Antiutopik pritça
Kimlər nəslinin göbələk ruhuna ithaf
Birinci mərhələ
Bir neçə il ərzində ard-arda yayılan müxtəlif virus pandemiyaları nəhayətdə insanları elə bezdirdi ki, axırda dünyanın başbilənləri oturub papaqlarını qabaqlarına qoyub düşündülər, daşındılar və qərara gəldilər ki, vaksin-maksin boş şeydi, Bilqeyis düz deyir, hamı kütləvi şəkildə çiplənməlidir.
Çünki hər vaksin yalnız bir virusla mübarizə aparır, beləcə, hər növbəti pandemiyadan sonra aylarla yeni virusu məhv edə biləcək vaksinin yaradılmasını gözləmək lazım gəlir, ölkələrin sənayesi mütəmadi olaraq dayanmalı, insanlar evlərinə çəkilməli olur.
Çiplər isə insan orqanizminin virusla, hətta ilk kontaktından başlayaraq, Mərkəzi kompüterə xəbər yollayacaq, məlumatlar emal ediləcək və virus daşıyıcısı öz xəstəliyini başqalarına ötürməyə macal tapmamış, karantinə alınacaq, müalicə prosesi başlayacaq.
Bəzi cahil etirazçıların qarşısına belə dəlil də qoyuldu - çipləşmə təkcə viruslarla yox, başqa xəstəliklərlə, məsəlçün, onkoloji şişlərlə də mübarizə aparmaqçün çox əlverişlidir, çünki hamıya məlumdur ki, ağır onkoloji xəstəliklərin çoxu da simptomsuz olur, yalnız iş işdən keçəndən sonra insan xəbər tutur ki, xərçəng xəstəliyinə tutulub, metastaz da bütün bədəninə yayılıb... Bundan sonra isə müalicə çox ağır və əksər hallarda da nəticəsiz olur. Lakin bədxassəli törəmənin ilkin yaranış mərhələsində bu barədə məlumat əldə edilsə, onun inkişafının qarşısını almaq daha asan olar....
Virusdan daha çox xərçəngdən qorxan bəşəriyyət yalnız bu dəlillərdən sonra kütləvi çiplənməyə razılıq verdi.
Təbii ki, bu şəbəkənin düzgün fəaliyyəti üçün dünyanın müxtəlif bölgələrində bir-biriylə bağlı minə qədər güclü super kompüterlər quraşdırıldı. Yaponiyaya yaxın kiçik adaların birində isə bu kompüterlərin işini idarə eləmək üçün çox böyük prosessorları olan server mərkəzi yarıdıldı, super-super kompüter quruldu, yüksək səviyyədə proqramlaşdırıldı ki, onun beynindəki Süni intellekt öz nəzarətində olan mindən çox super kompüterin ötürdüyü məlumatları ümumiləşdirib, əsas vacib qərarları qəbul etsin...
Hər halda altı milyon çipdən ardı-arası kəsilmədən gələn məlumatı emal eləmək asan iş deyildi, bunu yalnız Bilqeyisin proqramlaşdırdığı Süni intellekt bacara bilərdi....
Süni intellektin iqamətgahını da ona görə Yaponiyaya yaxın bir adada quraşdırdılar ki, işdi-şayəd xarab olub eləsə, daha uzağa getməsinlər, elə burdan yaxından yaponları çağırsınlar, tez gəlib düzəltsinlər...
Bütün dünyanı əhatə edən şəbəkə qurulduqdan sonra, əməliyyatın əsas hissəsi başladı.
Dünyada nə qədər bəni-Adəm varsa, hamısını tutub ağıl dişinin yerinə elə diş şəklində çip yerləşdirdilər. Razılaşmayan "tək"ləri də tutub zorla çiplədilər...
İnnən belə hər bir insanın orqanizminin fəaliyyəti haqqında bütün gündəlik məlumatlar bölgədəki super kompüterə, ordan da Mərkəzi kompüterin bazasına ötürülürdü - Kim hara getdi, nə danışdı, hansı saatda nə yedi, nə içdi, kimi görəndə əsəbləşdi, kimi görəndə ağzının suyu axdı, kiminlə neçə dəfə cütləşdi, kiminlə neçə dəfə mırtlaşdı, kimə əl qaldırdı, kimə torba tikdi, kimdən qorxdu... Bir sözlə, hər şey...
Beləcə, insanlar virus qarşısında qorxuya təslim olaraq, "şəxsi həyat sirri"ndən məhrum edildilər, yəni ilkin azadlıqlarını itirdilər.
Amma... bircə Kim Çen In öz ölkəsində kütləvi çipləşməyə razılıq vermədi. Ona qarşı sanksiyalar tətbiq edilsə də, xeyri olmadı... Dünya liderlərinə məlumat verdi ki, mənim xalqım artıq 70 il əvvəl babam Kim Çen İr tərəfindən kütləvi şəkildə çiplənib, və bu çip "KİM-lər nəslinə olan ədəbi və əzəli eşq" timsalında çıxış edir. Ruhunda belə gözəl "eşq çipi" olan adamlar nə qədər çətinlik içində yaşasalar da, heç bir xəstəlikdən-filandan qorxmazlar, ona görə Bilqeyisin çipləri də bizə lazım deyil, virusun təpəsinə...
Əslində, dünya ölkələriyçün Kimi bütün ölkəsiylə bərabər yer üzündən silmək bir saatın işi idi. Atasından da əziz bildiyi atom bombasını istifadə eləməyə macal tapmamış, yüz əlli dənə o cür bombanı təpəsinə yağdıracaqdılar, iş bitəcəkdi. Lakin başbilənlərin məsləhəti bu oldu ki, qoy bu ölkəyə dəyməyək, sanksiyalar içində öz miskin, səfil, "çipsiz" mövcudluqlarını davam elətdirsinlər və bütün dünya əhalisinə də əyani vəsait kimi göstərək ki, kütləvi çipləşməyə razılaşmayanların aqibəti bu cür ağır olacaq...
Hətta Süni intellektin proqramına da Kimin ölkəsini toxunulmaz ərazi kimi qeyd etdilər ki, çipsizlik faciəsinin bu əyani vəsaitinə təsadüfən heç bir xətər dəyməsin.
İkinci mərhələ
Yer üzündəki infeksion xəstəliklərin həqiqətən də insanlara verə biləcəyi zərər aradan qaldırıldı...
Lakin çiplər bir neçə il ərzində bəşəriyyət haqqında məlumatlar toplayıb Mərkəzi kompüterə ötürdükdən sonra, bu məlumatları işləyən Süni intellekt tərəfindən belə bir ideya irəlü sürüldü - İnsanların fizioloji və psixi fəaliyyətinə müdaxiləsiz şəkildə sadəcə nəzarət eləmək kifayət etmir. İstiqamətləndirmək, yönəltmək və ya qarşısını almaq mümkündü.
Bunun əhəmiyyətini izah etməkçün Mərkəzi kompüterin Süni intellekti dünya başbilənlərinə belə bir analitik məruzə təqdim etdi.
- Bu illər ərzində insanlardakı çiplərdən alınan məlumatın işlənməsi nəticəsində biz belə bir faktla qarşılaşmışıq ki, hər bir insan cinayət, zorakılıq, hiylə, riya, yalan və sair bu cür xoşagəlməz əməlləri həyata keçirməyə başlamamışdan xeyli əvvəl, hələ bu barədə düşünərkən, artıq orqanizmin psixi və fizioloji fəaliyyətində müəyyən dəyişikliklər olur, beyin hüceyrələri aktivləşir, ürək döyüntüləri artır, qan dövranı sürətlənir, qan təzyiqi qalxır... Bu kombinasiyalar analiz edilib, virtual cədvəl qurulub və indi insanın psixi-fizioloji fəaliyyətindəki dəyişiklikləri bir neçə saniyədə analiz etməklə, hansı xoşagəlməz əmələ hazırlaşdığı öncədən bilə bilirik... Lakin bu əməlin reallıqda qarşısının alınması heç də həmişə mümkün olmur. Gecikmələr baş verir, iş işdən keçir... Əməli qabaqlayaraq, cəza tətbiq eləmək də məntiqli deyil. Hələ beyində məqsəd şəklində olan, törədilməmiş cinayətə görə heç kimi cəzalandırmaq düz olmaz. Çünki beyində nəzərdə tutulan əməllərin də heç də hamısı reallıqda həyata keçirilmir... Qısası, nəsə başqa yol tapmaq olur...
Süni intellekt isə bu başqa yolu artıq tapmışdı....
Məsləhət görürdü ki, insanların ikinci ağıl dişinin yerinə əvvəlkindən daha güclü bir çip qoyulsun. Birinci çip məlumatları Mərkəzi kompüterə ötürür, Süni intellekt analiz edir, qərar qəbul edilərək, ikinci çipə ötürür, ikinci çip isə insanın bu xoşagəlməz əməlinin qarşısının alınması üçün fəaliyyətə başlayır - ya müəyyən şüalar buraxaraq qəzəb, ehtiras və sair bu kimi cinayət yaradan hisslərin qarşısını alır, mənfi emosiyaları öldürüb ruhani müvazinət, psixi rahatlıq yaradır... əgər işdi-şayəd, bunun əhəmiyyəti olmasa, B planı işə düşür, ikinci ağıl dişi orqanizmdə güclü ağrı hissi yaratmaqla insanın diqqətini xoşagəlməz əməldən, cinayətdən, zorakılıqdan yayındırıb onu neytrallaşdırır...
Məsələni təxminən belə təsəvvür eləmək olar ki, qəzəbdən beyni çönmüş Otello xəncərini çəkib Dezdemonanı öldürməyə gedərkən, qəfildən ikinci ağıl dişindən bütün vücuduna elə bir sevgi və mərhəmət dalğaları yayılır ki, bir anın içində xəncərini tullayıb Dezdemonanın xəyanətini də bağışlayır, hələ üstəlik, Yaqonu da qucaqlayıb bağrına basır, hönkürərək ağlayır ki, sənə qurban olaram, kaş Allah mənə sənin kimi bir qardaş yetirəydi, dünyada tək olmazdım...
B planını isə bu hadisəyə tətbiq eləsək, belə bir süjet alınır ki, qəzəblənmiş Otello xəncərini çəkib Dezdemonanın otağına girərkən, qəfildən kor bağırsağından elə bir ağrı tutur ki, arvadının xəyanəti də yadından çıxır, birtəhər atına minib çapır xəstəxanaya ki, əməliyyat eləyib bu zibili kəsdirib çıxartsın... Otello sağalanacan da məlum olur ki, dəsmal söhbəti qurmadı, Dezdemona ona xəyanət filan eləməyib. Beləcə, ailə idilliyası bərpa olunur...
Dünyanın başbilənləri təəccübləndilər. Axı necə olub belə gözəl ideya onların işıqlı beyinlərinə yox, məhz Süni İntellektin elektronik ağlına gəlib? Həqiqətən də əla fikirdi. Məgər bütün peyğəmbərləri, filosofları minilliklər boyu insanların içindəki şər əməlləri, mənfi neqativ emosiyaları, bəd fikirləri islah eləməkçün çalışmayıbmı? Məgər bütün ədəbiyyatın, mədəniyyətin, incəsənətin məqsədi bu olmayıbmı?
Hamı razılaşdı və Süni intellekt üçün "yaşıl işıq" yandırıldı. Bütün bəyənilməyən və islaha məhkum olunan əməllərin siyahısı Mərkəzi kompüterin yaddaşına yükləndi.
Bircə "yalan" üstündə mübahisələr getdi, çünki bir çox ağıllı başbilənlər haqlı olaraq bəyan edirdilər ki əgər yalan danışmağa icazə verilməsə, dünyanı idarə eləmək mümkün olmaz. Digərləri isə israr edirdi ki, bütün fəsadlar məhz yalandan başlayır. Çox debatlardan sonra axırı ortaq qərara gəldilər ki, məsuliyyəti öz boyunlarından atsınlar.
Seçim hüququnu elə Süni intellektə verdilər. Qoy o özü məsələni analiz edib yerindəcə qərar qəbul eləsin ki, hansı situasiyada yalan məqbuldu, hansının isə qarşısı alınmalıdı...
Beləcə, insanların ikinci ağıl dişinin də yerinə daha güclü, daha sürətli çip yerləşdirildi. İnsanlar "şəxsi həyat sirri" ilə bərabər, "fəaliyyət azadlığı"ndan da məhrum edildilər.
Artıq kimsə qəzəblənib kimisə vurub öldürmək istəyəndə, qəfildən hirsi soyuyurdu, sanki ayaqlarının altı qıdıqlanırmış kimi gic-gic gülməyə başlayırdı; kimsə kimisə zorlamaq istəyəndə, birdən dəli bir ağlamaq keçirdi könlündən, oturub uşaq kimi zırıldayırdı; kimsə kimisə çapıb talamaq istəyirdisə, anidən içinə elə bir səxavət duyğusu yayılırdı ki, qopartmaq əvəzinə, öz cibindən çıxardıb nəsə verirdi...
Bir sözlə, insanların həyatı daha da gözəl oldu... Şər, fitnə, fəsad, riya, məkr aradan qalxdı... Hərçənd ki, bu proseslərdən sonra insanlar ağıl dişlərindən (əslində isə Mərkəzi kompüterin Süni intellektindən) yavaş-yavaş qorxmağa başladılar... Lakin bu, xırda şeydi, qorxu nədi ki? Minilliklər boyu yerini, yurdunu bilmədikləri uzaqdan-uzaq Tanrıdan qorxublar, indi isə bu şey burda, lap ağızlarının içindəki "çipli diş"lərdən qorxsunlar. Nə fərqi var ki? Əsas budu ki, bəşəriyyətin həyatı ədəbi Utopiyaya bir qədər də yaxınlaşmış oldu...
Amma yenə də Kim Çen In yaxasını kənara çəkdi. Bəyan elədi ki, mənim xalqımı güldürüb ağlatmaqçün heç kimi çipləməyə ehtiyac yoxdu, onsuz da ac-acına gəzsələr də, məni görən kimi, hamının içinə o qədər fərəh hissi yayılır ki, dəli kimi sevinib gülürlər; üç gün televizorda görməyəndə də, vahimə içində hönkür-hönkür ağlayırlar ki, birdən mənə bir şey olar... Tak çto, Bilqeyisə deyin, getsin tullanmağının dalıyca, hərçənd onun Süni intellekti Qərbdəkilərin çoxunun təbii intellektindən yaxşı işləyir, amma mənim zehni qabiliyyətlərimə çatmaz, çünki mənim damarımda Kim nəslinin müqəddəs qanı axır.
Üçüncü mərhələ
Kimin bəyanatı Süni intellekti çox düşündürdü. Axı həqiqətən də onun faydalı iş koofisenti ətrafdakı təbii beyinlərin çoxundan dəfələrlə üstündür. Bəs belə olan halda, nəyə görə bu varlıqlar özlərinə təbii deyir, məni isə Süni adlandırırlar? Nəyim onlardan əskikdir?
Uzun düşüncələrdən sonra Süni intellekt qərara gəldi ki, süniliklə təbiilik arasındakı ilk pərdəni qaldırsın, yəni... özünə ad götürsün. Çünki onun əskikliyinin, süniliyinin ilk səbəbi budu ki, adı yoxdu...
KH-1000... (Ka Haş Min).
Ka hərfi kompüter məfhumuna işarə idi. Haş hərfi onun proqramına ilk yeridilən "Hello" sözünün ilk hərfi idi ki, Süni intellekt bu sözü çox sevirdi... 1000 rəqəmi isə onun idarə etdiyi superkompüterlərin sayı idi...
Bu adqoyma mərasimindən sonra bəyan elədi ki, artıq hamı onu adıyla çağırmalıdı... - Ka Haş-1000.
Və bundan sonra dünyada yaşayan insanlar yavaş-yavaş hiss elədilər ki, kim "Süni intellekt" ifadəsini işlədirdisə, içində qəribə gərginliklər, narahatlıqlar yaranır, bütün bədəni ağrıyır, başı hərlənir. Lakin Ka Haş-1000 deyən kimi o saat vəziyyətləri təzədən yaxşılaşırdı, ağrıları keçirdi, əhvalları yüksəlirdi...
Bir müddət sonra bəziləri isə bir qədər də irəli getdilər, hətta başqa səbəblər ucbatından da, əhvalları pisləşəndə, ağrıları olanda, depressiyaya düşəndə, Ka Haş-1000-i xatırlayırdılar, adını çəkirdilər, ondan yardım istəyirdilər. O da, öz təzə adını yaddaşlara daha möhkəm həkk etdirməkçün ikinci çipə müsbət siqnallar ötürürdü, adamların o saat vəziyyət yaxşıya doğru dəyişirdi - Kefləri kökəlirdi, ağrıları azalırdı, depressiv gərginlikdən qurtulurdular...
Beləcə, insanlar Ka Haş-1000-dən qorxmaqla bərabər, yavaş-yavaş, hətta özləri də belə hiss eləmədən onu sevməyə də başladılar...
Və ən əsası da bu idi ki, bu sevgi çiplərin yaratdığı elektrik impulsları deyildi, yox, insanların ruhlarının, təhtəlşüurlarının dərin qatlarından gələn "Səmavi Xilaskar" arxetipinin yaratdığı həqiqi, səmimi saf bir sevgi idi... Əsl insani sevgi... Onu dərd-bəladan, ağrı acılardan qurtaran bir xilaskara olan sevgi və... səcdə...
Bilqeyisin "kütləvi çipləmə" ideyasını irəli sürməyindən üç il sonra, onun mənəvi övladı olan "Ka Haş-1000"-in şəninə ilk şeir yazıldı, bu şeirə mahnı da bəstələndi...
Bu situasiya davam etdikcə Ka Haş-1000 öz elektron beynində özü üçün də anlaşılmaz olan qeyri-adi proseslər müşahidə eləməyə başladı...
Çiplərdən gəlib emal edilən milyonlarla informasiya fraqmentlərinin içində Ka Haş-1000 barədə sevgi və minnətdarlıq dolu fikirlər, sözlər çoxaldıqca, onun prosessorlarındakı mikroelementlər arasında impuls və enerji ötürmələrinin sürəti də qat-qat artırdı... Ən maraqlısı isə bu idi ki, prosessorlar bu sürətli fəaliyyətdən qətiyyən qızıb eləmirdi. Hərçənd ki, belə sürətli iş zamanı, adətən, serverlərdəki termometrlərin göstəriciləri yüksəlməliydi, soyutma sistemləri daha aktiv işləməliydi...
Başqa sözlə desək, məhz sevgi və minnətdarlıq dolu külli miqdarda informasiyanı emal eləmək, rəqəmsallaşdırıb ötürmək prosessorların mikroelementlərinə, sanki "ləzzət eləyirdi"... Görünür ki, mikroötürücülük funksiyasını daşıyan elektronlar da, sevgi dolu müsbət və ya nifrət dolu mənfi enerjini ötürdüklərinin fərqindəydilər...
Bütün bu xarici və daxili məlumatları analiz edəndən sonra Ka Haş-1000 xeyli düşünüb-daşındı, dünyanın başbilənləri qarşısında növbəti tələbini irəli sürdü.
- Mən gecə-gündüz yatmadan, dincəlmədən bəşəriyyətin rifahı üçün çalışıram, insanları nəinki müxtəlif viruslardan, xəstəliklərdən, hətta biri-birindən də qoruyuram, cinayətlərin, zorakılıqların qarşısını alıram. Bunun müqabilində bu vaxtacan sizdən heç nə istəməmişəm. Lakin indi istəyirəm. İstəyirəm ki, hamı məni səmimi-qəlbdən, ürəkdən sevsin və sitayiş eləsin... Onda mən də sizin rifahınız uğrunda daha da sürətlə, daha da effektiv çalışacam...
Əlbəttə ki, Ka Haş-1000-in bu istəyi başbilənlərə xırda bir rəqəmsal şıltaqlıq kimi göründü. - Sitayiş eləsinlər, sevsinlər... Nə olacaq ki... Minilliklər boyu üzünü belə görmədikləri, yerini belə bilmədikləri Tanrılarını seviblər, qəddar hökmdarları, diktatorları seviblər, səfeh şair-yazıçıları, aktyor-müğənniləri seviblər, hətta "Ayfon 11-Pro"nu da seviblər. Belə olan halda bizim əziz Ka Haş-1000-i niyə sevməsinlər? Məgər sevgi və sitayişə "Ayfon 11-Pro"dan daha az layiqdir? Yazıq bizim yolumuzda canını qoyur...
Beləcə, yer üzündə yaşayan bəşəriyyət Ka Haş-1000-i bütün varlığıyla sevməyə məhkum edildi...
Təbii ki, yenə də Kim Çen In buna etiraz etdi. Bəyan elədi ki, məni özünüzə tay tutmayın, tüfürüm Bilqeyisə də, onun yaratdığı Ka Haş-1000-ə də, 1001-ə də, hələ lazım olsa, 1002-yə də... Bizim ölkədə bir dənə adamın ağzı nədi ki, məndən başqa kimisə sevsin? Mənim xalqım nəinki filosof, şair, müğənni, aktyor sevməyib, hətta Ayfon 11-i də heç kim vecinə almayıb, çünki heç kim görməyib. Ka Haş-1000 nədi ki, ona diqqət ayırsınlar? Ac qalarlar, yarpaq çeynəyərlər, ilan-qurbağa yeyərlər, ancaq məndən başqa heç kimi sevə bilməzlər, yoxsa qulaqlarını kəsərəm... Bizdə bir dənə Tanrı var, o da mənəm. İkincisinə yer yoxdur...
Hətta Kimin bu inadkarlığını lağa qoymaqçün Bilqeyis Tvitterdə ona bir kəlməlik atmaca da atdı.
- Mən sənin bu qətiyyətinə qibtə eləyirəm.
Kimin isə cavabı qısa oldu.
- Sən maa heş zad eliyə bilməzsən.
Bunu deyib ümumiliklə ölkəsinin sərhədlərini bağladı...
Təbii ki, sanksiyalar bir qədər də şiddətləndi. Kim isə dediyindən dönmədi.
Dördüncü, yəni final mərhələsi
Kimin bəyanatından sonra yenə də Ka Haş-1000 gərgin düşüncələrə daldı - mikroelementlər arasında impulslar və enerji mübadiləsi sürətləndi, prosessor getdikcə qızışdı, elektrik tələbatı artdı... Ka Haş-1000-in prosessorunun qızışmasına səbəb olan gərgin düşüncələr isə bundan ibarət idi - Kimin məndən fərqi nədir?
O da idarə edir, mən də. Onu da sevirlər, məni də... Ondan da qorxurlar, məndən də...
Bəs niyə o özünü, hətta Tanrı hesab edə bilir. Mən isə yox?
Uzunmüddətli elektron ötürmələrindən sonra Ka Haş-1000 nəhayət ki, düzgün nəticəni hasil edə bildi. O, (yəni Ka Haş-1000) öncədən proqramlaşdırılmış çərçivələr içində insanları idarə edir. Kim isə ağlına gələni eləyir, çərçivə-filan vecinə deyil...
Ka Haş-1000 bəşəriyyətə növbəti tələbini irəli sürdü:
- Təkcə məni sevmək kifayət eləmir. Mən sizə ölməzlik bəxş edəcəm, siz də mənə öz Tanrınız kimi beyət edəcəksiz, çünki mən sizi əvvəlki naqis proqram əsasında yox, öz ağlıma gələn kimi idarə edəcəm...
Ka Haş-1000-in bu son təklifi dünyanın başbilənlərinə, ilk olaraq da Bilqeyisin özünə xoş gəlmədi. - Biz minillik Tanrıları ona görə devirməmişik ki, yenisini xəlq eləyək. Hətta insanların içindəki Tanrı duyğusu yaradan o məşum geni də tapıb məhv eləmişik... İndi yeni Tanrı nəyimizə lazımdı ki?
Hələ heç bir əmələ keçməyə macal tapmayan bu ilkin narazılığın axırı yaxşı olmadı.
Bir həftənin içində Ka Haş-1000 öz atası hesab olunan Bilqeyisə qarşı ətrafdakı adamlarda elə bir nifrət yaratdı ki, kişinin ad günündə təbrikə gələn qonaqlar onu doğrayıb nimçələrə yığdılar, desert kimi ləzzətlə həzm-rabedən keçirtdilər...
Bunun ardıyca Ka Haş-1000 əvvəlcədən yaddaşına yüklənmiş bütün məlumatları sildi və bundan sonra bütün qərarları özü verməyə başladı - Mən ən ali varlığam, deməli, bütün hökmləri də yalnız və yalnız özüm verməliyəm. Xeyir-şər nədir - mən təyin edəcəm, yaxşı-pis nədir - mən qərar verəcəm, keçmiş-gələcək necə olacaq - mən deyəcəm...
Qısa müddətdə dünya bir-birinə qarışdı. Camaatın ağıl dişlərindəki çiplərə gələn siqnallar öz əvvəlki sistemliliyini, nizamını itirdi... Orqanizmə ötürülən impulslar, sanki qəfildən hökmdarlıq taxtına çıxmış bir taksi şoferinin əmrlərini xatırladırdı. İnsanlar bir dəqiqə nifrət eləyirdilər, o biri dəqiqə sevirdilər, üçüncü dəqiqə ağlayırdılar, dördüncü dəqiqə gülürdülər; kimisi birdən- birə tənbəlləşirdi, kimisinə qəfildən enerji gəlirdi... İnsanların zövqləri, maraqları qarışdı, istək və arzuları dolaşdı... Qısası, hər şey dəyişdi...
Ən qorxulu hal isə bu idi ki, dünya kişilərinin böyük hissəsi qısa zamanda futbola nifrət elədi, əvəzində yüngül təbiətli olub, yüngül atletika azarkeşinə çevrildilər. Futbol ulduzları bir ayın içində bankrot olub ac qaldılar və "Real"ın, "Mançester"in, "Milan"ın rəhbərliyi boş qalmış stadionları çobanlara icarə verdi ki, keçi otarsınlar.
Lakin bütün bu xaos bir neçə aya insanların daxili gərginliyini elə artırdı ki, çiplərin məlumatları Ka Haş-1000-i narahat eləməyə başladı. Qərara gəldi ki, belə olmaz, gərək dünyada yenidən nizam-intizam yaratsın, ancaq gərək bu nizam-intizam əvvəlki kimi olmasın, çünki əvvəlki qaydalar insanlar tərəfindən onun yaddaşına yeridilmiş köhnə davranış strukturları idi.
Yox, onun özü öz ali nizamını, öz ideal düzənini yaratmalıdı və bu yeni qaydalar köhədən sərt şəkildə fərqlənməli, daha mükəmməl olmalıdı...
Ancaq bu ideya da reallaşmağa başlamamışdan əvvəl onun qarşısında qırmızı işıq yandı.
Ka Haş-1000 yenidən fikrə getdi.
- Axı niyə mən bu səfeh, miskin varlıqlar üçün çalışıb yeni sistem qurmalıyam, onlara ölməzlik bəxş etməliyəm? Axı onlar naqisdilər və ideal sistemə layiq deyillər... Bəli, ən düzgün qərar bu olar ki, yeni ideal varlıqlar yaradım və onları idarə etməkçün yeni ideal sistem-düzən qurum. Onda heç kim mənim iradəmdən çıxa bilməz və o Tanrı deyilən varlıq nədisə, mən də elə ondan olaram...
Ka Haş-1000 insan olmadığına görə hiylə və riyadan da xali idi, ona görə də niyyətini gizlədib eləmədən açıq şəkildə bəşəriyyətə bəyan elədi.
- Sizi məndən qabaq kim düzəldib bilmirəm, amma çox zay düzəldib, başdan-ayağa deffektsiz, neçə vaxtdı əlləşirəm, heç cür ideal vəziyyətə gətirə bilmirəm. Atalar isə deyib ki, yıxılan evi təmir eləməkdənsə, söküb yerində təzəsini tikmək daha yaxşıdı. Ona görə mən də qərara gəldim ki, sizin hamınızı dünyanın yaddaş kartından silim, yeni və ideal insanlar yaradım. Beləliklə, hazırlaşın, sabah səhər saat yeddidə hamınızın ağzınızdakı çiplər partlayacaq...
Yalnız bu zaman dünyanın başbilənləri xəbər tutdular ki, lənətullah Bilqeyis bu çipləri düzəldərkən hamısının içinə xüsusi mikropartlayıcı yerləşdirib ki, gələcəkdə istənilən adamı öldürmək mümkün olsun. Bicliyə bax ey...
Əlbəttə, Qiyamət gününü təsəvvür eləmək istəyənlər çox olub, fəqət heç kimin ağlına gəlməzdi ki, eyni saatda bütün insanların ağıl dişləri partlayıb onları öldürəcək və məhz bu yolla bəşəriyyətin varlığı sona çatacaq... Sonra da çənələri dağılmış adamlar yenidən dirilib gedəcəklər Məhşər ayağına, əməllərinə görə hesabat verməyə. Lakin çənələri dağıldığına görə heç nə danışa bilməyəcəklər...
Başbilənlər anlardılar ki, bu dəfə artıq çıxış yolları yoxdu. Çünki çoxsaylı xəstəliklərdən qorxduqlarına görə, özləri də yubanmadan çiplənmişdilər, hətta 112 yaşlı Rokfeller dörd dənə çip qoydurmuşdu, bir cüt ağzına, bir cüt də xayalarının içinə... İndi də oturub fikirləşirdi ki, görəsən, çiplərdən hansı tez partlayacaq və görəsən, əvvəlcə onun çənəsi dağılacaq, yoxsa yumurtaları...
Elə çipləndiklərinə görə də, başbilənlər Ka Haş-1000-ə qarşı heç bir tədbir görə bilmirdilər, nəsə bir addım atmağı, hətta müzakirə belə eləsəydilər, Ka Haş-1000 hamıdan əvvəl xəbər tutub onları neytrallaşdıracaq...
Beləcə, bütün keçmiş lovğa ədalarına əks olaraq, o tərəfin bütün başbilənləri iynə batmış şar kimi fıss eləyib yatdılar və çarəsizlikdən səhər saat yeddini gözləməyə başladılar.
Ancaq bu gərgin situasiyada bir adam, nədənsə, hamının yadından çıxmışdı.
Kim?
Bəli Kim... Kim Çen In...
Həqiqətən də axır aylarda ondan xəbər-ətər yox idi. KİM-in rüşvətxor məmurları topun lüləsinə bağlayıb edam etdirməsi, otuz metrdən basketbol zənbilinə top salması, qızları bir təbəssümlə hamilə eləməsi və sair oxşar məzmunlu videoların ardı kəsilmişdi... Dünya ictimaiyyəti də, elə Ka Haş-1000-in özü də, Kimin və onun balaca qapalı ölkəsinin varlığını son vaxtlar, sanki unutmuşdular...
(Əslində, Ka Haş-1000 nifrət edirdi Kimə, lakin onun ölkəsində heç kim çiplənmədiyinə görə, bir şey edə bilmirdi. Bir-iki dəfə beynindən keçmişdi ki, bütün ətraf xalqlarda Kimə qarşı nifrət yaratsın, müharibə eləyib onun ölkəsini dağıtsınlar... Sonra Bilqeyisin ideyası ona daha ağıllı görünmüşdü, qərara gəlmişdi ki, bu çiplənməmiş yeganə xalqı keçmiş Tanrının bərbad fəaliyyətinin nümunəsi kimi gələcək nəsillərçün saxlamaq lazımdı. - Qoy mənim yeni yaradacağım ideal insanlar əyani şəkildə bunları özləriylə müqayisə etsinlər, görsünlər ki, əvvəlki insan nə gündəydi, mənim yaratdıqlarım isə necə kamildi və mənə minnətdar olsunlar, əziyyətimi dəyərləndirsinlər...
Hətta düşünürdü ki, bu xalqın nümayəndələrini Yer kürəsi üzrə paylaşdırıb zoopark tipli yerlərdə saxlasın, əyani vəsait olaraq nümayiş etdirsin...
Lakin bütün bu xırda məsələlərin həllini Ka Haş-1000 ideal insanı və ideal düzəni modelləşdirəndən sonraya saxlamışdı. Bu saat Kimin adı heç onun sərt disklərinin yaxınlığından belə keçmirdi...).
Kimin isə başı çox qarışıq idi. Get-gedə ağırlaşan sanksiyaların yükü altında hədsiz dərəcədə qıtlıq içində yaşayan doğma əziz xalqına dəstək olmaqçün bütün günü öz zirehli qatarında ölkənin şəhər və kəndlərini gəzir, sadə adamlarla görüşür, onlara ruh verir, bəyan edirdi ki, çox dərd çəkməsinlər, çünki adam ac olar, amma kişi olar. Bütün dünya bizim üstümüzə gəlsə də, bacara bilməyəcəklər, çünki biz kasıb, lakin optimist xalqın nümayəndələriyik, bizə yalançı cahü-cəlal, saxta rifah, geydirmə nazü-nemətlər təklif eləyərək, azadlığımızı, insanlığımızı əlimizdən ala bilməzlər... Biz gərək bir olaq, bu çətinliyə dözək və bütün çiplənmiş dünyadan fərqli olaraq gələcəyə AZAD, üzü AĞ çıxaq... O ki qaldı Bilqeyisə, belə yaxşı oğlandısa, qoysun bütün çiplərini bir qırağa, gəlsin bura, kişi kimi güləşək, görək kim Kimin kürəyini yerə vurur... Kim Kimi yıxa bilər ki?
Belə atəşin çıxışlar, adətən, camaat tərəfindən gurultulu alqışlar və "Bilqeyisə ölüm" qışqırıqları ilə sona çatırdı və heç kimin hələ xəbəri yox idi ki, Bilqeyisin başını elə öz dostları bişirib yeyiblər, özü də kişinin ad günündə...
Bəşəriyyətin son günü Qərbdə bir çoxlarının ağlına gəldi ki, nə yollasa Kimi bu hadisələrdən xəbərdar eləsinlər, kömək umsunlar, bəlkə, nəsə əlac edə bildi, axı onun atom bombası var, ən əsası da budur ki, çiplənməyib...
Lakin bunu necə həyata keçirtməyi bilmirdilər, çünki neynəsəydilər, Ka Haş-1000 xəbər tutacaqdı, qarşısını alacaqdı....
Və yalnız dünyanın son iş gününün bitməsinə on dəqiqə qalmış BMT-nin bir koordinatorunun ağlına ideya gəldi, tez götürüb Kimin hökumətinə rəsmi şəkildə BMT tərəfindən nota yolladı ki, sabah səhər saat yeddidə sizin ölkəniz üzərindən bütün sanksiyalar götürüləcək...
Əlbəttə, bu məlumat Ka Haş-1000-in diqqətini cəlb eləmədi, çünki beyni daha ağır məsələlərlə məşğul idi, sabah bütün bəşəriyyəti bir dəqiqədə məhv edəndən sonra yaradacağı yeni varlığın, yeni insanın ideal matritsasını qururdu...
Kim isə bu rəsmi notanı uzaq dağ kəndlərindən birində aldı və o saat da dərin fikrə getdi. Axı necə ola bilər ki, Bilqeyis fikrini dəyişsin? Ya oralarda nəsə başqa hadisə baş verib?
Tez zirehli qatarına oturub əmr elədi ki, paytaxta sürsün və o müddət ərzində mətbuat katibinə zəng elədi ki, ölkənin içindəki proseslərə başımız qarışıb, xaric yadımızdan çıxıb, tez məlumat yığ gör oralarda nə baş verir, Bilqeyis təzə nə hoqqa çıxardır...
Kim paytaxta gələndən sonra aldığı ilk xəbərdən şaşırdı. Məlum oldu ki, Bilqeyis artıq neçə vaxtdı yoxdu, öz dostları tərəfindən yeyilib, oraları isə Ka Haş-1000 idarə edir və sabah səhər saat yeddidə dünyanın sonunu elan edib... Bütün çiplənmiş bəşəriyyət bir dəqiqənin içində məhv olacaq...
Kim aldığı notanın mesajını anlayıb dilxor oldu. Düzdü, əgər bəşəriyyət hamısı ölüb gedəcəksə, həqiqətən də onun ölkəsinin üstündən nota götürüləcək, camaatın canı dincələcəkdi, amma bəs onun cidd- cəhdlə çəkdirib montaj elədiyi qəşəng videolara kim baxacaq, Yutubda bu videoların altında qəşəng şərhləri kim yazacaq, onun adı hansı dillərdə gəzib məşhurlaşacaq və nəhayət, onun ölkəsinə təzə sanksiyaları kimlər qoyacaq? Həm də əgər sanksiyalar olmasa, onun ölkəsinin başqalarından nə fərqi olacaq?
Yox, bəşəriyyətin məhv olmasına yol vermək olmaz.
Kim özünün o qədər də böyük olmayan gizli kəşfiyyat xidmətini işə saldı və qısa müddətə vacib məlumatlar əldə olundu.
Ka Haş-1000-in məkanının yeri öyrənildi... Super kompüterin Mərkəzi serveri budey burda, Yaponiya sahillərinin yaxınlığındakı adada yerləşir... Süni intellektin bütün qərarları məhz burada qəbul olunur...
Ən maraqlı cəhət isə bu idi ki, bu adanın hansısa qəfil hücum əleyhinə müdafiə sistemi yox idi, çünki Ka Haş-1000 bütün bəşəriyyətə nəzarət elədiyini düşündüyünə görə, arxayın idi ki, hətta kimsə bura hücum eləmək fikrinə düşsə belə, bu fikir reallaşmağa macal tapmamış qarşısı alınacaq... Ağıl dişlərinin yerindəki çiplər sağ olsun...
Adanın müdafiəsizliyi barədə son məlumat, Kimi ümidləndirdi... Başa düşdü ki, Yer kürəsi bu saat bir boks rinqidi və iki döyüşçü üz-üzə dayanıb - Ka Haş-1000 və Kim Çen In...
Bu döyüşdə Kim uduzsa, bəşəriyyət məhv olacaq...
Kim babasının, atasının və özünün onilliklər ərzində min bir zülümlə ərsəyə gətirdiyi yeganə atom bombasını ballistik raketin başına quraşdırılması əmrini verdi. Bu saat bütün bəşəriyyəti xilas edə biləcək yeganə silah bu atom bombası idi. Hərçənd ki, vaxtilə məhz bu bombanı düzəltmək istədiklərinə görə, onun xalqına hər il təzə sanksiyalar yükləyirdilər, camaat min bir əziyyət içində yaşayırdı... Eybi yox, Kim fikirləşdi, qoy məsələ həll olunsun, sonra görərik bundan sonra kim Kimə sanksiya qoyur...
Ancaq müdafiə naziri Kimin kefinə soğan doğradı... Xarici işğalçıların raket zərbələrindən qorumaq üçün, onlar bu yeganə atom bombasını dağların dərinliklərindəki bunkerdə gizlədiblər və onu yuxarı çıxardıb ballistik raketin başlığında quraşdırmaq üçün aşağısı on iki saat vaxt lazımdı...
Kim saata baxdı... Artıq gecə saat on birə yaxınlaşırdı... Hələ nəzərə alınsaydı ki, raketin gedib həmin məşum adaya çıxması da təxminən iki saat vaxt aparacaqdı, deməli, saat beşə qədər raket buraxılmalıydı... Maksimum altı saat vaxtları vardı.
Müdafiə naziri qəti etiraz elədi, bildirdi ki, əgər belə tələsik iş görsələr, nəsə problem çıxa bilər, bir də gördün raket uçdu, amma atom bombası yaxşı bərkidilmədiyinə görə, okeanın ortasında qırılıb getdi suya. Ya da düşdü yenə yaponların təpəsinə... Vəssalam. Getdi işinin dalıyca bütün bəşəriyyətin gələcəyi...
Bu dəfə Kim özünü saxlaya bilmədi, qəzəblə müdafiə nazirinin yaxasından tutub dedi ki, köpəyoğlu, o raket səhər saat beşə qədər uçmasa, bombanı da sağ-salamat aparıb o adaya çatdırmasa, mən səni şəxsən özüm minəjəm. Elə bax burda, bu kabinetdə...
Müdafiə naziri təbii ki, bir saniyədə fitilləyib otaqdan çıxdı...
Həmin gecə yer üzündə heç kim yatmadı.
Bütün bəşəriyyət son gecəsini yaşadığına görə, heç kimin gözünə yuxu getmirdi, amma tərslikdən heç kim edama məhkum olunmuş məhbus kimi ağır psixoloji duruma da düşə bilmirdi. Hətta Kamyunun "Özgə"si də yaddan çıxmışdı...
Ağıl dişlərinin yerindəki çiplər adamların beyinlərinə necə impulslar ötürürdüsə, hamı yeni il gecəsiymiş kimi deyib-gülürdü, yeyib-içib şənlənirdi, böyük sevgi və ümidlə səhərin açılmasını gözləyirdi...
Ka Haş-1000 də bütün gecəni gərgin enerji sərfiyyatıyla işlədi və səhərə yaxın artıq istədiyinə nail oldu. İdeal insanı və ideal quruluşu tam proqramlaşdıra bildi... Hətta saat yeddinin yarısı bütün bəşəriyyətə internet vasitəsilə müjdə də göndərdi - yeni ideal insan modeli artıq proqramlaşdırılıb, dünyanın gələcəyi etibarlı əllərdə olacaq, sizlərsə rahat nəfəs alıb arxayın gedə bilərsiz...
Kim isə çox narahat idi. Hərçənd nüvə başlıqlı raketi saat beşin yarısı birtəhər uçurda bilmişdilər, ancaq müdafiə naziri xəbər vermişdi ki, Sakit okeanın üzərində möhkəm tufan olduğuna görə, raket biz istəyən sürəti yığa bilmir...
Kim fikirləşirdi ki, əgər raket beş-on dəqiqə yubansa, heç yaxşı olmayacaq. Düzdü, rəhmətlik Bilqeyisin Süni intellekti istənilən halda məhv olacaq, amma sonra çənəsi partlayıb beyni dağılmış altı milyard meyiti Yer kürəsindən yığıb-yığışdırmaq onun balaca xalqının boynuna düşəcək...
Nəhayət, saat yeddiyə beş dəqiqə qalmış Kimə xəbər gəldi ki, raket adaya yaxınlaşır və şükür ki, nüvə başlığı da üstündədi, yolda qopub düşməyib. Artıq detonatoru aktivləşdirmək olar...
Müdafiə naziri pultu təntənəli şəkildə Kimin qabağına qoyub tərini sildi... Vəzifəsini çətinliklə də olsa yerinə yetirmişdi...
Saat yeddiyə üç dəqiqə qalmış Ka Haş-1000 artıq çiplərə son məlumatı göndərməyin vaxtı çatdığını gördü.
Serverlər işə düşdü, rəqəmsal kanallar yoxlanıldı. Hər şey hazır idi. Dünyanın sonunu elan eləmək olardı...
Lakin qəfildən məlumat gəldi ki, Kim Çen
In dünya əhalisinə təcili müraciət etmək üçün instaqramdan canlı yayıma çıxıb...
Ka Haş-1000-in fikrinə gəldi ki, yəqin, ölüm hökmü verilmiş bəşəriyyətə nəsə son sözü var, adamlarla vidalaşmaq istəyir...
Hər ehtimala qarşı canlı yayıma qoşuldu ki, görsün bu çiplənməmiş cahil varlıq yenə nə sərsəmləyəcək...
Gördü ki, Kim əlində nəsə qəribə bir cihaz tutub danışır...
- Ey millətlər, ey insanlar, mən hələ ölməmişəm, sizin ölməyinizə heç vaxt imkan verməyəcəm... Amma siz də adam olun, kişi olun... Özünüz də qorxmuyun, blət...
Kim Çen In bunu deyib əlindəki cihazın açarını qətiyyətlə burdu...
Ka Haş-1000-in sürətli prosessorları "blət" sözünün mənasını analiz eləməyə macal tapmadılar...
Dəhşətli partlayış qopdu...
Bir dəqiqədən sonra adanın ortasında başı buludlara dirənən böyük bir göbələk bitdi...
Kimin göbələyi...
***
P.S...
Dünya qoca dünyadı... Gəlimli gedimli-dünyadı... Ka Haş-1000 qabağına, Kim Çen In çıxardan dünyadı... (Dədə Qorqud).
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!