Həyat eşqi - Nigar Arif

Karantindən sonraya həsr olunur

 

Həyat eşqi

Yox,

dəyişmədi bu dünya,

dağılmadı, düzəlmədi, qadası...

Həyat yenə öz işində-gücündə,

hər saatın içində

sürdü o "qismət" dedikləri arabasını...

Bu arabadan

düşən düşdü, qalan qaldı.

Bircə dəfə dayanmadı,

Sən demiş,

saxlamadı zaman xarabasını.

Yaşamağa gecikənlər

ölümə tələsdilər...

Ölüm deyəndə ki...

Bu dünyanın canında torpaq olub,

Ağacların budağında yarpaq olub əsdilər.

Həyətlərin qapısından asılmış,

eyvanların yaxasına sancılmış

neçə-neçə çıraq kimi

nə bilim... bəlkə də, yalnız qalıb

hərdən bizdən küsdülər...

Sonra...

Sonra hansısa bir baharda

otlar olub cücərdilər yenə də,

Quşa dönüb süzdülər göy üzündə,

Bəzən gülümsədilər bir uşaq bənizində,

Ölmədilər öldü sandıqlarımız,

Beləcə dəyişdilər ömür dalğalarını

"Cənnət" bildiyimiz yaşamaq dənizində...

Hə, qadası,

sənə demək istədiyim

uzun sözün qısası;

Bəlkə də, həyat eşqi həyata

başqa bədənlərdə dönməkmiş elə,

həyatı başqa gözlərdə sevməkmiş elə?

Bəlkə də, yaşamaq özü ölməkmiş elə?

Həyatdı da... əşi nəysə...

Nə qədər ki, yaşayırıq,

Gəl içək eşqimizə!..

 

Oyan

Səndən sonra

bir az yuxu tapım deyə,

Gecələri hey çevirdim

o üzünə, bu üzünə...

Axır bir gün dan söküldü,

günəş güldü,

Gecə də durdu üzümə.

Dedi oyan...

Oyan, hər şey yuxu idi...

Bu sevginin əvvəlindən

Sən var idin, o yox idi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!