Poeziyamızın rəssamı... - Ziyadxan Əliyev yazır

 

Hələ 1908-ci ildə yazdığı şeirində oxucusuna "Nə böylə bərəldirsən, a qare gözünü. Yoxsa bu ayinədə əyri görürsən özünü?" - deyən Mirzə Ələkbər Sabirin (1862-1911) bir şair kimi bu günümüzə qədər müasir qalmağının ən başlıca səbəbi, bizcə, onun elə zamanında həqiqətin Məcnunu olmasaydı. Ona ayrılan 49 illik ömür payında yaşamağa məhkum olduğu düşüncələr buzlaqlığında ucaldılmış "biganəlik qayası"nı dağıdıb, onun yerində nə vaxtsa sevginin kədəri üstələyə biləcəyi  "düşüncələr bulağı" ucaltmağa nail olmasındandır  ki, o, bu gün də bizimlə qoşa addımlamaqdadır. Poetik irsinin "Milli brilyantı" olan "Fəxriyyə"sində özümüzü özümüzə tanıdan M.Ə.Sabir ömrünün yarımçıq qırılmasına razı olsa da, həyatının sonuna kimi həqiqəti söyləməkdən imtina etmədi. Yaradıcılığı Azərbaycan cəmiyyətinin təlatümlü dövrünə təsadüf edən şair zəmanəsində gördüklərini əks etdirməklə, millətini çox sevdiyindən köhnəlikləri rədd etdiyini gizlətməyərək həm də mübariz bir şair olduğunu təsdiqləmişdir. O, cəmiyyətin gözü qarşısında baş verməkdə olan hadisələrdə gözlənilməz  mənalar tapdığından hər yeni şeiri pərəstişkarları üçün arzulanan idisə, bədxahlarına sarsıdıcı zərbə sayılırdı. Belə ki, onun "ağlar-gülər" satirası oxucuların  baxışlarını dəyişdirir, gördüklərini dərindən anlamağa kömək edirdi. Odur ki, onun nə vaxtsa başa düşüləcəyinə inamının ifadəsi olan "Hophopnamə"si, əslində, yaxşıların pislik dünyasını örtən zülmət pərdəsini məhv etməyə yönəli bir nəsihətnamədir. Bu mənada kimlərinsə, əslində, millətinin Məcnunu olan Sabiri öz "sevgi"sini aşağılamaqda suçlamaları nadanlıq  deyilmi? Bir vaxtlar onun və millətinin gələcəyini düşünən əqidə dostlarının "Sizi deyib gəlmişəm"inin məna-məzmun tutumu şərəfli tariximizin müxtəlif səhifələrini bəzəyən qürurdoğurucu işlərin-izlərin qarşılığında artıq "göyərmiş"  kimi görünür. Biz onun qol-budaq atmasına, "Həyat ağacı"na çevrilməsinə çalışmaqla "Öz qövmümüzün başına əngəlkələfiz biz!" olmadığımızı görünən dərəcədə sərgiləməyə çalışmalıyıq...

Mirzə Ələkbər Sabir "Hophopnamə"sində özünün həm də böyük şair-rəssam olduğunu sərgiləmişdir desək, heç bir mübaliğəyə yol vermərik. Onun dərdlərimizə şaşırdıcı işıq salan poeziyası sanki mürəkkəblə yox, çox əlvan rənglərlə yazılıb. Odur ki, hər bir şeirdə nəql olunanları, şərh edilənləri göz önündə canlandırmaq oxucu  üçün çətin deyil. Sabir ən kiçik həyat səhnələrini belə adi faktlıqdan çıxarıb onları düşündürücü satirik ovqata bələdliyindən, böyük sənətkarlıqla bədiiləşdirə bildiyindən bütün yaradıcılığı ictimai mahiyyət daşımaqdadır. Ədəbiyyatşünas-alim Nərgiz Paşayevanın təbirincə desək: "Sabir poeziyanı əsrin tələbi ilə xalqın siyasi, ictimai məfkurəsində ideya silahına çevirdi. Sabirin yaratdığı yeni poeziya məzlumlara, istismar və zülm əsarətində çırpınanlara həyatverici günəş, zalımlara, hər cür köhnəlik və irticaya qarşı yandırıb-yaxıcı bir od oldu. Bu poeziya düzü düz, əyrini əyri göstərən nəhəng bir güzgüyə çevrildi. Şərq xalqlarına zülmə, əsarətə, əski adət-ənənələrə qarşı mübarizə yolu göstərdi". Bu satira cilalana-cilalana yeni və həm də novator məziyyətlərlə zənginləşməklə sonda bütünlükdə özündə həm də dərin fəlsəfi məzmun daşıyan bədii-estetik qaynağa çevrildi. Elə düşünürük ki, bunu duyandan sonra Sabir poeziyasına bədii görkəm vermək əvvəlcə böyük fırça ustası Əzim Əzimzadə, sonra isə digər rəssamlar üçün elə də çətin olmamışdır. Belə ki, müxtəlif mövzulu bu şeirlər təmiz xalq dilində yazılmışdı və elə üslub baxımından da çox sadə, həm də çox poetik idilər. Elə bunun özündə Sabirin dahiliyinin hifz olunduğunu dilə gətirməklə, demək lazımdır ki, bu şeirlər, eyni zamanda duzlu və koloritli, çox orijinal və mənalı idi. Odur ki, onların cazibəsindən xilas olmaq müşkül məsələ idi. Əgər desək ki, "Hophopnamə"nin misralarında çox koloritli obrazlar yaşayırlar, həqiqəti söyləmiş olarıq. Rəssam dili ilə desək, o, çox yığcam və incə cizgilərlə duyulası dərəcədə tutumlu ictimai tiplər, müxtəlif xarakterli obrazlar yaratmağa nail olmuşdur. Onların arasında kəndli və fəhlələrin istismarçılara, qırmızısaqqal mövhumat yayanlara və məşədilərə, müxtəlif taleli qadınlara, kosmopolit "intelligentlər"ə, baqqallara və var-dövlət hərislərinə, qoçulara, tiranlara, despotlara və digər neçə-neçə obraza rast gəlmək mümkündür. Sabir adları çəkilən hər bir tipi öz mənşəyinə, mənsub olduğu təbəqənin dilinə, səciyyəvi və inandırıcı ola biləcək psixologiyasına uyğun danışdırdığından onlar rəssam üçün nəhayətsiz bədii ifadə imkanları yaradıb. Etiraf etmək lazımdır ki, bu "danışıq dili"nin obrazların daxili aləmini açmaq üçün çox uğurlu bədii vasitə olmasından Əzim Əzimzadə də lazımınca bəhrələnə bilib. Elə rəssamın ərsəyə gətirdiyi və gerçəkləşdirdiyi obrazların hər birinin təkrarolunmazlığı, onların yeni-yeni rəng çalarları alması, fikir və ovqat daşıyıcısına çevrilməsi də bütünlükdə "Hophopnamə"nin tragikomik ruhundan qaynaqlanır. Əgər əlavə etsək ki, "Hophopnamə"də toplanan şeirlərin hər birinə xas rəngarəng qafiyələrin qeyri-adi ahənginin musiqiliyinin də rəssam üçün yardımçı rolu olmuşdur, həqiqəti söyləmiş olarıq.

Heç şübhəsiz, M.Ə.Sabir şeirlərinin rəssam təxəyyülünün və fırçasının qüdrəti ilə yaddaqalan sənət əsərlərinə çevrilməsi onlardakı dramaturji məziyyətlərin çox böyük ustalıqla hadisələrə və obrazlara "köçürülməsindən" keçib. Bu mənada tədqiqatçı-alim Akif Əlinin "Fikrimizcə, M.Ə.Sabirin istedadının bu cəhəti məhz onun xüsusi "dramaturji" qabiliyyəti ilə bağlıdır. "Hophopnamə"dəki dialoqlar, səhnəciklər, oyun elementləri və s. fikrimizi təsdiq edən nümunələrdir" qənaətini vurğulamaq istərdik.

Bundan əlavə Sabirin şeirlərində rəssamları "qidalandıra" biləcək digər bədii xüsusiyyətlərə də rast gəlmək mümkündür. Bu da, ilk növbədə, yuxarıda vurğuladığımız dramaturgiyanın təqdimatı ilə bağlıdır. "Ümumiyyətlə, "Hophopnamə" səhifələrində həm formaca, həm də daxili məzmunca, söhbətlərin, hadisələrin dramatizmi, gərginliyi, toqquşması ilə yaranmış külli miqdarda "dramaturji" məhsul vardır. Bütün bu şeirlərin arxasında biz Sabirin süjet qurmaq, obraz, tip yaratmaq, cəbhələri "mənfi" - "müsbət" personajlara ayırmaq, fikrin dinamik inkişafına nail olmaq, həyat səhnəsində görüb, müşahidə etdiyi hadisələri, əhvalatları sənət "meydanına" çəkmək, "qaravəlli" ("karnaval") qurmaq, hər bir şeir parçasının içərisində konflikt, inkişaf, kulminasiya, eniş və nəticə mərhələlərini yarada bilmək istedadı görürük. Bütün bunlar isə şairin həm də böyük bir dramaturq olduğu fikrini söyləməyə əsas verir" (Akif Əli). Əslində, elə şeirlərdəki bu dramaturgiyanın qabarıqlığındandır ki, təsviri sənət ustaları M.Ə.Sabir irsinə müraciət edərkən ərsəyə gətirdikləri kompozisiyaları məhz onların ruhuna müvafiq təzadlar əsasında yaratmağa üstünlük verirlər. Məhz bu bədii üsul rəssamlara şeirin məzmunundakı görünən və hətta güclə sezilən mətləbləri bədii görüntüyə çevirməyə imkan verib. Elə şairin əsərlərində "qaravəlli" (karnaval") prinsiplərinə tapınaraq obrazlarını danışdırması, yeri gələndə özünün də tiplərinə söz atması, irad tutması və tənqid etməsi rəssamlara da çəkdiklərində duyulası qroteskə, şişirtməyə, sarkazma və kinayəyə üstünlük verməsində etibarlı dayaq olmuşdur. Şair təqdimatında süjetlərin, sözün əsl mənasında, meydan teatrını xatırlatmasını, onunla anım yaratmasını da rəssamlar incəliklə duymuş və hadisələrə müxtəlif rakurslardan göz qoymaqla əsərlərinin bu formalardakı oyun-tamaşa estetikası ilə səsləşməsinə nail olublar. Odur ki, belə koloritli əsərlərlə birlikdə təqdim olunan "Hophopnamə" həmişə yeni və təravətli görünməkdədir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!