevgini jurnalımızın səhifələrində görməyiniz şəxsən mənim və yaradıcı kollektivimizin işinə verdiyiniz ən yüksək dəyərdir. Bu məni o mənada məmnun edir ki, deməli, işimizin mahiyyətini anlayanlar, onun əhəmiyyətini bilənlər var. Böyük türk şairi Nazim Hikmətin bir sözü yadıma düşdü: "Balım olsun, arısı gələr Bağdaddan". Biz həmişə öz işimizi sevgi ilə, ürəyimizin səsi ilə görməyə çalışmşıq. Məndən əvvəl də belə olub, indi də belədi... Məhsulumuz isə göz qabağındadır bütün uğur və nöqsanları ilə bərabər.

Bu məqamda yadıma  "Göyərçin"in sabiq baş redaktoru Tofiq Mahmudun məni şöbə müdiri vəzifəsinə işə dəvət edərkən dediyi söz düşür: "Mirzə, (o, həmişə mənə belə müraciət edirdi - R.Y.)  "Göyərçin" jurnalını çox sevirəm. İstəmirəm ki, məndən sonra bu jurnalın baş redaktoru təsadüfi adam olsun. Ona görə çox götür-qoydan sonra bu qərara gəlmişik ki, səni redaksiyamızda işə götürək".

Bunu ona görə xatırladıram ki, elə "Göyərçin"in redaksiyasında həmişə sevgi, peşəkarlıq ab-havası olub.

- Sovet dövründən fəaliyyətə başlayan, müstəqillik illərində işini davam etdirən "Göyərçin" jurnalında bu gün nələr dəyişib, ənənəyə sadiqlik nə dərəcədə gözlənilib?

- Müstəqilliyin ilk illərində digər mətbuat orqanları kimi, "Göyərçin" də müəyyən çətinliklərlə üzləşdi. Lakin çox keçmədi ki, ulu öndər Heydər Əliyevin qayğısı və diqqəti nəticəsində "Göyərçin" öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə qurmağa başladı. Sonrakı illərdə də ümummilli liderimizin yolunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata, o cümlədən də uşaq mətbuatına göstərdiyi diqqət öz bəhrələrini verməyə başladı. Jurnalımıza dövlət himayədarlığı işimizi xeyli dərəcədə asanlaşdırdı, bizi daha böyük həvəslə yazıb-yaratmağa ruhlandırdı...

Sualınız jurnalımız haqda görkəmli pedaqoqların, şair və yazıçıların söylədikləri bəzi fikirləri yadıma saldı: "Göyərçin" "Əlifba"dan sonra ikinci dərslikdir", "Göyərçin" Azərbaycan uşaq mətbuatının flaqmanıdır", "Göyərçin" qartallar yetişdirir" və sair. 1958-ci ildə nəşrə başlayan "Göyərçin"in ilk baş redaktoru görkəmli yazıçı, sonralar "Ulduz" jurnalı, "Ədəbiyyat və incəsənət" qəzetinin də baş redaktoru olan Yusif Əzimzadə olub. Sonra onun yolunu Hüseyn Abbaszadə, Xalidə Hasilova və Tofiq Mahmud davam etdiriblər. 1997-ci ildən isə elə həmin qələm adamlarının zəmanəti, xeyir-duası ilə bu işi mən davam etdirirəm. Onların tövsiyəsi ilə həmişə "Göyərçin"in müqəddəs yuvasını yad nəfəslərdən qorumağa çalışmışam. Mənim üçün kiminsə nüfuzu, xahişi yox, "Göyərçin"in məndən əvvəl qoyulan ənənəsini davam etdirmək əsas olub.

Sovet dövründə "Göyərçin"də əsərləri çap olunan yazıçıların, şairlərin  adlarına fikir versəniz, həmin jurnalın səviyyəsi haqqında Sizdə dolğun təsəvvür yarana bilər. Süleyman Rəhimov, Əli Vəliyev, Mehdi Hüseyn, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Abdulla Şaiq, Mirvarid Dilbazi, İlyas Əfəndiyev, Əhməd Cəmil, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Balaş Azəroğlu, Mədinə Gülgün, İsmayıl Şıxlı, Bayram Bayramov, Mirmehdi Seyidzadə, Mikayıl Rzaquluzadə, Qabil, Qasım Qasımzadə, Hikmət Ziya, Məmməd Araz, Anar, Elçin, Fikrət Qoca, Fikrət Sadıq, Xəlil Rza, Xanımana Əlibəyli, Sabir Əhmədov, Emin Mahmudov, Namiq Abdullayev, Əli Kərim, Məstan Günər, İlyas Tapdıq, Nəriman Həsənzadə, Ələviyyə Babayeva, Əzizə Türkan, Məmməd Aslan, Məmməd İsmayıl, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Səyavuş Sərxanlı, Eldar Baxış, Vaqif İbrahim...  Hələ bu, natamam siyahıdı...

Dünya uşaq ədəbiyyatının ən gözəl nümunələrinin ilk dəfə tərcümə edilərək "Göyərçin"də çap olunması da əhəmiyyətli faktlar sırasındadır. Necə deyərlər, "Göyərçin" jurnalı sehrli bir uşaq ədəbiyyatı xəzinəsidir.

Müstəqillik illərində də "Göyərçin" jurnalı əvvəlki illərin ənənələrini qoruyub saxlaya, onu günün tələblərinə uyğun səviyyədə inkişaf etdirə bilib. Bu illərdə "Göyərçin"də uşaq ədəbiyyatı ilə ciddi şəkildə məşğul olan şair və yazıçılarımızın ən yaxşı əsərlərini çap eləməyə çalışmışıq. Dünya uşaq ədəbiyyatı nümunələrinin tərcüməsi və nəşri də diqqət mərkəzində saxlanılıb. Fikrimizcə, yaradıcı kollektivimizin ən böyük uğuru "Göyərçin"in kitabxanası seriyasından çap etdiyimiz əsərlərlə bağlıdır. Dədə Qorqudun 1300 illik yubileyində  hazırladığımız "Kitabı-Dədə Qorqud" adlı komikslər kitabının dövlət səviyyəsində nəşri nəinki ölkəmizdə, eləcə də bütün Şərqdə bu sahədə atılan ilk addım kimi dəyərlidir. "Qoruq və yasaqlıqlarımız", "Ulu yurd yerlərimiz", "Azərbaycan nağılları", "Böyük arzuya gedən yol", "Günlərimiz, aylarımız", "Yaddaş kitabı", "Yollar", "Zamanın qatarı", "Söz çəməni", "Ana dilim", "Şeirli-sehrli qrammatıka" və sair kitablar müəllimlərin, tərbiyəçilərin, valideynlərin istəyi, arzu və təklifləri əsasında yaranıb nəşr olunan əsərlərdir. Bu illərdə dünya xalqlarının uşaq oxusu üçün yararlı say-seçmə nağıllarını da kitab halında çap edib oxucuların istifadəsinə vermişik.

- Son illərdə jurnalda çap olunmuş nümunələrdə uşaqların bədii təxəyyülünü genişləndirməkdə böyük əhəmiyyətə malik olan folklora bağlılıq nə dərəcədədir?

- Ümumiyyətlə, folklordan qaynaqlanmayan sənət əsərinin uğur qazana bilməsi inandırıcı görünmür. Bunu təsdiqləyən ədəbi faktlar istər dünya, istərsə də onun tərkib hissəsi olan Azərbaycan ədəbiyyatında yetərincədir. Birbaşa uşaqlar üçün nəzərdə tutulan əsərlərə gəldikdə isə, əslində, Azərbaycan uşaq ədəbiyyatının təməl daşı folklor nümunələri ilə qoyulub. İlk peşəkar ədəbiyyat tarixçilərimizdən biri olan Firidun bəy Köçərlinin tərtib etdiyi "Balalara hədiyyə" kitabını xatırlatmaq kifayətdir. İlk dərsliklər yarananda da orda folklor nümunələrinə üstünlük verilib. Uşaq yazıçılarımızın əsərlərinin demək olar ki, hamısında bu və ya digər şəkildə folklor motivləri var. "Göyərçin"ə gəldikdə isə, burda folklor nümunələrindən istifadə rəngarəng formada olub. Məsələn, xalq nağılları, lətifələr, oyunlar, tapmacalar, düzgülər, laylalar,  yanıltmaclardan jurnalın səhifələrində zaman-zaman gen-bol istifadə olunub və bu proses indi də davam etməkdədir. Folklorşünas alim Məhərrəm Qasımlının redaksiyamıza təqdim elədiyi "Təbriz düzgüləri", "Dərbənd folklorundan nümunələr"ini də jurnalımızda çap etmişik. Digər folklorşünasların təqdim etdiyi nümunələrə də biganə qalmamışıq.

Əgər biz uşaqlarımızı öz xalqımıza, onun adət-ənənələrinə, dilinə, ədəbiyyatına, mədəniyyətinə, əxlaqi meyarlarına uyğun şəkildə tərbiyə etmək istəyiriksə,   ayrı-ayrı janrlı folklor nümunələrinin, eləcə də folklor motivli əsərlərin nəşrinə xüsusi önəm verməliyik.

- Çap olunmuş əsərlərdə diqqəti cəlb edən ən yaxşı cəhət?

- Hər bir əsərə dəyər verərkən iki meyar mütləq nəzərə alınmalıdır: bu əsərdə nə deyilir və necə deyilir? Birinci məsələ mövzu ilə, ikinci məsələ sənətkarlıqla bağlıdır. Ədəbiyyatda yeni fikir çox önəmlidir. Səndən əvvəl deyilənləri təkrarlamaq, özü də primitiv şəkildə  təkrarlamaq  kimə və nəyə lazımdır? Özü də "belə dur, belə otur, onu elə, bunu eləmə" deməklə iş bitmir. Gərək fikrin ifadəsi üçün səciyyəvi bir detal tapmağı bacarasan. Məsələn, Əli Kərimin "Fuad" adlı bapbalaca bir şeiri var. Orada deyilir ki, "Fuad divarı yazırdı, adam yoxdu deyirdi. Görəsən, Fuadın özü  adam deyildi?". 

Yaxud rusdilli uşaq yazıçımız Tofiq Ağayevin "Yuva" adlı bir şeiri var. Onu vaxtilə mən tərcümə edib jurnalımızda çap eləmişəm. Şeirin məzmunu belədi: ana quş balasını danlayıb, onu "künc"ə qoyur. Şeytan quşcuğaz isə görün nə deyir?

Anam deyir, küncdə dur,

Yuvanın varmı küncü?

Yaxud bir var çəməni ümumi sözlərlə vəsf edəsən, bir də var onu uşaq gözü ilə belə mənalandırasan:

Bizim bağçamıza bir çəmən düşüb,

Sürüşüb baharın çiynindən düşüb...

                                    (Zahid Xəlil)

 

Gizlicə yağıbdır,

Gör necə yağıbdır.

Günəşdən qorxubdur,

Qar gecə yağıbdır.

                        (Məmməd Namaz)

 

Ötən axşam sındırıb

Xətkeşini Ədalət.

Bu axşam dəftərində

Əyri alınıb düz xətt.

                        (Ələsgər Əlioğlu)

Bu nümunələrdə ən mühüm cəhət lakonik səciyyəvi detallardan istifadədir ki, bu, uşaq ədəbiyyatı üçün çox vacib məsələdir.

Təəssüf ki, indi uşaq şeiri yazanların böyük bir qismi nəzmçiliklə məşğuldu, bir qismi isə heç şeirin ibtidai qaydalarını da bilmir. Adama ağır gələn isə budur ki, bu tip cızma-qaralar mətbuatda təriflənir...

- Jurnalda Azərbaycançılıq ideyası nə dərəcədə əks olunur?

- Uşaq ədəbiyyatı strateji əhəmiyyət kəsb edən bir ədəbiyyatdır. Bəziləri deyirlər ki, uşaq ədəbiyyatında ideologiya yoxdur və ya olmamalıdır. Bu fikirlə mən qətiyyən razı deyiləm. Uşaq ədəbiyyatının başlıca məqsədi yeni nəsil tərbiyə etməkdir. Təbii ki, uşaq ədəbiyyatında ümumbəşəri ideyaların təbliği əsasdır. Ancaq hər bir xalq özü üçün vətəndaş yetişdirir. Öz xalqının mənafeyini nəzərə almaq hər bir insan üçün vacibdir. Əgər biz Azərbaycançılıq ideyaları təbliğ olunan yüksək bədii səviyyəli əsərlər yazmasaq (söhbət nəzmdən, ümumi sözlər verilən nəsr nümunələrindən getmir), çap eləməsək, mətbuat, televiziya bu tipli əsərlərin təbliğinə yer ayırmasa, uşaqları xarici cizgi filmlərinin, bərbad şəkildə tərcümə edilən xarici yazıçıların əsərlərinin ümidinə qoysaq, onda biz istəsək də, istəməsək də özümüz üçün yox, özgələr üçün vətəndaş yetişdirəcəyik.

- Sovet dövrü ilə müqayisədə uşaq ədəbiyyatının bugünkü vəziyyəti sizi qane edirmi?

- Həm edir, həm etmir. Edir o mənada ki, yaxşı uşaq əsərləri yazılır, ancaq onların nəşri, təbliği günün tələblərinə cavab vermir. Təəssüf ki, xalqın mənafeyi çox zaman biznes maraqlarına qurban verilir. Xarici yazıçıların əsərlərini tələm-tələsik, "moltanı dilində" tərcümə etdirib nəşr eləyən naşirlər öz yazıçılarımızı yada salmaq belə istəmirlər.

- Yaranan nümunələr bugünkü XXI əsr uşağının maraq dairəsini əhatə edə bilirmi?

- Uşağın maraq dairəsini təmin edən əsərlər o zaman yazılacaq ki, uşaq yazıçısının özü maraq dairəsində olsun. Bu sahədə istedadı olan qələm sahiblərini səfərbər etmək, onlara Azərbaycançılıq ideyalarını təbliğ edən əsərlər yazdırmaq, qonorar vermək, kitablarını nəfis şəkildə çap etmək lazımdır. Serialların çəkilişinə pul ayrıldığı kimi, ən gözəl uşaq əsərlərinin də yazılmasına, nəşrinə, ekranlaşdırılmasına, təbliğinə vəsait ayırmaq günün tələbidir. Özü də burada yüksək tələbkarlıq vacib məsələdir. Ən yaxşı ədəbi nümunələrin önündə yaşıl işıq yandırmaq lazımdır. Heç olmasa bu məsələdə dostbazlıq, yerlibazlıq, bütün şəxsi maraqlar arxa plana keçməlidir. Ona görə ki, əvvəldə qeyd etdiyim kimi, uşaq ədəbiyyatı strateji əhəmiyyət kəsb edən bir məsələdir. Əgər biz bu gün öz uşaqlarımızın zövqünü mənəvi dəyərlərimiz ruhunda formalaşdıra bilməsək, onlar şou salonlarını dolduran tamaşaçılardan o tərəfə keçə bilməyəcəklər.

Yeri gəlmişkən, bir məsələni də demək istəyirəm. Məlumdur ki, tərbiyə çox çətin bir prosesdir, olduqca həssas bir məsələdir. Hamıya məlumdur ki, uşaqlar nəsihətçiliyi, danlağı-dansığı sevmirlər. Əslində, elə əsl uşaq yazıçıları da belədirlər. Uşağın daxili dünyasından, psixoloji durumundan, mənəvi tələbatından xəbərsizlərin nəsihətləri uşaqlara xoş gəlmədiyi kimi, çox şey umduğumuz uşaq yazıçıları da onların əsərlərindən sözün həqiqi mənasında xəbərsizlərin "bizdə uşaq ədəbiyyatı yoxdur", "elə yazın, belə yazın" deyən "çoxbilmişlər"dən zəndi-zəhləsi gedir...

- "Göyərçin"də çap olunan gənc şair və yazıçıların kiçik oxucu ilə ünsiyyət yaratma bacarığı sizi bir redaktor kimi razı sala bilirmi?

- Xeyr, salmır. Bunların arasında istedadlılar var. Ancaq onların böyük əksəriyyəti xeyirxah tənqidi başa düşmək istəmirlər.

Bir dəfə Mirzə Cəlilin yanına bir cavan gəlib təşəxxüslə deyir ki, Mirzə, mən istəyirəm, uşaqlar haqqında bir kitab yazım. Cəlil Məmmədquluzadə, acı bir təbəssümlə deyir ki, bala, mən başa düşmürəm, uşaqlardan məgər uşaqlar yazırlar?

Bu deyimin sətiraltı mənası həmişə məni düşündürür. Uşaq yazıçılarının əksəriyyəti məktəblə, təlim-tərbiyə prosesi ilə bağlı adamlar olublar. Uşaqların marağına səbəb olan əsərlər yazmaq üçün gərək öz üzərində yorulmadan işləyəsən, uşaqların psixologiyasını biləsən. Uşaqdan az bilən yazıçı uşağa nə öyrədə bilər ki?

- Uşaqlarla ünsiyyətdə hansı yeni axtarış formalarına müraciət olunub?

- Bu suala konkret cavab vermək çətindir. Bir var bədii forma axtarışları, bir də var uşağın özü ilə ünsiyyət formaları. Axtarışlar birbaşa yaradıcılıq prosesi ilə əlaqəlidir. Əslində, sualın birinci hissəsinin cavabını yazıçılar yox, konkret faktlara istinadən tədqiqatçılar müəyyənləşdirməlidirlər. Oxucularla ünsiyyət formaları isə tədbir, görüş təşkilatçılarından, onların zövqündən, məramından asılıdır. Konkret tədbirlərə gəldikdə, son bir-iki ildə Bakıdakı Elitar liseydə, Zəngi liseyində, 220 nömrəli məktəb-liseydə, Masazır, Digah, Sumqayıt, Kəlbəcər, Cəbrayıl və başqa məktəblərdə dəfələrlə görüşlərdə olmuşam. Bu görüşlərin demək olar ki, hamısı bu və ya digər dərəcədə bir-birindən fərqlənib. Tutalım, İçərişəhərdəki Kitab evində keçirilən görüş tamam fərqli idi. Mühitin özü də görüşün formasına əhəmiyyətli dərəcədə təsir göstərir.

- Uşaq ədəbiyyatı (belə demək mümkünsə) zamanın, dövrün nəbzini tuta bilirmi?

- Bu suala elə bilirəm ki, əvvəldə başqa şəkildə cavab vermişəm. Uşaq yazıçısının dövrün nəbzini tutması üçün elə onun öz nəbzini tutmağı bacaran, əməyini lazımi şəkildə dəyərləndirən insanlar lazımdır. Biz uşaq yazıçısından çox şey umuruq, onlardan çox şey tələb edirik, ancaq övladlarımız, nəvələrimiz üçün bircə dənə illik abunə haqqı cəmi 12 manat olan "Göyərçin" jurnalı almağa "pulumuz" çatmır... Onlara ən bahalı telefonu, ən bahalı oyuncağı alanların uşaq yazıçısını qınamağa haqqı varmı?

- Son dövrlərdə çap olunmuş əsərlərdə konkretlik gözlənilirmi?

- Gözlənilən də var, gözlənilməyən də. Ümumiyyətlə, hər əsərin öz predmeti, öz strukturu, məziyyət və nöqsanları var. Ümumi sözlə doldurulan əsəri əsər adlandırmaq düzgün olmadığı kimi, hər bir əsərə də ümumi nəzəri meyarlarla yanaşmaq düzgün deyil. Tərbiyədə olduğu kimi, bədii dəyərləndirmədə də fərdi yanaşma vacibdir. Əsl bədii əsərdəki fikir çox vaxt konkret bir detal üzərində qurulur.

- Sizcə, bugünkü uşaq yaranmış nümunələr əsasında onu düşündürən saysız-hesabsız suallara cavab tapa bilirmi? Bu nümunələrdə uşaq psixologiyasının rəngarəngliyi, uşaq təfəkkürünün əlçatmazlığı yetərincə əks olunurmu?

- Bir dəfə ADPU-da işləyəndə iki professor dostumun uzaqdan məni görəndə şaqqanaq çəkərək güldüklərini gördüm. Nəyə güldüklərini israrla soruşanda zarafatla dedilər ki, bunun sənə aidiyyəti yoxdu, çünki sən təkcə şair deyilsən axı, alimsən. Bu dostum deyir ki, şairlərdə nəsə çatışmır.

Mən də həmişə zarafat elədiyim dostlara zarafatla dedim ki, bəli, düz deyir. Şairlərdə nəsə çatışmır, elə buna görə də onlar daim axtarırlar...

Uşaq da insandır. Heç zaman o, axtardığı bütün sualların cavabını kitablardan tapa bilməz. Ən əsası isə uşağa düşünməyi öyrətməkdi...

Ümumiyyətlə, yaradıcılıqda heç vaxt hər şeyi yetərincə həll etmək mümkün deyil. Əgər bu mümkün olsaydı, heç sonrakı illərdə bu işlə məşğul olmağa da ehtiyac qalmazdı. Tutalım, Nizami, Nəsimi, Füzuli, Axundov, Mirzə Cəlil, Sabir, Cavid, Abbas Səhhət, Səməd Vurğun, Rəsul Rza və başqaları yaradıcılıqlarında bütün problemləri həll edə bilsəydilər, heç onlardan sonra bədii yaradıcılıqla məşğul olmağa ehtiyac  qalardımı? Hər dövrün öz problemi və öz yazıçısı var. Nə yazmağı, necə yazmağı dövr, zaman diktə edir... Nəyi oxuyub-oxumamaq da oxucunun öz haqqıdı...

- Sizcə, uşaq ədəbiyyatına peşəkar, yaxud həvəskar axını müşahidə olunur?

- Təəssüf ki, indi nə peşəkar axını var, nə də həvəskar. Hamı qaz vurub qazan doldurmaq arzusundadı. Şübhəsiz ki, bəzi istisnalar var.

- Kiçik oxucular üçün dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcüməsi sizi qane edirmi?

- Tərcümə çox vacib məsələdi. Burda da peşəkarlara xüsusi ehtiyac duyulur. Dünya uşaq ədəbiyyatının gözəl nümunələrinin böyük bir qismi hələ sovet dönəmində dilimizə tərcümə olunub. 50 cildlik uşaq ədəbiyyatı, 100 cildlik dünya ədəbiyyatının ölkəmizdə çap olunması danılmaz faktlar sırasındadır. İndi də bu işlə ciddi şəkildə məşğul olanlar var. Elə bizim "Göyərçin" jurnalında da xeyli tərcümə əsərləri çap olunub və olunmaqdadır.

- Çağdaş dövrümüzdə yaranan uşaq ədəbiyyatının xarici dillərə tərcüməsi haqqında nə deyə bilərsiniz?

- Bu da vacib məsələdir. Ancaq dünya oxucularının nəbzini bizim ədəbi nümunələrimizlə tutmaq o qədər də asan məsələ deyil. Bu yaxınlarda F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Amerika və İngiltərə yazıçıları ilə bizim uşaq yazıçılarının işgüzar söhbəti oldu. Onların sözündən belə məlum oldu ki, Amerikada digər ölkələrdə yaranan dünya uşaq ədəbiyyatı nümunələrinin çap olunub uğur qazanması şansı cəmi bircə faizdir... Azərbaycanın da bu bircə faizin içərisində olması vəziyyətin necə olması haqqında təsəvvür yaradırmı?

Bəyənmədiyimiz sovet dövründə "Detskaya literatura" jurnalı bütöv bir nömrəsini Azərbaycan uşaq ədəbiyyatına həsr etmişdi. Rəhmətlik Tofiq Mahmud Özbəkistanda, Belarusda, Qazaxıstanda "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" kitablarının nəşrinə nail olmuşdu. Zahid Xəlilin xeyli kitabının, o cümlədən də "Azərbaycan uşaq ədəbiyyatı" monoqrafiyasının rus dilində kütləvi tirajla nəşri də bu sahədə olan əhəmiyyətli faktlar sırasındadır. Mən özüm üç dəfə uşaq ədəbiyyatı üzrə Moskvada keçirilən birinci, ikinci, üçüncü ümumittifaq seminarlarının, Qazaxıstanda keçirilən beynəlxalq uşaq ədəbiyyatı günlərinin iştirakçısı olmuşam. Ayrı-ayrı uşaq yazıçılarının bir-birilə şəxsi tanışlığı, ünsiyyəti yeni-yeni tərcümə əsərlərinin yaranmasına səbəb olurdu. O vaxt mənim xeyli əsərim digər xalqların dillərinə tərcümə olunduğu kimi, mən də həmin yazıçıların əsərlərini dilimizə çevirirdim ki, bu proses ədəbiyyatların qarşılıqlı zənginləşməsinə səbəb olurdu...

Azərbaycanda da digər xalqların uşaq ədəbiyyatı kitablarının tərcüməsi və nəşri üzərində iş gedirdi. Rəhmətlik Əzizə Əhmədova "Gənclık" nəşriyyatının direktoru olanda uşaq yazıçılarını tez-tez yanına dəvət edir, onlara sifarişlər verirdi. O zaman mənə Sergey Yeseninin, Yelena Blagininanın, M.Sapgirin əsərlərini tərcümə etmək tapşırılmışdı... "Yazıçı" nəşriyyatının 100 cildlik dünya ədəbiyyatı kitabxanasına daxil etmək üçün mənim Qarsia Lorkadan etdiyim tərcümələri istəmişdilər. Lakin təəssüf ki, bu proses yarımçıq qaldı...

- Uşaq ədəbiyyatına yeni nəfəs, yeni ruh gətirən gənc qələm sahiblərindən kimlərin adını çəkə bilərsiniz?

- Yazanlar var. Ancaq təəssüflə deməliyəm ki, bu gənclərin arasında uşaq ədəbiyyatına yeni nəfəs gətirəcək adam görmürəm. Uşaq yazıçısı gərək uşaq psixologiyasını gözəl bilə, Sergey Mixalkov demişkən, "uşaqla oynamağı bacara". Çoxlu oxuya, öyrənə, sonra bildiklərini konkret ünvana çatdırmaq üçün yollar, ədəbi priyomlar axtara. Bir neçə şeir, hekayə, nağıl "qondarmaqla" heç nəyə nail olmaq mümkün deyil. Gərək uşaq yazıçılarında peşəkarlıq və istedadı öz ardınca aparmağa qadir sonsuz sevgi ola... Təəssüf ki, bu yazanların əksəriyyəti nəinki şeirin ibtidai, heç dilin də qrammatik qaydalarını bilmirlər. İddiaları nə qədər böyük olsa belə... Ancaq bu danılmaz faktdır ki, yeni düşüncəli gənc uşaq yazıçılarına böyük ehtiyac var. Onlara kömək etməyə, məsləhət verməyə, yol göstərməyə həmişə hazırıq...

- Bir redaktor kimi sizi qane etməyən mövzular?

- Ümumiyyətlə, pis mövzu yoxdur, pis yanaşma və pis təqdim etmə var.

- Hansı müəlliflərlə işləyirsiniz?

- Müəlliflərimizin coğrafi dairəsi təkcə Bakını yox, digər bölgələri də əhatə edir. Tutalım, Zahid Xəlil, Qəşəm İsabəyli, Ələmdar Quluzadə, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Mina Rəşid Bakıda, Məmməd Namaz, Günel Almaz Sumqayıtda, Ağasəfa Xızıda, Aləmzər Əlizadə, Sahib İbrahimli, İnqilab İsaq Gəncədə, Ələsgər Əlioğlu Goranboyda, İsmayıl İmanzadə Mingəçevirdə, İbrahim Yusifoğlu Naxçıvanda yaşayır.  Ancaq bizim üçün kimin harda yaşaması yox, onların nədən və necə yazması maraqlıdır.

- "Göyərçin"ə və digər uşaq jurnallarına ünvanlanmış mətnlərin hamısını uşaq ədəbiyyatı hesab etmək olarmı?

- Hər bir mətbuat orqanının öz tələbləri, meyarları var. Bütün səhifələri bədii mətnlərlə doldurmaq məqbul variant deyil. Uşaq əyləncəli materiallara, testlərə, rəngləmələrə daha çox meyillidir. Ona görə biz çalışırıq ki, jurnalımızın hər səhifəsində rəngarəng mövzulu şeirlər də, hekayələr, nağıllar da, folklor nümunələri də, tərcümə əsərləri də, təbiət guşəsi də, informasiyalarla zəngin bilik klubu da olsun. Ümumiyyətlə, uşaqlar rəngarəngliyi çox sevirlər.

- Daha çox hansı mövzularda yazılmış mətnlərə ehtiyac var?

- Belə bir deyim var: "Bütün yollar məbədə aparır". Uşaq ədəbiyyatı nümunələri hansı mövzuda yazılırsa yazılsın, eyni məqsədə - uşağın idraki qabiliyyətini yüksəltməyə, dünyagörüşünü genişləndirməyə, onları vətənpərvərlik ruhunda tərbiyə etməyə yönəlməlidir.

- Yaranmış nümunələri janr baxımından necə səciyyələndirmək olar?

- Janrlar müxtəlifdir. Şeir, mənzum nağıl, kiçik poema, hekayə, xalq nağılları, ədəbi nağıllar...

- Rafiq müəllim, sizin dram janrında yazılmış əsəriniz varmı? Bu sahədə böyük bir boşluq var. Düşünürəm ki, uşağa nəyisə əyani şəkildə göstərmək daha səmərəli olar.

- Təəssüf ki, yox. Mən dram əsərləri yazmıram. Həmişə hər işin peşəkarı olmaq arzusu mənim bu sahədə qələm sınamağıma imkan vermir. Onsuz da yetərincə çox sahə ilə məşğul olmaq zorundayam. Poeziya, uşaq ədəbiyyatı, tərcümə, publisistika, naşirlik, müəllimlik, ədəbiyyatşünaslıq...

- Rafiq müəllim, sizə daha hansı sualın ünvanlanmasını istərdiniz?

- Heç vaxt ürəyimdən keçirməmişəm ki, mənə hansısa sualla müraciət etsinlər. Əslində, gözlənilməz sualları daha çox xoşlayıram. Bunu tələbələrim də bilirlər. Gözlənilməz sual yaradıcı insanı düşünməyə vadar edir.

Elə bilirəm ki, hazırladığınız suallar uşaq ədəbiyyatı haqqında söhbətimizə zəmin yaratdı.

Yeri gəlmişkən, bir məsələni xüsusi vurğulamaq istəyirəm. Son illərdə uşaq ədəbiyyatına marağın güclənməsi, hər il ədəbi proses icmalı hazırlanarkən əvvəlki illərdən fərqli olaraq uşaq ədəbiyyatına xüsusi yer ayırılması, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsinin fəaliyyətə başlaması çox mühüm, əhəmiyyətli hadisələrdir. Bütün bunlara görə akademik İsa Həbibbəyliyə uşaq yazıçıları adından bir təşəkkür borcum var. Eləcə də Azərbaycan uşaq ədəbiyyatını həmişə diqqətində saxlayan Anar müəllimə, "Ədəbiyyat qəzeti"nin bütöv bir nömrəsini uşaq ədəbiyyatına həsr edən Azər Turana, bu işin təşəbbüskarı Elnarə Akimovaya, o cümlədən də müsahibə üçün maraqlı suallar hazırladığınıza görə Sizə dərin təşəkkürümü bildirirəm...

Söhbətləşdi: İlhamə AĞAZADƏ

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!