Ad günüm üçün
Hələ canım üstümdədi,
yük altındayam hələ...
Göy üzü var başım üstdə,
kök altındayam hələ...
Yaşamaq kiminə asan,
kiminəsə zülümdü...
Bu gün ad günüm deyil ki...
bu gün mənim ilimdi...
Görəsən, mən öz ömrümün
harasında durmuşam?!
Sərhəddəyəm, iki ilin
arasında durmuşam...
Bütün yollar qırılır
Ümidlərim tükənib,
yenə bir qab verərsən...
Ehtiyat yığmaq üçün
mənə bir qab verərsən...
Bütün yollar qırılır -
hər tərəf yarımçıqdı...
Yaman tez sürüşürəm,
xəyallarım palçıqdı...
Mənə bir şeir yaz, dost,
hopum hərflərinə...
Bir az ürək-dirək ver,
yaz nisyə dəftərinə...
Yağış yağanda ağlama
Yağış yağanda ağlama,
göz yaşını yuyar su...
Yağış yağmayanda ağla,
tükənər, quruyar su...
Yuxun ərşə çəkilibsə,
sən yerdə nə gəzirsən?!
Həyatda yaşayammırsan,
şeirdə nə gəzirsən?!
Ömür nədi - bir addım yol,
bitəcək addım atsan...
Dərdim dəvə boydadı ha,
qar yağacaq oynatsan...
Hamıya
Zaman heç yana getmir,
elə saatda qalır...
Çünki itirilənlər
həmişə yadda qalır...
ürəyim nələr çəkir,
nə bilsin ürəksizlər?!
Ha yana gedirəmsə
bütün atdığım izlər
ayağım altda qalır...
Heç kəsə
Hər gün bir kərpic ucalan
bu qəm ev deyil hələ...
Üstünə güllələr yağan
bu can ov deyil hələ...
Guya nə üçün yazıram,
yoxdu bu şeirin ardı...
Mən sıxıram dişlərimi,
dünya dişin ağardır...
Hardan biləsən?!
Çapıqları küləkləri qarğıyan
budaqların mehistəməz halından
daha betər olmaq belə olurmuş...
Sızım-sızım sızıldayan, ağrıyan
xəzəl olmuş yarpaqların xalından
daha betər solmaq belə olurmuş...
Sən hardan biləsən, hardan biləsən
payızların mənə çəkdirdiyini?!
Uzaqlar
Dənizin ortasında
hər şeydən uzaq düşən
kiçik bir ada kimi,
sükut içərisində
bir sıldırım qayaya
dəyib geri qayıdan
səs kimi, səda kimi
yalqızam, canım-gözüm...
Bir deyən də yoxdu ki,
ay evin yıxılmasın,
belə yaxın dost olma
həsrətlə, intizarla...
Axı özün bilirsən,
həsrət binokl deyil,
yaxın gəlməz uzaqlar...
Qorxu
Təzəcə oyanıb, qalxıb
birfəsillik yuxudan,
Çiçəkləyən ağaclartək
titrəyirəm qorxudan...
...yadındamı, keçən il də
lopa-lopa qar yağdı,
əriklərin çiçəyini qurutdu?!
gör indi ağaclar da
mənimtək necə qorxur...
Gör necə də bənzəyir
adamlara ağaclar,
ağaclara adamlar...
...sən də insafsız olma!
o bumbuz ümidsizliyi
bir də yadıma salma...
Hamı yatıb yoxlayır ki...
Nə istəyir ağcaqanad
səndən bu yay gecəsi?!
Görəsən, ətin dadlıdı,
ya qanın içiləsi?!
Hamı yatıb yoxlayır ki,
ölümünə hazırdı?!
Dilinə bir şeir gəlir,
qulağına vızıltı...
Eh, at getsin şairliyi,
at, yaxına düşməsin...
Var gücünlə uzağa at,
ayağına düşməsin...
Bir qocanın saatsaza dedikləri
Gəl zamana tərif verim,
sən də otur, qulaq as...
Divardakı saatlardan
birin götür, qulaq as...
Saatlar məcburdu vaxtın
leşini daşımağa...
Elə vaxt olur vaxt olmur
başını qaşımağa...
Ölərmi əqrəbi geri
dönsə saatlarının?!
Mən günlərimi sayıram,
sənsə saatlarını...
Dilimdə bir söz sınar
Qışda göz yaşım donar,
donub yazacan qalar...
Üstünə qar da yağar,
yağıb dizəcən qalar...
İçimdə bir köz yanar,
gün keçər, gecə qalar...
Dilimdə bir söz sınar:
sənə bir heca qalar,
mənə bir heca qalar...
Yağış
Bu yağış nə yaman haqladı bizi,
evdə dustaq kimi saxladı bizi...
Hamı bu yağışdan qaçıb gizlənir,
inanmıram kimsə göyə dırmana...
Çəksəm ciyərimə torpağın ətrin,
torpaq olanacan bəs edər mənə...
Nə xoş...
Amma ki,
şıdırğı yağmaqla döşünə döymə,
belə az öyünə bilərsən, yağış...
Bu evin damını boşuna döymə,
qapıdan buyura bilərsən, yağış...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!